Məhkəmə qərarları › İş №2-1(112)-1402/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1402/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1402/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı “tikinti işlərinin aparılmasına dair icazə verilməsi və s.” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 1231 saylı qərarı ilə mərhum anası X1 adına sənədləşdirilmiş torpaq sahəsində tikinti işlərinin aparılmasına icazənin verilməsinə dair və ya həmin torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya münasibət bildirilməsi üçün cavabdehə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə bildirişlərindən görünür ki, lazımi qaydada məlumatlandırılsa da, iddiaçı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə və hazırkı xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında hər hansı üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Qeyd olunan məhkəmə bildirişlərində iddiaçıya iş üzrə onda olan bütün sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş və İPM-in 55.3-cü maddəsinin hüquqi nəticələri izah edilmişdir. Məhkəmə tərəfindən həmçinin, xx.xx.2025-ci il tarixdə iddiaçının elektron məhkəmə sistemindəki kabinetinə xəbərdarlıq məktubu yerləşdirilmiş və iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin şəxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak etməsi təklif olunmuş, əks halda İPM-in 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul ediləcəyi barədə məlumat verilmişdir. Lakin iddiaçı hər hansı üzrlü səbəb bildirmədən növbəti dəfə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddia geri götürülmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. "M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdi ki, İPM-in 55.3-cü maddəsinin mənasına görə iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. İddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu qanunvericilik bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. Məhkəmənin tələbində açıq-aşkar görünməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Göründüyü kimi, məhkəmə tərəfindən istinad olunan Plenum qərarındakı bu meyarlara cavab verən tələbin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır. Belə olan halda isə məhkəmə iddiaçının bu hərəkətlərini onun hazırkı tələb üzrə prosessual marağının itməsi kimi qiymətləndirir və iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin «Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz» müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı “tikinti işlərinin aparılmasına dair icazə verilməsi və s.” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar