Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14015/2025 26.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “iddiaçı barəsində Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının yenidən hesablanma yaşı ilə Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin, "Əmək pensiyaları haqqında Qanunun" tələblərinə uyğun 05 avqust 2022-ci il tarixdən alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsinin məzmunu onunla əlaqədar olmuşdur ki, o, mülki aviasiyadan pensiyaya çıxmış, sonra da işləməyə davam etmiş, onun pensiyası 2021-ci il tarixdə yenidən hesablanmış, lakin sığorta kapitalı 72-aya bölünməmişdir. İddiaçı qeyd edir ki, onun sığorta kapitalı 72 aya bölünməklə yenidən hesablama aparılmalıdır. Cavabdehin etirazı Etirazın məzmunu onunla əlaqədardır ki, iddiaçı 6 il işlədiyinə görə əmək pensiyası yenidən hesablanarkən pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələbinə əsasən 366 aya bölünməklə düzgün olaraq hesablanmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, hazırkı iddia məcburetmə növündə iddia hesab edildiyindən, əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğvinin ayrıca iddia tələbində göstərilməsi zərurəti müəyyən edilmir. Belə ki, pensiyanın yenidən hesablama zamanı sığorta kapitalının 72-yə bölünməsinin tələb edilməsi barədə iddia hər hansı qəbul edilmiş qərarın təkcə ləğvi ilə bağlı yox, pozitiv öhdəliyin cavabdehə həvalə edilməsi nəticəsində ola bilər ki, göstərilən iddia məcburetmə növündə iddia hesab edilməlidir. Nəzərə alınmalıdır ki, 72-yə bölünməklə hesablanmış pensiyanın sonradan yeni qərar qəbul edilərək azaldılmasına dair işlər üzrə əmək pensiyasının yenidən hesablanması barədə qərarın mübahisələndirilməli olması iddianın mübahisələndirmə növündə iddia olması ilə bağlıdır ki, hazırkı işin faktiki hallarından isə görünür ki, iddiaçı vaxtı ilə düzgün hesablanmamış pensiyanın yenidən 72-bə bölünmə qaydasında hesablanmasını xahiş edir. Odur ki, hazırkı iddia məcburetmə növündə iddia hesab edilməklə, qərarın ləğvi tələbi müəyyən edilmir. Beləliklə, mübahisələndirilən qərarda dəyişiklik ilə iddiaçının bu məqsədinə çatması mümkün deyil. İddiaçı məqsədinə yalnız məcburetmə haqqında iddia vasitəsi ilə nail ola bilər. Belə ki, tələb edilən yenidən hesablama məhkəmənin həmin iddia üzrə yalnız pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği 910,70 manat olaraq müəyyən edilmişdir. Cavabdehin cavab məktubundan görünür ki, iddiaçıya xx.xx.2025-ci il tarixində Mərkəzi Filial tərəfindən xx.xx.2015-ci il tarixindən hesablanmaqla Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. xx.xx.2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 3 il 10 ay 4 gün təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 4,54 manat (3,84 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2015-ci il tarixinə indeksləşdirilib 8,42 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006-xx.xx.2015-ci il tarixləri arasındakı işlədiyiniz dövr üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 39479,04 manat pensiya kapitalınıza uyğun 274,16 manat (39479,04:144) və 100,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2015-ci il tarixinə əmək pensiyanız 382,58 (8,42+274,16+100,00) manat (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilməklə xx.xx.2025-ci il tarixinə 910,70 manat) məbləğində müəyyən edilib. Qanununun 32.1.1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə ödənilməli olan 29376,71 manat pul vəsaiti müəyyən edilib. Həmin vəsait cari aydan etibarən hissə-hissə (hər ay 816,01 manat) pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 6 illik müddət üçün iddiaçının pensiyası yenidən hesablanmış, pensiya məbləği 1040,70 manata çatdırılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2025-ci il tarixində Mərkəzi Filial tərəfindən xx.xx.2015-ci il tarixindən pensiya təyinatı aparılmış, 6 il və daha çox keçdikdən sonra, pensiya məbləği fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında yenidən hesablanmışdır. Hesablama zamanı iddiaçının pensiya kapitalı 366 aya bölünməklə yenidən hesablanmışdır. Cavabdeh hesab edir ki, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 72 aya deyil 366 aya bölünməlidir. Cavabdeh həmin növ hesablamanı onunla əsaslandırır ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş müddəasına əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuşsınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Məhkəmə hesab edir ki, cavabdehin irəli sürdüyü mövqeyi əsassız olmuşdur. Məhkəmə bununla bağlı olaraq qeyd etməyi zəruri hesab edir ki, Adıçəkilən Qanunun: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. -xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). ƏPQ-nin 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: -xx.xx.2017-ci il tarixədək 144; -xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. Qanunun 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Gözlənilən pensiya ödənişi müddəti -pensiyaya çıxan şəxsin orta hesabla pensiya alacağı illərin sayını ifadə edir. Bu müddət statistik göstəricilərə əsaslanaraq müəyyən edilir və ölkədəki orta ömür uzunluğu, pensiyaya çıxma yaşı və digər demoqrafik faktorlarla əlaqəlidir. Bu göstərici əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur: 1. Pensiya kapitalının hesablanması – İşləyən şəxsin topladığı pensiya kapitalı onun gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq pensiya məbləği müəyyən edilir. 2. Pensiya sisteminin dayanıqlığının təmin edilməsi – Dövlət və ya pensiya fondları pensiya ödənişlərini planlaşdırarkən, gözlənilən ömür uzunluğunu nəzərə alaraq sistemin maliyyə dayanıqlığını təmin edirlər. 3. Fərdi pensiya planlaşdırılması – Şəxslər pensiyaya çıxdıqda, onların yığılmış pensiya kapitalının nə qədər müddətə çatacağını hesablamaq üçün bu göstəricidən istifadə olunur. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Qanunverici sonradan həmin şəxslərin pensiya təmnatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini Qanundan çıxarmışdır. İşin faktiki hallarından isə görünür ki, iddiaçıya pensiya təyinatı 2015-ci il tarixdən həyata keçirilmiş, bu müddətdə Qanunun 45-ci maddəsinin ikinci cümləsi qüvvədə olsa da, hər bir halda bu hal yenidən hesablamanın həmin normanın tətbiqi ilə hesablanmasına əsas vermir. Belə ki, bu norma yalnız pensiyanın ilk dəfə təyin edilməsi qaydasını tənzimləyir. Başqa sözlə yenidən hesablanmaya şamil olunmur. Pensiyanın yenidən hesablanması isə Qanunun 37.3.1 maddəsi ilə tənzimlənir. Buna görə də, ləğv edilmiş norma əsasında pensiyanın yenidən hesablanması hüquqi cəhətdən yolverilməzdir, çünki hüquqi normanın tənzimləmədiyi münasibətə ultraaktivliyin tətbiq edilməsi hüququn əsas prinsiplərinə ziddir. Məhkəmə onun qeyd edilməsini zəruri hesab edir ki, mövcud formalaşmış məhkəmə təcrübəsindən də görünür ki, ümumiyyətlə 6 il və çox işlədikdən sonra şəxsin pensiyasının yenidən hesablanması zamanı 45-ci maddəsinin tətbiqinin istisna edilməli olması, hesablamanın Qanunun 37.3.1-ci maddəsi ilə aparılmalı olması xüsusi olaraq vurğulanmışdır. Qanunun 37.3.1-ci madddəsində isə qeyd edilir ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır Bundan əlavə, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 53/2025 saylı iş üzrə qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli Qərarına da istinad etməyi zəruri hesab edir ki, həmin Qərarda qeyd edilir ki, ““Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulmuşdur - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunmuşdur - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. İddiaçının pensiya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesablanmalıdır.”. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-214/2025 saylı iş üzrə qəbul edilmiş 05 fevral 2025-ci il tarixli Qərarına da istinad etməyi zəruri hesab edir ki, həmin Qərarda qeyd edilir ki, “Bundan əlavə, hazırda mübahisə predmeti olmasa da, məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri sayır ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə 2008-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 816/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli 2-1(102)-215/2025 nömrəli iş üzrə qərarında qeyd edilmişdir: İddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə 2008-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz. 2-1(102)-2928/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-cü il tarixli Ali Məhkəmənin qərarında da qeyd edilir ki, hazırkı qərarın 18-ci bəndində istinad olunan Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixli Qanunla ləğv edilmiş ikinci cümləsi 10 mart 2017-ci il tarixli Qanun ilə maddəyə əlavə edilmiş (01 iyul 2017-ci ildə qüvvəyə minmişdir) və yalnız pensiyanın ilk dəfə təyin edilməsi qaydasını tənzimləyir. Başqa sözlə yenidən hesablanmaya şamil olunmur. Pensiyanın yenidən hesablanması isə Qanunun 37.3.1 maddəsi ilə tənzimlənir. Buna görə də, ləğv edilmiş norma əsasında pensiyanın yenidən hesablanması hüquqi cəhətdən yolverilməzdir, çünki hüquqi normanın tənzimləmədiyi münasibətə ultraaktivliyin tətbiq edilməsi hüququn əsas prinsiplərinə ziddir. Göstərilən Məhkəmə qərarlarının tələblərindən də göründüyü kimi, hazırki növ mübahisələr üzrə cavabdehin əmək pensiyasının yenidən hesablanması zamanı “Əmək pensiyası haqqında” Qanunun 45-ci maddəsinin 2-ci cümləsinin tətbiqi qanunsuz hesab edilmiş, adıçəkilən Qanunun 37.3.1-ci maddəsinin tətbiq olunmalı olduğu qeyd edilmişdir. Formalaşmış məhkəmə təcrübəsi onunla bağlı olmuşdur ki, ümumiyyətlə Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixli Qanunla ləğv edilmiş ikinci cümləsi 10 mart 2017-ci il tarixli Qanun ilə maddəyə əlavə edilmiş (01 iyul 2017-ci ildə qüvvəyə minmişdir) və yalnız pensiyanın ilk dəfə təyin edilməsi qaydasını tənzimləyir. Başqa sözlə yenidən hesablanmaya şamil olunmur. Pensiyanın yenidən hesablanması isə Qanunun 37.3.1 maddəsi ilə tənzimlənir. Adıçəkilən müddəanın tələbindən isə görünür ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır Odur ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin olunsun. İddiaçı barəsində Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının yenidən hesablanma yaşı ilə Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması, "Əmək pensiyaları haqqında Qanunun" tələblərinə uyğun 05 avqust 2022ci il tarixdən alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-14015/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14015/2025
26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver