Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14042/2025 05.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair məxsusluq barədə arayışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma X2 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X6 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli 35706 nömrəli müqavilədən görünür ki, Goradil bağ sahəsində 0.12 ha olan 1698ç nömrəli bağ sahəsi X4 ayrılmışdır. Abşeron rayonu 2 saylı Notariat Ofisi xx.xx.2025-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, “İddiaçı müraciətinə əsasən 1926-cı ildə Bakı şəhərində anadan olmuş və 06 aprel 2021-ci il tarixdə vəfat etmiş mərhum X3 adına vərəsəlik işi açılmışdır. Məlumat üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həmdə onun bir hissəsi üçün verilə bilər. Həmin Məcəllənin 1151-ci maddəsinin tələbinə görə miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri,ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi, Mülki Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Həmçinin”Daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”-ın 7-ci hissəsinə uyğun olaraq ölmüş şəxsin adına tərtib edilmiş miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrindən çıxarış verilməlidir. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq X4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi ərazisində 1698C saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsində dair reyestrindən arayışın sorğunu təqdim edən şəxs vasitəsi ilə Abşeron rayonu 2 saylı Notariat Ofisinə göndərməyiniz xahiş olunur.” İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının ərizəsinə xx.xx.2025-ci il tarixli imtina cavabı verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, ümumi sahə daxilindən şərti olaraq göstərilmiş torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmiş, sxematik xəritədə həmin hissədə torpaq sahələrinin nömrələri göstərilməmişdir. Həmçinin torpaq sahəsinə dair arxiv cizgisində yol və qonşu sahələr göstərilmədiyindən sahənin yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Elektron kadastr məlumatına əsasən şərti olaraq göstərilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlıdır. Bundan başqa, əvvəlki müraciət zamanı fərqli torpaq sahəsi göstərilmiş, sahənin yerləşdiyi ümumi əraziyə dair digər şəxslərin müraciətlərinin idarəyə daxil olduğu müəyyən edilmişdir. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 və istismarı Birliyi tərəfindən vəfat etmiş X1nun istifadəsinə verilən Binəqədi rayonu, Goradil ərazisindəki 1698 ”ç” saylı 0.12 ha ölçüdə bağ-torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 və istismarı Birliyi Goradil ərazisindəki 1698 ”ç” saylı 0.12 ha ölçüdə bağın istifadəyə verilməsi haqqında 35706 saylı müqavilə əsasında 25 avqust 2005-ci il tarixdən vəfat etmiş X1nun istifadəsinə verilmişdir. Həmin tarixdən ayrılan ölçüdə torpaq sahəsini ailəlikcə atasıyla birlikdə istifadə etmişlər. Hal-hazırda torpaq sahəsi istifadələrindədir və bağ- torpaq sahəsinə qulluq edirlər. Əlavə olaraq torpaq sahəsi hələ həmin illərdə səlahiyyətli şəxslərin qeyd olunan ölçüdə istifadəsinə təhkim edərək sənəd əsasında verdikləri ölçüdə 12 mişardaşı hündürlüyündə hasara almışdır. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayonu 2 saylı notariat ofisində vərəsəlik işi açılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə 1698 “ç” saylı bağ torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsinə dair məktub ünvanlanmışdır. xx.xx.2025-ci il tarixdə ********** saylı məktubla cavabdeh inzibati orqana mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi üçün hüquqmüəyyənedici sənədlər əsasında etdiyi rəsmi müraciətə xx.xx.2025-ci il tarixdi **********64 saylı məktubla 30 ilə yaxın istifadəsində olan bağ sahəsinə dair arayışın verilməsindən imtina edilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ümumi sahə daxilindən şərti olaraq göstərilmiş torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmiş, sxematik xəritədə həmin hissədə torpaq sahələrinin nömrələri göstərilməmişdir. Həmçinin torpaq sahəsinə dair arxiv cizgisində yol və qonşu sahələr göstərilmədiyindən sahənin yerləşməsinin düzgünlüyünü araşdırmaq tərəfimizdən mümkün olmamışdır. Elektron kadastr məlumatına əsasən şərti olaraq göstərilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlıdır. Bundan başqa, əvvəlki müraciət zamanı fərqli torpaq sahəsi göstərilmiş, sahənin yerləşdiyi ümumi əraziyə dair isə digər şəxsin – X5 müraciətləri olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.4-cü maddəsinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçı xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verdiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Binəqədi rayonu, Goradil ərazisindəki 1698 ”ç” saylı 0.12 ha ölçüdə bağ-torpaq sahəsinin X4 məxsus olmasına dair arayışın verilməsinə nail olmaqdan ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə):
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. Qeyd edilən normanın məzmununa əsasən mərhum X3 mübahisələndirilən torpaq sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüququnun xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.1-ci bəndinə əsasən “Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir.” Cavabdehin imtinasının və iddiaya qarşı etirazının dəlilləri ondan ibarətdir ki, ümumi sahə daxilindən şərti olaraq göstərilmiş torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmiş, sxematik xəritədə həmin hissədə torpaq sahələrinin nömrələri göstərilməmişdir. Həmçinin torpaq sahəsinə dair arxiv cizgisində yol və qonşu sahələr göstərilmədiyindən sahənin yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Elektron kadastr məlumatına əsasən şərti olaraq göstərilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlıdır. Bundan başqa, əvvəlki müraciət zamanı fərqli torpaq sahəsi göstərilmiş, sahənin yerləşdiyi ümumi əraziyə dair digər şəxslərin müraciətlərinin idarəyə daxil olduğu müəyyən edilmişdir. Bununla bağlı aşağıdakılar qeyd edilir: Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin mövcudluğu iş üzrə materiallar ilə təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Qeyd edilməlidir ki, cavabdehin imtinada və etirazda göstərdiyi dəlillər iddiaçının məsuliyyəti ilə bağlı məsələ olmadığından onun üçün məhdudlaşdırıcı nəticələr doğura bilməz. Qeyd olunan bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluğu varsa belə, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Məhkəmə belə nəticəyə gəlir ki, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 və istismarı Birliyi tərəfindən vəfat etmiş X3 istifadəsinə verilən Binəqədi rayonu, Goradil ərazisindəki 1698ç saylı 0.12 ha ölçüdə bağ-torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva