Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14021/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçı Əsgərova (Babayeva) Səlmi Məmmədrza qızının, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı Əsgərova (Babayeva) Səlmi Məmmədrza qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə qərarın ləğv edilərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1958-ci ildə Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində doğulmuşdur. 1977-ci ildə X2 ilə Neftçala rayonunda nikaha daxil olaraq ailə qurmuşdur. 1995-ci ilə qədər Neftçala rayonunda yaşamışlar. Övladları da orada dünyaya gəliblər. İddiaçı 1995-ci ildə ailəsi ilə birgə Türkmənistan Respublikasına köçmüş və orada yaşamağa başlamışlar. xx.xx.1996-cı ildə iddiaçının həyat yoldaşı işlədiyi yerdə qəzaya düşərək həlak olmuşdur. 2005-ci ilə qədər Türkmənistan Respublikasında yaşamışlar. 2005-ci ildə daimi yaşamaq üçün Azaərbaycan Respublikasına gəlmişdir. Maddi imkanı olmadığından Sabunçu rayonunda Kürdəxanı qəsəbəsində Ə.Cəmil küçəsi 55 saylı evi almışdır. İddiaçının aldığı ev özbaşına tikili olduğu həmin ünvana qeydiyyata düşə bilməmiş və bütün bu illər ərzində Bakı şəhərində qeydiyyatsız yaşamışdır. İddiaçı 2022-ci ildə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh onun yaşadığı yer üzrə qeydiyyatı olmadığı üçün Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2022-ci il tarixdə ******* saylı qərar qəbul etmişdir. Hüquqi savadı və imkanı olmadığı üçün həmin qərardan vaxtında şikayət verə bilməmişdir. İddiaçı 2022-ci ildə cavabdehə yenidən müraciət etmiş, lakin cavabdeh həmin qərara əsaslanaraq ona məhkəməyə şikayət etməsini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətdə qalmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün hesab edilməmişdir. Bundan sonra vəkil sorğusu ilə Neftçala Rayon Polis İdarəsinə müraciət etmişdir. Orada forma 1 arayışı verilmiş və məlum olmuşdur ki, o, ailə qurduqdan sonra həyat yoldaşının soyadı ilə onun qeydiyyatda olduğu Neftçala rayonu, Səməd Vurğun küçəsi, 8 saylı evə pasport qeydiyyatına alınmışdır. Həmin forma 1 arayışını cavabdeh tərəfə xx.xx.2024-cü il tarixli poçt vasitəsilə təqdim edərək iddia tələbini təmin edəcəklərini güman etmişdir. xx.xx.2024-cü il tarixdə ərizəsinə cavab verilmədiyi üçün Miqrasiya Xidməti İdarəsinə getdi. Orada şifahi olaraq bildirildi ki, iddiaçının tələbi təmin edilməmişdir. Ona görə də yenidən eyni tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, iddiaçı Əsgərova (Babayeva) Səlmi Məmmədrza qızı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlər araşdırılmaqla cavabdeh belə nəticəyə gəlmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, şəxsin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 7 oktyabr tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş etirazında qeyd etmişdir ki, iddiaçı Əsgərova (Babayeva) Səlmi Məmmədrza qızının xx.xx.2022-ci il tarixli sorğusu əsasında vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olmaması müəyyən edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati akt qəbul edilmişdir. Hesab edilir ki, Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, təqdim olunmuş sənədlər əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən şəxs barəsində inzibati icraata başlanılmış, icraat zamanı şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək ölkə ərazisində doğulduğu nəzərə alınaraq “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci bəndində göstərilən əsaslara malik olub-olmaması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinə sorğu göndərilmişdir. Adıçəkilən qurumun xx.xx.2022-ci il tarixli məlumatında şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (1998-ci il 7 oktyabr tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmadığı göstərilmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını konkret müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Bundan başqa bildirilir ki, şəxslə bağlı icraat Dövlət Miqrasiya Xidməti tərəfindən 2022-ci il tarixdə aparılmış və müvafiq inzibati akt qəbul edilmişdir. İş materiallarından görünür ki, Əsgərova (Babayeva) Səlmi Məmmədrza qızının iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Məhkəmədə qeydiyyatdan keçmişdir. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir. İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının Əsgərova (Babayeva) Səlmi Məmmədrza qızının iddianın dəqiqləşdirilməsinə dair ərizəsi təmin edilmiş, iddia tələbi “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı qərarın ləğv edilməsi” şəklində icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının analoji iddia tələbinə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1675/2024 nömrəli qərarı ilə hüquqi qiymət verilmiş, iddia təmin mümkün sayılmamışdır. Sözügedən qərardaddan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkilinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri izah edilmiş və dinlənilmə hüququ təmin olunmuşdur. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi və tələbin xx.xx.2022-ci tarixli qərarı yeni açılmış hal olaraq nəzərə alıb Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı qərarın ləğv edilməsindən ibarət iddiaçı Əsgərova (Babayeva) Səlmi Məmmədrza qızının mövqeyinə münasibətdə qeyd edir ki, iddia tələbinin formasının dəyişdirilməsi mümkünlük şərtini aradan qaldırmır. Yaxud iddiaçının yeni soyadla iddia qaldırması fərqli şəxs oması anlamına gəlmir və iddianın mümkünsüzlüyünü istisna etmir. Belə ki, mübahisələndirilən qərar cavabdehin xx.xx.2022ci il tarixli ******* nömrəli qərarıdır və əvvəlki məhkəmə araşdırması çərçivəsində Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1675/2024 nömrəli qərardadı ilə iddia tələbində göstərilən məsələyə hüquqi qiymət verilmiş, məhkəmə araşdırması iddia tələbinin mümkün sayılmaması ibarət məhkəmə aktı ilə yekunlaşmışdır, sözügedən qərar hazırda qüvvədədir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbinə artıq inzibati mühakimə icraatı qaydasında hüquqi qiymət verildiyi üçün eyni tələbə yenidən baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Əsgərova (Babayeva) Səlmi Məmmədrza qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5.
Məhkəmə qərarları › İş №2-1(112)-14021/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14021/2024
26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver