Məhkəmə qərarları › İş №2-1(112)-14051/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14051/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14051/2025 24.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Üçüncü şəxsin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti və Elm və Təhsil Nazirliyi) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 19) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ********** nömrəli, xx.xx.2025-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 82F (yeni qaydalarla: Babək prospekti, 509) ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, müvafiq daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair iddiaçının adına icarə müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməyi məqsədəuyğundur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında yaranmış Bakı şəhəri, Nizami r nu, Bəhruz Nuriyev küçəsi 82F,YQVÜ Babək prospekti 509 ünvanda yerləşən ümumi sahəsi 590.60 kv.m. sahəsi olan qeyri-yaşayış binasının və daşınmaz əmlakın yerləşdiyi 0,03 ha torpaq sahəsi üzərində yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yeni mülkiyyətçi İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 82F (Yeni qaydalarla: Babək prospekti, 509 ünvanda yerləşən, ƏMDK DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 04.1 1.2022-ci il tarixdə ( qeydiyyat nömrəsi **********) dövlət qeydiyyatına alınmış Vəkil mülkiyyətində olan qeyri-yaşayış obyekti xx.xx.2025-cı il tarixdə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Alqı-satqı müqaviləsindən göründüyü kimi müqavilə bağlanarkən DƏDRX-dən əldə edilmiş xx.xx.2025-ci il tarixil **********DF0301 nömrəli arayışa istinad edilmişdir və həmin arayışda göstərilir ki, obyekt həbsdə, girovda deyil, özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Satıcı ilə İddiaçı arasında bağlanılmış həmin alqı-satqı müqaviləsinə görə dövrlər büdcəsinə 23.919 manat məbləğində sadələşdirilmiş vergi tutulmuşdur. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçının adına dövlət reyestrindən çıxarış vermək əvəzinə 1 saylı Bakı Ərazinin rəis müavini Farid Həşimovun imzası ilə xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-22824/2025 saylı məktubla “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə istinad edilərək, notariat qaydasında satılmış qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olmuş obyektin altındakı torpaq dövlət mülkiyyətində olan torpaqlar kateqoriyasına aid olduğundan həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi bağlanmalıdır. DƏDRX Bakı şəhər Ərazi İdarəsinin mübahisələndirilən həmin torpaq sahəsinə dair mərhum Məhəmməd Qəniyevin adına verdiyi xx.xx.2009-cu il tarixli Dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarışdan da göründüyü kimi qeyd olunan torpaq sahəsi Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı qərarı və rəy verən orqan BŞİH-nin xx.xx.2007-ci il tarixli Q-37 saylı məktubu əsasında icarə hüququ ilə Bələdiyyə torpağı kimi dövlət qeydiyyatına alınmışdır. Bundan əvvəl isə - qüvvədə olan 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-1157/2017 saylı qərarı, həmin qərarı qüvvədə saxlamış Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-144/2018 saylı qərarı Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayətini təmin etməyən Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2- 1(102)-1185/2018 saylı qərarı və Ali Məhkəmənin son xx.xx.2019-cu il tarixli, 2-1(102) 407/2019 saylı qərarlarına əsasən, daşınmaz əmlak üzərində hüquqlar satıcı Vəkil qohumu X2 adına xx.xx.2019-cu ildə dövlət reyestrində qeydiyyata alınaraq ( qeydiyyat nömrəsi 1********), 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış verilmiş, daha sonra isə Məhəmməd Qəniyev vəfat etdikdən sonra vərəsəlik qaydasında Vəkil adına xx.xx.2022-ci il tarixli ( qeydiyyat nömrəsi **********) dövlət reyestrindən çıxarış verilmişdir. X8, həm də Vəkil adına verilmiş hər iki çıxarışda torpaq sahəsinin mülkiyyət növü - bələdiyyə, istifadə hüququnun növü isə - icarə kimi dövlət qeydiyyatından keşmişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra alıcının adına dövlət reyestrindən çıxarış vermək əvəzinə 1 saylı Bakı Ərazinin rəis müavini Farid Həşimovun imzası ilə xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 22824/2025 saylı məktubla notariat qaydasında satılmış qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, Seriya MA ******* saylı Dövlət reyestrindən çıxarışdan da görünür ki, mübahisələndirilən 300 kv.m.torpaq sahəsi Nizami bələdiyyəsinin mülkiyyətində olan torpaqlara aid olmaqla icarə hüququ ilə mərhum Məhəmməd Qəniyevin istifadəsinə verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının obyektinin altında olan torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara deyil, Nizami Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqlara aid olması Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli rəy məktubu, DTXK-nin Bakı şəhər şöbəsinin xx.xx.2007-ci il tarixli rəy məktubu, DTXK tərəfindən verilmiş xx.xx.2009-cu il tarixi Bələdiyyə tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü ilə Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı, qüvvədə olan Nizami rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi, Yasamal rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi, mübahisələndirilən torpaq sahəsinin Nizami bələdiyyəsinin mülkiyyətində olmasına dair DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli dövlət reyestrindən çıxarışla, 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-4157/2017 saylı qərarı həmin qərarı qüvvədə saxlamış Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)- 144/2018 saylı qərarı, Bakı şəhər Ərazi idarəsinin kassasiya şikayətini təmin etməyən Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-1(102)-1185/2018 saylı və Al Məhkəmənin son xx.xx.2019-cu il tarixli, 2-1(102)-407/2019 saylı qərarları ilə tam təsdiq olunmuşdur. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə yazılı etirazını təqdim edərək bildirmişdir ki, elektron kadastr baza məlumatına əsasən faktiki sahənin 22 kv.m hissəsi cənub tərəfdən Azərbaycan Respublikası Təhsil Nazirliyi T.İsmayılov adına Uşaq Bağçasının ərazisi ilə üst-üstə düşür. Həmçinin sənədlər toplusuna əlavə edilmiş kadastr planının və sənəd üzrə sahənin 6 kv.m hissəsi həmin dövlət əmlakı ilə üst-üstə düşür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxslərin nümayəndələri iddia tələbinə etiraz edərək, onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mülkiyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Nizami rayon məhkəməsinin 2-767/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 12 saylı evin arxasında yerləşən, Nizami Bələdiyyəsi və Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış cizgidə göstərilən 300 kv.m torpaq sahəsinin X2 mülkiyyətinə satılmasına dair müvafiq sənədləşmənin aparılması, eyni zamanda həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir. - İcarəyəverən Bakı şəhər Nizami Bələdiyyəsi ilə X6 arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, icarəyəverən icarə əsasında Nizami rayon, B.Nuriyev küçəsi 12 saylı binanın arxa hissəsində yerləşən, ümumi sahəsi 0.03 ha olan ərazini icarəçi və uzun müddətli 49 il istifadəyə vermiş, icarəçi isə onu qəbul etmişdir. -Bakı şəhər şöbəsinin xx.xx.2007-ci il tarixli, 05/01-418 nömrəli məktubundan görünür ki, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 15 mart tarixli Fərmanına müvafiq olaraq Bakı şəhər sakini X4 ayrılması təklif olunan torpaq sahəsinə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-cı il tarıxli Q-37 saylı məktubunu nəzərə alaraq, Bakı şəhər şöbəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmişdir. Torpaq sahəsi 300 kv.m. ölçüdə olmaqla 6-cı qiymət zonasında yerləşir. -Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2007-ci il tarixli, Q-37 nömrəli məktubundan görünür ki, həmin sahənin 18 kv.m hissəsində 1970-ci ildən ərizəçiyə məxsus dəmir qaraj yerləşdirilmiş və Nizami bələdiyyəsi ilə ərizəçi arasında xx.xx.2006-cı il tarixli icarə müqaviləsi bağlanmışdır. Bakı Şəhər İcra Hakimiyyəti göstərilən ünvandakı 300 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vət. M.R.Qəniyevin mülkiyyətinə satılaraq rəsmiləşdirilməsinə etiraz etməmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Nizami Bələdiyуəsinin 08 saylı xx.xx.2007-ci il tarixli qərarı və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Q-37 saylı xx.xx.2007-ci ıl tarixli məktubu əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 12 saylı binanın arxa hissəsi/ 0.03 ha torpaq sahəsinə X2 icarə hüququ xx.xx.2009-cu ildə 49 il müddətinə qeydə alınmışdır. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli, 372 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 12 saylı binanın arxa hissəsində yerləşən 300 kv.m torpaq sahəsində vətəndaş X1 ilə 2012-2014-cü illərdə inşa edilmiş 2 mərtəbəli, zirzəmili, məişət xidməti obyektinin müstəsna hal kimi mövcud vəziyyətdə istismarına şərti olaraq icazə verilmiş və “Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarına uyğun qaydada müvafiq icazə sənədi hazırlanmışdır. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının 471 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamından görünür ki, X6 tərəfindən ünvan 5 ünvanda 2012-2014-cü illərdə inşa edilmiş məişət-xidmət (qeyri-yaşayış) obyektinin tikintisinə icazə verilmiş hesab edilmiş və tikiti obyektinin mövcud istifadə vəziyyətində istismarına icazə verilmişdir. -2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(82)-4157/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, iddiaçı X4 ünvan 6 ünvanında inşa etdiyi qeyri-yaşayış obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-144/18 nömrəli qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-4157/17 saylı iş üzrə qəbul etdiyi 13 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-407/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2644/2018 saylı qərardadları dəyişdirilmədən saxlanılmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 82F, YQVÜ: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 509 ünvanında yerləşən 590.6 kv.metr qeyri-yaşayış binası X2 mülkiyyətində, həmin qeyriyaşayış sahəsinin yerləşdiyi 0.03 ha torpaq sahəsi isə icarəsindədir. - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş-X2 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 7 ünvanında qeydiyyatda olan Vəkildur və o miras əmlakdan tam hissədə pay almalıdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 82F, YQVÜ: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 509 ünvanında yerləşən 590.6 kv.metr qeyri-yaşayış binası Vəkil mülkiyyətində, həmin qeyriyaşayış sahəsinin yerləşdiyi 0.03 ha torpaq sahəsi isə icarəsindədir. - Satıcı Vəkil ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli AN-İ №1387336 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 82F, YQVÜ: Babək prospekti, 509 ünvanında yerləşən, icarə hüququ əsasında istifadəsindəki, sahəsi 0,03 ha olan torpaq sahəsinin üzərində yerləşəni, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus, ümumi sahəsi 590.6 kv/m olan qeyri-yaşayış binasını alıcının mülkiyyətinə vermişdir. İddiaçı hazırda qeyd edilən sənədlərə istinad edərək, qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. - Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı - Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. - Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. - Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını konkret olaraq müəyyən etmiş, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr bu əsaslardan birinə aid olmuşdur. İşdən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə mübahisəli daşınmaz əmlakı Vəkil onun daşınmaz əmlakın dövlət reyestrindəki qeydinə əsaslanaraq notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında almış, bununla da onun həmin daşınmaz əmlaka sahiblik və istifadə hüququ yaranmışdır. Həmin müqavilə yuxarıda istinad olunan normalara əsasən iddiaçının mübahisəli daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün qanuni əsas olmuş, lakin cavabdeh əsassız olaraq iddia tələbini təmin etməkdən imtina etmişdir. İşdən görünür ki, cavabdeh imtinasını əsasını müvafiq daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair iddiaçının adına icarə müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməməsi, iddiaya etirazının əsasını isə əsasən faktiki sahənin 22 kv.m hissəsi cənub tərəfdən Azərbaycan Respublikası Təhsil Nazirliyi T.İsmayılov adına Uşaq Bağçasının ərazisi ilə, kadastr planının və sənəd üzrə sahənin 6 kv.m hissəsinin həmin dövlət əmlakı ilə üst-üstə düşməsinə istinad etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlilləri əsassızdır. Belə ki, birincisi, satıcı Vəkil adına verilmiş xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, qeyriyaşayış binasının yerləşdiyi 0,03 ha torpaq sahəsinin mülkiyyət növü “bələdiyyə” göstərilmişdir. Belə olan halda aydındır ki, cavabdehin bələdiyyə torpağı kimi qəbul etdiyi torpaq sahəsi ilə bağlı dövlət əmlakının sərəncamçısı Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanmasını tələb etməsi əsassızdır. İkincisi, iddiaçı qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun faktiki vəziyyətinə uyğun deyil, satıcı Vəkil adına qeydə alınmış və hazırda qüvvədə olan qeydlərdə göstərilən rekvizitlərə uyğun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə əsasən: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 64-cü maddəsinə görə: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Məhkəmə qeyd edir ki, reyestrdəki qeyd inzibati akt olmasa da, cavabdeh inzibati orqan kimi Qanunun 1.2-ci maddəsinə əsasən Qanunun 64-cü maddəsində göstərilən qaydada səhv qeydi ləğv edə, dəyişdirə bilər. Lakin işdən cavabdehin belə bir hərəkət etməsi müəyyən edilmir. Belə olan halda aydındır ki, cavabdehin qüvvədə olan qeylərə əsasən həyata keçirilmiş alqı-satqını mübahisələndirməsi, özgəninkiləşdirilmiş hüququn qeydə alınamsından imtina etməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası, notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsini cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı AN-İ №1387336 nömrəli 15 may 2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 82F, YQVÜ: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 509 ünvanında yerləşən 590.6 kv.metr qeyriyaşayış binasına mülkiyyət hüququnun və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 0.03 ha torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar