Məhkəmə qərarları › İş №2-1(112)-1403/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1403/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1403/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavandehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə X1rşı “istismara icazə verilməsinə dair müvafiq tədbirlərin görülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə X1rşı iddiaçının mülkiyyətində olan qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsinə dair müvafiq tədbirlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu ərazisində X4 tərəfindən 340 saylı, xx.xx.2006-cı il tarixli sərəncamına əsasən 130 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində hər biri 35-40 kv.m olan 3 ədəd qeyri-yaşayış təyinatlı birmərtəbəli obyektlər inşa edilmişdir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli fərmanı ilə qeyriyaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Həmin fərmanla tanınmış və təsbit edilmiş hüquqlarının realizəsi məqsədilə 11 mart 2024-cü il tarixdə AR FHN-ə ərizə və ona əlavə edilmiş sənədlərlə (Tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, etibarnamə və torpağa dair sənədlər) bağlı müraciət etsə də, fərman irəli gələn məsələlər həll edilməmiş, ünvanına və ərizəsində qeyd etdiyi elektron poçt ünvanına hər hansı cavab məktubları göndərilməmiş, yalnız təkrar müraciət və şikayətlərdən sonra 24 aprel 2024-cü il tarixli 3-18-2/2-Ə-36xxxx/2024 saylı məktubla əvvəlki müraciətinə 02 aprel 2024-cü il tarixli 3-18-2/2-Ə-2840- 8/2024 saylı məktubla cavab verildiyi bildirilmişdir. Qeyd edilən məktubun ən azı elektron variantını göndərilməsini xahiş etsə də, haqlı tələbləri Nazirlik və Agentlik gözardı edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqan xx.xx.2024 və xx.xx.2024-cü il tarixli (hələ də göndərilməyən) cavabı ilə əslində, dolayı yolla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Aşağıda qeyd olunan əsaslara görə cavabdeh inzibati orqanın qeyd olunan imtinası qanunsuzdur və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Belə ki, qeyd olunan tikinti obyektlərin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri 2020-ci ilədək başa çatmışdır. Aparılacaq yerquruluşu işlərinin, qeyriyaşayış binasının müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciət edilsə də, lakin fərmanda nəzərdə tutulan tədbirlər həyata keçirilməmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının ona məxsus olan qeyri-yaşayış binasına dair fərmandan irəli gələn vəzifələrinin yerinə yetirməsindən imtinanı əsaslandıran faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmişdir.

3. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-18-212-Ə-2840-8/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına uyğun olaraq qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi üçün ərizə və ona əlavə edilmiş müvafiq sənədlər, qeyri-yaşayış obyektinin sifarişçisinin (sahibinin) və ya onun qanuni nümayəndəsinin Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ünvan 1 ünvanında yerləşən “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutuna şəxsən müraciətinə əsasən qəbul edilə bilər.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

7. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

8. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

11. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

12. İddia mümkündür. III.Məhkəmənin mövqeyi

13. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında 14 iyun 2023-cü il tarixli, 2181 saylı Fərmanın: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra – infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyriyaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşibyerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir; 1.1.3. Nazirlik:

1. daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən, başqa fiziki və ya qeyridövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndində göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçün müraciət etdiyi tarixdən 30 (otuz) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda, habelə infrastruktur obyektinə münasibətdə həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi (bundan sonra – layihə) əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndiskommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi (bundan sonra – rəy) tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Mərkəzə və Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir;

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 15. İqtisadi inkişaf və dövlət İ. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. İİ. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Maddə 59. Azad sahibkarlıq hüququ İ. Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. İİ. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.

15. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsinə dair müvafiq tədbirlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

17. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X5 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır.

18. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.

19. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur.

20. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

21. Məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə mütənasib deyil.

22. Cavabdeh iddiaçının müraciətinə imtina məktubunda qeyd etmişdir ki, ərizə və ona əlavə edilmiş müvafiq sənədlər qeyri-yaşayış obyektinin sifarişçisinin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutuna şəxsən müraciətinə əsasən qəbul edilə bilər.

23. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin dəlili “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikasının Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 saylı Fərmanı ilə və hər hansı normativ hüquqi aktla tənzimlənmir. Belə ki, məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi sözügedən halı təsdiq edən normanın olmamasını bir daha təsdiq etdi.

24. İddiaçı ərizə və ona əlavə edilmiş sənədlərlə (tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, etibarnamə və torpağa dair sənədlər) elektron qaydada cavabdeh orqana müraciət etmiş, lakin müraciətindən imtina edilmişdir. İmtinanın əsası iddiaçının elektron qaydada deyil, şəxsən müraciəti etməsinin zəruriliyidir.

25. Məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

26. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-nin 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur.

27. Lakin İPM-nin 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz.

28. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

29. Qeyd edilənlərə əsasən məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsinə dair müvafiq tədbirlərin görülməsi ilə bağlı inzibati araşdırma həyata keçirilərkən yuxarıda qeyd edilən Fərmanın bəndlərinin tələblərə riayət olunması ilə bağlı müvafiq qiymətləndirmə aparılmalıdır.

30. Odur ki, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruridir və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün hesab edilmir.

31. İPM-nin: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: ...73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.

32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.

33. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin imtinası qanunsuz hesab edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla İddiaçı mülkiyyətində olan qeyriyaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsinə dair müvafiq tədbirlərin görülməsi ilə bağlı iddiaçının xeyrinə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar