Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1410/2025 11.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinət təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinət təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona - xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı birdəfəlik müavinətin və pul kompensasiyasının verilməsi vəzifəsinin cavabdehin - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.1999-cu ildə 5 yaşında nənəsi tərəfindən uşaq evinə təhvil verilmiş və uşaq evinə verildikdən sonra heç vaxt valideynləri haqqında məlumatı olmamışdır. Kiçik yaşlarından valideyn himayəsindən məhrum olduğu üçün xx.xx.1999-cu ildən xx.xx.2012-ci ilədək ünvan 1 ünvanında yerləşən 3 saylı Uşaq Evində təhsil almış və orada yaşamışdır. Orta məktəbi bitirdikdən sonra Xəzər Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil almaqla yanaşı xx.xx.2012-ci il tarixdən Bakı Metropolitenində gecə növbəsində izoləedici (tunel fəhləsi) peşəsində işləməyə başlamışdır. İşə düzəldikdən təxminən 1 ilə yaxın müddət sonra xx.xx.2012-ci il tarixində öz ərizəsilə uşaq evini tərk edərib kirayə mənzil tutaraq yaşamışdır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq və gənclərin sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 7 noyabr tarixli 179 nömrəli və 2022-ci il 10 iyun tarixli 227 nömrəli Qərarlarına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq və gənclər, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikasının dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinəti almaq üçün Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavadeh tərəfindən əsassız və qanunsuz olaraq müavinətin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmasını xahiş edi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Xəzər Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03/T-6187 №-li arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Xəzər Universitetinin “Jurnalistika” ixtisası üzrə bakalavr pilləsinə əyani formada qəbul olmuş, xx.xx.2017- ci il tarixdə universiteti həmin ixtisas üzrə bitirmiş və ona A № 16394 saylı diplom verilmişdir. Bakı şəhəri Xətai rayonu 3 №-li uşaq evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 55 №-li arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1999 - cu ildə Xətai rayonu 3 saylı uşaq evinə təhvil verilmişdir. Uşaq evində yaşayıb, tərbiyə aldığı müddətdə valideynləri haqqında məlumat olmayıb. xx.xx.2012 - ci ildə 18 yaşı tamam olduqdan sonra öz ərizəsi ilə uşaq evini tərk etmişdir. Müəssisədə valideynləri haqqında məlumat yoxdur. İddiaçı məxsus əmək kitabçasının surətindən müəyyən olunur ki, o, xx.xx.2012-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətində İİİ dərəcə ilə izoləedici vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-S-93821/2024 №-li məktubunda qeyd olunmuşdur ki, “... “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideynlərini itirmiş uşaqlar hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Həmçinin qeyd olunan maddəyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 2022-ci il 10 iyun tarixli 227 nömrəli Qərarına əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq kateqoriyasına aid olmağınız faktı aşkarlanmadığı üçün (təqdim etdiyiniz Bakı şəhəri Xətai rayonu 3 nömrəli Uşaq evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən xx.xx.2012-ci il tarixində uşaq evini tərk etdiyiniz və valideynləriniz sağ olduğu üçün) sizə sözügedən birdəfəlik müavinətin və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır”. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-5/4-13-5155/2024 №-li cavab məktubunda göstərilmişdir ki, valideynləri X1 ilə X2 olan xx.xx.1993-cü il təvəllüdlü İddiaçı, xx.xx.1986cı il təvəllüdlü Tərlan Səfərovun və xx.xx.1991-ci il təvəllüdlü Təranə Səfərovanın doğumu Xətai rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Nəzakət Səfərovanın və Fazil Səfərovun ölümünün qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-29-69/2-902/2025 №-li cavab məktubunda göstərilmişdir ki, Elm və Təhsil Nazirliyi tərəfindən İddiaçı ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzusuna əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin edilməmişdır. TƏTBİQ EDİLƏ HÜQUQ “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun: Maddə 1. valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. ... Maddə 3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlər Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur … Maddə 8. Əmək hüququ üzrə təminatlar ... Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür. Maddə 9. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 188 nömrəli Fərmanı: Bənd 2.3. Həmin qanunun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 179 nömrəli Qərarı: Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə aşağıdakılar qərara alınmışdır: ... valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 19 saylı qərarı ilə 179 nömrəli Qərarının 2-ci hissəsinin dördüncü abzasında "Təhsil xərcləri” sözləri "Sosial müdafiə və sosial təminat” sözləri ilə və "Təhsil Nazirliyinə” sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman birdəfəlik müavinətin, normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya öz arzularına əsasən pul kompensasiyasının verilməsinə dair Təlimatın 1.3-cü bəndinə əsasən birdəfəlik müavinət və avadanlıqlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 yanvar tarixli 19 nömrəli qərarının 2-ci hissəsinə uyğun olaraq, 01 yanvar 2022-ci il tarixindən sonra ilk dəfə işə düzələn valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara və onların arasından olan şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul” Qaydaları Bənd 1.2. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bundan sonra - bakalavrlar) malikdirlər. ... Bənd 6.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə və ya elmi təşkilata təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində və ya elmi təşkilatda qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir. MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə internat məktəbində böyümüş iddiaçıya ilk dəfə işə qəbul olunduğunda orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi tələbi barədədir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 8-ci maddəsinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür. Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il 179 nömrəli qərarının 2-ci bəndinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərin ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunmaları qərara alınmışdır. Yəni, hər iki valideyni onu sosial xidmət müəssisələrindən götürməkdən imtina edən 18 yaşınadək olan şəxs valideyn himayəsindən məhrum olmuş uşaq, valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs sayılır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun tələbinə görə iddiaçının həmin Qanunun təsir dairəsinə düşməsi və müvafiq kateqoriyadan olan şəxslərin dairəsinə daxil olması üçün 18 yaşınadək ya valideynlərini itirməli, ya da valideyn himayəsindən məhrum olması tələb olunur. İşin faktiki hallarından da göründüyü kimi, İddiaçı xx.xx.1999 - cu ildə Xətai rayonu 3 saylı uşaq evinə təhvil verilmiş, uşaq evində yaşayıb, tərbiyə aldığı müddətdə valideynləri haqqında məlumat olmamışdır. İddiaçı xx.xx.2011-ci il tarixdə Xəzər Universitetinin “Jurnalistika” ixtisası üzrə bakalavr pilləsinə əyani formada qəbul olmuş, xx.xx.2017- ci il tarixdə universiteti həmin ixtisas üzrə bitirmişdir.xx.xx.2012 - ci ildə 18 yaşı tamam olduqdan sonra öz ərizəsi ilə uşaq evini tərk etmişdir. Bununla da müəyyən olunur ki, həqiqətən də iddiaçı 18 yaşınadək valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, hər iki valideyni onu sosial xidmət müəssisələrindən götürməkdən imtina edən 18 yaşınadək olan şəxs valideyn himayəsindən məhrum olmuş uşaq, valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs sayılır. Yuxarıda aparılan qiymətləndirməyə görə mübahisələndirilən imtiyazı (orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinət təyin edilməsi) müvafiq statusdan olan ya 18 yaşınadək işləyən uşaqlar, ya da 23 yaşınadək əyani təhsil alan şəxslər almış ola bilər. Belə ki, Xəzər Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03/T-6187 №-li arayışından müəyyən olunur ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Xəzər Universitetinin “Jurnalistika” ixtisası üzrə bakalavr pilləsinə əyani formada qəbul olmuş və xx.xx.2017-ci il tarixdə universiteti həmin ixtisas üzrə bitirmişdir. Nəticə etibarilə, iddiaçı təhsilini fasiləsiz olaraq davam etdirmişdir. Belə ki, iddiaçı ali təhsili müəssisəsidə əyani formada təhsil alan şəxs olduğundan 23 yaşınadək valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs statusunda olmuşdur. Eyni zamanda iddiaçı ilk dəfə işə xx.xx.2012-ci il tarixdə daxil olmuşdur. İddiaçı 1993-cü il təvəllüdlü olmaqla, həmin vaxtda 23 yaşı tamam olmamışdır. Odur ki, məhkəmə cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda valideyn himayəsindən məhrum olmuş uşaqların kateqoriyası müəyyən edilmişdir Həmin kateqoriyadan birinə də valideynləri tərəfindən tərbiyə edilməsindən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina edilmiş uşaqlar daxildir.Göründüyü kimi, iddiaçının valideynləri tərəfindən tərbiyə edilməsindən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina edilmiş şəxs olduğundan, 23 yaşınadək valideyn himayəsindən məhrum olmuş şəxs statusunda olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı fasiləsiz olaraq təhsilini davam etdirməklə, ilk dəfə işə düzələn zaman valideyn himayəsindən məhrum olmuş uşaq və ya valideynlərini itirmiş və yaxud da valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs statusuna malik olduğundan iddianın təmin edilməldir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş 265 manat məbləğində pul kompensasiyası və respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1410/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1410/2025
11.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver