Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1411/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “evə dair mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, tərçüməçi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “evə dair mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Avtomobilçi” b/y-nın 16-cı Cənub küçəsi, 347 saylı bağ sahəsində yerləşən 0,05 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Avtomobilçi” b/y-nın 16-cı Cənub küçəsi, 347 saylı bağ sahəsində yerləşən 0,05 ha torpaq sahəsi 04 may 2016-cı il tarixdən tam mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunmuşdur. Həmin torpaq sahəsində onun tərəfindən qanuni əsaslarla fərdi yaşayış evi tikilmişdir. Onun tərəfindən rəsmi qaydada Pirallahı Rayon İcra Hakimiyyətinə də ərizə ilə müraciət olunmuş və 80 kv. metr sahəsi, hündürlüyü 3,5 metr olan 1 mərtəbəli fərdi yaşayış evinin tikintisi barədə məlumat verilmişdir. Hazırda həmin fərdi yaşayış evinə dair hüquqlarını qeydiyyatdan keçirmək üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh tərəfindən onun adına fərdi yaşayış evinin qeydiyyatdan keçməsindən imtina edilmişdir. Belə ki, səbəb kimi DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş imtina məktubu ilə ona bildirilmişdir ki, torpaq sahəsinin və fərdi yaşayış evinin bir hissəsinin yüksək təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşdiyi qeyd olunmuşdur. Hesab edir ki, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin imtinası tamamilə əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdehin etirazları: Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən göstərilən fərdi yaşayış evinin bir hissəsi yüksək təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m. keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surəti və şəxsiyyət vəsiqəsi üzrə “Elektron məhkəmə sistemi”ndə olan məlumatlardan müəyyən olunur ki, xx.xx.1955-cı ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən İddiaçı adına xx.xx.2016-cı il tarixdə tərtib olunmuş 062608 №li “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən müəyyən olunur ki, qeyd olunan plan və ölçü Bakı şəhər İcra Hakimiyyəti Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.2000-ci il tarixli, 32 №-li protokoldan çıxarışa əsasən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Avtomobilçi” b/y-nın 16-cı Cənub küçəsində yerləşən ümumi sahəsi 0,05 ha olan **********7 reyestr №li 347 saylı bağ torpaq sahəsinə dair tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* №li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin”dən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Avtomobilçi” b/y-nın 16-cı cənub küçəsi, 347 saylı bağ sahəsi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 626 nömrəli reyestr kitabının 59271 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə № ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Avtomobilçi” b/y-nin 16-cı cənub küçəsində 347 saylı bağ sahəsində yerləşən İddiaçı məxsus bağ evinə dair xx.xx.2017-ci il tarixdə "xxxx" MMC tərəfindən tərtib olunmuş və Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş 087659 №-li “X1”nin surətindən müəyyən olunur ki, lahiyələndirilən 2 mərtəbəli bağ evinin tikintisi Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Avtomobilçi” b/y-nın 16-cı cənub küçəsi 347 saylı bağ sahəsi nəzərdə tutulmuşdur. Evin uzunluğu 11.50 metr, eni isə 11.50 metrdir (oxdan oxa uzunluğu 11.10 metr eni 11.10 metrdir). Evin hündürlüyü torpaq səthindən 6.60 metrdir. Kürsülük 1.00 metrdir. 1-ci mərtəbənin hündürlüyü 3.40 metrdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, “Məlumatlandırma icraatı” qaydasında mülkiyyətində olan Pirallahı rayonu, Dübəndi bağ sahəsi ünvanında yerləşən sahəsi 80 kv. metr, hündürlüy 3,5 metr, mərtəbəliliyi 1 olan fərdi yaşayış (bağ) evini inşa etdiyi barədə məlumat vermişdir. İddiaçının hazırki tələbi ilə bağlı müraciətinə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin “Daşınmaz əmlakın üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin və fərdi yaşayış evinin bir hissəsi yüksək təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətiərlə 50 m. keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən; DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********34 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş: - “Avtomobilçi” bağçılıq-bostanlıq yoldaşlıq cəmiyyətinin idarə heyətinin yığıncağının xx.xx.2000-ci il tarixli, 32 №-li protokolundan çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, 16-cı Cənub küçəsində yerləşən 347 №-li sahənin üzvü X4 ərizə ilə müraciət edərək, özünə məxsus sahəni yaxın qohumu və iş yoldaşı İddiaçı daimi istifadədən ötəri verilməsini xahiş etmiş və X3 verilmiş 16-cı Cənub küçəsi 347 №-li sahəyə aid olan bütün sənədlər və üzvlük kitabçası öz qüvvəsini itirmiş hesab edilərək, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivi, “16” Cənub küçəsində yerləşən 347 №-li sahə İddiaçı daimi istifadəsinə verilməsi qərara alınmışdır. - “Avtomobilçi” bağçılıq-bostanlıq yoldaşlıq cəmiyyəti tərəfindən İddiaçı adına verilmiş 053 №li üzvlük kitabçasının surətindən müəyyən olunur ki, qeyd olunan üzvlük kitabçası Bağçılıq cəmiyyəti üzvlərinin 08 iyun 2000-ci il tarixli 32 №li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edlmiş İddiaçı 16-cı cənib küçəsi bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv. metr olan 347 №li bağ sahəsinin 08 iyun 2000-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifad etmək üçün verilməsi ilə bağlı tərtib olunmuşdur. - “Avtomobilçi” bağçılıq-bostanlıq yoldaşlıq cəmiyyəti tərəfindən 053 №li üzvlük kitabçası ilə İddiaçı daimi istifadəsinə verilmiş 347 №li bağa dair torpaq sahəsinin planı tərtib olunmuşdur. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Avtomobilçi” b/y-nin 16-cı cənub küçəsində 347 saylı bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 500 kv. metr, faktiki sahəsi 500 kv. metr, otaqların sayı 2, faktiki 2, tikililərin ümumi sahəsi sənəd üzrə 72.4 kv.metr, faktiki sahəsi 73.8 kv. metr, yaşayış sahəsi sənəd üzrə 40.8 kv.metr, faktiki sahəsi 41.6 kv. metr, köməkçi sahəsi 32.2 kv.metr təşkil edir. Eyni zamanda ərazinin qonşu tərəflərdən 2 tərəfə sərhədinin şərti olduğu, baş planın torpaq sahəsinin koordinatlarına əsasən tərtib edildiyi və həyət tikilisinin üstünün açıq olduğu qeyd olunmuşdur. “Azəriqaz” İB tərəfindən məhkəməyə təqdim olunmuş 14-2-2/2-3654/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhərinin Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Avtomobilçi” b/y-nın 16-cı cənub küçəsi, 347 saylı bağ sahəsində yerləşən 0,05 ha torpaq sahəsinə (koordinatlar: X 40.412216; Y 50.291153) xx.xx.2023-cü il tarixində tərəflərindən baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan 0,05 ha torpaq sahəsinin hüdudları daxilindən Bakı Regional Qaz İstismarı Departamentinə məxsus qaz xətləri keçmir və qaz avadanlıqları mövcud deyildir. Eyni zamanda, torpaq sahəsinin L=20 sm ətrafından “Azəriqaz” İB-yə məxsus 57 mm diametrlik, aşağı təzyiqli, yerüstü qaz xətti və L=36 metr məsafə aralığından 325 mm diametrlik, “Pirallahı-Qala” adlı yüksək təzyiqli, yerüstü magistral qaz xətti keçir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/6070 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 26262/2024 saylı mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsinin qonşu sahə ilə bir hasar daxilində olduğu, ərazidə su hovuzunun inşa olunduğu, yaşayış evindən 42 m. məsafədə 300 mm-lik qaz xəttinin keçdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Avtomobilçi” b/y-nın 16-cı cənub küçəsi, 347 saylı bağ sahəsi ünvanında yerləşən 0.05 ha torpaq sahəsi (********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış) üzərində inşa olunmuş bağ evinin texniki göstəricilərinin iş materiallarında olan layihə sənədlərinə uyğun olduğu müəyyən edilmişdir. “Azəriqaz” İB tərəfindən məhkəməyə təqdim olunmuş 14-2-2/2-3654/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunanlara əsasən, İddiaçı faktiki istifadəsində olan 0,05 ha torpaq sahəsinin hüdudları daxilindən Bakı Regional Qaz Departamentinə məxsus qaz xətləri keçmir və qaz avadanlıqları mövcud olmadığı müəyyən edilmişdir. Torpaq sahəsinin L=20sm ətrafından "Azəriqaz" İB-yə məxsus 57mm diametrlik, aşağı təzyiqli, yerüstü qaz xətti və L=32 metr məsafə aralıdan 325 mm diametrlik, Pirallahı - Qala adlı yüksək təzyiqli, yerüstü magistral xətti keçdiyi müəyyən olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti (75.3.1.); tikinti layihəsi (75.3.2.). Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olubolmaması barədə rəy verilməsini (75.5.1.); bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə-bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini (75.5.2.). Həmin Məcəllənin 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0.10.2-ci bəndində əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati-Prosessual Məcəllə: 58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahəsində müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə yeni inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsindən 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
NƏTİCƏVİ HİSSƏ
İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən RX seriyalı, ******* №-li çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Avtomobilçi” b/y-nın 16-cı Cənub küçəsi, 347 saylı bağ sahəsində 0,05 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair vahid çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev