Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1408/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona əlilliyin təyin edilməsindən imtina olunması barədə qərarının ləğv edilməsi və cavabdehin üzərinə ona əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “əvvəllər keçirilmiş miokard infakt; ÜİX qeyri-stabil gərginlik stenokardiyası; 20.01.2019-cu il tarixdə keçirilmiş kəskin miokard infakt; aortokoronar şuntlu transplantatın olması; aortokoronor şuntlama əməliyyatı; İİİ dərəcə durğunluq ürək çatışmamazlığı; qeyri-stabil stenokardiya - şiddətlənən stenokardiya” diaqnozları üzrə xəstəliklərdən əziyyət çəkir. Onda olan xəstəliklərin faktiki olaraq qrup əlilliyin müəyyən edilməsi üçün əsas olduğundan, bu məqsədlə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tabeliyində yaradılmış tibbi-sosial ekspert komissiyasına müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparan tibbi-sosial ekspert komissiyası əsassız və qanunsuz olaraq 17 dekabr 2020-ci il tarixli qərarla qrup əlilliyin təyin olunmasından imtina etmişdir. İmtina üçün əsas isə komissiya öz qərarında belə qeyd etmişdir: “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: xəstənin 2020-ci ildə müayinə və müalicəsi haqqında heç bir məlumat verilməmişdir”. Qeyd olunanlardan da göründüyü kimi hazırkı rəyi qəbul etmiş tibbi-sosial ekspert komissiyası məsələyə formal yanaşmış və qərəzli olaraq ədalətli rəyin verilməsindən yayınmışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-523/2021 nömrəli, 24.05.2021-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir İnzibati iş 29.06.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 06.05.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona ikinci dərəcə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Balakən Rayon Mərkəzi Xəstəxanasının 13.09.2019-cu il tarixli 0228003AAHBN saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, ÜİX qeyri-stabil gərginlik stenokardiyası. 20.01.2019-cu ildə kəskin miokard infaktı keçirib. Z95.1 Aortokoronar şuntlu transplantatın olması, aorto koronor şuntlama əməliyyatından sonrakı vəziyyət. 21.01.2019. İ50.0 Durğunluq ürək çatmamazlığı, İİİ f.s. İ20.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas diaqnozun fəsadlarını (üç) dəqiqləşdirmək üçün xəstəyə əlavə müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin xəstəxananın 07.02.2020-ci il tarixli 0228003AAHJ0 saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: İ20.0 Qeyri-stabil stenokardiya, Şiddətlənən stenokardiya. Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, 21.01.2019. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, İİİ f.s. Yanaşı xəstəliklər İ25.2 Əvvəllər keçirilən miokard infarktı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicə davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Həmin xəstəxananın 12.11.2020-ci il tarixli 0228003AAH8F saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, Durğunluq ürək çatmamazlığı, İİİ f.s. Aortokoronar şuntlu transplantatın olması, Əvvəllər keçirilən miokard infarktı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin 2020-ci ildə müayinə və müalicəsi haqqında heç bir məlumat verilməmişdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarından müəyyən olunur ki, İddiaçı əlillik vəziyyətinə Balakən Rayon Mərkəzi Xəstəxanasının 05.09.2019-cu il tarixli 0228003AAHBN saylı göndərişi əsasında 13.09.2019-cu il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, ÜİX qeyri-stabil gərginlik stenokardiyası. 20.01.2019-cu ildə kəskin miokard infakti keçirib. Z95.1 Aortokoronar şuntlu transplantatın olması, aorto koronor şuntlama əməliyyatından sonrakı vəziyyət. 21.01.2019. İ50.0 Durğunluq ürək çatmamazlığı, İİİ f.s. İ20.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas, diaqnozun fəsadlarını (üç) dəqiqləşdirmək üçün xəstəyə əlavə müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Balakən Rayon Mərkəzi Xəstəxanasının 22.01.2020-ci il tarixli 0228003AAHJ0 saylı göndərişi əsasında 07.02.2020-ci il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: İ20.0 Qeyri-stabil stenokardiya, Şiddətlənən stenokardiya. Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, 21.01.2019. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, İİİ f.s. Yanaşı xəstəliklər İ25.2 Əvvəllər keçirilən miokard infarktı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicə davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Balakən Rayon Mərkəzi Xəstəxanasının 02.11.2020-ci il tarixli 0228003AAH8F saylı göndərişi əsasında 12.11.2020-ci il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, Durğunluq ürək çatmamazlığı, İİİ f.s. Aortokoronar şuntlu transplantatın olması, Əvvəllər keçirilən miokard infarktı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin 2020-ci ildə müayinə və müalicəsi haqqında heç bir məlumat verilməmişdir”. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 16.12.2021-ci il tarixli 0256003AAN2H saylı göndərişi əsasında 16.12.2021-ci il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Əsas diaqnoz: İ20.8 - stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS. Ağırlaşma => İ25.2 əvvəllər keçirilən miokard infarktı, infaktdan sonrakı kardioskleroz, Ağırlaşma => İ50.0 durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%, Ağırlaşma => İ97.1 ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, 4 damar, Ağırlaşma => Z95.1 Aortokoronar şuntlu transplantatın olması, 2019, Yanaşı xəstəliklər İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: diaqnozun ağırlaşmalarını (üç) təsdiq etmək üçün əlavə müalicə təyin olunur” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7971/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərardadı əsasında Məhkəmə Tibbi-Ekspertiza və X4 tərəfindən verilmiş T 55/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı 16.12.2021-ci il tarixli 0256003AAN2H saylı Forma 88-də qoyulmuş əsas diaqnoz və onun ağırlaşmaları “İ20.8 - stenokardiyanın digər formaları; ürəyin işemik xəstəliyi, stabil gərginlikli stenokardiya İİ FS. Ağırlaşma => İ25.2 əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz. Ağırlaşma => İ50.0 durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%. Ağırlaşma => İ97.1 ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, 4 damar. Ağırlaşma => Z95.1 aortokoronar şuntlu transplantatın olması 2019” aparılmış kliniki, instrumental müayinələrin əsasında müəyyən edilmiş və 08.02.2022-ci il tarixdə “X7”də Exo-KQ müayinədə həmin diaqnoz bir daha təsdiq edilmişdir. Qeyd edilən xəstəliklər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşsə də, onun əlilliyin qiymətləndirilməsi ilk dəfə olduğu üçün Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə Tibbi-Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilmə qaydası”nın 1.5.1-ci müddəasının (şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması) tələbləri nəzərə alınmalıdır. Göndərişin tərtib olunması zamanı bu müddəanın tələbləri nəzərə alınmadığı üçün ona əlillik dərəcəsi təyin edilməsinə əsas vermir. Həmin xəstəliklərin reabilitasiyası aparılmış müalicənin effektliliyindən asılıdır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı barəsində Balakən Rayon Mərkəzi Xəstəxanası və Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən tibbi göndərişlər göndərilmiş, cavabdeh təqdim edilmiş tibbi göndərişin natamam doldurulması, əlavə müalicəyə ehtiyacın olması əsasları ilə əlillik dərəcəsinin təyinatından imtina etmişdir. Hazırkı iddiasında iddiaçı əllillik dərəcəsinin təyin olunmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunur ki, 2019-cu ildə infarkt xəstəliyi keçirmiş, bununla əlaqədar X5 Mərkəzində AKŞ əməliyyatı icra olunmuşdur. İddiaçı adına sonuncu dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş 16.12.2021-ci il tarixli 0256003AAN2H saylı göndərişdə qeyd edilmişdir ki, o, 01.01.2019cu il tarixdən xəstədir, xəstəliyin gedişi xroniki olub, 21.01-02.02.2019-cu il tarixlərdə X5 mərkəzində “Z95.1 - aortokoronar şuntlu transplantatın olması” diaqnozu, 26.09- 29.10.2019-cu il və 22.07-06.08.2019-cu il tarixlərdə Balakən RMX-da “İ20.8 stenokardiyanın digər formaları” diaqnozu ilə müayinə və müalicə olunmuş, 25.08.2021-ci il tarixdə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda müayinə olunmuş və “İ20.8 - stenokardiyanın digər formaları” diaqnozu müəyyən edilmişdir. 25.08.2021-ci il: EKQ müayinəsində - AKŞ-2019, sol mədəciyin sistolik ölçüsü genişlənmiş, sistolik funksiya azalmışdır. EF-32% relaksativ tip., Exo-KQ müayinəsində: sol mədəciyin arxa yan divarında koronar qan təchizatının pozulması. Qanda şəkərin müayinəsi, qanın və sidiyin ümumi analizləri laborator müayinələri aparılmışdır. “X1: Əsas diaqnoz: İ20.8 - stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS. Ağırlaşma: İ25.2 Əvvəllər keçirilən miokard infarktı, infaktdan sonrakı kardiskleroz, İ50.0 durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%, Ağırlaşma => İ97.1 ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, 4 damar, Ağırlaşma => Z95.1 aortokoronar şuntlu transplantatın olması, 2019, yanaşı xəstəliklər insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2 qeyd edilmişdir. Məhkəmə ekspertizası zamanı İddiaçı 08.02.2022-ci il tarixdə “X7”in poliklinika şöbəsində müayinəsi keçirilmiş və müayinə nəticəsində rəngli doppler ExoKQ-da-AKŞ- 2019. Aorta divarı sklerotik, LV-dilatasiya. LA-min. Sol mədəcik psevdo-normal tip diastolik disfunksiyası. LV-qlobal sistolik funksiyası aşağı. LVEF-33%. LV-diffuz hipokineziya fonuaşağı bazal orta akinrtik, arxa-orta seqmenti akinetik. PH-yox. İVC-N. MV-AV-fibrotik. AR- 0-İ dər. MR-İ-İİ dər. TR-İ dər. Müayinə zamanı tək-tək ekstrasistolik aritmiya qeyd olunmuşdur. Beləliklə, İddiaçı tibbi sənədlərinə, barəsində KTM-də EXO-KQ instrumental müayinəsi ilə təsdiq edilmişdir ki, o, “stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS, əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%, ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, 4 damar, aortokoronar şuntlu transplantatın olması, insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip 2” diaqnozu müəyyən edilmişdir, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıda aşkar olunan xəstəlik isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: -2.2.1-ci bəndinə görə ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13- İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33). Beləliklə, iddiaçıya qoyulmuş “əsas diaqnoz: İ20.8 - stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS. Ağırlaşma => İ25.2 əvvəllər keçirilən miokard infarktı, infaktdan sonrakı kardiskleroz, İ50.0 durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS EF 32%” qeyd edilən Meyarların 2.2.1-ci bəndinə əsasən ikinci dərəcə əlillik dərəcəsi təyinatına uyğun gəlir. Məhkəmə eyni zamanda cavabdehin 12.11.2020-ci il tarixli imtinasında, eləcə də ekspert rəyində qeyd edilən iddiaçı barəsində son bir il ərzində müalicə olmaması, bununla da əlillik təyinatı üçün müalicə müddətinin az olması dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə Tibbi-Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinin (şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması) tələbləri nəzərə alınmalıdır. Göndərişin tərtib olunması zamanı bu müddəanın tələbləri nəzərə alınmadığı üçün ona əlillik dərəcəsi təyin edilməsinə əsas vermir. Həmin Qaydanın: -1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İş materiallarından görünür ki, iddiaçının ilk dəfə əlillik təyinatı Balakən Rayon Mərkəzi Xəstəxanasının 05.09.2019-cu il tarixli 0228003AAHBN saylı göndərişi əsasında qiymətləndirilmişdir. Həmin göndərişdə iddiaçının ambulator müalicə müddəti 21.01.2019- 20.03.2019, 21.03.2019-29.04.2019, 30.04.2019-28.06.2019-cu il, 29.06.2019-21.07.2019 tarixləri, stasionar müalicə müddəti olaraq isə X5 mərkəzində 21.01.2019-02.02.2019, Balakən Rayon Mərkkəzi Xəstəxanasında 22.07.2019-06.08.2019-cu il tarixləri göstərilmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 16.12.2021-ci il tarixli 0256003AAN2H saylı göndərişində iddiaçının stasionar mülaicə müddəti olaraq isə X5 mərkəzində 21.01.2019-02.02.2019, Bakı Akad. C.M.Abdullayev adına ET Kardiologiya İnstitusunda 25.08.2021-ci il, Balakən rayon mərkkəzi xəsatəxanasında 26.09.2019-29.10.2019-cu il, 22.07.2019-06.08.2019-cu il tarixlərində stasionar müalicədə olduğu göstərilmişdir. Göründüyü kimi iddiaçı barəsində əlilliyin qiymətləndirilməsi üçün tərtib edilmiş ilkin tibbi göndərişdə iddiaçının yuxarıda adıçəkilən Qaydanın tələblərinə uyğun olaraq ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olduğu qeyd edilmişdir. İddiaçı barəsində ümumilikdə ardıcıl olaraq 4 dəfə tərtib edilmiş tibbi göndərişlərdə onun əsas diaqnozunun stenokardiyanın digər formaları; ÜİX stabil gərginlikli stenokardiya İİ FS, əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, durğunluq, ürək çatmamazlığı, ürək çatmamazlığı İİİ FS olduğu göstərilmişdir. Tibbi göndərişlərdə əsas diaqnoz dəyişməmiş, hətta iddiaçıya qoyulmuş diaqnoz sonuncu dəfə məhkəmə ekspertizası zamanı da öz təsdiqini tapmışdır. Başqa sözlə, ilk dəfə tərtib edilən tibbi göndərişdə tələb olunan müalicə müddətinə riayət edildiyi, həmin tibbi göndərişdə imtinanın əsası kimi müddətə deyil, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edildiyi, iddiaçı barəsində tərtib edilmiş sonrakı bütün tibbi göndərişlərdə iddiaçının diaqnozunun dəyişmədiyi, sağlamlıq vəziyyətinin ilkin tibbi göndərişdə olduğu kimi qalması nəzərə alındıqda məhkəmə hesab edir ki, müddətlə bağlı dəlilə istinad etməklə əlillik təyinatından imtina əsaslı hesab edilə bilməz. Başqa sözlə, iddiaçının xəstəliyi dəyişməmiş, qoyulmuş diaqnoz ona aid tibbi sənədlər, ekspert rəyi ilə öz təsdiqini tapmış, ilkin tibbi göndərişdə müalicə müddətinə riayət edilmiş, cavabdeh isə eyni diaqnozlu tibbi göndərişlərə hər dəfə əlavə müalicəyə ehtiyacı var dəlili ilə eyni məzmunlu, əsassız imtinalar vermişdir. Bu halda məhkəmə hesab edir ki, Qaydanın 1.5.1-ci bəndinə əsasən son bir ildə iddiaçı barəsində ambulator və ya stasionar müalicə müddətlərinə dair tələb iddiaçının ziyanına təfsir və tətbiq oluna bilməz. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçı barəsində sonuncu dəfə tərtib edilmiş Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 16.12.2021-ci il tarixli 0256003AAN2H saylı göndərişi əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 16.12.2021-ci il tarixli 0256003AAN2H saylı göndərişi əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1408/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1408/2022
06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver