Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14039/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ölçüsü 2500 kv.m olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən İddiaçı adına çıxarış və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bilgəh bələdiyyəsinin 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən 0.25 ha olan torpaq sahəsi X3 ayrılmışdır. İddiaçıya məxsus 0.25 ha torpaq sahəsinin qeydiyyata alınması ilə əlaqədar olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyi zaman torpaq sahəsini qeydiyyata almaqdan imtina edilmişdir. İmtina məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Bundan əlavə Bilgəh bələdiyyəsinin müvafiq qərarında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü “Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilən normadan artıqdır. Cavabdehin imtina məktubunda qeyd olunanlarla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ölçüsü 2500 kv.m torpaq sahəsi ayrılan zaman yerdə və naturada təhvil verilmişdir və torpaq sahəsinin perimetrik ölçülərində heç bir dəyişiklik olunmamışdır. Hal-hazırda torpaq sahəsi iddiaçının istifadə və sahibliyindədir. Torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respubliksı Qanununun 8.0.1-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənəd olan bələdiyyənin qərarı təqdim edilmişdir. Cavabdeh inzibati orqanın qərəzli olaraq hər hansı bir qanuni əsaslı sübut təqdim etmədən mənə məxsus torpaq sahəsinin qeydiyyata alınmasından imtina etməsi mənim hüquqlarımın pozulmasına gətirib çıxarmışdır.
3. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi və bildirdi ki, iddiaçının cavabdeh orqana hər hansı yazılı müraciəti yoxdur.
4. İddiaçı məhkəmə iclasında iştirak etmir.
II. İddianın mümkünlüyü
5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
8. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının faktiki olaraq məhkəməyə təqdim etdiyi iddia tələbi (torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) ilə bağlı cavabdeh orqana yazılı müraciəti olmamışdır.
9. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı müvafiq müraciətlə (torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) əvvəlcə aidiyyəti inzibati orqana (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) müraciət etməli, müraciətin təmin olunmasından imtina edildiyi təqdirdə həmin imtinadan məhkəməyə şikayət verilməsi mümkündür. Belə ki, iddia ərizəsinə əlavə olunan sənədlərə əsasən torpaq sahəsi X3 ayrılmışdır və iddiaçı ilə müvafiq əlaqəni sübut edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir.
10. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah ediliyindən iddia tələbinin mümkün sayılmaması məhkəməyə müraciət hüququnun pozulması ilə nəticələnmir.
11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
12. Məhkəmə həmçinin qeyd edir ki, Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva