Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1401/2024 30.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək xx.xx.1983-cü ildən xx.xx.2003-cü ilədək olan iş stajını əmək pensiyası hüququ verən zərərli peşə kimi nəzərə alınmaqla 57 yaşının tamam olduğu xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. xx.xx.1980- xx.xx.1984 cü ildə X5 Topoqrafiya ixtisası üzrə təhsil almışdır. xx.xx.1983-cü ildən əmək fəaliyyətinə başlamaqla xx.xx.2022-ci ilədək işləmiş, xx.xx.2006cı ildən 25 ildən çox ümümi, bunun 12 il 6 aydan çoxunu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən siyahısında nəzərdə tutulmuş geoloq peşəsinə işləmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə uyğun gözəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üçün cavabdeh orqana təqdim etmişdir. Cavabdehin ərizəsinə verdiyi cavab əsassız və qanunsuzdur. Geoloji kəşfiyyatda çalışan şəxslər peşəsindən vəzifəsindən asılı olmayaraq bu hüquqdan istifadə edə bilərlər. İş stajını təsdiq edən əsas sənədi olan 1980-ci il tarixindən adına açılmış əmək kitabçası və işləiyi müəssisənin arxiv sənədlərində göründüyü kimi xx.xx.1983-cü ildən Bakı Aergeodeziya müəssisəndə çöl şəraitində əmək faəliyyəti xx.xx.2003-cü ilədək olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 № li qərarı ilə təsdiq edilmiş siyahının dağ mədən bölməsində 2010100b-20591 2010100b-20601 şifrə və kod altında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə təsdiq edilmiş siyahının 1.3-cü yarımbəndində işlədiyi peşə və vəzifələri zərərəli peşələr kimi nəzərdə tutulub.
3. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək censiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdən göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək sizin güzəştli iş stajınız 12 il 6 aydan az (8 il 10 ay 20 gün (xx.xx.1983-xx.xx.2003-cü il tarixləri arasındakı dövr üzrə çöl stajı)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.”
4. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü tarixədək Bakı Aerogeodeziya müəssisəsinin çöl işlərində əmək fəaliyyətinin olduğunu iddia edir. İddiaçı cavabdehə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin filial tərəfindən bildirilmişdir ki, təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (8 il 10 ay 20 gün (xx.xx.1983-xx.xx.2003-cü il tarixləri arasındakı dövr üzrə çöl stajı)) təşkil edir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının 1983-cü il tarixdən 2003-cü il tarixədək olan iş stajı onun ümumi iş stajı kimi qəbul edilərək sosial sığorta stajına əlavə edilmişdir. İşin mübahisəli tərəfi isə bu stajın yalnız 2200 gününün çöl iş stajı kimi müəyyən edilərək güzəştli iş stajına əlavə edilməsi olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC tərəfindən ərizəçiyə verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən İddiaçı həmin müəssisədə çöl iş günlərinin 2200 gün təşkil etdiyi qeyd edilmişdir. “2022-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il 17 dekabr tarixli **********4 nömrəli Kollegiya Qərarına əsasən 2022-ci ilin iş vaxtı norması 1921 saat, orta aylıq iş vaxtı norması 160.08 saat, orta aylıq iş günlərinin sayı 20.08 gün təşkil edir. Qeyd edilən dövrlərdə işçinin çöl iş günlərinin sayı göstərilmişsə, əmək stajının hesablanması zamanı bu iş günlərini təqvim günlərinə çevrilməsi zərurəti yaranır. Pensiya təyinatı məqsədilə əmək stajının hesablanması üçün 1991-ci il oktyabrın 18-dək olan dövr üçün aylıq iş vaxtı normasının 173.1 saat, 1991-ci il oktyabrın 18-dən sonrakı dövr üçün isə 160,0 saat götürülməsi təklif olunur. Bu halda çöl iş günlərinin sayı 8 saata vurularaq alınan iş saatları aylıq iş vaxtı normasına bölünməklə işlənilən ayların sayı tapıla bilər. Məsələn, 1991-ci il oktyabrın 18-dək olan dövr üçün iş günlərinin vaxtı 7030 saat olarsa, əmək stajı 3 il 4 ay 19 gün (7030/173.1=40.62 ay) təşkil edəcəkdir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan güzəştli sosial sığorta stajı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır.
5. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-14-28/2-026/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 5.07.1984-cü il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin 322 saylı birləşmiş kompleks ekspedisiyasının 2 saylı partiyasına çöl işlərinə texnik-topoqraf vəzifəsinə qəbul edilmişdir, işlədiyi illərdə mühəndis vəzifəsinə qədər yüksəlmiş və xx.xx.2003-cü il tarixdən öz istəyi ilə işdən azad edilmişdir. Məlum olduğu kimi İddiaçı Geodeziya və Kartoqrafiya sistemində 19 illik iş stajı var və onun çalışdığı sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 1.3 bəndinə - Geologiya kəşfiyyat işləri (yerüstü)ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya- geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər siyahısına daxildir.
6. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-14-28/2-026-v/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin 322 saylı birləşmiş kompleks ekspedisiyasının 5 saylı partiyasına 2-ci dərəcəli ölçən qəbul edilmişdir (Əmr № 47-K, xx.xx.1983-cü il). xx.xx.1983-cü il tarixdən işdən azad edilmişdir (Əmr № 79-K, xx.xx.1983-cü il). xx.xx.1984-cü il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin 322 saylı birləşmiş kompleks ekspedisiyasının 2 saylı partiyasına çöl işlərinə texnik-topoqraf vəzifəsinə qəbul edilmişdir (Əmr № 66-K, xx.xx.1984-cü i)(Əmr № 61-K, xx.xx.1984-cü il). SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin xx.xx.1986-cı il tarixli, 59 nömrəli əmrinə əsasən xx.xx.1987-ci il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 nömrəli müəssisəsi yenidən təşkil olunaraq SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin "Azərbaycanaerogeodeziya" Azərbaycan Aerogeodeziya İstehsalat Birliyinə çevrilmişdir. "Azərbaycanaerogeodeziya" İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli, 310 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixdən birliyin struktur bölmələri və Bakı Geodeziya İdarəsinin əsasında Bakı Aerogeodeziya Müəssisəsi yaradılmışdır. "Azərbaycanaerogeodeziya" İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli, 311 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixindən 321 saylı birləşmiş kompleks ekspedisiyasının və 323 saylı ekspedisiyanın nəzdində X2 yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli, 525 nömrəli Fərmanına əsasən xx.xx.1992-ci il tarixdən “Azərbaycanaerogeodeziya" İstehsalat Birliyi Azərbaycan Respublikası Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinə çevrilmişdir. Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin xx.xx.1996-cı il tarixli, 11 nömrəli əmrinə əsasən xx.xx.1996-cı il tarixdən Bakı Aerogeodeziya Müəssisəsinin və X1 nəzdində Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 460 nömrəli Fərmanına əsasən Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi ləğv olunaraq onların bazasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2001-ci il tarixli, 78 saylı əmrinə əsasən "xxxx" İstehsalat Birliyinin adı dəyişdirilərək X3 adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən işdən azad edilmişdir (Əmr № 49-K, xx.xx.2003-cü il). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 453 nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş xx.xx.2015-ci il tarixli, 594 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi yaradılmış və X3 Agentliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, 29 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X3 və Bakı Kartoqrafiya Fabriki birləşmə yolu ilə yenidən təşkil edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli, 1670 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 1.3 bəndinə - Geologiya kəşfiyyat işləri (yerüstü)ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər siyahısına daxildir.
7. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək onun təmin olunmamasını xahiş etdi.
8. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
11. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
12. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
14. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
15. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
16. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir.
17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
18. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.
24. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
25. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
27. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).
28. xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);
29. xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);
30. 10.03.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.
32. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır, lakin bununla belə normanın geriyə tətbiqinin mümkünlüyü də nəzərdən keçirilməlidir.
33. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsasən: -Konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: -fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; -hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən... ...Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
34. İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür, əmək fəaliyyətinə xx.xx.1983-cü il tarixdə başlamışdır və xx.xx.2022-ci il tarixə kimi davam etmişdir.
35. İddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da Dağ-Mədən Bölməsində 2010100b-20591 və 2010100b-20601 şifrə ilə göstərilmiş peşələr 2010100b—20591 geoloqlar, sahə geoloqları; 2010100b—20601 geofiziklərdir.
36. İddiaçının məhkəməyə təqdim etdiyi həm əmək kitabçası, həm də iş yerindən arxiv arayışından göründüyü kimi, iddiaçı xx.xx.1983-cü il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin 322 saylı birləşmiş kompleks ekspedisiyasının 5 saylı partiyasına 2-ci dərəcəli ölçən qəbul edilmiş və xx.xx.1983-cü il tarixdən işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin 322 saylı birləşmiş kompleks ekspedisiyasının 2 saylı partiyasına çöl işlərinə texnik-topoqraf vəzifəsinə qəbul edilmişdir, işlədiyi illərdə mühəndis vəzifəsinə qədər yüksəlmiş və xx.xx.2003-cü il tarixdən öz istəyi ilə işdən azad edilmişdir. Həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.3-cü yanmbəndinə (ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olmaqla pensiya almaq hüququnu bildirmişdir. Lakin bununla belə iddiaçının 1983-2003-cü illərdə cəmi 2200 çöl iş günü olduğu qeyd edilir.
37. İddiaçının 1983-2003-cü illərdə cəmi 2200 çöl iş günü olmasına münasibətdə məhkəmə qeyd edir ki, qanunverici güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq etməklə kifayətlənmiş və işçinin həmin fəaliyyət sahəsi üzrə (konkret halda dağ-mədən işləri) məşğul şəxs kimi çalışdığı ümumi dövrü nəzərə alır. Həmin dövr də xx.xx.1983xx.xx.1983, xx.xx.1983-xx.xx.2003 olan dövrü əhatə etməklə 19 il 03 ay 05 gün təşkil edir.
38. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).
39. İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür və 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.
40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
41. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
42. Nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2022-ci il tarixdən yaranmasına baxmayaraq, xx.xx.2023-cü il tarixdə pensiya təyinatı üçün müraciət etmişdir.
43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmişdir). Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir).
44. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva