Məhkəmə qərarları › İş №2-1(112)-1403/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1403/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1403/2022 15.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 17 mərtəbəli binanın zirzəmi, 1-ci və 2-ci mərtəbələrində yerləşən və hər mərtəbənin sahəsi 144,5 kv.m olmaqla cəmi ümumi sahəsi 433,5 kv.m olan 3 nömrəli qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş, 17 mərtəbəli binanın zirzəmi, 1-ci və 2-ci mərtəbələrində yerləşən və hər mərtəbənin sahəsi 144,5 kv.m olmaqla cəmi ümumi sahəsi 433,5 kv.m olan 3 nömrəli qeyri-yaşayış sahəsini xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativindən dəyərini ödəməklə almışdır və bu barədə “Babək İnşaat" MTK tərəfindən onun adına müvafiq qeyri-yaşayış sahəsinin dəyərinin onun tərəfindən tam şəkildə ödənilməsini təsdiq edən xx.xx.2013-cü il tarixli Maliyyə arayışı verilmişdir. Onun "xxxx" MTK-ya üzv qəbul edilməsi barədə xx.xx.2021-ci il tarixdə "xxxx" Mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının Protokoldan çıxarış verilmişdir. Bildirmişdir ki, müvafiq binanın 11 -ci mərtəbəsində yerləşən 4 nömrəli ofisə (qeyri-yaşayış sahəsi) dair digər şəxsə Seriya RX №0865739 saylı reyestrdən çıxarış verilmişdir. Məhkəmə tərəfindən araşdırılması zəruri hesab edilərsə cavabdeh inzibati orqana sorğu verməklə sözügedən faktı dəqiqləşdirmək mümkündür. Hal-hazırda müvafiq qeyri-yaşayış sahəsi mübahisəsiz olaraq iddiaçının qanuni mülkiyyətindədir və həmin qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasını istəyir. Bu səbəbdən də, müvafiq ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə tərəfimdən xx.xx.2021-ci il tarixdə rəsmi qaydada müraciət olunmuş, lakin cavabdeh inzibati orqan qanunsuz olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqanın **********36 nömrəli və xx.xx.2021-ci il tarixli imtina məktubunda imtina səbəbi kimi “qeyd edilən qeyri-yaşayış sahəsinin “Babək İnşaat" MTK tərəfindən inşa edilən qeyri-yaşayış binasında yerləşdiyi və qeyri-yaşayış sahəsinə dair sənədlərin “Babək İnşaat" MTK tərəfindən təsdiq edildiyi, sözügedən qeyri-yaşayış binası üzərində "xxxx" MTK- nın adına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla biləcəyi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-173/2019 nömrəli qərardadına əsasən sözügedən ünvanda yerləşən “Babək İnşaat" MTK-nın mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulduğu” qeyd olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və cavabdeh inzibati orqan hüquqlarını pozmaqla əsassız olaraq müraciətini təmin etməmişdir və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə təsbit edilən mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, qeyd olunanlardan da göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində qeyd olunan və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlər (maliyyə arayışı və protokoldan çıxarış) tərəfimdən cavabdeh inzibati orqana təqdim edilmişdir. Bundan əlavə, imtina məktubunda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-173/2019 nömrəli qərardadına əsasən sözügedən ünvanda yerləşən "xxxx" MTKnın mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulduğu qeyd edilsə də, lakin iddiaçının müraciəti torpaq sahəsi ilə bağlı deyil, qeyri-yaşayış sahəsi ilə bağlı olmuşdur. İddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7953/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. İddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən qeyri-yaşayış sahəsinin "xxxx" MTK tərəfindən inşa edilən qeyri- yaşayış binasında yerləşdiyi və qeyri-yaşayış sahəsinə dair sənədlərin "xxxx" MTK tərəfindən təsdiq edildiyi məlum olmuşdur. Sözügedən qeyri-yaşayış binası üzərində "xxxx" MTK-nın adına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyriyaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Bundan əlavə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-173/2019 nömrəli qərardadına əsasən sözügedən ünvanda yerləşən “Babək İnşaat" MTK mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********36 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq bildirilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış mərətəbəlilik planı, qeyri-yaşayış binasına dair istismara qəbul aktı İdarəyə təqdim edilməmişdir, idarənin mütəxəssisləri tərəfindən aparılan yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, qeyri- yaşayış sahəsinin faktiki ölçüsü 400.5 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.9cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasımn (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.2013-cü il tarixli Müqavilənin surəti; - xx.xx.2021-ci il tarixli "xxxx" Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının Protokolundan çıxarış; - xx.xx.2013-cü il tarixli Maliyyə Arayışının surəti; - xx.xx.2021-ci il tarixli cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubu: - xx.xx.2021-ci il tarixli cavbdeh inzibati orqan tərəfindən verimiş etiraz məktubu; - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların surəti (digər şəxslər barəsində); - məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktub.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı iddia deyil. İddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən yazılı etiraz təqdim etmiş və etirazda qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış binası üzərində "xxxx" MTK-nın adına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyriyaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Bundan əlavə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-173/2019 nömrəli qərardadına əsasən sözügedən ünvanda yerləşən “Babək İnşaat" MTK mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********36 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq bildirilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış mərətəbəlilik planı, qeyri-yaşayış binasına dair istismara qəbul aktı İdarəyə təqdim edilməmişdir, idarənin mütəxəssisləri tərəfindən aparılan yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, qeyri- yaşayış sahəsinin faktiki ölçüsü 400.5 kv.m təşkil edir. Məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddiaçı öz tələbini mübahisə predmeti olan qeyriyaşayış obyektinin “Babək İnşaat" MTK ilə aralarında olan xx.xx.2013-cü il tarixli müqaviləyə və xx.xx.2013-cü il tarixli Maliyyə Arayışının əsaslandırmışdır. Eyni zamanda iş materiallarında olan məhkəmənin xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Xətai rayonu, ünvan 7 ünvanında yerləşən çoxmənzilli binanın istismara qəbul edilməsi barədə məlumatların məhkəməyə təqdim edilməsinə dair sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən ünvanda yerləşən tikinti obyektlərinə dair məlumatlar Komitəyə təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. “Babək İnşaat" MTK ilə iddiaçı arasında 12 avqust 2013-cı il tarixdə bağlanılmış müqaviləyə əsasən, ünvan 8 ünvanda tikintisini həyata keçirdiyi 17 mərtəbəli müasir iş mərkəzinin A Bloku 1-ci mərtəbədə yerləşən 3 mərtəbədən ibarət, 3 nömrəli qeyri-yaşayış sahəsinin ümumi sahəsi ancaq giriş mərtəbəsinin daxili zəmin alanı nəzərə tutularaq 144.5 kv.m qeyri-yaşayış sahəsinə aid pay haqqı iddiaçı tərəfindən tam ödənilmişdir. Bununla yanaşı, payın mülkiyyətçisi (öhdəliyin icrasını tələb edən şəxs) iddia etdiyi tikili sahəsinin və ya onun aid olduğu (tərkib hissəsi olduğu) binanın istismara qəbul edildiyini (yaxud istismarına icazə verildiyini), yəni həmin tikili sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan yaşayış (mənzil) və ya qeyri yaşayış sahəsi kimi tanındığını sübut etmək yükünü daşıyır. Bu qənaət, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.9, 8.0.9.2, 8.0.10, 8.0.10.1-ci maddələrinin tələblərindən irəli gəlir. Həmin normalara görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Normaların tələblərindən göründüyü kimi, 2013-cü il yanvarın 1-dək inşa edilmiş çoxmənzilli binalara münasibətdə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililərə münasibətdə isə tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq olunması) yoxdursa, həmin binanın inşasının qanuniliyi, onun məhz yaşayış binası kimi istismara yararlı olduğu, buradan, onun çoxmənzilli yaşayış binası kimi tanındığı təsdiq olunmursa, bu, həmin binanın tərkib hissələrinə də aiddir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu,ünvan 7 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş, iş binasının A bloku 1-ci mərtəbəsində yerləşən üst-üstə 2 mərtəbə və zirzəmidən ibarət 3 nömrəli iddiaçıya məxsus olan sahəsi 400,5 kv.m təşkil edən qeyri yaşayış obyektinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin (istismara qəbul) mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. 8.0.10 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. -9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. -10.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Republikası Tikinti və Şəhərsalma Məcəlləsinin: - 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. - 102.1-ci maddəsinə əsasən Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. Beləliklə məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa istinadən qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub- olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olan sənədlər inzibati orqana təqdim edilməmişdir. Ümumiyyətlə, iddiaçı tərəfindən daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı yuxarıda göstərilən Qanunun 8-ci maddəsində qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim edilməmiş, habelə, məhkəmə araşdırması zamanı belə sübutların mövcudluğu öz təsdiqini tapmamışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, ünvan 7 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş, iş binasının A bloku 1-ci mərtəbəsində yerləşən üst-üstə 2 mərtəbə və zirzəmidən ibarət 3 nömrəli iddiaçıya məxsus olan sahəsi 400,5 kv.m təşkil edən qeyri yaşayış obyektinə dair reyestrdən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar