Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14077/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 43-cü polis bölməsinə qarşı “tutmanın qanunsuz hesab edilməsi və s.” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 43-cü Polis Bölməsinin rəisinin və əməkdaşlarının məni qanunsuz inzibati tutma hərəkətlərinə hüquqi qiymətin verilməsi barədə; 43-cü polis bölməsinin rəisinin və əməkdaşlarının məcburi şəkildə müvafiq hüquqi biliklər verən kurslara cəlb edilməsi barədə; 43-cü polis bölməsinin rəisinin və əməkdaşlarının gələcəkdə mənə qarşı bu kimi əlverişsiz hərəkətləri etməmələri və ya bu cür hərəkətlərini dayandırmaları barədə; 43-cü polis bölməsinin rəisinin və əməkdaşlarının ümumi hüquqi öhdəlikləri pozmaları nəticəsində mənim və ailə üzvlərimin sağlamlığına vurduqları maddi və qeyri-maddi zərərə görə kompensasiyanın ödənilməsi məqsədilə 5000 (beş min) manat məbləğində pulun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 43-cü polis bölməsindən tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı, İ qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan baş gizir, 14 iyul 2025-ci il tarixində 43-cü Polis Bölməsinə ilkin olaraq “izahat almaq məqsədilə” dəvət olunub. Lakin polis bölməsinə getdikdən dərhal sonra mən zor tətbiq edilməklə qeyri-qanuni şəkildə saxlanılıb. Heç bir əsas və sübut olmadan bölmədə saxlanılaraq 24 saatdan artıq müddətdə azadlıqdan məhrum edildi. 43-cü polis bölməsinin əməkdaşları öz rəislərinin qanunsuz göstərişi ilə onu aldadaraq təkidlə bölməyə dəvət etmiş və dərhal onu inzibati qaydada qanunsuz olaraq tutdular. Barəsində ondan xəbərsiz 43-cü polis bölməsinin sahə inspektoru, polis polkovnik-leytenantı X1 isə inzibati xəta haqqında protokolu qabaqcadan hazırlamış, o tutulan kimi həmin protokolu dərhal imzalamış və növbəti gün məhkəməyə təqdim etmişdir. Halbuki o heç vaxt o sahə müvəkili ilə qarşılaşmamışdı və onun işdən qətiyyən xəbəri olmayıb. Bundan başqa, inzibati qaydada tutulandan sonra hüquqları ona izah olunmadı, vəkillə təmin edilmədi və ya vəkillə təmin olunmaq üçün ona şərait yaradılmadı. Mobil telefonu əlindən alındı, ailə üzvlərilə əlaqə saxlamağı qadağan olundu. Müharibə iştirakçısı və buna görə də 1-ci qrup əlil olmağı barədə və özünü yaxşı hiss etməməyi barədə nə qədər polis əməkdaşlarına bildirsə də, buna məhəl qoymadılar və hətta icazə vermədilər ki, dərmanlarını götürsün. Müvəqqəti saxlama yerində olduğu zamam iki dəfə halı pisləşdi, buna görə də iki gün ərzində iki dəfə təcili tibbi yarıdm polis bölməsinə çağrılmış və yerindəcə müayinə və müalicə olundu, amma yenə də onu buraxmadılar. Saxlanma şəraiti və rəftar qeyri-insani olmuş, ona qarşı mənəvi təzyiqlər göstərilmişdir. O müharibədə aldığı yaralara və travmalara görə müxtəlif xəstəliklərdən əziyyət çəkir, polis əməkdaşları, xüsusən də iyul ayının 14-də tutulduğu gün müvəqqəti saxlama yerində olan zaman içəridə halı pisləşdiyindən kömək istədi. Onu təhqir etdilər. Əməllərində heç bir inzibati xətanın tərkibi olmasa da, 43-cü polis bölməsinin sahə inspektoru, polis polkovnik-leytenantı X1, eləcə də rəhbərliyi və digər əməkdaşları guya onun İXM-nin 510 və 535.1-ci maddələrdəki inzibati xətanı törətdiyini bildirdilər. 15 iyul 2025-ci ildə isə o, heç bir hüquqi əsas olmadan, əməllərində iddia olunan inzibati xətanın tərkibi olmadan Binəqədi Rayon Məhkəməsinə çıxarılıb. Məhkəmə isə əməllərində inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi barədə 3(001)-5076/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. O, məhkəmə zalından dərhal azad edilib. Bu qərar sübut edir ki, saxlanılmağı qanunsuz və əsassız olmuşdur. 43-cü polis bölməsinin sahə inspektoru, polis polkovnik-leytenantı X1, eləcə də materialları məhkəməyə göndərmək üçün imzalayan rəhbər şəxslər və digər polis əməkdaşları nədən belə bir protokol tərtib etdilər, onların məqsədinin nə olduğu ona aydın deyil Bu qanunsuz saxlanma zamanı Bakıda müalicə olunduğu Bona Dea xəstəxanasına gedə bilmədi. Həmin xəstəxanada hal-hazırda travmotoloji, psixoloji, psixiatrik və hemotoloji müalicələr alır. Polisin barəsində tərtib etdiyi inzibati protokol hətta qanunauyğun idisə belə, onu birbaşa məhkəməyə dəvət edə bilərdi. Lakin bilərəkdən ona psixoloji təzyiq göstərmək, ondan qisas almaq məqsədilə onu aldadaraq polis bölməsinə dəvət etmiş və dərhal müvəqqəti saxlama yerində saxlamış, sonra isə protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Qanunsuz saxlanılma nəticəsində vaxtı getdi, müalicəsi 2 gün ləngidi, bu, əsəblərinə çox pis təsir etdi, özünü təhqir olunmuş və alçaldılmış hesab etdi, ailəsinə və ona ciddi mənəvi zərər dəydi. Həyat yoldaşı epilepsiya xəstəsi olduğundan onun iki gün ərzində itkin düşməyilə bağlı ağır stress keçirmiş və səhhəti pisləşmişdir. Anası - İİ qrup əlil, Atası - İ qrup əlil olduğundan onun harada olduğu barədə heç bir məlumat ala bilmədikləri üçün ağır psixoloji gərginlik və narahatlıq keçirmişlər. Onların səhhətləri ilə bağlı tibbi sənədlər ərizəyə əlavə olunur. O - Qarabağ döyüşlərində iştirak etmiş, sağlamlığını bu dövlətə fəda etmiş şəxs kimi belə bir rəftarla qarşılaşmağı özünə və ailəsinə qarşı ağır təhqir hesab edir. Onun hüquqları Azərbaycan Respublikası Konstitusiyasının 46, 60 və 71-ci maddələri, İnzibati Xətalar Məcəlləsinin 91-93-cü maddələri, İnzibati Prosessual Məcəllənin 2.2.4, 34.1, 34.2 və 50-ci maddələri, habelə Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması) və 13-cü (effektiv müdafiə vasitələri) maddələri ilə qorunur.
II. İddianın mümkünlüyü
3. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
4. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
6. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
7. “İnzibati icraat haqqında” Qanunun: 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 3.2-1. Ələt azad iqtisadi zonasında inzibati icraatın həyata keçirilməsi “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər.
8. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 04, 7.2-ci bənd).
9. İnzibati Xətalar Məcəlləsindən: Maddə 36. Vurulmuş zərərin əvəzinin ödənilməsi 36.3. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir.
10. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).
11. Məhkəmə qeyd edir ki, tələb polisin inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə bağlı olduğundan inzibati məhkəmə həmin işə baxmağa səlahiyyətli deyildir.
12. Odur ki, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə (Binəqədi rayon məhkəməsinə) müraciət etmək hüququ izah olunur.
13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva