Məhkəmə qərarları › İş №2-1(112)-1408/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1408/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1408/2020 05.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin nümayəndəsi- X2 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra mətndə DSMF Bakı şəhəri Xətai rayon şöbəsi) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, onun 03.08.1976-cı ildən etibarən 06.09.2018-ci il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilməklə, əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03.08.1976-cı ildən hazırki vaxtadək (2019-cu ilədək) işləmişdir. İşlədiyi illər müxtəlif müəssisələri əhatə edir. Bu barədə əmək kitabçasında işə daxil olma və işdən azad olma qeydləri aparılmışdır. 03.08.1976-cı il tarixdə 117 saylı əmrə əsasən “Cəbrayıl rayonu Kolxozlararası tikinti idarəsi”ndə çilingər vəzifəsinə işə daxil olmuşdur. 28.03.1977-ci il tarixdə 45 saylı əmrə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. 25.03.1977-ci il tarixdə 56/p saylı əmrə əsasən “Xüsusi Avtosamasval Bazası”nda 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmişdir. 22.05.1977-ci ildə 96/p saylı əmrə əsasən işdən azad olunmuşdur. 14.06.1977-ci il tarixdə 87 saylı əmrə əsasən “Cəbrayıl rayonu Kolxozlararası tikinti idarəsi”ndə fəhlə vəzifəsinə işə qəbul olunmuş, həminvaxtlarda idarədə fərqli-fərqli vəzifələrə keçirilmiş, 12.10.1994-cü il tarixdə 140 saylı əmrə əsasən işdən öz xahişi ilə azad edilmişdir. 19.07.1998-ci il tarixdə 5 saylı əmrə əsasən 27 saylı “İxtisaslaşdırılmış Tikinti İdarəsi”nə sürücü vəzifəsinə işə qəbul olunmuş, 27.07.2005-ci il tarixdə 2 saylı əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 29.10.2007-ci il tarixdə 846 saylı əmrə əsasən "xxxx" Sənaye MMC-nin Nəqliyyat Departamentində sürücü vəzifəsinə qəbul olunmuş, 05.01.2009-cu il tarixdə 25 saylı əmrə əsasən işdən azad olunmuşdur. 06.09.2018-ci il tarixli 30 saylı əmrə əsasən “Taleh A.T.” müəssisəsinə sürücü vəzifəsinə işə qəbul olunmuş, 26.09.2018-ci il tarixdə 33 saylı əmrə əsasən işdən azad olunmuşdur. 17.01.2019-cu il tarixdə “Taleh A.T.” (asvaltzavod) müəssisəsinə sürücü vəzifəsinə qəbul olunmuş və hal-hazıradək orada işləyir. Göründüyü kimi işlədiyi illər əmək pensiyasının alınması üçün kifayət qədər əsaslı olması olduğundan, DSMF Bakı şəhəri Xətai rayon şöbəsinə rəsmi müraciət etmiş, müraciətinə 25.04.2019-cu il tarixli **********0 saylı cavab məktubu ilə imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair 12.02.2020-ci il tarixli etirazda göstərmişdir ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları 01.01.2006-cı ildən “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğdən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. Müraciətçinin 01.01.1992-ci ildən 12.10.1994-cü ilədək İstehsal Kooperativində və 16.07.1998-ci ildən 27.07.2005-ci ilədək 27 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində iş stajını yerində qarşılıqlı yoxamaq mümkün olmadığından vətəndaşın 01.01.1992-ci ilədək ümumi əmək stajı 18 il 3 ay 5 gün təşkil edir və 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək fərdi hesabının sığorta hissəsində tələb olunan kapitalı olmadığı üçün əmək pensiyası hüququ yoxdur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdeh DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin nümayəndəsi- X4 iddianı qəbul etməyərək, etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarında olan: - Saatlı rayon polis şöbəsi tərəfindən 15.02.2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci ildə Cəbrayıl rayonu, Əmirvarlı kəndində doğulmuş Babayev X3 rayonu, Əmirvarlı kəndində qeydiyyatdadır. - məhkəməyə təqdim olunmuş iddiaçıya aid pensiya işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayonu MKTB 2 saylı MKİS tərəfindən verilmiş 133 №li 19.04.2019-cu il tarixli arayışın təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cəbrayıl rayonundan məcburi köçkün İddiaçı Bakı şəhəri, Zığ yolu-1 ünvanında “Təmizləyici Qurğular PB”-da qeydiyyatsız yaşayır. NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 01.05.1974-cü il tarixdən 17.05.1976cı il tarixədək həqiqi hərbi xidmət keçmiş və 26.05.1976-cı ildə RHK-da qeydiyyata alınmışdır. - İddiaçı məxsus 28 mart 1977-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, o, 03.08.1976-cı ildə Cəbrayıl Kolxozlararası Tikinti idarəsində 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 25.03.1977-ci ildə işdən azad edilmişdir. 25.03.1977-ci ildə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyi Xüsusiləşdirilmiş özüboşaldan avtomobillər bazasında 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, 22.05.1977-ci ildə işdən azad olunmuşdur. 14.06.1977-ci ildə Cəbrayıl Kolxozlararası Tikinti idarəsində fəhlə vəzifəsinə qəbul edilmiş, 22.11.1977-ci ildə usta, 18.05.1978-ci ildə bənna, 15.06.1984-cü ildə 66 №li t/arası mexanikləşdirilmiş səyyar dəstəyəsürücü vəzifəsinə təyin olunmuş, 04.01.1987-ci ildə Təsərrüfatlararası tikinti idarəsi 66 №li TMSD-yə keçirilmiş, 01.06.1987-ci ildə 6 №li trestin ATP-6 ya keçirilmiş, 28.01.1988-ci ildə “Avtonəqliyyat müəssisəsi-6” 6 saylı Trestin “Aqromtikinti”nin 66 saylı Kolxozlararası mexanikləşdirilmiş səyyar dəstəyə keçirilmiş, 01.02.1988-ci ildə 66 №-li TSMD Fizuli ATP-6-nin 12 №-li 28 yanvar 1988-ci il tarixli əmrinə əsasən 66 №-li TSMD-nin sərəncamına keçirilmiş, 01.11.1990-cı ildə ZİL 555 markalı 81-09 AJK №-li avtomaşın “İstehsal” Kooperativinin sərəncamına keçirilmiş, 01.11.1990-cı ildə Zil 555 markalı 81-09 AJK №-li avtomobil şin “istehsal” kooperativinə qəbul edilmiş, 12.10.1994cü il tarixdə işdən azad edilmişdir. 16.07.1998-ci ildə 27 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinə sürücü vəzifəsinə işə qəbul edilmişdir. 27.07.2005-ci ildə işdən azad edilmişdir. 29.10.2007-ci il tarixdə “X6” MMC-nin Nəqliyyat Departamentinə sürücü vəzifəsinə qəbul edilmişdir. 30.06.2008-ci ildə təsisçinin qərarına əsasən təşkilatın hüquqi formasını dəyişdirilməsi ilə əlaqədar cəmiyyət “X6” ASC-yə çevrilmişdir. 05.01.2009-cu ildə Azərbaycan Respublikası ƏM-nin 68 “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 06.09.2018-ci ildən 26.09.2018-ci il tarixədək “Taleh-A.T” müəssisəsində sürücü vəzifəsinə çalışmışdır. İddiaçının müraciətinə cavab olaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 25.04.2019-cu il tarixli **********0 №li imtina məktubunda sonuncuya bildirilmişdir ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları 01.01.2006-cı ildən “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğdən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. Müraciətçinin tələb olunan iş stajını yerində qarşılıqlı yoxamaq mümkün olmadığından ərizəni təmin etmək mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - "xxxx" ASC tərəfindən verilmiş 03-01/656 №li 14.10.2019-cu il tarixli məktubla məhkəməyə göndərilmiş İddiaçı işə qəbul və işdən azad olunmasına dairəmrlərdən və B3 formasından müəyyən olunur ki, həmin cəmiyyətin 29.10.2007-ci il tarixli 846 №li əmri ilə sonuncu 29 oktyabr 2007-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə, əmək müqaviləsinə əsasən 3 (üç) ay sınaq müddəti ilə Nəqliyyat, Mexanizasiya və Logistika Departamentinin Kamaz dəstəsinə “sürücü” vəzifəsinə təyin edilmiş və 05.01.2009-cu il tarixli 23 №li əmrə əsasən 05.01.2009-cu il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. - “TALEH-A.T” müəssisəsi tərəfindən verilmiş 36 №li 23.09.2019-cu il tarixli məktubda İddiaçı həmin müəssisədə 17.01.2019-cu il tarixdən 04 saylı əmrə əsasən sürücü vəzifəsinə işə qəbul edildiyi və məktub verilən tarixədək müəssisədə sürücü vəzifəsində çalışdığı bildirilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 24.02.2020-ci il tarixli 157 №-li cavab məktubunda göstərilmişdirki, Bakı Baş Tikinti İdarəsi 27 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsinin 1998- 2005-ci illərə dair və “Azərsənayetikinti” Respublika Kooperativi Dövlət Birliyi 96 №-li t/arası mexanikləşdirilmiş dəstə “İstehsal” kooperativinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 28.02.20202-ci il tarixli 5/441 nömrəli cavab məktubunda sorğuda qeyd olunan “Azərsənayetikinti” Respublika Kooperativi Dövlət Birliyinin 96 №-li t/arası mexanikləşdirilmiş dəstə “İstehsal” kooperativinin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməməsi qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin 18.05.2020ci il tarixli **********3 nömrəli məktubu ilə sorğuya cavab olaraq "xxxx" ASC-nin 2007-2009cu illər üzrə “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə İddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları məhkəməyə təqdim edilmişdir: 01.10.2007-01.01.2009; hesablanmış əmək haqqı 1.677,00 manat; ödənilmiş məcburi dövlət sosial sığorta haqları 390,68 manat. Məktubda bildirilmişdir ki, "xxxx" ASC tərəfindən 2009-cu üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda sığortaolunan, İddiaçı məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi”nin “Sığorta AS (hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. - Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 03 iyul 2020-ci il tarixli **********163900 №li məktubda göstərilmişdir ki, idarədə olan reyestrdə “Cəbrayıl rayonu kolxozlararası tikinti idarəsi” və “27 saylı İxtisaslaşdırılmış tikinti idarəsi” adlı kommersiya qurumları aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının sığorta stajının 01.01.1992-12.10.1994-cu il tarixədək və 16.07.1998- 27.07.2005-ci il tarixədək illərə münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmişdir. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçının 01.01.1992-ci ildən 12.10.1994cu il tarixədək və 16.07.1998-ci il tarixdən 27.07.2005-ci il tarixədək (mübahisələndirilən dövrlər) işlədiyi illərə dair əmək kitabçasında qeyd aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi ( vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Yuxarıda sadalanan işin hallarından müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı il tarixə qədər (iddiaçıya məxsus hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla) 27 (iyirmi yeddi) il 02 (iki) ay 17 (on yeddi) gün iş stajı var. Şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malk olduğunu nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı 01.01.1992-12.10.1994-cü və 16.07.1998-27.07.2005-ci illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar