Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1402/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 8 uşaq, onlardan biri İİ qrup əlilə 20 il qulluq etdiyinə görə iddiaçıya güzəştli şərtlərlə erkən pensiya təyin edilməsi üçün cavabdehin üzərinə öhdəliyin qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 8 uşağın, o cümlədən birinin İİ qrup əlilə qulluq etməsilə əlaqədar güzəştli şərtlərlə ona pensiya təyin edilməsi barədə AR Əmək və X9 cənab Sahil Babayevə 28 mart 2022-ci il tarixli müraciətinə bu günə qədər 67 gün keçməsinə baxmayaraq heç bir rəsmi cavab da verilməmişdir. İddiaçı ailəliklə “28 Aprel” kolxozunda çalışmışdır. 1989-1996-cı illərdə müxtəlif işlərdə işləmiş, (minimum 120 günə qazandığı əmək haqqına görə 45.600 manat (rus pulu) əmək haqqı almışdır). 1999cu ilin aprel ayında 31 yaşında Bakı şəhəri, N.Nərimanov rayonu, Y.V.Çəmənzəminli 100, mənzil 14-də yaşayan, anadan yetim qalmış 7 uşaq atası X5 ilə vətəndaşlıq nikahıyla (axund kəbinlə) ailə həyatı qurmuşdur. xx.xx.1979-cu il təvəllüdlü Səfərov Ramin -20 yaşında, xx.xx.1980-ci il təvəllüdlü Səfərov Orxan -19 yaşında, xx.xx.1982-ci il təvəllüdlü Səfərova Günel - 17 yaşında, xx.xx.1984-cü il təvəllüdlü Səfərov Şəhriyar - 15 yaşında (10-cıı sinif), xx.xx.1992-ci il təvəllüdlü Səfərova Qismət - 7 yaşında (1-ci sinif), xx.xx.1993cü il təvəllüdlü Səfərova Əfrıız -6 yaşında, xx.xx.1994-cü il təvəllüdlü Səfərova Aysel - 5 yaşında, X6, anadangəlmə “Kəskin debillik dərəcəsində oliqofrimiya psixopata bənzər davranış pozuntusu, nitqin qüsuru” diaqnozu ilə psixi xəstədir, İİ qrup əlildir, özünü sərbəst idarəetmə qabiliyyətində deyildir. xx.xx.1984-cü il təvəllüdlü X2, xx.xx.1992-ci il təvəllüdlü X4, xx.xx.1993-cü il təvəllüdlü X7, xx.xx.1994-cü il təvəllüdlü X8 ilə bir evdə yaşamaqla onları böyüdüb başa çatdırmışdır. Həyat yoldaşı Novruz Səfərovla xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Ögey oğlanları xx.xx.1979-cu il təvəllüdlü Səfərov Ramin, xx.xx.1980-cı il təvəllüdlü Səfərov Orxan, xx.xx.1984-cü il təvəllüdlü Səfərov Şəhriyar həqiqi hərbi xidmətdə olaraq öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, Ramin və Orxanın ailə qurmasında bir ana kimi bütün vəzifələrini layiqincə yerinə yetirmişdir. Ögey qızları xx.xx.1992-ci il təvəllüdlü Səfərova Qismət və xx.xx.1994-cü il təvəllüdlü Səfərova Ayseli ərə verib köçürmüşdür. Hazırda xx.xx.1984-cü təvəllüdlü ögey oğlu Səfərov Şəhriyar, xx.xx.1993- cü il təvəllüdlü Səfərova Əfruz, xx.xx.1982-ci il təvəllüdlü xəstə ögey qızı Səfərova Günel və həyat yoldaşı Səfərov Novruzla bir evdə yaşayır. O da “əsəb və şəkər” xəstəliyindən əziyyət çəkir. Bütün həyatını, sağlamlığını ögey uşaqlarının yaşayışı uğrunda sərf etmişdir. Onun üçün ən çətini, ən ağırı İİ qrup əlil, psixi xəstə Səfərova Güneldir. Hazırda 54 yaşı var. 6 sağlam, 1 xəstə olmaqla 7 uşağı boya-başa çatdırdığı üçün qüvvədə olan “AR Əmək qanunvericiliyinin” tələbinə əsasən yaşına görə güzəştli əmək pensiyasının təyin edilməsi xüsusiyyəti həll edilməlidir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Nazirliyə müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı 7 uşağı boya-başa çatdırdığı üçün qanunvericiliklə müəyyən olunmuş güzəştlərdən istifadə etmək istəyir. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 1979; 1980; 1982; 1984; 1992; 1993; 1994-cü il təvəllüdlü 7 övladı olan X5 ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşdur. Nəticədə 7 uşaqdan heç birini doğmadığı və nikaha daxil olduğu zaman ən kiçik övlad 12 yaşında olduğundan qeyd olunan güzəştdən istifadə edə bilməz. Həmçinin iddiaçı 1989-1992 və 1996-cı illərdə Kürdəmir rayonu “28 aprel adına kolxoz”da işlədiyini iddia edir, lakin qeyd olunan iş illəri iddiaçının əmək kitabçasında öz əksini tapmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları" ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31,2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Maddələrin məzmunundan görünür ki, sosial sığorta stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Belə ki, iddiaçının ümumilikdə sosial sığorta stajı yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.1968-ci il təvəllüdlü İddiaçı AA******* nömrəli şəxisyyət vəsiqəsinin surəti; - 21 iyun 2006-cı il tarixli AZ-İ 214171 nömrəli Nikah haqqında şəhadətnamənin surəti; - X1 AZE N 01965279 saylı xx.xx.2004-cü il tarixli şəxsiyyət vəsiqəsinin surəti; - Ramin Səfərovun xx.xx.1981-ci il tarixli Vİİİ-ЖГ 349290 doğum haqqında şəhadətnamənin surəti; - Şəhriyar Səfərovun xx.xx.1985-ci il tarixli Xİ-ЖГ 344591 nömrəli doğum haqqında şəhadətnamənin surəti; - Günel Səfərovanın doğum haqqında Xİ- ЖГ 344590 nömrəli doğum haqqında şəhadətnamənin surəti; - Əfruz Səfərovanın doğum haqqında XVİİ- ЖГ 443254 nömrəli doğum haqqında şəhadətnamənin surəti; - Aysel Səfərovanın XVİİİ-ЖГ 462152 VVAQ arayışı və doğum haqqında şəhadətnamənin surəti; - Qismət Səfərovanın XYİ-ЖГ 362637 saylı doğum haqqında şəhadətnamənin surəti; - Günel Səfərovanın İİ qrup əlilliyinə dair xx.xx.2009-cu il tarixli 172240 saylı vəsiqəsinin və AA0819889 saylı xx.xx.2019-cu il tarixli şəxsiyyət vəsiqəsinin surəti; - İddiaçı Kürdəmir rayonu, “28 Aprel kolxozu”nda 1989-cu ildən 1996-cı ilə qədər işləməsi barədə AR Milli Arxiv İdarəsi Kürdəmir rayonu, Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 248 saylı arxiv arayışının surəti. - Əliyeva (Səfərova) Sona Əli qızının Ölüm haqqında şəhadətnaməsinin surəti. - iddiaçının cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixli ünvanladığı müraciətin surəti və həmin müraciətin edilməsinə dair poçt qəbzi; - məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktub və ona qoşma olan sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını (ünvan 1raq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı Maddə 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddia tələbindən görünür ki, iddiaçı 7 uşaq, onlardan biri İİ qrup əlilə 20 il qulluq etdiyinə görə iddiaçıya güzəştli şərtlərlə erkən pensiya təyin edilməsi üçün cavabdehin üzərinə öhdəliyin qoyulmasını tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinə cavab verilməmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda uşaqların atası X5 öz izahatında bildirmişdir ki, iddia tələbində texniki səhv olaraq uşaqların sayı 7 əvəzinə 8 göstərilmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Ramin Səfərov Vİİİ-ЖГ 349290 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1979-cu il tarixdə, Günel Səfərova Xİ-ЖГ 344590 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1982-ci il tarixdə, Şəhriyar Səfərov Xİ-ЖГ 344591 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1984-cü il tarixdə, Qismət Səfərova XYİ- ЖГ 362637 saylı doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1992-ci il tarixdə, Əfruz Səfərova XVİİ- ЖГ 443254 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1993cü il tarixdə, Aysel Səfərova XVİİİ-ЖГ 462152 VVAQ doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1994-cü il tarixdə doğulmuşdurlar. Həmin Şəhadətnamələrin surətlərindən görünür ki, ata qrafasında X5, ana qrafasında X12 göstərilmişdir. AZ 100184 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X17 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. 21 iyun 2006-cı il tarixli AZ-İ 214171 nömrəli Nikah haqqında şəhadətnaməyə əsasən X5 ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanılmışdır. Göründüyü kimi, İddiaçı 1979; 1980; 1982 ; 1984; 1992; 1993; 1994-cü il təvəllüdlü 7 övladı olan X5 ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş və nəticədə 7 uşaqdan heç birini doğmadığı və nikaha daxil olduğu zaman ən kiçik uşaq 12 yaşında olduğu işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, İddiaçı tərəfindən həmin uşaqların heç birini övladlığa və (və ya) qəyyumluğa götürməsi və onları səkkiz yaşınadək tərbiyə etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Məhkəmə iddiaçının iş stajı ilə bağlı qeyd edir ki, iddiaçı 1989-1992 və 1996-cı illərdə Kürdəmir rayonu “28 aprel adına kolxoz”da işlədiyini iddia edir, bununla bağlı iddiaçı Arxiv Arayışı təqdim etsə də, lakin qeyd olunan iş illərini təsdiq edən əmək kitabçasını məhkəməyə təqdim etməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31,2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Göründüyü kimi, iddiaçının ümumilikdə sosial sığorta stajı yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən X1 uşaqlarının heç birini doğması, övladlığa və (və ya) qəyyumluğa götürməsi və onları səkkiz yaşınadək tərbiyə etməsi, həmçinin iddiaçının əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etməsi də işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından və müvafiq olaraq 25 ildən çox iş stajı olmadığından, onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci və 8.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla pensiya hüququ yaranmamış olur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 7 uşaq, onlardan biri İİ qrup əlilə 20 il qulluq etdiyinə görə iddiaçıya güzəştli şərtlərlə erkən pensiya təyin edilməsi üçün cavabdehin üzərinə öhdəliyin qoyulmasına dair iddi tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev