Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14009/2025 22.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndələri Nümayəndə və X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin qəbul etdiyi xx.xx.2025-ci il tarixli 3-17- 1/1-M-110074/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, işlədiyi müddətdə sığorta kapitalının bir daha nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbi barədə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən artıq ödəmə barədə qəbul edilmiş qərarın ləğv edilməsi və iddiaçının işlədiyi müddətdə sığorta kapitalının bir daha nəzərə alınmaqla pensiyanın yenidən artırılaraq hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehin qəbul etdiyi xx.xx.2025-ci il tarixli 3-17-1/1-M-110074/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, işlədiyi müddətdə sığorta kapitalının bir daha nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin qərardadı ilə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Laçın rayon Pircahan kənd mağazasında gözətçi, daha sonra Dövlət Neft Şirkətində işləmişdir.2012-ci ildə əmək pensiyasına çıxmışdır. İddiaçı hesab edir ki, əmək pensiyası düzgün hesablanmayıb, yenidən cavabdehə bu barədə müraciət etdi, lakin onun pensiyası yenidən hesablanaraq artırılması əvəzinə ona cavab məktubu yazaraq bildirdilər ki, 2012-ci ildə pensiya hesablanarkən 8 ay dövr üçün artıqödəmə olmuşdur. İddiaçı cavabdehin mövqeyi ilə razılaşmayaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, işin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1949-cu il tarixində doğulmuş, beləliklə də xx.xx.2012-ci il tarixində 63 yaşı tamam olmuşdur. Elə həmin tarixdə də Məhərrəmova ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət edərək ona təyin edilmiş yaşa görə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın İddiaçı təqdim etdiyi xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-131344/2025 nömrəli məktubuna əsasən həmin müraciətin araşdırılması zamanı iddiaçıya münasibətdə artıqödəmə müəyyən edilmişdir. Bununla əlaqədar Mərkəzi Filial tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-1/1-M- 110074/2025 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmiş və iddiaçının pensiyası 517,09 manat, artıqödəmə isə 117,13 manat müəyyən olunmuşdur. İddiaçının pensiyasına münasibətdə hər hansı tutulma və ya əvəzləşdirmə həyata keçirilməmişdir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması zamanı xx.xx.2006-cı il tarixinədək və xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə sığorta stajının müəyyən edilməsi zamanı fərqli tənzimləmə müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - Qanun) 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) xx.xx.2006-cı il tarixədək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Odur ki, sığortaolunanlara pensiya təyin edilərkən və ya yenidən hesablanarkən xx.xx.2006-cı il tarixdən sonrakı sığorta stajı yalnız sığortaolunanların fərdi hesabında qeydə alınmış pensiya kapitalı əsasında hesablana bilər. Fərdi hesabda pensiya kapitalının olmaması isə sığortaolunana münasibətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyini və bu səbəbdən sosial sığorta stajının olmadığını göstərir. İddiaçı pensiya işi qovluğuna daxil olan sənədlərin surətinə əsasən onun xx.xx.2006-cı il tarixinədək sosial sığorta stajı 33 il 1 ay 13 gün müəyyən edilmişdir. Qeyd olunan staja iddiaçının xx.xx.1971-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Laçın rayonu Pircahan kənd mağazasındakı əmək fəaliyyəti dövrü də daxil edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 5403,08 manat (2012-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası məbləği yenidən hesablanmış və xx.xx.2022-ci il tarixindən (iddiaçının xx.xx.2025-ci il tarixli müraciətindən əvvəlki 3 il nəzərə alınmaqla) 358,37 manat müəyyən edilmişdir. X6 xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-131344/2025 nömrəli məktubunda da qeyd olunduğu kimi iddiaçının müraciətinin araşdırılması zamanı aşağıda qeyd olunan səbəblərdən artıqödəmə halı aşkar edilmişdir. Belə ki, ilkin təyinat zamanı xx.xx.2012-ci il tarixində İddiaçı xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 33 il 1 ay 13 gün olduğu halda, 33 il 9 ay nəzərə alınaraq hesablanmışdır. İlkin təyinat zamanı xx.xx.2012-ci il tarixində stajın hesablanması zamanı səhvə yol verilmiş, nəticədə qanunsuz inzibati akt qəbul edilmişdir. Hazırkı iş üzrə xx.xx.2012-ci il tarixində təyinat zamanı aparılmış hesablamanın qanunsuz olması iddiaçının xx.xx.2025-ci il tarixli müraciəti araşdırılarkən müəyyən edilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir. Deməli, səhv hesablamaya səbəb olan hal elə təyinat zamanı pensiya təyin edən orqana məlum olmamışdır. Nəzərə alınsa ki, yenidən hesablanma haqqında qərar xx.xx.2025-ci il tarixində qəbul edilmişdir, deməli, qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən (xx.xx.2025-ci il) 1 il ərzində (xx.xx.2025-ci il) ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “üç ulduz” fərqləndirici nişanı təyin edilmiş, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən xx.xx.2024-cü il tarixli 2-1 (102)-3135/2024 nömrəli qərarında da qeyd edildiyi kimi “şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı”. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının mübahisələndirdiyi qərar ona məhkəmə gedişatında təqdim edildiyi üçün, iddiaçı tərəfindən iddia müddətinə riayət edilmiş hesab olunur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1949-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1679/2009 saylı işi üzrə qəbul etdiyi xx.xx.2009-cu il tarixli Qətnaməsi ilə ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Suraxanı Rayon şöbəsinə hüquqi əhəməiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməsi, ərizəçi İddiaçı 1971-1992-ci il tarixlərdə əmək stajını təsdiq edən hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi qərara alınmışdır. İddiaçı məxsus olan ИT-İ ******* nömrəli əmək kitabçasından müəyyən olunur ki, o, xx.xx.1971-ci ildən xx.xx.1992-ci ilədək Pircahan kənd mağazasında gecə gözətçisi vəzifəsində, Dövlət Neft Şirkəti “Neftqaztikinti” tresti X5 Zavodunda xx.xx.1993-cü ildən xx.xx.1996-cı il tarixədək takelajçı peşəsində, xx.xx.1996-cı ildən xx.xx.1998-ci ilədək XDNST trestinin 3 nömrəli tikinti quraşdırma idarəsində qoşucu peşəsində, xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilədək Dövlət Neft Şirkəti “Neftqaztikinti” tresti X5 Zavodunda takelajçı vəzifələrində işləmiş, xx.xx.2003-cü ildən xx.xx.2012-ci ilədək “Neftqaztikinti” Tresti 4 saylı tikinti quraşdırma idarəsində polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı kimi işləmişdir. Dövlət Sosial Müdafiə Fondunun 3 sentyabr 2025-ci il tarixli 3-17-2/2-208839/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7-ci maddəsinin xx.xx.2012-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2006-cı il tarixinədək 33 il 1 ay 13 gün iş stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 5403,08 manat (2012-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən (xx.xx.2025-ci il tarixli müraciətindən əvvəlki 3 il nəzərə alınmaqla) 358,37 manat, Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixindən 430,16 manat (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixindən 478,34 manat, xx.xx.2025-ci il tarixindən isə 517,09 manat məbləğində müəyyən edilib. İddiaçı əmək pensiyası xx.xx.2006-cı il tarixinədək 33 il 1 ay 13 gün iş stajı əsasında hesablanmalı olduğu halda 33 il 9 ay iş stajı nəzərə alınaraq hesablanıb. Bu səbəbdən də Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla son üç il üzrə ona 117,13 manat artıq pul vəsaiti ödənilib. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/1-M-110074/2025 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə İddiaçı xx.xx.2012-ci ildən yaşa görə təyin edilmiş əmək pensiyası yenidən hesablanmış və artıq ödəmə müəyyən edilmişdir. Məhkəmənin mövqeyi İddiaçının hazırki iddia tələbi iki hissədən ibarət olmaqla, xx.xx.2025-ci il tarixli 3-17- 1/1-M-110074/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi və işlədiyi müddətdə sığorta kapitalının bir daha nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və yaonları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə ilkin olaraq yuxarıda sadalanan “İnzibati icraat haqqında” Qanunun normalarına əsasən qeyd edir ki, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar və Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur, habelə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludurlar. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edildiyi tarixdən (xx.xx.2012-ci il) 13 ildən artıq müddət keçdikdən sonra 2006-ci ilin 01 yanvar tarixinə olan stajın düzgün müəyyən edilməməsi əsası ilə pensiya məbləği yenidən hesablanmış, 117,13 manat artıq ödəmə barədə “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə (inventarizasiya zamanı) araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh iddiaçı tərəfindən hal-hazırda mübahisələndirilən inzibati aktı qəbul etsə də, qərarı iddiaçıya təqdim etməmişdir. Bundan başqa qeyd edilməlidir ki, sözügedən inzibati akt əsaslandırılmamış, onda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt yuxarıda göstərildiyi kimi qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının təyin edilməsi barədə qərarı ləğv etməsi ilə iddiaçını əlverişsiz vəziyyətə gətirən qərar qəbul etmiş və həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarına əsasən pensiya təminatı ilə hərəkətlər pensiya alan şəxsin razılığı və ya məhkəmə qərarı əsasında icra edilə bilər. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqe aşağıdakı kimi olmuşdur: “56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz”. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə (işlədiyi müddətdə sığorta kapitalının bir daha nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq ödənilməsi) bağlı aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya ilkin olaraq pensiya təyin edilən zaman xx.xx.2006-ci ildən xx.xx.2012-ci ilədək pensiya kapitalı 5106,17 manat, 2006-ci ilin 01 yanvar tarixinə olan sığorta stajı isə 33 il 9 ay nəzərə alınmışdır. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsinə əsas iddiaçının faktiki sığorta stajı 33 il 1 ay 13 gün olduğu halda, 33 il 9 ay nəzərə alınaraq hesablanması olmuşdur. Odur ki, mübahisələndirilən qərar ləğv olunduğu halda, onun qəbul edilməsi ilə yaranmış nəticələri aradan qaldırılacaqdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi işlədiyi müddətdə sığorta kapitalının bir daha nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsindətəmin olunmamlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-17-1/1-M-110074/2025 nömrəli qərarı ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3- 17-1/1-M-110074/2025 nömrəli qərar ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-14009/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14009/2025
22.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver