Məhkəmə qərarları › İş №2-1(112)-14096/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14096/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14096/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «cərimənin ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı «cərimənin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 21 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanında torpaq sahəsini notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə almışdır. 2021-ci ilin dekabr ayında torpaq sahəsində fərdi ev tikintisinə başlamış, evin təmirini 2022-ci ildə başa çatdırmış və həmin vaxtdan evdə yaşayır. Təmir və tikinti prosesi zamanı qazdan istifadəyə ehtiyac olmadığından, qaz istehlakı olmamışdır. 9 dekabr 2012-ci il tarixdə həmin evdə ilk dəfə “kombi” qaz cihazı quraşdırılmışdır. 2 gün sonra təsadüfən müəyyən edilmişdir ki, smart tipli qaz sayğacı sərfiyyatı qeydə almır. İddiaçı bu barədə “Azəriqaz” İB-nin aidiyyəti qurumuna məlumat vermişdir. 13 dekabr 2022-ci il tarixdə “Azəriqaz” İB-nin əməkdaşları smart tipli sayğacı yeni mexaniki sayğacla əvəz etmişlər. Daha sonra Birliyin Yasamal Rayon Satış İdarəsinin ərazi üzrə nəzarətçisi ona 20 aprel 2022-ci il tarixli akt təqdim etmişdir. Akt iddiaçının iştirakı olmadan tərtib olunmuşdur və aktda saycağın düzgün işləməməsi səbəbindən 720 kub.m qaz sərfiyyatı qeyd edilmiş və qarşılığında 86,40 manat cərimə yazılmışdır. İddiaçı bundan sonra “Azəriqaz” İB Bakı şəhəri X1 Departamentinə müraciət edərək, sayğacla bağlı tərtib edilmiş sənədləri və aktları tələb etmişdir. Həmin aktlar 28 iyul 2023-cü il tarixdə Departamentin binasında ona təqdim olunmuşdur. İddiaçı torpaq sahəsini satın aldığı gündən fərdi evin tikintisi və təmiri müddətində qazdan istifadə etməmişdir. İstehlak “kombi” aparatının quraşdırıldığı gündən başlamışdır. Sonradan istehlak olunan qazın dəyəri yeni quraşdırılan mexaniki sayğacın göstəriciləri əsasında ödənilmişdir. Qeyd olunan 720 kub.m qaz sərfiyyat itkisi torpaq sahəsinin əvvəlki sahibinin, yəni əvvəlki abonentin istehlak vərdişlərinə görə hesablanmışdır. Əvvəlki abonentin qaz sərfiyyatı barədə arayışı mövcuddur. Göstərilənlərə əsaslanaraq, “Azəriqaz” İB-nin Bakı X1 Departamenti tərəfindən abonent kimi hazırkı iddiaçıya yazılmış 20 aprel 2023-cü il tarixli 720 kub.m qaz sərfiyyatı itkisinin dəyəri 86,40 manat olan cərimənin ləğv edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) müvafiq müddəalarını rəhbər tutaraq, iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndinə görə qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. İşin məhkəmə araşdırılıması ilə müəyyən edilir ki, hazırkı iddiaçı və cavabdeh arasında iddiaçıya məxsus fərdi yaşayış evinin qaz təchizatı ilə bağlı müqavilə bağlanmışdır, evin qaz təchizatı ilə bağlı sayğac quruşdırılmışdır. İddiaçı cavabdeh tərəfindən ona hesablanmış qaz təchizatı üzrə müvafiq borcu quraşdırılmış sayğacın düzgün işləməməsi ilə əlaqələndirərək borcu mübahisələndirir. Məhkəmənin qənaətinə görə tərəflər arasındakı hazırkı mübhisə mülki müqavilədən yarandığından o, inzibati (publik) deyil, mülki xarakterli qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar