Məhkəmə qərarları › İş №2-1(112)-1405/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1405/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1405/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yerləşmə sxeminin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona Bakı şəhəri, Xəzər rayonu, Zirə Südçülük sovxozu ünvanında yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün yerləşmə sxeminin verilməsi və torpağa dair çıxarışın verilməsinə dair qətnamənin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1991-ci il tarixli 40 saylı qərarı ilə Zirə tərəvəzçilik-südçülük sovxozunun köhnə süd əmtəə ferması fəhlə qəsəbəsində fərdi ev tikdirmək üçün hər ailəyə 0.10 hektar hesabı ilə 80 ailəyə 8,0 hektar (küçə və yollar buraya daxil deyildir) asudə həyətyanı torpaq fondu ayırmışdır. 80 ailədən 25 ailə torpaq istəməsi barədə tələb olunan sənədləri sovxoza təqdim etmişdir. 26 mart 1991-ci il tarixli, 52 saylı akta əsasən, fərdi yaşayış evinin tikintisinə həyətyanı torpaq sahəsinin ayrılması haqqında akt qəbul edilmişdir. Bakı şəhəri, Xəzər, rayonu, Zirə Südçülük sovxozu ünvanında yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüququların dövlət reysterində qeydiyyata alınması üçün Daşınmaz əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 4 saylı ərazi idarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli, 3-21- 332/2-S-0068/2022 saylı cavab məktubuna əsasən elektron kadastr və baza arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin Bakı şəhərinin inzibati ərazi vahidliyinə aid ərazidə yerləşdiyi məlum olmuşdur. Abşeron Rayon İcra Hakimiyyətinə (RİH) ünvanladığı 26 avqust 2023-cü il tarixli, Zirə tərəvəzçilik-südçülük sovxozundan 26 mart 1991-ci il tarixli, 52 nömrəli qərara əsasən 0.10 ha torpaq sahəsinin yerləşmə sxeminin hazırlanıb verilməsi ilə bağlı müraciətinə Memarlıq və tikinti şöbəsində baxılmışdır. Hər hansı formada xəritə çəkmə, plana alma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti Rayon İcra Hakimiyyətlərinin səlahiyyətlərinə aid deyil cavabı verilmişdir. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plansxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi “Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yer quruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə xx.xx.2024-cü il tarixli yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, İddiaçı Cavabdehnə müraciətinə cavab olaraq bildirilmişdir ki, tərəvəzçiliksüdçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur. İddia ərizəsindən göründüyü kimi, iddiaçıya torpaq sahəsi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1991-ci il 40 saylı qərarı ilə Zirə Tərəvəzçilik-Südçülük sovxozunun köhnə süd əmtəə ferması fəhlə qəsəbəsində fərdi ev tikmək üçün 0,10 ha ayrılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) verilməsi Cavabdeh səlahiyyətləri xaricindədir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “İddiaçı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 52 saylı qərarına əsasən Zirə tərəvəzçilik-südçülük sovxozunun köhnə süd əmtəə ferması fəhlə qəsəbəsində fərdi ev tikdirmək üçün X5 verilmiş 0.10 ha torpaq sahəsinə dair torpağın yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə iddianın mümkünlüyü ilə bağlı bildirir ki, hazırki iş üzrə Bakı şəhəri Cavabdeh qismində çıxış etməkdədir, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq cavabdehə müraciət edilməklə imtina cavabı alındıqdan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən hazırkı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1359/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-1577/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarlarında da kassasiya instansiya məhkəməsi həmin işlər üzrə aidiyyəti yerli icra hakimiyyətinin cavabdehlik daşıdığını bildirmişdir. İş materiallarında olan sənədlərə əsasən: Bakı şəhəri 33 saylı dövlət notariat ofisi tərəfindən ƏMDK DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 30 nömrəli məktuba əsasən xx.xx.2004-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Zirə qəsəbəsi, X1 yerləşən torpaq sahəsinə dair vərəsi İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. Xəzər RİH Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 997 nömrəli arayışın iş materiallarına əlavə edilmiş surətinə əsasən iddiaçının mərhum anası X7 (N2 877, AZ-İİ N2 108950 ölürn haqqında şəhadətnaməyə əsasən) xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ölən günə kimi o, ailə üzvləri ilə birlikdə Zirə qəsəbəsi X1 yaşamışdır. Arayış 33 saylı Notariat kontoruna təqdim etmək üçün verilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-12/2-Ş-6-091/2023 imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunanları nəzərə alaraq, tərəvəzçilik-südçüiük sovxozu ərazisində istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 52 saylı qərarına əsasən Zirə tərəvəzçilik-südçülük sovxozunun köhnə süd əmtəə ferması fəhlə qəsəbəsində fərdi ev tikmək üçün 0,10 ha torpaq sahəsi X5 ayrılmışdır. Belə ki, qərara əsasən, Abşeron rayon XDS İcraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 40 nömrəli qərarı ilə Zirə tərəvəzçilik-südçülük sovxozunun köhnə süd əmtəə ferması fəhlə qəsəbəsində fərdi ev tikdirmək üçün hər ailəyə 0,10 hektar hesabı ilə 80 ailəyə 8,0 hektar (küçə və yollar buraya daxil deyildir) asudə həyətyanı torpaq fondu ayrılmışdır. 80 ailədən 25 ailə torpaq istəməsi barədə sənədləri sovxoza təqdim etmişdir. Sovxozun əmək kollektivi şurası və sovxozun direktorluğu verilmiş sənədləri müzakirə etmiş, qərar və əmrlə qanuniləşdirilmişdir. Qərarın 1-ci hissəsinə əsasən qərara alınmışdır ki, “aşağıda adları göstərilən Zirə tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə hər birinə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması haqqında Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının 28 fevral 1991-ci il tarixli 2 nömrəli qərarı və sovxozun 5 mart 1991-ci il tarixli 16 nömrəli əmri nəzərə alınsın”. Qərarda 5-ci sırada X3 adı qeyd edilmişdir. Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən Abşeron rayonu XDS icraiyyə Komitəsi tərəfindən 26 mart 1991-cı il tarixil 5 №-li qərarına ayrıc aktı, planı və ölçü daxil edilməmişdir. Abşeron Rayon Dövlət Arxivi tərəfindənməhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, Abşeron rayon XDS İK-nın 52 nömrəli xx.xx.1991-ci il tarixli qərarının adlı siyahısında X4 adı mövcuddur və həmin qərara arxiv çıxarışı təkrarən məhkəməyə göndərilmişdir. Həmçinin qeyd edilmişdir ki, Abşeron Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş F1274 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışının həqiqiliyini təsdiq edirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0,10 ha olsa da, faktiki olaraq hasardaxili 0,103 ha təşkil edir. Sahəyə dair yerləşmə cizgisi təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Zirə Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Son sərhəd məlumatlarına əsasən torpaq sahəsi Xəzər rayonu, Zirə qəsəbəsi hüdudları daxilindədir. Bundan əlavə sahənin qərb tərəfdən hasarboyu açıq orta təzyiqli qaz xəttinin baza məlumatı mövcuddur. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd edilən faktiki hallarına qanunvericiliyinin aşağıda göstərilən normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının 27 fevral 2001-ci il tarixli, 96-İİQD nömrəli Qanununa əsasən qüvvədən düşmüş Torpaq Məcəlləsinə əsasən: Maddə 14. Torpaq sahələrindən daimi istifadə. Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; ... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; ... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi. Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnaməyə görə (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür): Bənd 13. İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri q) torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. ... Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı hissəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Qanunvericiliyin müddəalarından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İş materiallarından müəyyən edilir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarı əsasında torpaq sahəsi iddiaçının vərəsəsi olduğu mərhum atasına ayrılmış, naturada ona təhvil verilmiş olsa da, həm qərar tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi verilməmiş, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə vətəndaşa təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaqayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaqayırma prosedurunun sonunda həmin sənədin qərarla birlikdə təsdiqlənmiş qaydada iddiaçının mərhum atasına, eləcə də arxivə təqdim olunması inzibati orqanın məsuliyyət sferasına aid olmuşdur. Torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaqayırma sənədlərinin tamlığının, eyni zamanda dəqiqliyinin təmin olunması torpaq ayıran inzibati orqanın öhdəliyinə aid edilmişdir. Odur ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından, cavabdehin həmin səlahiyyətə malik olub-olmaması da onu mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. Bundan başqa Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin ayrılması barədə qərar ləğv edilmədiyindən, geri çağrılmadığından, dəyişdirilmədiyindən və hal-hazırda öz hüquqi qüvvəsini saxladığından, faktiki olaraq həmin qərar əsasında ayrılan torpaq sahəsinə dair cizgi aktının verilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Cavabdeh isə heç bir obyektiv araşdıma aparmadan torpaq sahəsinə dair cizgi aktının verilməsindən imtina etmişdir ki, bununla da iddiaçının etimad göstərdiyi və halhazırda qüvvədə olan inibati akta münasibətdə etimad hüququnun pozulmasına səbəb olmuşdur. Oxşar mövqeyi olaraq məhkəmə kassasiya instansiya məhkəməsinin aşağıdakı qərarlarına istinad edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1359/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İş materiallarından müəyyən edilir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair ayrıc aktını həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya Zirə qəsəbəsinin şimal-qərb hissəsində 145 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 629/611 həmin sərəncamı hazırda qüvvədədir.” Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1577/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İş üzrə müəyyən olunur ki, iddiaçı məhz Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02 may 1994-cü il tarixli Sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 1998-ci il tarixli 13 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X6 (iddiaçının mərhum əri) ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin təsdiq edilməsini xahiş etmişdir. İddiaçı öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz sərəncama əsasən ona verilmiş torpaq sahəsinə dair cizginin təsdiq edilməsini tələb etdiyindən məhkəmələr iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişlər.” Yuxarıda göstərilən məhkəmə qərarlarından aydın olur ki, kassasiya instansiyası məhkəməsinin hazırkı işlər üzrə formalaşmış mövqeyi, torpaq sahəsinin ayrılması ilə bağlı aktın qəbul edilməsi zamanı yerli icra hakimiyyətinin həyata keçirməli olduğu vəzifələri və bu prosesin vətəndaşın xeyrinə tənzimlənməsi prinsiplərinə əsaslanır. Həmin qərarlara əsasən, yerli icra hakimiyyəti tərəfindən veriləcək yerləşmə cizgisinin təmin edilməsi, məhz həmin qurumun özünün məsuliyyətində və müvafiq səlahiyyətlər çərçivəsində olmalıdır. Bu zaman, yerli icra hakimiyyətinin bu vəzifəni yerinə yetirərkən qanunvericiliyə və müvafiq hüquqi normativ aktlara uyğun olaraq hərəkət etməsi vacibdir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi Bakı ŞİH-in idarəçiliyinə qaytarılmış keçmiş Zirə Tərəvəzçilik-Südçülük Sovxozuna təhkim olunmuş əraziyə düşməklə, Xəzər rayonunun inzibati ərazisində yerləşməkdədir. Torpaq sahəsinin ayrılmasını təsdiq edən qərar ləğv edilməmiş, etibarsız sayılmamış və ya geri çağrılmamışdır. Qərar qüvvədə olmaqla arxiv nüsxəsi mövcuddur. Torpaq sahəsi ayrıldığı gündən naturada iddiaçının atasına təhvil verilmiş, hazırda iddiaçının istifadəsindədir. Torpaq sahəsinin faktiki ölçüsü sənəd üzrə ayrılmış torpaq sahəsinin ölçüsündən çoxdur ki, bu da torpaq sahəsinə münasibətdə yerləşmə cizgisinin verilməsini istisna edən amil kimi nəinki qiymətləndirilə bilməz, hətta tələbin təmin olunmasını əsaslandırılan hal kimi dəyərləndirilə bilər. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə- vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilsin. İddiaçı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 52 saylı qərarına əsasən Zirə tərəvəzçilik-südçülük sovxozunun köhnə süd əmtəə ferması fəhlə qəsəbəsində fərdi ev tikmək üçün X5 verilmiş 0,10 ha torpaq sahəsinə dair torpağın yerləşmə sxeminin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar