Məhkəmə qərarları › İş №2-1(112)-14032/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14032/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14032/2023 15.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına pensiyanın yenidən hesablanması tələbinə dair iddiası üzrə inzibati işə 15 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhər prokurorluğunda əvəzçilik qaydasında yarım ştat vahidi üzrə mütəxəssis (mətbuat katibi üzrə), xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhər prokurorluğunun müraciətlərə baxılması şöbəsində əvəzçilik qaydasında yarım ştat vahidi üzrə müfəttiş vəzifəsində işləmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) tərəfindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, təyin edilmiş pensiyanın məbləği 1009,46 manat təşkil etmişdir. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəmə sədrinin katibliyinin baş məsləhətçisi vəzifəsində işləmiş, Ali məhkəmə sədrinin xx.xx.2023-cü il tarixli əmri ilə öz xahişi ilə tutduğu vəzifədən azad olunmaqla dövlət qulluğuna xitam verilmişdir. İddiaçı dövlət qulluğuna xitam verildiyinə görə xx.xx.2023-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmışdır. Yenidən hesablanmış pensiya məbləği vəzifə maaşına görə 1376,96 manat, ixtisas dərəcəsinə görə 116,24 manat, qulluq stajına görə əlavə 413.09 manat, mükafatlar 481,25 manat, vəzifə maaşına görə əlavə 882,61 manat, ümumilikdə 3590,16 manat dövlət məvacibinin 74,75 faizi nəzərə alınmaqla 2683,64 manat təşkil etmiş və yenidən hesablama xx.xx.2023-cü il tarixdən təyin edilmişdir. İddiaçının pensiyası yenidən hesablanarkən dövlət qulluğu stajına, xx.xx.1985-ci ildən xx.xx.1997-ci ilədək Naxçıvan şəhər kommunist partiyasında, xx.xx.2005-ci ildən 4.03.2014-cü ilədək, xx.xx.2014-cü ildən 2.03.2015-ci ilədək, xx.xx.2015-ci ildən xx.xx.2023-cü ilədək Azərbaycan Respublikası Ali Məhkəməsində işlədiyi dövrlər daxil edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən ərizə ilə cavabdehə müraciət edərək onun xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhər prokurorluğunda işlədiyi dövrlərin də dövlət qulluğu stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Bakı şəhər Prokurorluğunun 22 may 2023-cü il tarixli 01/11/149 nömrəli arayışında sizin xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhər Prokurorluğunda əvəzçilik qaydasında yarım ştat vahidi üzrə mütəxəssis və müfəttiş vəzifələrində işlədiyiniz göstərilib. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının 7-ci hissəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır: dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı; dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı; məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü; dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti; dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət; əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət müddəti; müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl dövlət qulluğu vəzifəsində qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət. Qeyd edilənləri nəzərə alaraq, yuxarıda göstərilən Qaydada "əvəzçilik qaydasında yarım ştat vahidi"ndə əmək fəaliyyətinə dair hər hansı qeyd olmadığından xx.xx.2000xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzindəki iş stajının dövlət qulluğu stajınıza aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Prokurorluğunda işlədiyi xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövr nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən dövrlərdə əvəzçilik qaydasında yarım ştat vahidi üzrə mütəxəssis və müfəttiş vəzifələrində işləyib. Ancaq bu illər dövlət qulluğu stajına əlavə olunmayıb. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən, o xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Teleradio Şirkətində “xalq yaradıcılığı” redaksiyasında şərhçi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2000-ci il ərzində Televiziyanın “ictimai-siyasi proqramlar” redaksiyasının “Hüquq” şöbəsilə şərhçi vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixində Televiziyanın “Xəbərlər” redaksiyasına baş redaktor təyin edilmiş, xx.xx.2005-ci il tarixində isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə (müəssisənin ləğvi ilə əlaqədar) işdən azad edilmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2000-xx.xx.2002-ci il tarixlərdə əsas iş yeri Bakı şəhər Prokurorluğu deyil, Azərbaycan Respublikası Dövlət Teleradio şirkəti olmuşdur və həmən dövr (xx.xx.1999-xx.xx.2005) iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya təyin edilmiş əmək pensiyası yenidən hesablanarkən, iddiaçının dövlət qulluğu stajı 23 il, 3 ay, 17 gün (xx.xx.1985-ci ildən xx.xx.1997-ci ilədək Naxçıvan şəhər kommunist partiyasında, xx.xx.2005-ci ildən 4.03.2014-cü ilədək, xx.xx.2014-cü ildən 2.03.2015-ci ilədək, 1.05.2015-ci ildən xx.xx.2023-cü ilədək Azərbaycan Respublikası Ali Məhkəməsində işlədiyi dövrlər) hesablanmış, lakin iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci ilədək Bakı şəhər prokurorluğunda əvəzçilik qaydasında yarım ştat vahidi üzrə işlədiyi dövrlər nəzərə alınmamışdır. İddiaçının hazırkı iddia tələbini irəli sürməkdə hüquqi marağı, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci ilədək Bakı şəhər prokurorluğuda yarım ştat vahidi üzrə işlədiyi dövrlərin dövlət qulluğu stajına nəzərə alınmaqla pensiyasının yenidən hesanlanmasına yönəlmişdir. Cavabdeh hesab edir ki, əvəzçilik qaydasında yarım ştat vahidi üzrə iş dövlət qulluğu sayılmır. Cavabdeh iddia tələbinə etirazında həmçinin göstərmişdir ki, iddiaçının əmək kitabçasına əsasən qeyd edilən dövrlərdə əsas iş yeri üzrə işlədiyi vəzifələr ona pensiya təyin edilən zaman nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazının əsası kimi istinad etdiyi dəlili əsassızdır. Belə ki, məhkəmə sorğusuna cavab olaraq X1 məhkəməyə daxil olmuş, xx.xx.2023cü il tarixli məktubda qeyd edilmişdir ki, ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Adıçəkilən Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qaydanın 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Qeyd edilənlərə əsasən 2000-2002-ci illərdə Bakı şəhər Prokurorluğunda mütəxəssis və müfəttiş vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır”. Göründüyü kimi cavabdehin imtinasında qeyd etdiyi hal əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının 7-ci hissəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır: dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı. İddiaçının Bakı şəhər prokurorluğunda əvəzçilik qaydasında yarım ştat vahidi üzrə işlədiyi dövr dövlət qulluğunun xüsusi növü hesab edildiyindən istinad edilən Qaydanın 7ci hissəsinə əsasən həmin dövr də pensiya təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi digər halla, yəni iddiaçının həmin dövrdə işlədiyi əsas iş yeri üzrə vəzifələrin pensiya təyin edilərkən nəzərə alınması ilə bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə görə, Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçının 2000-2002-ci illərdə Bakı şəhər Prokurorluğunda mütəxəssis və müfəttiş vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alındığına görə, iddiaçı ona pensiya təyin edilərkən öz seçiminə görə həmin dövrlərdə Azərbaycan Respublikası Dövlət Teleradio Şirkətində işlədiyi dövrün deyil, Bakı şəhər Prokurorluğunda dövlət qulluğunda işlədiyi dövlərin nəzərə alınmasını seçmək hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhər Prokurorluğunda işlədiyi xx.xx.2000-xx.xx.2002-ci il tarixləri arasındakı dövlət qulluğunda işlədiyi dövr nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar