Məhkəmə qərarları › İş №2-1(112)-1405/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1405/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1405/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Cavabdeh Binəqədi rayon İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “hərbi rütbənin bərpası üçün təqdimatın verilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, polkovnik hərbi rütbəsinin bərpası və hərbi geyim daşımaq hüququnun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Məhkəmənin 2-1(112)-5851/2020 saylı 30.09.2020-ci il tarixli qərardadı ilə Cavabdeh iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 2-1(112)-5851/2020 saylı 13.11.2020-ci il tarixli qərardadı ilə Cavabdeh Binəqədi rayon İdarəsi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Daha sonra İddiaçı məhkəməyə vəsatət təqdim edərək hazırki cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl Cavabdeh ilə əvəz olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-1405/2021 saylı 27.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmənin 2-1(112)-1405/2021 saylı 27.04.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, polkovnik hərbi rütbəsinin bərpası və hərbi geyim daşımaq hüququnun verilməsi üçün təqdimatın irəli sürülməsi (verilməsi) və həmin təqdimatın Azərbaycan Respublikası Müdafiə nazirliyinə göndərilməsi vəzifəsinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuş, 1996-cı ildə BABKM bitirdikdən sonra leytenant hərbi rütbəsində X3 ordusunda 1-ci eşalon hərbi hissəsində N il -2014-cü ilədək müvafiq vəzifələrdə xidmət etmişdir. 2015-ci ildə SQHPİ-in qoşun xidməti şöbəsinin rəisi təyin edilmiş, 2016-cı ilin iyun ayında X10 müvafiq əmrinə əsasən ona polkovnik hərbi rütbəsi verilmişdir. Bütün xidməti illərində o cümlədən SQHPİ-də xidmət etdiyi müddətdə heç bir intizam cəzası almamışdır. Müharibə veteranıdır. Xidmətdə olduğu illərdə dəfələrlə medallara, fəxri fərmanlara layiq görülmüş. Sonradan Qoşun xidmətinin təşkilin yoxlanması zamanı hərbi hissə komandanlığının səhlənkarlığı səbəbindən yol verdiyi nöqsanların müəyyən hissəsini aşkar edə bilmədiyi səbəbindən hərbi qulluqçulara verilən intizam cəzası olaraq 28.11.2016-cı il tarixdə hərbi rütbəsi polkovnik hərbi rütbəsindən polkovnik- leytenant hərbi rütbəsinə endirilmişdir. Vətən qarşısında xidmətləri dəfələrlə yüksək qiymətləndirilən bir hərbiçi, bir zabit kimi bu hadisə onu çox sarsıltmış və o, 30.12.2016-cı il öz arzusu ilə ərizə yazaraq Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmışdır. O, 2020-ci ilin iyun ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək polkovnik hərbi rütbəsinin bərpası və hərbi geyim daşımaq hüququnun verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinin 30.06.2020-ci il tarixli, 1- Ə/9100 saylı məktubu ilə müraciətə imtina etmişdir. Cavabdehin imtinasınının əsassız olduğunu qeyd edərək, bildirmiş ki, cavabdehin istinad etdiyi maddənin məzmunundan da göründüyü kimi həmin maddədə məhz ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsindən və məhz həmin şəxslər (ehtiyatda, yaxud istefada olan şəxslərin) barəsində təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir. Həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 79-80-ci maddələrində Ehtiyatda, ya da istefada olan gizirlər, miçmanlar, zabitlər, generallar və admirallar hərbi geyimdə hərbi intizamı, yaxud ictimai asayişi pozmaları və buna görə nəzərdə tutulan intizam cəzaları müəyyən olunmuşdur. (-b) baş zabitlərə — qarnizon və böyük dəniz rəisləri, bütün hərbi komendantlar, alay (briqada) komandirinin hüququna malik olan respublika və rayon hərbi komissarları;) Maddənin də məzmunundan göründüyü kimi məhz ehtiyatda, ya da istefada olan şəxslər tərəfindən ictimai asayişin pozulması halında hansı cəzaların və məhz hansı şəxslər tərəfindən verilməsi müəyyən olunmuşdur. Lakin bildirdiyi kimi onun hərbi rütbəsinin aşağı salınması ehtiyatda ya da istefada olduğu dövrdə deyil, həqiqi hərbi xidmət dövründə baş vermişdir. O, 20 ildən artıq qüsursuz xidmət göstərərək bir çox medallarla təltif olunmuş. 24.06.2003-cü ildə X13 Əliyevin Fərmanı ilə “Hərbi xidmətlərə görə” medalına layiq görülmüş. Həmçinin dəfələrlə X7 İlham Əliyevin adından Müdafiə Naziri X10 əmri ilə“Qüsursuz xidmətlərə görə” medallarına layiq görülmüşdür. Həmçinin dəfələrlə döyüş və ictimai-siyasi hazırlıqda, qoşun xidmətinin təşkilində əldə etdiyi, yüksək nailiyyətlərə görə fəxri fərmanlarla təltif olunmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164.-cü maddəsinə görə Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158- ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin, xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi geyim formasını daşımaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdeh və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(112)-1405/2021saylı qərardadı ilə hazırki iddia tələbi “hərbi geyim daşımaq hüququnun verilməsi üçün təqdimatın irəli sürülməsi (verilməsi) və həmin təqdimatın Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi ” hissəsində mümkün sayılmamışdır. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. 3-cü şəxs Cavabdeh Binəqədi rayon İdarəsinin nümayəndəsi X5 iddia tələbinin təmin mexanizminin mövcud olmadığını, məsəllənin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əlavə olaraq izahatında qeyd etdi ki, ehtiyatda olan polkovnikleytenant İddiaçı şəxsi iş materialları İdarədə saxlanılır. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı peşəkar zabit olmuş, hərbi xidmət dövründə dəfələrlə fəxri fərmanlara, qüsursuz xidmətlərinə görə medallara layiq görülmüş, ehtiyata buraxıldıqdan sonra da barəsində hər hansı bir pozuntu olmasına dair məlumat qeydə alınmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı subyektiv hüquqa malikdir, Cavabdeh iddiaya cavab verməli orqandır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətə imtina məktubu verilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Odur ki, iddia mümkün iddiadır. İddianın əsaslılığı : Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanan 30.06.2020-ci il tarixli, 1/Ə-9100 saylı məktubunda qeyd edilir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 181-ci maddəsinə əsasən, ehtiyatda yaxud istefada olan şəxslərin həqiqi xidmət dövründə aşağı salınmış hərbi rütbələri istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultduqları hallarda hərbi rütbənin aşağı salınmasından ən azı 3 il keçdikdən sonra onların hərbi rütbələrini aşağı salmış şəxslər tərəfindən əvvəlki hərbi rütbələrinə bərpa edilə bilərlər. Həmin Əsasnamənin 184-cü maddəsinə müvafiq olaraq, ehtiyatda yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrin bir pillə aşağı salınması, hərbi rütbələrdən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir. Həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2003-cü il tarixli № 000569 saylı medalının surətindən görünür ki, İddiaçı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. N №-li hərbi hissə tərəfindən verilmiş N may 2006-cı il tarixli 052576 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranı statusu verilmişdir. 055t №-li 26 iyun 2005-ci il tarixli vəsiqənin surətindən görünür ki, Mayor İddiaçı “Qüsursuz Xidmətə Görə”3-cü dərəcəli medalı verilmişdir. 0199t №-li 26 iyun 2014-cü il tarixli vəsiqənin surətindən görünür ki, Polkovnikleytenant İddiaçı “Qüsursuz Xidmətə Görə” 2-ci dərəcəli medalı verilmişdir. 26 iyun 2015-ci il tarixdə Polkovnik-leytenant İddiaçı “26 iyun Silahlı Qüvvələr”günü münasibətilə döyüş hazırlığı və qoşun xidmətinin təşkilində əldə etdiyi yüksək nailiyyətlərə görə fəxri fərman ilə təltif olunmuşdur. 058t №-li 26 iyun 2015-ci il tarixli vəsiqənin surətindən görünür ki, Polkovnikleytenant İddiaçı “Qüsursuz Xidmətə Görə” 1-ci dərəcəli medalı verilmişdir. 087t №-li 12 may 2016-cı il tarixli vəsiqənin surətindən görünür ki, Polkovnikleytenant İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı verilmişdir. 089t №-li 13 may 2016-cı il tarixli vəsiqənin surətindən görünür ki, Polkovnikleytenant İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı verilmişdir. 093t №-li 23 may 2016-ci il tarixli vəsiqənin surətindən görünür ki, Polkovnikleytenant İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı verilmişdir. 31 avqust 2013-cü il tarixdə Polkovnik-leytenant İddiaçı 2013-cü ilil avqust ayının yekununa əsasən döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi yüksək nəaliyyətlərə görə N nömrəli hərbi hissənin komandiri tərəfindən fəxri fərman ilə təltif olunmuşdur. 20 aprel 2014-cü il tarixdə Polkovnik-leytenant İddiaçı 14-18.04.2014-cü il tarixdə Müdafiə Nazirliyi tərəfindən X4 Ordusu ilə keçirilən X6 əldə etdiyi yüksək nailiyyətlərə görə N nömrəli hərbi hissənin komandiri tərəfindən fəxri fərman ilə təltif olunmuşdur. İddiaçı EZ № ******* saylı hərbi biletin surətini əlavə etmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 02.10.2020-ci il tarixli № Ə/3086 saylı məktubdan görünür ki, hərbi xidmətdə olduğu zaman 28.11.2016-cı il tarixdə hərbi rütbəsi “polkovnikleytenant” hərbi rütbəsinə bir pillə aşağı salınmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 184-cü maddəsinə əsasən ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir. Bu səbəbdən də mövcud qanunvericiliyin tələbləri ilə ziddiyət təşkil etdiyi üçün təqdimatın Müdafiə Nazirliyinə göndərilməsi mümkün deyil. Belə ki, hərbi xidmətdə olduğu zaman hərbi rütbəsi bir pillə aşağı salındığından, bu məsələ “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinə uyğun olaraq əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilə biləcəyi qeyd edilmişdir. Titan D Limited tərəfindən verilmiş 24 avqust 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, İddiaçı 20 iyun 2017-ci il tarixdən "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir. İş fəaliyyəti müddətində ona verilən tapşırıqları məsuliyyətlə və bacarıqla yerinə yetirmiş, özünü işgüzar bir işçi kimi göstərmişdir. Kollektiv üzvləri ilə səmimi işgüzar münasibətlər qurmuşdur. Əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyasını məsuliyyətlə yerinə yetirdiyi qeyd edilmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilmiş 0174rt saylı 28 noyabr 2016-cı il tarixli əmrinin surətindən görünür ki, ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə (intizam cəzası tədbiri kimi) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 26.11.2016-cı il tarixli 0123 №-li təşkilati əmrinə əsasən Hərbi Polis İdarəsinin Qoşun xidməti şöbəsinin rəisi polkovnik İddiaçı rütbəsi “Polkovnik-Leytenant” hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilmiş hərbi polis idarəsinin vəzifəli şəxslərinin vəzifə borclarının icrasına səhlənkar yanaşmaları və təqsirkar şəxslərin cəzalandırılması haqqında 0123 saylı 26 noyabr 2016cı il tarixli əmrinin surətindən aydın olur ki, vəzifə borclarının icrasına səhlənkar yanaşdığına və “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Qoşun xidmətinin təşkili üzrə Təlimat”ın tələblərinə riayət etmədiyinə görə Hərbi Polis İdarəsinin Qoşun xidməti şöbəsinin rəisi polkovnik İddiaçı hərbi rütbəsi bir pillə aşağı salınmışdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilmiş 0984 saylı 30 dekabr 2016-cı il tarixli əmrinin surətindən görünür ki, ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, Hərbi Polis İdarəsinin Qoşun xidməti şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Məhkəmə işin hallarının araşdırılması zamanı müəyyən olunmuş faktları əsas götürərək bildirir ki, hazırki iddia tələbinin qanuni əsasını “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamə təşkil edir. Belə ki, iddiaçı hərbi xidmət dövründə bir pillə aşağı salınmış hərbi rütbəsinin bərpa edilməsi barədə müvafiq təqdimatın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilməsini xahiş edir. ”Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 181-ci maddəsinə əsasən: Ehtiyatda, yaxud istefada olan şəxslər hərbi intizamı, ictimai qaydaları pozduqda, yaxud hərbi şərəfi və hərbi rütbənin şöhrətini alçaldan nalayiq hərəkət törətdikdə, əgər əvvəl görülmüş intizam və ictimai tədbirlər kömək etməyibsə, onların rütbələri aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən bir pillə aşağı salına bilər: ”gizirlərin və miçmanların — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, zabit rütbələri — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı. ” Ehtiyatda, yaxud istefada olan dövrdə hərbi rütbəsi aşağı salınmış şəxslər istehsalatda və digər ictimai faydalı işlərdə özlərini doğrultduqları hallarda hərbi rütbənin aşağı salınmasından ən azı 3 il keçdikdən sonra onların hərbi rütbələrini aşağı salmış şəxslər tərəfindən əvvəlki hərbi rütbələrinə bərpa edilə bilərlər. ” Ehtiyatda, yaxud istefada olan şəxslərin həqiqi xidmət dövründə aşağı salınmış hərbi rütbələri həmin göstərilən şərtlər əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən əvvəlki hərbi rütbə bərpa edilə bilər. ” Ehtiyatda, yaxud istefada olan ali zabitlər heyətindən olan şəxslərin hərbi rütbələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağı salına, sonra müvafiq halda müsbət xasiyyətnaməyə layiq görüldükdə bərpa oluna bilər. Ehtiyatda, yaxud istefada olan həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınmış ali zabitlər heyətindən olan şəxslərə əvvəlki rütbələri yenidən verilə bilər. ” Əvvəlki hərbi rütbələrində bərpa edilmiş ehtiyatda, yaxud istefada olan şəxslərə onların hərbi rütbələri aşağı salınana qədər istifadə etdikləri hüquq və güzəştlər verilir. ”Həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınan şəxslərə hərbi rütbələri ehtiyatda, yaxud istefada olarkən əvvəlki hərbi rütbələri verilibsə, onda onlar həqiqi hərbi xidmətdən buraxıldıqları vaxt müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. Həmin Əsasnamənin 183-cü maddəsinə əsasən ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaqdan məhrum edilməsi Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 184-cü maddəsinə əsasən ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir. Cavabdeh inzibati orqan öz imtinasında bildirmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə müvafiq təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir. Bu səbəbdən də mövcud qanunvericiliyin tələbləri ilə ziddiyət təşkil etdiyi üçün təqdimatın Müdafiə Nazirliyinə göndərilməsi mümkün deyil. Həmçinin, hərbi xidmətdə olduğu zaman hərbi rütbəsi bir pillə aşağı salındığından, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 70-ci maddəsinə uyğun olaraq əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilə biləcəyi barədə tövsiyyə edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi”və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi”barədə”Azərbaycan Respublikasının Prezidentinin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Göründüyü kimi, Əsasnamədə müvafiq təqdimatların hərbi komissarlıqlar tərəfindən irəli sürülməsi qeyd edilsə də, Azərbaycan Respublikasının Prezidentinin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanına əsasən hərbi komissarlıqların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 184-cü maddəsində qeyd edilmiş hərbi komissarlıqların səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir. Bundan əlavə cavabdeh inzibati orqan iddiaçıya Əsasnamənin 70-ci maddəsinə müvafiq olaraq məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. ”Həmin normadan görünür ki, hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki hərbi rütbəyə məhkəmənin qərarı ilə bərpa edilirlər. Hazırki halda isə iddiaçı hərbi rütbədən məhrum edilməsini mübahisələndirmir, sadəcə hərbi rütbəsi bir pillə aşağı salınmış ehtiyatda olan zabit kimi Əsasnamənin 181-ci maddəsinin normasına istinad edərək əvvəlki hərbi rütbəsinin bərpasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçının tələbinin təmini üçün aşağıdakı əsaslar tələb edilir: - istehsalatda və digər ictimai faydalı işlərdə özünü doğrultması; - hərbi rütbənin aşağı salınmasından ən azı 3 ilin keçməsi. İşin hallarından aydın olduğu kimi, Azərbaycan Respublikası Müdafiə nazirinin 26.11.2016-cı il tarixli 0123 №-li təşkilati əmrinə əsasən iddiaçının polkovnik rütbəsi “Polkovnik-Leytenant” hərbi rütbəsinə qədər bir pillə aşağı salınmışdır. İddiaçı hərbi rütbəsi aşağı salındıqdan 4 il (ən azı 3 il tələb edilir) keçdikdən sonra cavabdeh inzibati orqana müvafiq müraciət etmişdir. Həmçinin, iddiaçı 2017-ci ildən bəri işlədiyi iş yerindən müsbət xasiyyətnamə təqdim etmişdir. Məhkəmə iclaslarında 3-cü şəxs qismində cəlb edilmiş Cavabdeh Binəqədi rayon İdarəsinin nümayəndəsi də iddiaçının 2016-cı ildən bəri hərbi qeydiyyata alındığını, bu illər ərzində barəsində heç bir pozuntunun, narazılıqların qeydə alınmadığını, əksinə hərbi xidmət dövründəki fəaliyyətlərinin görə dəfələrlə fəxri fərmanlara, qüsursuz xidmətlərinə görə medallara layiq görüldüyünü, yüksək keyfiyyələrə malik olduğunu, ehtiyatda olan zabit kimi müsbət xarakterizə olunduğunu bildirmişdir. Beləliklə, Məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının tələbinin təmin edilməsi cavabdeh tərəfindən istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, əksinə iddiaçı tələbinin əsaslı olmasını sübuta yetirə bilmiş, bununla bağlı cavabdehin imtinası qanunvericiliyə zidd olmuş və iddiaçının hüquqlarını pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi iləbağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnızməhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı polkovnik hərbi rütbəsinin bərpası üçün təqdimatın irəli sürülməsi (verilməsi) və həmin təqdimatın Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilməsi vəzifəsi Cavabdehnə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar