Məhkəmə qərarları › İş №2-1(112)-1404/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1404/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1404/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın yüklülükdən azad edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının prosessual hüquqi varisi X1, İddiaçının prosessual hüquqi varisinin vəkili və nümayəndəsi X3, Üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın yüklülükdən azad edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 0,07661 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 9 mərtəbəli binada 32,1 kv.m, ümumi, sahəsi 16,59 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 69 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 948 nömrəli reyestr kitabının 87935 nömrəli vərəqində qeydiyyata alınmışdır. 20 iyun 2011-ci il tarixli KT 025 №-li İpoteka Müqaviləsinə əsasən 20 iyun 2011-ci il tarixdə bağlanmış KT 010 (sıfır on) saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan ("xxxx" ASC) tərəfindən Həsənov Kənan Qurban oğluna Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən ayrılmış 160000 (bir yüz altmış min) manat məbləğində kreditin təminatı üçün ipoteka verən (İddiaçı) şəxs mülkiyyətində olan mənzilini ipoteka qoymuş, ipotekanın yüklülüyü dövlət reyestrində qeydə alınmışdır. "xxxx" ASC/Səbail filialı tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin rəisinə ünvanlanmış 09 dekabr 2015-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...Həsənov Kənan Qurban oğlu bankdan götürdüyü krediti qismən ödəmişdir. Bununla əlaqədar xahiş edirik ki, 09 iyun 2011-ci il tarixində ipoteka qoyulan ünvan 2 ünvanında mənzili əmlakın mülkiyyətçisi olan X5 xüsusi mülkiyyət hüququ ilə məxsus olan daşınmaz əmlakı ipotekadan azad edəsiniz”. İddiaçı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi 3 saylı evin, 69 saylı mənzilinə dair ipotekanın ləğvi ilə bağlı ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, “...İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsi, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmə qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. İpoteka saxlayan tərəfindən müraciət olunduqda və ya ipotekanın dövlət qeydiyyatının ləğvi ilə bağlı müvafiq məhkəmə qərarı idarəyə rəsmi qaydada daxil olacağı təqdirdə ərizənizdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bakı şəhəri, Suraxan rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi, ev 3, mənzil 69da yerləşən 12 may 2009-cu il tarixli 87935 saylı çıxarışı ilə xüsusi mülkiyyətində olan 1 otaqlı mənzilin girovdan, yüklülükdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” massivi ev 3, mənzil 69-da yerləşən 12 may 2009-cu il tarixli xüsusi mülkiyyətimdə olan 1 otaqlı mənzilin 87935 saylı çıxarışı girovdan çıxarılıb ona təqdim olunsa da, cavabdeh tərəfindən qanunsuz olaraq yüklü hesab edərək məhdudiyyətlər qoyulmuşdur. Bu səbəbdən də xüsusi mülkiyyətində olan əmlakının üzərində sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Cavabdeh səbəb kimi "xxxx" ASC-nin 09 dekabr 2015-ci il tarixli, 02/695 saylı məktubunun onlara çatmamasını göstərmişdir. AR Mülki Məcəlləsinin 286-cı maddəsinin tələbinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetinin dəyişdirilməsinə girov saxlayanın razılığı ilə yol verilir. "xxxx" ASC Səbail filialının müdiri X8 şəxsində, girov saxlayanın razılığı ilə ona məxsus mənzili girovdan çıxarılmış və girov saxlanan çıxarış təqdim edilmişdir, amma cavabdeh qanunsuz və əsassız olaraq mülkiyyətində olan mənzili yüklü hesab edərək məhdudiyyəti saxlamaqda davam edir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazı onunla əsaslandırılmışdır ki, ipotekanın dövlət qeydiyyatının ləğvi ilə bağlı ipoteka saxlayanın ərizəsi idarəyə daxil olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9861/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bakı şəhəri, Suraxan rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi, ev 3, mənzil 69-da yerləşən 12 may 2009-cu il tarixli 87935 saylı çıxarışı ilə İddiaçı xüsusi mülkiyyətində olan 1 otaqlı mənzilin girovdan, yüklülükdən azad edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəsini almamış, Əmanətlərin Sığortalarnması Fondu xx.xx.2024-cü il tarixli Vəsatətlə məhkəməyə müraciət edib, ipoteka saxlayan ləğv prosesində olan LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun qanunla qorunan maraqlarına toxunduğundan, üçüncü şəxs qismində məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9861/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (zəruri cəlbetmə qaydasında) məhkəmə icraatına cəlb edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9861/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraat təzələnməsi qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü tarixdə vəfat etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1404/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat İddiaçı hüquq varisi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Ədliyyə Nazirliyi ünvan 3 ünvanladığı xx.xx.2025-ci tarixli məktubuna əsasən iddiaçının bu günə olan yeganə varisi X2r. İddiaçının prosessual hüquqi varisi müəyyən edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadları ilə, 2-1(112)-1404/2025 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixdə ölmüş İddiaçı, hüquqi varisi X4 ilə əvəz edilmiş və 2-1(112)-1404/2025 saylı inzibati iş üzrə icraat təzələnməsi qərara alınmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının prosessual hüquqi varisi və onun vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçı tərəflə razılaşma əldə olunduğu təqdirdə əmlakın yüklülükdən azad edilməsi ilə bağlı razılıq verilə bilər. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, 20 iyun 2011-ci il tarixli KT 025 №-li İpoteka Müqaviləsinə əsasən 20 iyun 2011-ci il tarixdə bağlanmış KT 010 (sıfır on) saylı kredit müqaviləsinin təminatı kimi ipoteka saxlayan ("xxxx" ASC) tərəfindən Həsənov Kənan Qurban oğluna Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən ayrılmış 160000 (bir yüz altmış min) manat məbləğində kreditin təminatı üçün ipoteka verən (İddiaçı) şəxsin mülkiyyətində olan mənzilini ipotekaya qoymuşdur. Həmin mənzilin "xxxx" ASC/Səbail filialının xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" ASC/Səbail filialı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin rəisinə 09 dekabr 2015-ci il tarixli məktubla müraciət edərək, sözügedən daşınmaz əmlakın ipotekadan azad edilməsini xahiş etmişdir. İddiaçı həmin məktuba istinad edərək ona məxsus mənzilin ipoteka yüklülüyündən azad edilməsi xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur; 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 20.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir; 20.4-cü maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur; 20.5-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatının digər xüsusiyyətləri, o cümlədən əlavə dövlət qeydiyyatının aparılması qaydası ipoteka haqqında qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.2-ci maddəsinə əsasən, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir; 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır; 309.2-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır; 12.1-ci maddəsinə əsaəsn, daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir; 48.1-ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2-ci maddəsinə əsasən, bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəlarından, xüsusilə də hazırkı iddia tələbinin maddi hüquqi əsasını təşkil edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsindən göründüyü kimi, ipotekanın dövlət qeydiyyatının ləğvi üçün ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı tələb olunur. İddiaçının mülkiyyətində olan mənzil barəsində ipotekanın dövlət qeydiyyatının qeydiyyatın ləğvi ilə və ya ipotekaya xitam verilməsi ilə bağlı məhkəmə qərarının olmaması işin mübahisəsiz hallarına aiddir. Məhkəməyə təqdim olunmuş 9 iyun 2011-ci il tarixli, KT 010 saylı Kredit Maqaviləsinə əsasən Borc verən "xxxx" ASC Səbail filialı Borc alan Həsənov Kənan Qurban oğluna 160000 manat məbləğində 9 iyun 2016-cı il tarixinədək illik 7% faiz ödənilmək şərti ilə Maldarlığ inkişafı üçün kredit verilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(086)-345/2019 saylı Qətnamə ilə, iddia qismən təmin edilmiş, cavabdeh Həsənov Kənan Qurban oğlundan kredit öhdəliyi üzrə qalan 784997,97 manat əsas borcun, müddətin sonuna hesablanan 6629,63 manat faiz borcunun, 500 manat cərimə borcunun, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesbalanan 11673,9 manat faiz borcu və ödənilmiş 25 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, iddia qalan hissədə təmin edilməmisi qət edilmişdir. Hazırkı iş üzrə məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Bakı şəhəri 6 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş №M-735 reyestrli İpoteka müqaviləsinə əlavə olunmuş "xxxx" ASC/Səbail filialı tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin rəisinə ünvanlanmış 09 dekabr 2015-ci il tarixli məktubda 09 iyun 2011-ci il tarixində ipoteka qoyulan ünvan 2 ünvanında yerləşən mənzilin ipotekadan azad edilməsi xahiş edilmişdir. Göründüyü kimi ipoteka saxlayan qeyd olunan daşınmaz əmlakın ipotekadan azad edilməsini xahiş etmişdir. Belə olan halda isə qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən həmin daşınmaz əmlakın ipoteka ilə yüklülüyünə dair aparılmış qeydiyyat ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka saxlayan "xxxx" ASC-nin mənzilin ipotekadan azad edilməsi ilə bağlı razılıqla bağlı iradə ifadəsinin olması, sonradan həmin bank ləğv edildikdən sonra bankın ləğvedicisinin bu məsələdə razılığının olmaması, iradə ifadəsinin dəyişdirilməsi iddiaçının ziyanına təfsir oluna bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Suraxan rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi, ev 3, mənzil 69-da yerləşən 12 may 2009-cu il tarixli 87935 saylı çıxarışı ilə İddiaçı xüsusi mülkiyyətində olan 1 otaqlı mənzilin ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar