Məhkəmə qərarları › İş №2-1(112)-1403/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1403/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1403/2021 07.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs “xxxx” ASC) “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı (üçüncü şəxs “xxxx” ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciət etdiyi tarixdən ona əlilliyə görə pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi ilə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. 1978-ci ilin sentyabr ayından 1979-cu ilin avqust ayınadək X5 Kooperativində, 1984-cü ilin oktyabrından 1995-ci ilin mart ayınadək "Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunda, 1995-ci ilin mart ayından 2014-cü ilin may ayınadək BŞİH Yol Təmir Tikinti Baş İdarəsində işləmişdir. 1979-1984-cü illər aralığında Memarlıq-İnşaat İnstitutunda təhsil almışdır. Göründüyü kimi, onun 35 il 9 ay əmək stajı var. Qeyd olunan əmək stajı əmək kitabçası ilə təsdiq olunur. Həmçinin, o, 2020-ci ilin fevral ayından etibarən 3-cü qrup əlil statusu almışdır. Əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı müraciətinə cavabdeh tərəfindən imtina məktubu ilə cavab verilmişdir. İmtinanın əsası kimi fərdi hesabında sığorta hissəsində 25800 manat pensiya kapitalının toplanmaması, buna səbəb kimi "xxxx" ASC tərəfindən müvafiq köçürmələrin həyata keçirilməməsi göstərilmişdir. İşəgötürən müəssisənin qanunazidd hərəkəti və inzibati orqanın qanun pozuntusuna vaxtında reaksiya göstərməməsi onun pensiya almaq hüququnu heç bir halda məhdudlaşdırmamalıdır. Cavabdeh inzibati orqan olaraq işəgötürən tərəfindən müvafiq ödənişlərin həyata keçirilməsinə nəzarət etmək baxımından işçiyə nisbətən kifayət qədər səlahiyyətə və inzibati resursa sahib olmuş, buna baxmayaraq, bu barədə heç bir tədbir görməmiş və sonda özünün və işəgötürənin hərəkətsizliyini onun əlilliyə görə pensiya almaq hüququnun məhdudlaşdırılması əsası olaraq istifadə etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla İİİ dərəcəli əlillik müəyyən edilmişdir. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada Qanunun qeyd edilən müddəasına əsasən, İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün xx xxxx 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərt eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİİ qrup əlilliyə görə əmək pensiyasının təyinin edilməsindən imtinası qanuni və əsaslı hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 01 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı aşağıdakı qaydada hesablanmalıdır: 1) xx.xx.2020 (Fonda müraciət tarixi) - xx.xx.1961 (doğum tarixi) = 59 il 03 ay 23 gün - İddiaçının müraciət etdiyi tarixə uyğun yaş həddi; 2) 59 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 44 il (əmək qabiliyyətli yaş dövrü); 3. a) 44 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 176 ay; b) 176 ay : 12 ay = 14 il 8 ay - iddiaçının İİİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iş stajı. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı 14 il 8 ay təşkil edir. İddiaçının iş materiallarına əlavə edilən əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi bütün dövrlər nəzərə alındıqda onun sosial sığorta stajı ümumilikdə 29 il 24 gün təşkil edir. Əlavə olaraq, iddiaçının 1979-1984-cü illərdə aldığı təhsil qiyabi təhsildirsə, qanunvericiliyə əsasən, iş stajına daxil edilə bilməz. Lakin iddiaçının sosial sığorta stajı ilə bağlı mübahisələndirilən hal vardır: İddiaçının “xxxx” ASC tərəfindən təqdim olunmuş 2006-2014-cü illər üçün məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda sığortaolunan İddiaçı (SSN: **********843) məlumatları qeyd olunmadığı üçün ”X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. Bu isə müvafiq illərin sosial sığorta stajı kimi nəzərə alınmasını mümkünsüz edir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 07 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarınının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tədbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********627600 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixə olan uçot məlumatlarına əsasən “xxxx” ASC-nin (VÖEN: **********) fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılmışdır. ASC-nin ləğv edilməsinə dair heç bir məlumatın olmaması xx.xx.2021-ci il tarixdən fəaliyyətinin bərpa edilməsini nəzərdə tutur. Bu səbəbdən də qeyd olunanları nəzərə alaraq, iddiaçının düzgün hesablanmamış məcburi dövlət sosial sığorta haqları ilə bağlı “xxxx” ASC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməsi məqsədəuyğun hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı xx xxxx 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir.Həmin Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı: 1) 59 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 44 il (əmək qabiliyyətli yaş dövrü). 2) 44 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 176 ay. 3) Tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 176/192= 0,916666 = 0,92. 4) Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0,92 x 144=132 ay. 5) 132 ay x 200 manat (2020-ci il üçün əmək pensiyasının minimum məbləği) = 26.400 manat - iddiaçının İİİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalının məbləği. 6) 29 il (mübahisəolunan dövr daxil edilməklə hesablanmış iş stajı) x 306 manat x 2.3 (indeks) = 20.410 manat - iddiaçının mövcud pensiya kapitalı məbləği. 7) Pensiya sığorta kapitalı (PSK=20.410) alınmış rəqəmə bölünərək (20.410 : 132 = 154,621 = 155) 155 manat məbləğində müəyyən edilir. Göründüyü kimi, iddiaçıya təyin oluna biləcək aylıq pensiya ödənişi 155 manat təşkil etdi ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əmək pensiyasının minimum məbləğindən (2019-ci il 1 oktyabr tarixindən 200 manat məbləğindən) aşağıdır. Belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçının mübahisə olunan dövr daxil edilməklə faktiki iş stajı 29 il 24 gün təşkil edir. Beləliklə, faktiki iş stajı tələb olunan iş stajından (14 il 08 ay) daha çoxdur. Lakin digər tərəfdən, əlilliyə görə pensiya təyinatının aparılması üçün ikinci vacib şərt (fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yetərli olması) də yerinə yetirilməlidir. Yuxarıda qeyd olunan hesablamalara əsasən iddiaçıya tələb olunan pensiya kapitalı 26.400 manat təşkil etməsinə baxmayaraq, iddiaçının faktiki pensiya kapitalı 20.410 manatdır. Bu isə tələb olunan məbləğdən xeyli azdır. Belə olan halda “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Əlavə olaraq, iddiaçının təhsil aldığı 1979- 1984-cü illəri (qiyabi təhsildirsə, qanunvericiliyə əsasən, iş stajına daxil edilə bilməz) iş stajına daxil olunduğu halda belə iddiaçının pensiya kapitalı qanunvericilikdə nəzərdə tutulan pensiya kapitalından daha az məbləğ təşkil edəcək: 34 il (iş stajı) x 306 manat x 2.3 (indeks) = 23.929,2 manat. Göründüyü kimi, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranmadığından (iş stajı kifayət etsə də, pensiya kapitalı tələb olunandan azdır) onun 3-cü dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan iddiaçıya məxsus AZE serialı ******** nömrəsi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********8 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə edilmiş sənədlərə baxaraq bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin tələb olunan 14 il 4 ay sığorta stajınızın olmasına baxmayaraq, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 25800 manat pensiya kapitalınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********8 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, "xxxx" ASC (SUN: **********6) tərəfindən təqdim olunmuş 2006 - 2014-cü illər üçün məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda sığortaolunan, İddiaçı (SSN: **********843) məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi”nin "Sığorta AS (Hesabat)" alt sistemində "Sığortaolunanların hesabları" bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 2006 - 2014- cü illər üzrə məlumatlarının araşdırılması üçün "xxxx" ASC-yə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir, əlilliyin səbəbi - ümumi xəstəlik qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********727800 saylı və xx.xx.2020-ci il tarixli **********627600 saylı məktublarından görünür ki, xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" ASC-nin (VÖEN: **********) fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********1 saylı məktubdan görünür ki, İddiaçı (FİN: xxxxxxx) xx.xx.2006-cı ilədək pensiya sığorta kapitalı 19019,91 manat, 01.01,2006-cı ildən bu günədək 419,80 manat (cəmi: 19439,71 manat) təşkil edir. Vətəndaşa əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün onun 25800 manat pensiya sığorta kapitalının olması tələb olunur. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək X5 Kooperativində Sadıxlı kəndində yerləşən 109 nömrəli qarışıq mallar mağazasında satıcı işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan İnşaat Mühəndislik İnstitutunda təhsil almış, xx.xx.1984-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunda mühəndis işləmiş, xx.xx.1995-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti «Yol Təmir Tikinti» Baş İdarəsində “Yoltəmirtikintinin Baş İstehsalat İdarəsinin TİŞ-nə mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu il tarixdə Plan şöbəsində İqtisadçı vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci ilədək “Yoltəmirtikinti Bİİ 4 saylı Yol Təmir Tikinti İdarəsində İqtisadçı vəzifəsində işləmiş, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X6 “ ATSC-nin labaratoriyasında 5-ci dərəcəli laborant vəzifəsində, sonradan laboratoraya müdiri vəzifəsində işləmiş, xx.xx.2002-ci il tarixdə “X6” ASC-də laboratoriya müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə laborant vəzifəsinə keçirilmiş, xx.xx.2014cü il tarixdə işdən azad edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası; 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur; 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının: 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər; 4.3.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir: 4.3.2. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir; 4.3.3. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. İddiaçıya xx.xx.2020-ci il tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək X5 Kooperativində Sadıxlı kəndində yerləşən 109 nömrəli qarışıq mallar mağazasında satıcı işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan İnşaat Mühəndislik İnstitutunda təhsil almış, xx.xx.1984-cü il tarixdən xx.xx.1995-ci il tarixədək "Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunda mühəndis işləmiş, xx.xx.1995ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti «Yol Təmir Tikinti» Baş İdarəsində “Yoltəmirtikintinin Baş İstehsalat İdarəsinin TİŞ-nə mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu il tarixdə Plan şöbəsində İqtisadçı vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci ilədək “Yoltəmirtikinti Bİİ 4 saylı Yol Təmir Tikinti İdarəsində İqtisadçı vəzifəsində işləmiş, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X6 “ ATSC-nin labaratoriyasında 5-ci dərəcəli laborant vəzifəsində, sonradan laboratoraya müdiri vəzifəsində işləmiş, xx.xx.2002-ci il tarixdə “X6” ASC-də laboratoriya müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə laborant vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə işdən azad edilmişdir. Hazırda iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələblərindən göründüyü kimi, İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi, İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün sığorta stajı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı tələb olunur. İddiaçıya xx.xx.2020-ci il tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Həmin tarixdə isə iddiaçının 59 yaşı olmuşdur. İddiaçının yaşı və əmək qabiliyyətli yaş dövrü nəzərə alınmaqla (59 yaş - 15 yaş = 44 yaş x 4 ay = 176 ay : 12 ay = 14 il 8 ay) iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 14 il 8 ay sığorta stajı tələb olunur. İddiaçının isə 14 il 8 aydan artıq iş stajı vardır. Lakin iş materiallarından görünür ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün onun 25800 manat pensiya kapitalının olması tələb olunduğu halda, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19439,71 manat təşkil edir. Göründüyü kimi, iddiaçının əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı olsa da, fərdi hesabın sığorta hissəsində tələb olunan, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs “xxxx” ASC) “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar