Məhkəmə qərarları › İş №2-1(112)-14035/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14035/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14035/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, iddiaçının nümayəndəsi, anası X2, üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Texnologiya Universiteti) qarşı “təhsil haqqı borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, maraqlı şəxs Azərbaycan Texnologiya Universiteti) qarşı “təhsil haqqı borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2865/2023 saylı işi üzrə qəbul etdiyi, xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Azərbavcan Respublikası Maliyvə Nazirliyinə qarşı «təhsil haqqı borcunun ödənilməsi öhdəliyinin cavadehlərin üzərinə qoyulması” barədə iddia tələbinə dair işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci il tarixdə Beyləqan şəhərində anadan olmuşdur. Füzuli rayonundan olan məcburi köçkündür. 2020-ci ildə ödənişli əsaslarla Azərbaycan Texnologiya Universitetinin “Avtomatika, Telekommunikasiya və İnformatika fakültəsinin “Kompyuter mühəndisliyi” ixtisası üzrə 1-ci kursa qəbul olmuş və hazırda da əyani təhsil formasında təhsilini davam etdirir. Təhsil haqqı 1500 (bir min beş yüz) manat təşkil edir. 2020/2021-ci tədris ilində respublikada və dünyada mövcud olan sanitar- epidemioloji vəziyyətlə, (COVİD-19) pandemiya ilə əlaqədar olaraq respublika daxili hərəkətlərə məhdudiyyət qoyulma səbəbindən universitetdə sənədlərin qeydiyyatı elektron qaydada həyata keçirilmiş, həmçinin tədris distant qaydada həyata keçirilmişdir. 2021/2022-ci tədris ilində iddiaçı artıq 2-ci kursda təhsil aldığı müddət ərzində 1- ci kurs üçün 1500 manat təhsil haqqı borcunun olduğu ona bildirilmişdir. İddiaçı imtiyaza dair əsasverici sənədlərini universitetə təqdim etdikdən sonra universitet rəhbərliyinin müvafiq əmri ilə məcburi köçkün kimi təhsil haqqı ödənişindən azad olunmuşdur. Pandemiya ilə əlaqədar olaraq distant (onlayn) təhsil sisteminə keçdiyi üçün tərəfindən universitetə imtiyaza dair əsasverici sənədlərin əsli yox surətləri göndərilmişdir. Ona görə də iddiaçı təhsil haqqından azad olunmağı barədə imtiyazdan istifadə edə bilməmişdir. Hazırda 2020/2021-ci tədris ili üçün 1500 manat təhsil haqqı borcunun olması universitet tərəfindən ona bildirilmişdir. 2020/2021-ci il tədris ilindən təhsil haqqı borcu kimi hesablanmış 1500 manat pul vəsaitinin silinməsi üçün Azərbaycan Texnologiya Universitetinə müraciət etmiş, Azərbaycan Texnologiya Universiteti də öz növbəsində ərizəni əlavə etməklə xx.xx.2022-ci il tarixli 48-01-153/06 nömrəli və xx.xx.2022-ci il tarixli 48-01-322/06 nömrəli məktublarla Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciətlər eləsə də Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli 01/1311 nömrəli məktubunda tələbələrin məcburi köçkün statusunu təsdiq edən vəsiqələrini universitetə gec təqdim etmələri onların məcburi köçkün statusu olmadığı anlamına gəlmədiyini və tələbələrin qanunla nəzərdə tutulmuş ödənişsiz təhsil alma hüququndan istifadə etmələrinə köməklik göstərilməsinə dair xahiş etməsi, xx.xx.2022-ci il tarixli 02/1689 nömrəli məktubunda isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Komitənin Əsasnaməsinə əsasən qeyd olunan məsələ Komitənin səlahiyyətlərinə aid olmadığı üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilməsi tövsiyyə edilməklə təhsil haqqı borcu ödənilməmişdir. Bu barədə Azərbaycan Texnologiya Universitetinin 14 mart 2023- cü il tarixli 50-24-193/08 nömrəli məktubu ilə bildirilmiş, həmçinin Maliyyə Nazirliyi tərəfindən təhsil xidmətinin göstərilməsinə görə təhsil alanlar tərəfindən ödənilmiş təhsil haqqının geri qaytarılması, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqlara əvvəlki illər üçün təqaüdün ödənilməsi mexanizmi və əvvəlki illər üçün təhsil haqqının ödənilməsi nəzərdə tutulmadığı göstərilməklə imtina edilmişdir. Məktubda həmçinin Ağdam rayonundan məcburi köçkün olması ilə əlaqədar olaraq 2020/2021-ci il tədris ili üçün yaranmış təhsil haqqının borcun dövlət tərəfindən ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinə Universitet tərəfindən müraciət edilməsi və Komitə tərəfindən verilən rəsmi cavab barədə ona əlavə məlumat verilməsi göstərilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 Üzrə Dövlət Komitəsi tərəfindən və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqları pozulmuşdur. Hazırda iddiaçı məcburi köçkündür, imtiyazının olmasına baxmayaraq 2020/2021-ci tədris ili üçün nəzərdə tutulmuş 1500 manat pul vəsaitinin təhsil haqqı borcu kimi ona yazılmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsiiddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Texnologiya Universiteti tərəfindən Komitəyə ünvanlanmış 2022-ci il 28 fevral tarixli 48-01-153/06 nömrəli məktubunda, İddiaçı da daxil olduğu bır qrup tələbənin 2020-2021-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı ödənişlərinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi vasitəsilə Azərbaycan Texnologiya Universitetinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Texnologiya Universitetinin müvafiq müraciəti Komitənin 2022-ci il 16 mart tarixli 01/1311 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, “müraciətinizdə adları qeyd olunan 7 tələbənin hər biri məcburi köçkündür və universitetə təqdim etdikləri məcburi köçkün statusunu təsdiq edən vəsiqələr onlara Komitənin Regional idarəetmə və status şöbəsinin Status sektoru tərəfindən verilmişdir. Əlavə olaraq bildiririk ki, həmin tələbələrin məcburi köçkün statusunu təsdiq edən vəsiqələrini universitetə gec təqdim etmələri onların məcburi köçkün statusunun olmadığı anlamına gəlmir. Odur ki, həmin tələbələrin qanunla nəzərdə tutulmuş ödənişsiz təhsil alma hüququndan istifadə etmələrinə köməklik göstərməyinizi xahiş edirik”. Azərbaycan Texnologiya Universiteti Komitəyə yenidən ünvanlanmış 2022-ci il 16 iyun tarixli 48-01-322/06 nömrəli məktubunda, İddiaçı da daxil olduğu bir qrup tələbənin 2020-2021-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı ödənişlərinin Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi vasitəsilə Azərbaycan Texnologiya Universitetinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Texnologiya Universitetinin müvafiq müraciəti Komitənin 2022-ci il 4 iyul tarixli 02/1689 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Komitənin Əsasnaməsinə əsasən qeyd olunan məsələ Komitənin səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. Azərbaycan Respublikasında məcburi köçkünlərin təhsil xərclərinə dair güzəştlərdən istifadə etməsi ilə bağlı münasibətlər “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamına, “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamına və “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə" 2012-ci il 24 yanvar tarixli 12 nömrəli Nazirlər Kabinetinin Qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə ödənişli əsaslarla daxil olmuş məcburi köçkünlərin adlı siyahısının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməsi ilə bağlı bilavasitə səlahiyyətə malik deyildir, belə ki, sözügedən siyahılar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq Qərarda qeyd olunmuş qurumlarla birlikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməlidir. Qeyd olunmalıdır ki, ödənişli əsaslarla təhsil alan və məcburi köçkün statusuna malik olan şəxslərin müəyyən edilməsi məqsədilə, Komitədə yaradılmış məcburi köçkünlər haqqında vahid məlumat bazası X1 Sistemi üzərindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin informasiya sisteminə inteqrasiya edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”sində göstərilmiş hüquq, vəzifə və funksiyaları çərçivəsində fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Komitənin Əsasnaməsində, ödənişli əsaslarla təhsil müəssisələrinə daxil olmuş məcburi köçkünlərin təhsil xərclərinin maliyyələşdirilməsinə dair heç bir fəaliyyət istiqaməti müəyyən olunmamışdır. Həmçinin Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi dövlət büdcəsi hesabına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanı olmaqla, dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına ödənişləri yalnız təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Qeyd edirik ki, sosial müdafiə tədbiri qismində, təhsil xərclərinin ödənilməsi ilə bağlı məcburi köçkünlərə köməklik göstərilməsi ilə əlaqədar Komitəyə heç bir vəsait ayrılmır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə uyğun olaraq Komitə tərəfindən şəxslərə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi həyata keçirilir. İddiaçı Komitənin xx.xx.2019-cu il tarixli qərarına əsasən, AA seriyalı 434490 nömrəli məcburi köçkün vəsiqəsi təqdim edilmişdir. Şəxsin məcburi köçkün statusundan irəli gələn müvafiq güzəşt və imtiyazlardan faydalanması, onun öz iradə ifadəsinə (müraciətinə) əsaslanır və şəxsin güzəşt və imtiyazların tətbiq edilməsinə dair müraciəti üzrə aidiyyəti orqan (qurum) tərəfindən inzibati icraat çərçivəsində işin bütün hallarının araşdırılmasına uyğun olaraq öz həllini tapır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsinə əsasən iddiaçının tələbi təhsil haqqı borcunun cavabdeh inzibati orqanlar tərəfindən ödənilməsi tələbindən ibarətdir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra - “məcburi köçkünlər” adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: təhsil hüququnun təmin edilməsi; - 11. Yaşayış məntəqələrindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkün uşaqlarının məktəbəqədər və ümumi orta təhsili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhsil standartlarına uyğun olaraq təşkil edilir. Ümumtəhsil məktəblərində oxuyan məcburi köçkün uşaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada dərsliklərlə və dərs ləvazimatları ilə təmin olunurlar. “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli, 1308 nömrəli Sərəncamına əsasən: - 1. Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilsinlər. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli, 1308 nömrəli Sərəncamına əsasən: - 1. 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 yanvar 2012-ci il tarixli, 12 nömrəli Qərarı”na əsasən: “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərlə onlara təhsil xidmətləri göstərən dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında yaranan münasibətlərə dair “Dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşı arasında X8” təsdiq edilsin (1 nömrəli əlavə).

2. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə təhsil xidmətləri göstərən ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında yaranan münasibətlərə dair “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə X4” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının X9, Azərbaycan Milli Elmlər Akademiyası və dövlət ali təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə: 3.1. müvafiq tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin adlı siyahısını hər il oktyabrın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.2. bu qərarın 1-ci hissəsində qeyd olunan şəxslərin statusunda və təhsil formasında il ərzində dəyişiklik baş verdikdə, həmin şəxslər barədə müvafiq məlumatların 1 ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını və dövlət büdcəsindən həmin şəxslər üçün ayrılmış vəsaitin istifadə olunmayan hissəsinin büdcəyə qaytarılmasını təmin etsin.

Qeyd edilmiş qanunvericilik normalarından göründüyü ki, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərlə onlara təhsil xidmətləri göstərən dövlət ali təhsil müəssisəsi arasında yaranan münasibətlərə dair Fərdi müqavilənin, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə təhsil xidmətləri göstərən ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında yaranan münasibətlərə dair məcburi köçkün statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə Çərçivə Müqavilənin bağlanılması nəzərdə tutulmuşdur

İşin faktiki hallarına əsasən iddiaçı məcburi köçkün statusuna malik olan şəxsdir, dövlət təhsil müəssisəsi -Azərbaycan Texnologiya Universtetində ödənişli əsaslarla təhsil alır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı ilə universitet , universitet ilə Elm və Təhsil nazirliyi arasında, predmeti -təhsil xidmətlərinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya edilməsi zamanı tərəflər arasında yaranan münasibətlər olan müqavilələr mövcuddur . Cavabdeh qismində göstərilmiş inzibati orqanlar isə hazırkı iddiaya cavab verən orqanlar deyildir. Məhkəmə hesab edir ki, tərəflər arasında təhsil xidmətlərinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya edilməsi zamanı yaranmış hazırkı mübahisə müvafiq müqavilələrdən irəli gələn mübahisə olduğundan mübahisənin inzibati məhkəmə icraatında həlli mümkün deyildir, mübahisəyə mülki məhkəmə icraatında baxılmalıdır. Belə ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli “Qərarı”na əsasən:

- 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 5.1. iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. - 5.2. bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. -11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. -17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, maraqlı şəxs Azərbaycan Texnologiya Universiteti) qarşı “təhsil haqqı borcunun ödənilməsi” barədə iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar