Məhkəmə qərarları › İş №2-1(112)-14043/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14043/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14043/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş İddiaçı doğumunun ‘‘Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********88 nömrəli doğum haqqında tibbi şəhadətnamə əsasında qeydə alınması, doğum akt qeydi tərtib edilərkən doğum haqqında akt qeydinin “ata-anası haqqında məlumat” bölməsində ananın soyadının, “uşaq haqqında məlumat” bölməsində isə iddiaçının soyadının xx.xx.2024-cü il tarixli, **********88 nömrəli tibbi şəhadətnamədə yazıldığı kimi “Sirazhudinova” deyil, ananın pasportunun azərbaycan dilinə tərcüməsinə uyğun olaraq “Sirajudinova” olaraq qeyd edilməsi və şəxsiyyəti təsdiq edən başqa sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında iddiaçının doğum haqqında şəhadətnamə ilə təmin edilməyi öhdəliyinin cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə Bakı şəhəri 14 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 2018-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün doqquzuncu sinfin buraxılış imtahanında işrirak edə bilmədi. Buna görə də ümumi orta təhsil haqqında şəhadətnamə almamışdır. Məktəbdə atasının soyadına uyğun olaraq “İsmayılova” soyadı ilə təhsil almışdır. X5 xx.xx.1960-cı il tarixdə Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşı olub, 2011-ci ildə Bakı şəhərində vəfat edib. Anası X7 xx.xx.1977-ci il tarixdə Rusiyanın Dağıstan Respublikasının Şamilskiy rayonunun Mitliurib kəndində anadan olub, Rusiya Federasiyasının vətəndaşıdır, hazırda ünvan 1 ünvanında yaşayır. Anası 1995-ci ildə Azərbaycana gəlib, həmin vaxtdan etibarən daimi olaraq Azərbaycanda yaşayır. Azərbaycana gələndən sonra 1996-cı ildə atası ilə tanış olub evləniblər, lakin anasının həmin vaxt şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün onlar nikaha daxil ola bilməyib. O, doğulan zaman anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün həmin vaxt iddiaçının doğulduğu tibb müəssisəsi (“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" PHŞ) tərəfindən onun doğulmağı barədə tibbi şəhadətnamə verilməyib. Yalnız anasının şəkli çəkilərək iddiaçının doğulmağı barədə xəstəxanada saxlanılan şəxsi işdə olan sənədlərə tikilib. Həmin vaxt anasına iddiaçının doğulduğu tibb müəssisəsi tərəfindən doğulmağı barədə tibbi şəhadətnamə verilmədiyi üçün bu vaxta qədər doğumunun dövlət qeydiyyatına alınması və doğum haqqında şəhadətnamə ilə təmin olunmağı mümkün olmayıb. xx.xx.2023-cü il tarixdə anası Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Rusiya Federasiyası vətəndaşının pasportu ilə təmin edilib. Bundan sonra anası tibbi şəhadətnaməni almaq üçün doğulduğu “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-yə müraciət edib. Həmin tibb müəssisəsi tərəfindən anasına həmin xəstəxanda xx.xx.2002-ci il tarixdə bir qız uşağı doğduğuna dair xx.xx.2024-cü il tarixli, **********88 nömrəli doğum haqqında tibbi şəhadətnamə verilib. Lakin həmin doğum haqqında tibbi şəhadətnamənin “ana haqqında məlumat” bölməsində anasının soyadı və “uşaq haqqında məlumat” bölməsində uşağın soyadı anasının pasportunda ingilis dilində yazıldığına uyğun olaraq “Sirazhudinova” kimi göstərilib. İddiaçı xx.xx.2019-cu il tarixdə X15 ilə ailə qurmuşdur. Həmin ailə münasibətlərindən iki uşağı (xx.xx.2021-ci il tarixdə bir qızı, xx.xx.2024-cü il tarixdə bir oğlu) doğulub. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün nə X15 ilə nikaha daxil ola bilmiş, nə də uşaqlarının doğumu dövlət qeydiyyatına alınıb. Bu səbəbdən də, uşaqları da doğum haqqında şəhadətnamə ilə təmin edilməyib. Hazırda 22 yaşı var, lakin doğum haqqında şəhadətnaməsi, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi yoxdur. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı naməlum olan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır və Azərbaycan Respublikasının hüdudlarını da tərk edə bilmir. Şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT - nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən himayəyə götürülmüşdür. Hazırda vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağı üçün ilk növbədə doğum haqqında şəhadətnaməyə sahib olmalıdır. Doğum haqqında şəhadətnamə olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağı mümkün olmur. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, doğum haqqında şəhadətnaməni təqdim etdikdən sonra vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparıla bilər. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət edərək doğum haqqında şəhadətnamə ilə təmin edilməyini” xahiş etdi. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15- 1775/2024 nömrəli məktubla tibb müəssisəsindən arayış təqdim edə bilmədiyinə əsaslanaraq onun doğumunu qeydə almaqdan imtina edib. Hesab edir ki, cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin bu imtinası tamamilə əsassızdır və hüquqlarının pozulmasına səbəb olur. Cavadehin imtinasında göstərilənlərin əksinə olaraq qeyd edir ki, qeydiyyat şöbəsinə həm doğulduğu, həm də qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim etmişdir. Belə ki, cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət edən zaman doğum faktını, yerini və vaxtını təsdiq edən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası'’ PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********88 nömrəli doğum haqqında tibbi şəhadətnaməni təqdim etmişdir. Müraciəti Nəsimi rayon Qeydiyyat Şöbəsinə daxil olduqdan sonra Qeydiyyat Şöbəsindən onunla əlaqə saxlanıldı və Qeydiyyat Şöbəsinə qeydiyyatda olduğu 20 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş "praktik sağlam olmağı barədə” xx.xx.2024cü il tarixli tibbi arayışı (əlavə olaraq atasının ölüm haqqında şəhadətnaməsinin surətini də) da təqdim etdi. Lakin həmin arayışda onun soyadı atası hesab edilən şəxsin soyadına uyğun olaraq “İsmayılova’’ kimi qeyd edilib. Belə ki, iş materiallarına əlavə edilmiş 20 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş tibbi arayışdan görünür ki, tibbi arayış X6 praktik sağlam olması barədədir və həmin arayışa vurulmuş şəkildəki şəxs iddiaçıdır. Beləliklə, onun sənədlərində yeganə ziddiyyət qevdiyyatda olduğu tibb müəssisəsi tərəfindən verilmiş arayışda soyadının “İsmayılova” olaraq qeyd edilməsidir. Atasının sağlığında ananın şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə valideynlərim nikaha daxil ola bilməyiblər, lakin atası vəfat edənə qədər bir ailə kimi birlikdə yaşamışlar. Bu səbəbdən də yaşadığı yer üzrə poliklinikada qeydiyyata alınan zaman atası onu öz soyadına uyğun olaraq “İsmayılova'’ soyadı ilə qeydiyyata aldırıb. Poliklinikada adına açılmış tibbi qeydiyyat sənədlərində (tibbi tarixçə kartı) soyadı “İsmayılova” kimi qeyd edildiyindən poliklinika tərəfindən praktiki sağlam olmağı barədə verilmiş arayışda soyadı “İsmayılova" kimi qeyd edilib. Həmçinin həmin arayışa şəkli də vurulub və şəkildən aydın görünür ki, həmin şəkildəki şəxs odur. İddiaçı həmçinin atasının ölüm haqqında şəhadətnaməsini də qeydiyyat şöbəsinə təqdim etmişdir. İş materiallarına əlavə olunmuş atasının adına verilmiş AZ-İ seriyalı, 502194 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, atasının tam adı X9r. İddiaçı orta məktəbdə də atasının soyadına uyğun olaraq “İsmayılova” soyadı ilə təhsil almışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 14 nömrəli tam orta məktəb tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı həmin məktəbdə 2009-2018-ci illərdə X2 təhsil almış və həmin arayışa vurulmuş şəkildəki şəxs də odur. Bundan başqa, bacısı X4 doğum haqqında şəhadətnaməsindən də görünür ki, bacısının doğum haqqında şəhadətnaməsində ata adı anasının verdiyi məlumata uyğun olaraq “Nazim" kimi qeyd edilib. Belə ki, iş materiallarına əlavə edilmiş bacısına məxsus AZ-İV seriyalı, 997863 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, bacısının soyadı “Sirajudinova”, atasının tam adı “X11”, anasının tam adı isə “X7”dır. Atalıq müəyyənləşdirilmədiyinə görə bacısının doğum akt qeydində valideynlərlə bağlı məlumat hissəsində atasının soyadı ananın soyadına uyğun olaraq “Sirajudinov” kimi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. O, uşaqlıqdan atasıyla anasının himayəsində böyüdüyündən və ailəsinin başçısı X5 olduğundan, atası onu öz soyadına uyğun olaraq “İsmayılova” soyadı kimi tanıtmışdır və buna görə də, doğumu qeydə alınmasa da, faktiki olaraq “X10” kimi yaşamışdır. Bu səbəbdən də, təhsil və tibbi sənədlərində soyadı atasının soyadına uyğun olaraq “İsmayılova” olaraq qeyd edilmişdir. 2011-ci ildə atası Bakı şəhərində vəfat etdi. xx.xx.2023-cü il tarixdə anası Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən ilk dəfə olaraq şəxsiyyəti təsdiq edən sənədlə - 51 №7577696 nömrəli Rusiya Federasiyası vətəndaşının pasportu ilə təmin edilmişdir. Həmin pasportun surətindən görünür ki, anasının soyadı “Sirajudinovadır”. Anası pasportla təmin edildikdən sonra 2024-cü ilin yanvar ayında doğulduğu “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”na müraciət edərək doğulmağı barədə tibbi şəhadətnamənin ona verilməsini xahiş etdi. Anası heç vaxt atasıyla nikahda olmadığı üçün “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********88 nömrəli doğum haqqında tibbi şəhadətnamədə onun (uşağın) soyadı ananın soyadına uyğun olaraq “Sirajudinova” olaraq qeyd edilib. Belə ki, iş materiallarına əlavə edilmiş “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********88 nömrəli doğum haqqında tibbi şəhadətnamədən görünür ki, Sirajudinova (Sirazhudinova) Salimat Qazıyevna xx.xx.2002-ci il tarixdə Bakı şəhərində yerləşən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”nda qadın cinsindən olan bir uşaq doğub. Uşağın soyadı ananın soyadına uyğun olaraq “Sirajudinova” (Sirazhudinova) kimi qeyd edilib. Bundan sonra iddiaçı BMT - nin Qaçqınlar üzrə Ali Komissarlığına müraciət edərək, onun sənədləşməyinə hüquqi yardım göstərilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə BMT QAK tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülərkən, doğulan zaman valideynlərinin arasında nikah olmadığı üçün və atalıq da müəyyən edilmədiyindən anasının soyadına uyğun olaraq “Sirajudinova” soyadı ilə qeydə alınmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi himayə sənədindən görünür ki, İddiaçı vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-da qeydiyyatdadır, onun individual İD nömrəsi: ***-*******81-dir. Beləliklə, müəyyən olunur ki, doğumu qeydə alınmasa da 2024-cü ilə qədər “X10” olaraq yaşamışdır. 2024-cü ildən etibarən “İddiaçı” kimliyi ilə yaşayır.

3. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-1775/2024 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Tərəfimizdən “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılarkən xx.xx.2002-ci il təvəllüdlü X3 aid doğum haqqında akt qeydi aşkar edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın doğumun dövlət qeydiyyatı üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Yuxarıda göstərilənlərlə əlaqədar nəzərinizə çatdırırıq ki, tibb müəssisəsindən arayış təqdim edə bilmədiyinizə görə, doğumunuzun qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamışdır.”

4. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

8. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

9. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyi tərəfindən iddiaçının adına xx.xx.2024-cü il tarixdə verilmiş “Himayə sənədi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Sirazhudinova Narmin BMT QAK-ın mandatı altında olan şəxsdir.

11. Dövlət Miqrasiya Xidmətinin X1 İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında bildirilmişdir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 6 oktyabr 2002-ci il təvəllüdlü Narmin Sirazhudinova (himayə sənədi № ***-*******81) Dövlət Miqrasiya Xidməti tərəfindən 16 may 2024-cü il tarixindən 31 may 2025-ci il tarixinədək Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-1 h, Bağlar yaşayış massivi ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.

12. TQS 103 nömrəli doğum haqqında tibbi şəhadətnamənin surətinə əsasən ana haqqında məlumatda qeyd olunur: Sırazhudınova Salımat xx.xx.1977-ci il təvəllüdlüdür, ailə vəziyyəti subaydır, Rusiya Federasiyası vətəndaşıdır; uşaq haqqında məlumatda qeyd olunur: Sırazhudınova xx.xx.2002-ci il təvəllüdlüdür, Bakı şəhərində anadan olmuşdur.

13. Səhiyyə Nazirliyinin tibbi arayışına əsasən X10 xx.xx.2002-ci ildə anadan olmuşdur, Azərbaycan vətəndaşıdır.

14. Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 14 nömrəli tam orta məktəbin 880 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən X10 həqiqətən Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə 2009-2013-cü illərdə oxumuşdur.

15. AZ-İ 502194 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.

16. AZ-İV 997863 nömrəli doğum haqqında şəhadətnamənin surətindən əsasən xx.xx.2010-cu il tarixdə doğulan X4 anası kimi X8, atası kimi X11 qeyd olunmuşdur.

17. 51 seriyalı ******* nömrəli Rusiya Federasiyasının vətəndaşının pasportuna əsasən X8 xx.xx.1977-ci il tarixdə Dağıstanda anadan olmuşdur.

IV. Məhkəmənin mövqeyi

18. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarı:

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

19. Məhkəmə qeyd edir ki, iddiaçıya doğum haqqında şəhadətnamə verilməmişdir, doğum haqqında tibbi şəhadətnamə mövcud olduğundan doğum aktının qeyd edilməsi faktının məhkəmə qaydasında qətnamə əsasında bərpa edilməsinə zərurət yaranmır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4cü bəndinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.. 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həmin məlumat EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 2.3-1. Tibb müəssisəsində anaya doğum haqqında tibbi şəhadətnamə ilə birlikdə doğumun qeydə alınmasının zəruriliyi barədə bildiriş də təqdim oluna bilər. Bildirişdə doğumun qeydə alınmasının məcburiliyi, bunun üçün tələb olunan sənədlər, qeydiyyatın qanunvericiliklə müəyyən olunmuş müddəti və bu müddətin pozulmasına görə inzibati məsuliyyət barədə məlumatlar əks olunur. 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; 2.23. Doğumun dövlət qeydiyyatı üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Müəyyən olunmuş müddətdə qeyd olunmamış 16 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra "vaxtı keçmiş qeydiyyat" sözləri yazılmaqla aparılır.

21. Qaydalarda nəzərdə tutulmuş müddəalara istinadən iddiaçı tərəfindən qeydiyyatda olduğu tibb müəssisəsindən arayış təqdim edilmədiyi əsası ilə cavabdeh doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir.

22. Hazırki iddia mahiyyət etibarilə yekunda qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni doğum haqqında tibbi şəhadətnamə əsasında doğumun qeydə alınaraq doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır.

23. Bu imtinanı mübahisələndirərkən iddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün müvafiq qanunvericiliyin tələblərinə görə “Doğum haqqında" şəhadətnaməni təqdim etməlidir. Lakin doğum haqqında şəhadətnamə ilə bu günədək təmin edilmədiyi üçün onu həm Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq etmək, həm də şəxsiyyətini müəyyən etmək imkanından məhrum etmişdir. İddiaçının şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı kolliziya yaranmış və bu səbəbdən iddiaçı onun şəxsiyyətinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş "Himayə sənədi" və doğumu haqqında tibbi şəhadətnamə əsasında müəyyən edilməsini xahiş etmişdir.

24. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı doğum haqqında tibbi şəhadətnaməyə sahibdir, həmin sənədi isə yalnız 2023-cü ildə əldə edə bilmişdir. Belə ki, iddiaçının anası X7 1996-cı ildə şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün həmin vaxt iddiaçının X5 ilə rəsmi nikaha daxil ola bilməmiş, bu səbəbdən iddiaçının doğulduğu tibb müəssisə tərəfindən tibbi şəhadətnamə verilməmişdir. xx.xx.2023-cü il tarixdə anası Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Rusiya Federasiyası vətəndaşının pasportu ilə təmin edildikdən sonra tibbi şəhadətnaməni almaq üçün doğulduğu “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-yə müraciət edərək həmin tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********88 nömrəli doğum haqqında tibbi şəhadətnaməni əldə etmişdir. Həmin şəhadətnamədən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü, ailə vəziyyəti subay olan, Rusiya Federasiyası vətəndaşı Sırazhudınova Salımatın xx.xx.2002-ci il tarixdə Bakı şəhərində qız uşağı olmuşdur və uşağın soyadı kimi Sırazhudınova qeyd olunur.

25. Buna baxmayaraq, iddiaçıya verilən sənədlərdə (Bakı şəhəri üzrə Təhsil İdarəsi 14№li tam orta məktəbin arayışı, qeydiyyatda olduğu poliklinikanın tibbi arayışında) tam adı atasının soyadına əsasən X2 qeyd olunmuşdur.

26. Göstərilənlərlə yanaşı, doğum haqqında tibbi şəhadətnamənin “ana haqqında məlumat” bölməsində anasının soyadı və “uşaq haqqında məlumat” bölməsində uşağın soyadı anasının pasportunda ingilis dilində yazıldığına uyğun olaraq “Sırazhudınova” kimi göstərilib. Lakin işdə olan iddiaçının anasına məxsus 51 ******* nömrəli Rusiya Federasiyasının vətəndaşının pasportu, eyni zamanda bacısına məxsus AZ-İV seriyalı, 997863 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olur ki, iddiaçının anasının tam adı “X7”dır.

27. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı doğulan zaman anasının nikahı olmadığı və tibbi şəhadətnamə alan zaman isə atası vəfat etdiyi üçün haqlı olaraq ona verilən doğum haqqında tibbi şəhadətnamədə soyadı qismində anasının soyadı göstərilmişdir. Odur ki, Qanunun 2.8.3-cü bəndinə (uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır) müvafiq olaraq anasının soyadına uyğun olaraq iddiaçıya doğum akt qeydi tərtib edilməlidir.

28. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün müvafiq qanunvericiliyin tələblərinə görə “Doğum haqqında" şəhadətnaməni təqdim etməlidir. Lakin sonuncu sənədin olmaması onu həm Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq etmək, həm də şəxsiyyətini müəyyən etmək imkanından məhrum etmişdir. İddiaçının şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı kolliziya yaranmış və bu səbəbdən iddiaçı onun şəxsiyyətinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş "Himayə sənədi" əsasında müəyyən edilməsini xahiş etmişdir. İddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə "Doğum haqqında qeydin aparılması və “Doğum haqqında” şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur.

29. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.

30. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir.

31. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir.

32. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır.

33. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer uzrə qeydiyyata alınmasını həyata keçirir.

34. Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər" anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaşqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır.

35. Beləliklə, məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir.

36. Məhkəmə qeyd edir ki, faktiki olaraq iddiaçı xx.xx.2002-ci il təvəllüdlüdür, Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır.

37. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur.

38. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar doğum haqqında akt qeydinin bərpası üçün kifayət edir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur.

39. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

40. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı: İddia təmin edilsin. İddiaçı doğumunun “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********88 nömrəli doğum haqqında tibbi şəhadətnamə əsasında qeydə alınması, doğum akt qeydi tərtib edilərkən doğum haqqında akt qeydinin “ata-anası haqqında məlumat” bölməsində ananın soyadının, “uşaq haqqında məlumat” bölməsində isə iddiaçının soyadının xx.xx.2024-cü il tarixli, **********88 nömrəli tibbi şəhadətnamədə yazıldığı kimi “Sirazhudinova” deyil, ananın pasportunun azərbaycan dilinə tərcüməsinə uyğun olaraq “Sirajudinova” olaraq qeyd edilməsi və şəxsiyyəti təsdiq edən başqa sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında İddiaçı doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar