Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14054/2025 08.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 19) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra -iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7235 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı əsas fəaliyyəti “Kişi geyimlərinin pərakəndə satışı” olmaqla xx.xx.2023-cü il tarixdə ********** saylı şəhadətnamə (VÖEN) ilə vergi uçotuna, xx.xx.2024-cü il tarixində **********5 nömrəli Bildirişlə əlavə dəyər vergisi (ƏDV) qeydiyyatına alınmışdır. Fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, ev Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanında yerləşən mağaza təsərrüfat subyekti (obyekti) kimi xx.xx.2024-cü il tarixində **********-11002 kodla vergi orqanında uçota alınmış, xx.xx.2024-cü il tarixli **********4 nömrəli qeydiyyat vərəqəsinə əsasən “Wizar POS Q2” markalı nəzarət kassa aparatı (NKA) vergi orqanında qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdrəsi tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı-Salyan- Lökbatan dairəvi yolayrıcının qərbi ünvanında yerləşən mağazada “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmamasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməməsinə, topdan satış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməməsinə nəzarət edilməsi məsələsi üzrə” operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı mağazada malların satışı olmamış və eləcə də mağazada hər hansı mal qalığı aşkar edilməmişdir. Bu fakt vergi əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 103982 nömrəli Aktla təsdiq edilmişdir. Lakin yoxlamanın mövzusu üzrə mağazada heç bir qanun pozuntusu halı (halları) aşkar edilmədiyi halda vergi əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli DVX seriyalı 103983 nömrəli Akt tərtib edilərək guya mağazada 3791390,84 manat (ƏDV və ticarət əlavəsi daxil olmaqla) dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı nəticəsinə gəlinmişdir. Mağazada mal satışı və ya hər hansı mal qalığı aşkar edilmədiyi halda vergi əməkdaşları vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq formal olaraq nəzarət tədbirinin mahiyyətinə zidd olaraq akt tərtib etmişlər. Operativ vergi nəzarəti tədbirinin qeyri-obyektiv, qanuna zidd və ədalətsiz olması ilə əlaqədar Vergi Məcəlləsinin 39.5-ci maddəsinin tələblərinə müvafiq olaraq xx.xx.2024-cü il tarixdə etiraz (şikayət) verilərərək xx.xx.2024-cü il tarixli DVX seriyalı 103983 nömrəli Aktın qanuna zidd tərtib edilməsi və bununla bağlı vergi qanunvericiliyinin müvafiq müddəalarının pozulması barədə aidiyyəti dəlillər və sübutlar təqdim edilsə də, cavabdeh tərəfindən həmin sübutlar və dəlillər nəzərə alınmamış və cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7235 nömrəli qərarına əsasən iddiaçı 379139,08 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Lakin qərarın 3-cü bəndində xx.xx.2024-cü il tarixədək 758278,16 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi göstərişi verilmişdir. Həmin uyğunsuzluq həmçinin də qərarın icrası ilə bağlı “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********7236 nömrəli Tələbnamədə də büdcəyə ödənilməli olan məbləğin 758278,16 manat təşkil etməsi kimi qeyd edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, uçotbaza məlumatlarına əsasən, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində iddiaçının təsərrüfat subyektlərinin qeydiyyata alındığı məlum olmuşdur. Vergi orqanlarının mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatlar vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma hallarının olmasını ehtimal etməyə əsas vermiş, fəaliyyəti təhlil edilmiş və operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********2482 və **********2483 nömrəli Qərarlar qəbul edilmişdir. Keçirilən operativ vergi nəzarəti tədbiri zamanı qəbul edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 103982 nömrəli və xx.xx.2024-cü il tarixli DVX seriyalı 104025 nömrəli aktlara əsasən, vergi ödəyicisinin sahibliyində heç bir mal qalığının olmadığı müəyyən edilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə əsasən, xx.xx.2024-cü il tarixində Vergi ödəyicisində keçirilən sonuncu OVN yoxlamasından xx.xx.2024-cü ilə qədər invoys dəyəri 3 150 042,24 manat olan mal idxal edildiyi və elektron qaimə-faktura təqdim etməklə mal satılmadığı müəyyən edilmişdir. Göstərilən hal nəzərə alınaraq, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulmaqla 3.791.390,84 manat məbləğində (ƏDV və 2% ticarət əlavəsi daxil) malın elektron qaimə-faktura təqdim edilmədən ayrı- ayrı vergi ödəyiciləri olan şəxslərə faktiki olaraq topdan qaydada təqdim edildiyi müəyyən edilmiş, bu halı özündə əks etdirən xx.xx.2024-cü il tarixli DVX seriyalı 103983 nömrəli akt tərtib edilmiş. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi sözügedən aktı imzalanmaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Bununla bağlı əlavə olaraq, xx.xx.2024-cü il tarixdə sərbəst akt tərtib edilmişdir. Tərtib edilmiş xx.xx.2024-cü il tarixli DVX seriyalı 103983 nömrəli akt əsasında qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7235 nömrəli qərar ilə iddiaçıya 758.278,16 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 Baş İdarəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışda qeyd etmişdir ki, "İddiaçı fəaliyyətindən tam məlumatlıyam. Qeyd olunan obyektlərdən başqa digər ünvanlarda obyekt yoxdur. Tərəfimizdən hər hansı şirkətə və ya fərdi sahibkara saxlanca mal verilməmişdir və saxlanca mal qəbul edilməmişdir. Malların üzərinə 2 faiz ticarət əlavəsi və 18 faiz ƏDV tətbiq etməklə topdan qaydada satırıq. Obyektin iş rejimi həftənin 5 günü saat 09:00-dan 18: 00-a qədərdir.” İddiaçıya məxsus təsərrüfat subyektlərinin fotoşəkillərinə nəzər yetirdikdə məlum olur ki, obyektlər yalnız anbar tiplidir və pərakəndə ticarətin həyata keçirilməsi üçün lazımi şəraitə malik olmamışdır. Baxmayaraq ki, təsərrüfat subyektlərindən biri, Binə Tm-da yerləşən obyekt mağaza adı ilə vergi orqanında qeydiyyata alınmışdır, lakin pərakəndə ticarətin həyata keçirilməsi üçün heç bir göstəriciyə malik olmamışdır və təyinatı üzrə istifadə edilmədiyi aşkar edilərək yoxlayıcılar tərəfindən sərbəst aktla rəsmiləşdirilmişdir. Ticarət əlavəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə malların üzərinə 2% ticarət əlavəsi tətbiq etməklə satışın həyata keçirilməsi barədə arayış təqdim edilmişdir. İddia ərizəsində qeyd olunmuş mübahisələndirilən qərarın 3-cü bəndi ilə bağlı fikrə münasibətdə bildiririk ki, vergi ödəyicisində təqvim ili ərzində eyni maddə üzrə eyni hala 2-ci dəfə yol verildiyi üçün maliyyə sanksiyası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə uyğun olaraq, 10% yox, 20% ilə hesablanaraq tətbiq edilmişdir. Nəzarət tədbiri zamanı iddiaçının vergi uçotuna alındığı vaxtdan xx.xx.2024-cü il tarixədək olan dövr üzrə nəzarət-kassa aparatı vasitəsilə aparılmış əməliyyatlar barədə hesabata nəzər yetirdikdə görürük ki, çeklərin əksər hissəsi çox qısa zaman aralığı ilə (10-15 saniyə fərqi ilə) mədaxil olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən: Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən: - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********2482 və **********2483 nömrəli qərarlardan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbində yerləşən İddiaçı məxsus olan mağazada və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -- xx.xx.2024-cü il tarixli, KY242184712 nömrəli və KY242184711 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışlardan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat xx.xx.2024-cü il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad olunmuşdur. -- Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2024-cü il tarixli 103982 nömrəli və 104025 saylı aktlardan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Bakı-Salyan- Lökbatan dairəvi yolayrıcının qərbində kişi geyimlərinin pərakəndə satışı həyata keçirilən mağazada və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən obyektdə iddiaçının nümayəndəsinin iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirilmiş, nəticədə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:00-də f/ş İddiaçı məxsus obyektlərdə OVN zamanı mal qalığı aşkar olunmadı. --Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2024-cü il tarixli 103983 nömrəli aktda isə göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən obyektdə iddiaçının iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirilmiş, nəticədə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:15-də 11001 kodlu anbara baxış zamanı dəyəro 3150042,24 manat olan malalrın üzərinə 2% ticarət əlavəsi və 18% ƏDV qoymaqla 3791390,84 manat E-qaimə tətbiq etmədən müxtəlif vergi ödəyicilərinə topdan qaydada təqdim etdiyi aşkar olunmuşdur. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7235 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 379139.08 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2024 tarixədək 758278.16 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İddiaçı hazırda cavabdehin xx.xx.2024-cü il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərarını mübahisələndirir. Həmin qərar Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qəbul edilmişdir, hansı ki, həmin normaya əsasən Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İstinad edilən normadan görünür ki, vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün ödəyici topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malları pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim etməlidir. Vergi Məcəlləsinə əsasən: -maddə 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. - maddə13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən -Bənd 3.5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. -bənd 3.6. Vergi ödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) topdansatış ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsi üçün, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” tərtib edilir. -bənd 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən - bənd 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 1.3.4. ticarət (xidmət) obyekti – ticarət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən, vergiödəyicilərinə mülkiyyət və ya digər əşya hüququ əsasında məxsus olan əmlak. -bənd 3.5. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinə məxsus malların təsərrüfatdaxili hərəkəti (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. -bənd 3.12. Vergiödəyicisi pərakəndə ticarətlə yanaşı, digər fəaliyyət növlərini həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Bu zaman həmin mallar “anbarda olan mallar”, “pərakəndə ticarətdə olan mallar”, “dolu və boş taralar”, “satın alınan məmulatlar”, “kirayə (yolda olan) mallar” və digər təyinatlar üzrə mədaxil edilir. -bənd 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilir. İstinad olunan normalardan görünür ki, malların topdan satışı sahibkarlıq fəaliyyəti məqsədləri üçün mallların alıcıya təqdim edilməsini nəzərdə tutursa, pərakəndə satış son istehlak məqsədi üçün malların alıcıya təqdim edilməsini ehtiva edir. Pərakəndə satış ticarət obyektində, topdan satış isə o cümlədən anbarda həyata keçirilir. İşin hallarından görünür ki, iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyekti ticarət obyekti deyil, anbar təyinatlı olmuş, habelə iddiaçı malların pərakəndə deyil, topdan satışını həyata keçirmişdir. Belə ki, iddiaçı yalınz 1 gün, xx.xx.2024-cü ildə saat 10:56-dan 12:39-a qədər 198 çek üzrə 150.000 manatdan artıq məbləğ malın satılması ilə bağlı nəzarət kassa aparatında əməliyyat apararaq, bunu pərakəndə satış kimi rəsmiləşdirmiş, lakin iddiaçının satdığı məhsulun 1 ədədinin dəyəri, həmçinin həmin gün 12:39-dan sonra heç bir əməliyyatın olmaması nəzərə alındıqda rəsmiləşdirilən çeklərlə malların pərakəndə deyil, topdan satışı aşikar olmuş, bu hal digər tarixlər üzrə də təkrarlanmışdır (xx.xx.2024-cü ildə saat 15:07-16:18 aralığında 205 çek və sair) Bundan əlavə, iddiaçıya məxsus təsərrüfat subyektlərinin fotoşəkillərinə nəzər yetirdikdə məlum olur ki, obyektlər yalnız anbar tiplidir və pərakəndə ticarətin həyata keçirilməsi üçün lazımi şəraitə, heç bir göstəriciyə malik olmamışdır və təyinatı üzrə istifadə edilmədiyi aşkar edilərək yoxlayıcılar tərəfindən sərbəst aktla rəsmiləşdirilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli izahatında təsərrüfat obyektlərində malları topdansatış qaydasında təqdim etdiyini qəbul etmişdir. Məhkəmə qeyd edir ki, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı hüquqi mövqeni nəzərə almaqla məhkəmə qeyd edir ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan yanaşdıqda, məhkəmə cavabdehin hazırki mübahisə üzrə mal qalığı barədə əsas sübut kimi istinad etdiyi iddiaçının nümayəndəsinin izahatını iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab etmir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1950/2022 saylı qərarı). Hazırkı iş materiallarını qeyd olunan konteksdə yoxlayan məhkəmə hesab edir ki, iddiaçının izahatı iş üzrə digər sübutlarla, həmçinin iki gün ərzində iddiaçının kassaya daxil etdiyi əməliyyatların sayı, fəaliyyət göstərdiyi təsərrüfat obyektinin ticarət obyekti deyil, anbar olması kimi faktlarla öz təsdiqini tapır. Belə ki, qanunverici pərakəndə satış zamanı kassaya daxil edilən əməlyyatların həcmi ilə bağlı hər hansı bir tələb müəyyən etməsə də, iddiaçının fəaliyyət göstərdiyi obyektin faktiki vəziyyəti və yerləşmə yeri nəzərə alındıqda, yalınz 1 gün, xx.xx.2024-cü ildə saat 10:56-dan 12:39-a qədər 198 çek üzrə 150.000 manatdan artıq məbləğdə malın pərakəndə ticarət qaydasında satılmasının mümkünlüyü həyatın normal axarına uyğun hesab olunmur. İddia ərizəsindən də görünür ki, iddiaçı mübahisəli qərarın ləğvini tələb edərkən onun topdansatış fəaliyyəti ilə məşğul olmadığına deyil, cavabdeh tərəfindən prosessual normaların pozulmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz. Bundan əlavə, mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. Həmin Məcəllnin 50.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Məhkəmə işin yuxarıda istinad olunan hallarını və maddi hüquq normalarının tələblərini təhlil edərək, belə qənaətə gəlir ki, mübahisəli qərarın qəbulu üçün əsas olmuş hallar iş üzrə təkzib edilmədiyindən, cavabdehin qərarı əsaslı və qanuni olmuşdur və həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-14054/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14054/2025
08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver