Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14050/2025 01.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TSEK-in qərarının ləğv edilməsi və iddiaçının əlilliyinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 1993-cü ildə Nəsimi Rayon Hərbi Komsarlığı tərəfindən xidmətə çağrılmış və hərbi xidmət keçərkən Qapalı kəllə beyin travması (baş beyin silkələnməsi) hər iki qulaq yırtığı ilə ağır xəsarətlər alaraq uzun müddət xəstəxanalarda mülicə almışdır. Xəstəliyi ilə bağlı Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə aldığı xəstəliklər həqiqətən hərbi xidmət dövründə aldığı komissiyanın xx.xx.2020-ci il 455 saylı qərarı ilə şahadətləndirilmiş və xəstəliyi Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı müəyyən edilmişdir. Aldığı xəstəliklərlə bağlı uzun illərdir, xəstəxanalarda stasionar və ambulator müalicələr alsa da, heç bir nəticəsi olmamışdır. Xəstəliyi ilə bağlı əlilliyinin təyin edilməsi üçün 2 saylı şəhər Psixi xəstəxanası tərəfindən forma 88 vurulsa da, əsassız olaraq heç bir müayinə etmədən imtina verilmişdir ki, bu da qanunsuz və əsassızdır. Hərbi xidmət zamanı aldığı ağır xəsarətləri müxtəlif tibbi müayinələr və ekspertizalar nəticəsində aşağıdakı diaqnozlar qoyulmuşdur: T 90.5- Başın köhnə travmatik zədələnməsi, G21.9 Qeyri müəyyən ikincili parkinsonizm, R 26 Gediş və hərəkət anomaliyaları, bu xəsarətlər iddiaçının həyat fəaliyyətini, hərəkət qabiliyyətini və əmək fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Psixatriya xəstəxanası tərəfindən qoyulmuş F03 xəstəlik kodu ilə yaddaş, düşüncə, idrak, sosial davranış və emosional idarəetmənin irəliləyən və daimi pozulması ilə xarakterizə olunur. Tibbi nəticə etibarı ilə F03 kodu ilə "ağır dərəcəli demensiya" Orqanizimdə dərin, daimi və irəlləyən psixi pozuntu, Sosial və peşə fəaliyyətində ciddi məhdudiyyət, özünə qulluqda tam və ya qismən aslıllıq yaradır. Bu yeni tibbi meyyarlarla əlilliyin birinci və ya ikinci dərəcə təyin olunmasına əsas verir. İddiaçıya "İCD-10 beynəlxalq xəstəliklər təsnifatına əsasən F03 kodu Başqa yerdə təsnif olumayan demensiya" diaqnozu qoyulmuşdur. X3 məlumatlarına əsasən ağır demensiya hallarında şəxs özünə qulluqda daimi kömək tələb edir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə tədqim edərək bildirmişdir ki, iddiaçı müvafiq qərardan 30 gündən artıq müddət keçdiyindən iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak təmin etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdən görünür ki, iddiaçı barəsində Bakı 2 nömrəli X2 tərəfindən xx.xx.2024cü ildə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilmiş, cavabdeh diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-8142/2024 nömrəli qərarından görünür ki, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası (bundan sonra- Komissiya) xx.xx.2024-cü il tarixində aşağıda adları göstərilən 23 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir.
20. Bakı şəhər sakini xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixli 455 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travmasından (başbeyin silkələnməsi) sonrakı vəziyyət üzvi əlamətlər olmadan. Hava kontuziyasından sonrakı hər iki qulağın vəziyyəti sağ təbil pərdəsinin yırtığı, qulağın sağdan 3 m, soldan 5 m məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. 2 X4 Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 8230/24 nömrəli Çıxarışında diaqnoz “Dəqiqləşdirilməmiş demensiya davranış pozuntuları ilə” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaqda 35db, sol qulaqda 40db” kimi qeyd olunmuşdur. Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli 11821 nömrəli Tibbi rəyində diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıqları. Parkinson sindromu, İV (dörd) mərhələ. Yeriş və hərəkət funksiyasının pozulması” kimi qeyd edilmiş, Hoehn-Yahr şkalasına əsasən xəstəliyin İV mərhələsinə uyğun qiymətləndirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəllə-beyin travması aldığını bildirmiş, eşitmə zəifliyi, yaddaşsızlıq, aşağı ətraflarında hərəki məhdudluqdan şikayətlənmişdir. Müayinə zamanı ~5 m məsafədə əyləşmiş, sualları normal səs tonu ilə cavablandırmış, eşitmə cihazı istifadə etmədiyi müşahidə edilmişdir. Anamnezində 5 ildir özünü xəstə hesab etdiyini, 3 ildir dərman qəbul etdiyini söyləmiş, lakin preparatların adlarını sadalaya bilməmişdir. Nevroloji müayinə zamanı yerişi kukla yerişi tipli olmuş, rigidlik qeyd edilmişdir. Solda Hoffman müsbət, Marinesko-Radoviç, Babinski müsbət alınmışdır. Hər iki tərəfdə Klonus müsbət olmuşdur. Suallara ləng cavablar vermiş, huşu, nitqi aydın olmuşdur. Hərəkətlərində ləngimə və amimiya izlənilmişdir. Psixi statusu: bələdliyi bütün istiqamətlərdə saxlanmış, zahirən mimikası az ifadəli izlənmişdir. Ünsiyyətə həvəslə daxil olmuş, emosional labil izlənmiş, yüngül koqnitiv pozuntu müşahidə olunmuşdur. Xəstənin adlığı travmanın tarixi 1993-cü il İ Qarabağ müharibəsi dövrü ilə əlaqələndirilmişdir. Xəstəliyin başlama tarixi isə son 5 ilə aid olmuşdur. Travma aldığı müddətdən çox uzun vaxt keçmiş və bu dövrlərdə heç bir Parkinson xəstəliyinə bağlı şikayəti olmamışdır. Buna görə də səbəb əlaqəsi Ümumi xəstəlik olaraq müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir.” İddiaçı hazırda bu qərarı mübahisələndirərək, ona əlillik təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM): - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçının ona əlillik təyin edilməsindən ibarət hazırkı iddiası məcburetmə haqqında iddiaya aiddir və qanunvericiliyə əsasən məcburetmə haqqında iddia üzrə iddia müddəti, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya məlumat verilməsindən sonra 30 gün təşkil edir. Bu müddətin ötməsindən sonra həmin inzibati akt qanuni qüvvəyə minir. İşin yuxarıda istinad olunan hallarından görünür ki, iddiaçı ona əlilliyin təyin edilməsi ilə bağlı cavabdehə sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndərişlə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə əyani müayinə aparılmaqla xx.xx.2024-cü il tarixli qərarla “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə müraciətinin təmin edilməsindən imtina edilmiş, bu barədə məlumat xx.xx.2024-cü ildə “Əlillik” altsisteminə daxil edilmişdir. İşdən görünür ki, iddiaçı həmin imtinanı mübahisələndirməmiş, yalnız 7 aydan artıq müddət keçdikdən sonra, xx.xx.2025-ci ildə yenidən ərizə ilə cavabdehə müraciət edərək əlillik təyin edilməsini xahiş etmiş, bu zaman yeni göndəriş təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. - 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İşin hallarından görünür ki, iddiaçı müvafiq qərarı 7 aydan artıq müddət keçdikdən sonra mübahisələndirməklə, qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə tərəfindən iddiaçıya buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edilməsi üçün hüquqi yardım göstərilmiş, lakin iddiaçı müvafiq ərizəni təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə onu da qeyd edir ki, iddiaçı, əliliyinin qiymətləndirilməsi üçün yenidən göndəriş verilməsi üçün həkim-məsləhət komissiyasına müraciət edə, verilən göndəriş əsasında əlilliyi qiymətləndirilməklə qəbul edilən qərarla razılaşmadıqda qərarı aldığı tarixdən 30 gün müddətində müvafiq iddia ilə inzibati məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 24, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər.
Hakim: Səlma Qənbərova