Məhkəmə qərarları › İş №2-1(112)-14030/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14030/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14030/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X10 və Biləcəri bələdiyyəsi) qarşı “çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2025-ci il tarixli, ********** nömrəli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16nin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmiş, sahənin dövlət mülkiyyətində olan torpaqlara aid olduğu müəyyən edilmişdir. Təqdim edilmiş Binəqədi Rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 114 nömrəli qərarının arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubu təqdim edilməmişdir. Göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə olmaqla yaxınlığında ləğv edilmiş neft quyusunun baza məlumatı mövcuddur. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində müvafiq qərara istinad edilməmiş, istinad məsafəsi, perimetrik ölçülər qeyd edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləcəri Bələdiyyəsinin 114 nömrəli, xx.xx.2002-ci il tarixli qərarı ilə mülkiyyətinə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması, müvafiq qeydiyyatla əlaqədar çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X10 zəruri cəlbetmə qaydasında və Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli, 15M217 nömrəli məktubunu rəhbər tutaraq Binəqədi Rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 114 nömrəli qərarına əsasən Biləcəri qəsəbəsi ərazisində 600 kv.m ölçüdə olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün, təsdiq edilmiş plan-cizgisi əsasında iddiaçının mülkiyyətinə verilmişdir. Sözügedən torpaq sahəsinin plan-cizgisi də qanunamüvafiq qaydada tərtib edilərək təsdiqlənmişdir. Biləcəri qəsəbəsi ərazisində 600 kv.m ölçüdə olan torpaq sahəsi hazırda Biləcəri qəsəbəsi ərazisinin hüdudları daxilində yerləşir. Sözügedən torpaq sahəsi 23 (iyirmi üç) ildir ki, tərəfindən istifadə edilir və hal-hazırda da mübahisəsiz olaraq iddiaçının qanuni sahiblik və istifadəsindədir. Həmçinin həmin ərazidə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda və yaxınlığında olan torpaq sahəsi üzərində də yaşayış evləri inşa edilmiş və hazırda yaşayış mövcuddur. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə yazılı etirazını təqdim edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmçinin təqdim edilmiş Binəqədi Rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 114 nömrəli qərarının arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubu təqdim edilməmişdir. Eyni zamanda, göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə aid olmaqla yaxınlığında (72 metr) ləğv edilmiş neft quyusunun baza məlumatı və 10 metr məsafədə quyu məlumatı mövcuddur. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində müvafiq qərara istinad edilməmiş, istinad məsafəsi, perimetrik ölçülər qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mülkiyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 15M217 nömrəli məktubdan görünür ki, Binəqədi rayon İcra Hakimiyyətinə, Sulu-Təpə yaşayış sahəsi ərazisində yerləşən və Dövlət mülkiyyətində olan torpaq sahələrinin vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün ayrılması ilə əlaqədar daxil olmuş B-216 saylı xx.xx.2002-ci il tarixli məktub araşdırılmış və cavab olaraq bildirilmişdir ki, aşağıda qeyd olunan vətəndaşlara Sulu-təpə yaşayış sahəsində yerləşən və Dövlət mülkiyyətində olan torpaq sahələrinin təsdiq edilmiş cizgi əsasında mövcud qanuna uyğun olaraq fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmasına razılıq verilir:

1. Ə.Rəcəbli küçəsi, ev 18, mənzil 24-co yaşayan X8;

2. Ağa Nemətulla küçəsi, ev 52, mənzil 28-də yaşayan X9ə;

3. 3-cü mikrorayon A.Mustafayev küçəsi, ev 43, mənzil 5-do yaşayan X5;

4. A.Məmmədov küçəsi 30, mənzil 3-də yaşayan X1; 5.3-cü mikrorayon, H.B.Əliyev küçəsi, ev 4, mənzil 63-də yaşayan İddiaçı. - Biləcəri Bələdiyyəsinin 114 nömrəli, xx.xx.2002-ci il tarixli qərarından görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli № 5151 15-M-217 sayl və xx.xx.2002-ci il tarixli № 5174 15-M-217 saylı razılıq məktublarım, Binəqədi rayoı memarının rə’yini nəzərə alaraq götürülən ölçüdə Bakı şəhər sakini X2 Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində alqı-satqı predmet olan torpaq sahəsini «Torpaq İslahatı haqqında» Qanunun 19-cu maddəsinə uyğun olarac fərdi ev tikmək məqsədi ilə 600,0 kv.m. torpaq sahəsi satılması barədəki ərizəsinə və Biləcəri bələdiyyə şurasının xx.xx.2002-ci il tarixli 64 saylı protokoluna əsaslanaraq qərara alınmışdır ki, “Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbə yaşayış məntəqəsinin hüdudları daxilində alqı-satqı predmeti olan 600,0 kv.m. torpaq sahəsinin alqı-satqı qaydasında Bakı şəhər sakini İddiaçı satılması barədə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış sənədlər nəzərə alınsın və Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbə yaşayış məntəqəsi hüdudları daxilində olan 600,0 kv.m. torpaq sahəsi fərdi ev tikmək məqsədilə həmin şəxsə satılsın. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X16 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-48078/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 600.00 kv.m, faktiki 640.00 kv.metrdir. Torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır. 2 mərtəbəli və 1 mərtəbəli yaşayış evi inşa olunmuşdur. İddiaçı hazırda qeyd edilən sənədlərə istinad edərək, sahibliyində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, xx.xx.2003-cü il tarixli “Bakı şəhərinin Binəqədi rayonu ərazisində Xocəsən bələdiyyəsinin yaradılması haqqında” Qanunun 1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayonunun Biləcəri bələdiyyəsinin əhatə etdiyi Xocəsən qəsəbəsində Xocəsən bələdiyyəsi yaradılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktı, daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. İşdən görünür ki, iddiaçı həmin aktı - Biləcəri bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 114 saylı qərarını təqdim etmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. İşdə Biləcəri bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 114 saylı qərarının geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə hər hansı bir məlumat mövcud deyil. Buna görə də iddiaçı qüvvədə olan inzibati akta əsasən hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən ərazidə neft quyunun baza məlumatı olmasına və Biləcəri Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 114 nömrəli qərarının arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubu təqdim edilməməsinə istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır. Çünki təqdim edilmiş mübahisəli torpaq sahəsinə dair ortofoto xəritəsindən görünür ki, ərazi yaşayış massivi olmaqla, fərdi yaşayış evlərinin yerləşdiyi ərazidir. İkincisi, arxiv arayışının olmaması, iddiaçının təqdim etdiyi qərarı şübhə altına almaq üçün əsas deyildir. Çünki yuxarıda qeyd edildiyi kimi, mübahisəli torpaq sahəsinin ayrılması barədə qərar hüquqi qüvvəsini itirməmişdir, hazırda qüvvədədir. Bundan əlavə, işdən görünür ki, mübahisəli torpaq sahəsi Binəqədi rayon İcra Hakimiyyətinin razılığı əsasında ayrılmışdır. Belə olan halda aydındır ki, iddiaçı hazırkı tələbində haqlı, cavabdehin imtinası isə əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 600 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar