Məhkəmə qərarları › İş №2-1(112)-1411/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1411/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1411/2025 18.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 saylı qərarı ilə təsdiq olunmuş Qaydaların 2.1-ci bəndini və 4.4-cü bəndini rəhbər tutaraq iş stajının və pensiyasının yenidən hesablanmasını əsassız hesab etməklə, eyni zamanda Azərbaycan Respublikası Qanunlarının yuxarıda qeyd olunan maddələrinin tətbiq olunmasında inzibati orqan rəhbərlərinin hərəkətsizliyi nəticəsində ona maddi (2000 manatdan artıq məbləğdə), o cümlədən mənəvi ziyan dəydiyini, bu səbəbdən inzibati xəta məsuliyyəti yaratdıqlarını nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə uyğun olaraq onlar barədə xüsusi qərardad qəbul edilməklə Mərkəzi Filialın 17 aprel 2024cü il tarixli 3-17-1/2-Q-87324/2024 saylı cavab məktubunu əsassız hesab etməklə onun üzərinə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmaqla yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsinin həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin yanvar ayından etibarən ona yaşa görə pensiya təyin edilərkən xx.xx.2007-xx.xx.2009-cu illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təchizat İşinin Təşkili və İnfrastrukturunun İnkişafı Baş İdarəsinin şöbə rəisi işlədiyi dövr əsassız olaraq dövlət qulluğu stajına daxil edilməmişdir. “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 saylı Qərarının 2.1 və 4.3-cü bəndlərinə əsasən yuxarıda göstərilən və xx.xx.2009-xx.xx.2012-ci illərdə həmin Nazirlikdə Regional Mərkəz rəisi olmaqla rütbə ilə həqiqi hərbi xidmətdə olduğu dövrlərin onun dövlət qulluğu stajına əlavə edilməklə pensiyasının təyin olunduğu gündən yenidən hessablanmasına göstəriş verilməsi barədə inzibati orqana 2024-cü il 04 aprel tarixli yazılı müraciət etmiş və onlardan imtina cavabı almışdır. O, xx xxxx 1955-ci ildə anadan olmuşdur. 2020-ci ilin yanvar ayının 15-də hüququ yarandığı üçün (64 yaş 6 ay) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən 26 il dövlət qulluğu stajı ilə dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə müraicət etmişdir. Hüququnun yarandığı 15 yanvar 2020-ci il tarixindən 24 il 6 ay iş stajı və hesablanmış 2434.60 manat orta aylıq əmək haqqı ilə ona ayda 1911.16 manat məbləğində əmək pensiyası təyin edilişdir. Lakin, sonradan onun pensiyasının məbləği 01 yanvar 2021-ci il tarixindən azaldılaraq 1834.87 manat olmuşdur. Dəfələrlə şifahi və xx.xx.2021-ci ildə rəsmi müraciət edərək pensiyasının məbləğinin necə hesablanması qaydası və məbləğin azaldılmasının səbəbi barədə məlumat verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə ona 15 yanvar 2020-ci il tarixindən etibarən 24 il 6 ay iş stajı ilə 2434.60 manat orta aylıq əmək haqqından 1911.16 manat məbləğində pensiya təyin edilərək ödənildiyi və sonradan araşdırma zamanı onun pensiyasının məbləğinin 1834.87 manat məbləğində müəyyən edildiyi, artıq ödənilmiş 957.31 manat vəsaiin geri qaytarılması barədə tələbi üzrə natamam cavab məktubu almışdır. O, pensiyasının hansı səbəbdən azaldılması, məbləğin dəqiq hesablanmasının açıqlanmasının verilməsi və pensiyasının məbləğinin düzgün hesablanması barədə məlumatla birlikdə 03 may 2021-ci ildə yenidən ƏƏSMN-nə, Nazirliyin tabeliyində olan DSMF-na və DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi və şifahi müraciətlər etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixli **********4 saylı cavab məktubunda ona 24 il 6 ay natamam stajla xx.xx.1991-xx.xx.1996-cı illərə dair əmək haqqı ilə 2337.41 manat orta aylıq əmək haqqından 1834.87 manat pensiya təyin olunması barədə açıqlama verilmişdir. Açıqlamada iş stajının 26 il əvəzinə 24 il 06 ay, orta aylıq əmək əmək haqqı isə 2484.32 manatdır. Pensiyasının məbləği isə 1987.46 manat olmalıdır. Müraciətində xx.xx.1991xx.xx.1996-cı illərə dair 5 illik əmək haqqının nəzərə alınmasını istəsə də, inzibati orqan əsassız olaraq xx.xx.1991-xx.xx.1996-cı illərin əmək haqqından hesablama aparmışdır. 1996-cı ilin oktyabr ayından başqa işə keçməsi ilə əlaqədar ona hesablanaraq ödənilmiş son haqq-hesabı nəzərə almayaraq pensiyasının məbləğindən azaltmışdır. İnzibati orqan tərəfindən səhvv hesablamaları nəzərə çatdırır: iş stajı 26 il olduğu halda 24 il 6 ay götürülmüşdür, xx.xx.1991-xx.xx.1996-cı illər əvəzinə xx.xx.1991-xx.xx.1996-cı illərin əmək haqqından hesablama aparılmışdır, vəzifə maaşına tam iş stajı olduğu üçün 30 faiz əvəzinə 27.5 faiz əlavə hesablanmışdır, mükafatı faktiki 10.2 dəfə olduğu halda 9.9 dəfə götürülmüşdür, 1999-cu ilin oktyabr ayında iş yerini dəyişdiyinə görə heabalnmış son haqq-hesab azaldılaraq nəzərə alınmamışdır. “Dövlət qulluqçularına əmək pensiyalarının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 2-ci bəndinə və qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb edilmiş bütün gəlirlər nəzərə alınır. Son haqq-hesabda məcburi dövlət sosial sığortasına cəlb edildiyi üçün pensiya hesablanan zaman orta aylıq əmək haqqında daxil edilməlidir. Pensiyasının düzgün hesablanması qaydasını təqdim edir: iş stajı – 26 il, xx.xx.1991-xx.xx.1996-cı illərin (60 ay) əmək haqqından hesablanmalı, mükafat - 10.2 dəfə (1991-1.1, 1992- 2, 1993 – 1.6, 1994- 2, 1995 – 2, 1996 – 11.5), son haqq hesab – 2.5 dəfə (298234:12000=2.5) dəfə, ixtisas dərəcəsi (3-cü dərəcəli mütəxəssis) – 55 manat. 15 yanvar 2020-ci il tarixə pensiyasının hesablanması üçün orta aylıq əmək haqqı aşağıdakı kimi müəyyən edilməlidir: əmək haqqı – 1585.00 manat, 30 % əlavə - 475.50 manat, mükafat (10.2 dəfə) – 269.45 manat, ixtisas dərəcəsi – 55 manat. Cəmi aylıq əmək aqqı – 2384.95 manat, son haqq-hesab (2.5 dəfə) - 99.37 (2384.95 × 2.5 : 60) manat. Cəmi orta aylıq əmək haqqı – 2484.32 manat. 15 yanvar 2020-ci il tarixə pensiyasının məbləği – orta aylıq əmək haqqı – 2484.32 × 0.8=1987.46 manat. Hesab edir ki, cavabdehin 17 aprel 2024-cü il tarixli 3-17-1/2-Q- 87324/2024 nömrəli məktubunun əsassız hesab olunması və pensiyasının qanunamüvafiq düzgün hesablanması, yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

3. Sondan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək xx.xx.2007 – xx.xx.2009 və xx.xx.2009 – xx.xx.2012-ci illərdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aparatında işlədiyi dövrlərin dövlət qulluğu stajına daxil edilməsi, pensiyasının 01 oktyabr 1991 – 01 oktyabr 1996-cı illər (60 ay) dövrü üzrə hesablanması, son haqq-hesabın düzgün hesablanmasının təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, “Əmək pensiyaları haqqında” Aəzbraycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununa uyğun olaraq “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” (bundan sonra – Qayda) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərari ilə təsdiq edilmişdir. Belə ki, İddiaçı xx.xx.1978 – xx.xx.1999-cu il və xx.xx.2003 – xx.xx.2005-ci il tarixləri arasındakı dövlər ərzindəki fəaliyyət müddətləri dövlət qulluğu stajı kimi nəzərə alınaraq (24 il 6 ay 11 gün) 15 yanvar 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqusu kimi yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı xx.xx.2007 – xx.xx.2009-cu illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təchizat İşinin Təşkili və İnfrastrukturunun İnkişafı Baş İdarəsində şöbə rəisi vəzifəsində işlədiyi dövrlərin, xx.xx.2009 – xx.xx.2012-ci illərdə həmin nazirlikdə hərbi xidmətdə olduğu dövrlərin “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nə istinad edərək dövlət qulluğu stajına daxil edilməli olduğunu iddia etmişdir. Lakin iddiaçını istinad etdiyi qaydalar dövlət qulluğuun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan dövlət qulluğu stajının həmin əsaslarla yenidən hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyildir. Eyni zamanda “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” isə fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət qulluğundan sonra deyil, əvvəl xidmət keçdiyi müddətin dövlət qulluğu stajına aid edilməsini tənzimləyir. Yəni Qayda pensiyaçılara aid ediləcəyi halda belə iddiaçının qeyd etdiyi fəaliyyət dövrlərini dövlət qulluqçusu kimi qulluq keçdiyi müddətdən sonra olduğundan həmin dövrlərin dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol veriləsi belə tənzimləmənin bütün subyektlərə mnüasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq R.Q.Quranova dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması qanunvericilin tələbləri baxımından mümkün hesab edilmir.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür.

8. İş materiallarına Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş İddiaçı Naxçıvan MR Nazirlər Kabinetində şöbə müdiri vəzifəsində xx.xx.1991 – xx.xx.1996-cı il tarixləri arasındakı işlədiyi dövr ərzində aylar üzrə əmək haqları barədə arxiv çıxarışları, iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surəti və cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubların surətləri əlavə edilmişdir.

9. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-168437/2024 nömrəli məktubla İddiaçı pensiya işinə dair sənədlərin təsiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

10. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən iddiaıya ünvanlanmış 12 avqust 2024-cü il tarixli, 9-3/2-Q-3440-42-672/2024 nömrəli məktubla iddiaçının “2009-2012-ci iləlrdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyndə hərbi rütbə nəzərdə tutulan vəzifədə həqiqi hərbi xidmət müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmamas ilə bağlı” müraciətinə cavab olaraq bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 22.7-1-ci maddəsinə uyğun olaraq dövlət qulluqçusunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə quluq (xidmət) illərinə daxil ediləsi qaydası və şərtləri”nin 2.1.2-ci yarımbəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə nəzərə alınan müddətlərinə Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə əqiqi hərbi xidmət müddəti daxil edilir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət müvafiq ira hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərii həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Qeyd edilənlərə əsasən onun 2009-2012-ci illərdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində hərbi rütbə nəzərdə tutulan vəzifədə həqiqi hərbi xidmət müddəti dövlət qulluğund quluq stajı hesablanarkən nəzərə alınır.

11. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı İnzibati Mhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, PHŞ/32-2022-1603 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı Qəmbər oğlunun “2007-2009-cu illərdə Fövqəldə hallar Nazirliyinin Təchizat işinin təşkil ivə infrastrukturunun inkişafı Baş idarəsinin Təchizat işinin təşkili idarəsininTəşkilati planlaşdırma şöbəsinin rəisi (hərbi qulluqçu hesabına) vəzifəsində işlədiyi müddət müvafiq hərbi rütbə verildiyi halda həmin illər həbri xidmət illərinə hesablanır və dövlət qulluqçusunun dövlət qulluğu stajına daxil edilir.

12. Məhkəmə iclasına dəvət edilmiş mütəxəssis qismində dəvət olmuş Mərkəzi Filialın nümayəndəsi, Pensiya təyinatı departamentinin Əmək haqqı əsasında hesablanan pensiya təyinatı şöbəsiin baş mütəxəssisi öz izahatında bildirdi ki, iddiaçının pensiyası onun arzuladığı 60 ay üzrə hesablandıqda onun pensiyasının məbləğində azalma baş verir. Bu səbəbdən də, həmin dövrlər əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması təxirə salınmışdır. Bununla bağlı müvafiq hesablama cədvəli mütəxəssis tərəfindən məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.3-cü maddə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4-cü maddə xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. 7-ci maddə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

21. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentin 22 dekabr 2006-cı il 499 nömrəli Fərmanı 2.4-cü bənd Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. 3.3-cü maddə Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir.

22. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 4.3-cü bənd Xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə 631 nömrəli Qərara və 4 nömrəli Qərara uyğun həyata keçirilir.

23. 4 nömrəli Qərarın xx.xx.2025-ci il tarixədək qüvvədə olan redaksiyası 2-ci bənd Digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir.

24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə quluq (xidmət) illərinə daxil ediləsi qaydası və şərtləri”ni: 2.1. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə aşağıdakı qulluq (xidmət) müddətləri nəzərə alınır: 2.1.1. rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti; 2.1.2. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti, habelə dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, müddətli həqiqi hərbi xidmət müddəti; ...

26. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərii həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir.

27. “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunu: 30.1. Hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.

28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 6. Bu Məcəllənin şamil edilmədiyi şəxslər Aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir: a) hərbi qulluqçulara; b) məhkəmə hakimlərinə; c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasındayerinə yetirən əcnəbilərə; d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

30. İş materiallarından göründüyü kimi, iddiaçının hazırki iddia tələbini irəli sürməklə çatmaq istədiyi hüquqi nəticələr aşağıdakılardan ibarətdir: 1. xx.xx.2007 – xx.xx.2009 və xx.xx.2009 – xx.xx.2012-ci illərdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aparatında işlədiyi dövrlərin dövlət qulluğu stajına daxil edilməsi; 2. pensiyasının 01 oktyabr 1991 – 01 oktyabr 1996-cı illər (60 ay) dövrü üzrə hesablanması;

3. son haqq-hesabın düzgün hesablanmasının təmin edilməsi.

31. Məhkəmə iddiaçının 1-ci tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

32. İlk öncə, iddiaçıya məxsus əmək kitabçasının 7-9-cü səhifələrindəki qeydlərə əsasən iddiaçı xx.xx.2007 – xx.xx.2009-cu illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təchizat işinin təşkili və infrastrukturunun inkişafı Baş idarəsinin Təchizat işinin təşkili idarəsinin təşkilati-planlaşdırma şöbəsinin rəisi vəzifəsinə (hərbi qulluqçu vəzifəsi hesabına) təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndinə uyğun olaraq öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, iddiaçı sözügedən dövrlərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur qurumunda hərbi rütbə verilmədən (hərbi qulluqçu vəzifəsi hesabına) şöbə rəisi vəzifəsinə təyin edilmişdir və işdən azad edilərkən də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndinə uyğun olaraq vəzifəsindən azad edilmişdir. İddiaçının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən azad edilməsi bu halın doğruluğunu bir daha təsdiq etmişdir (Əmək Məcəlləsinin 6-cı amddəsi). Göründüyü kimi, iddiaçının həmin illərdə sözügedən vəzifədə işləyərkən hərbi rütbəsi olmadığından qeyd edilən illər iddiaçının hərbi xidmət illərinə və bundan sonra dövlət qulluqçusunun dövlət qulluğu stajına daxil edilə bilməz. Odur ki, iddiaçının tələbi həmin hissədə əsassız hesab edilməklə təmin edilməməlidir.

33. İddiaçının əmək kitabçasının 11-ci səhifəsindəki qeydlərdən isə göründüyü kimi, o, xx.xx.2009 – xx.xx.2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində həqiqi hərbi xidmətə qəbul olunmuşdur və həmin illər hazırki Qərarın 24-26-cı bəndlərində sadalanan qanunvericiliyin normalarına əsasən hərbi rütbə nəzərdə tutulan vəzifədə hərbi xidmət müddəti olduğundan iddiaçının dövlət qulluğunda qulluq stajına daxil edilməlidir.

34. Məhkəmə iddiaçının 2-ci və 3-cü tələbinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasına mütəxəssis qismində dəvət olmuş Mərkəzi Filialın nümayəndəsi, Pensiya təyinatı departamentinin Əmək haqqı əsasında hesablanan pensiya təyinatı şöbəsinin baş mütəxəssisinin iştirakı ilə aparılmış hesablama zamanı, o cümlədən, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubun məzmunundan müəyyən edildiyi kimi, iddiaçının əmək pensiyası onun xx.xx.1991-xx.xx.1996-cı il tarixləri arasındakı dövrdə aldığı dövlət məvacibinin orta aylıq məbləğindən hesablanmışdır. Onun əmək pensiyasının məbləğinin indeksləşdirilməsi nəticəsində əmək pensiyasının xx.xx.2025-ci il tarixindən məbləği 2812.3 manat müəyyən edilmişdir. Onun əmək pensiyası hazırki iddia tələbində qeyd edildiyi kimi - 01 oktyabr 1991 – 01 oktyabr 1996-cı illər üzrə hesablanacağı təqdirdə 2784.68 manat (ona hesablanmış son haqq hesab məbləği (0.99 manat) nəzərə alındıqda belə) və ya iddiaçının cavabdehə etdiyi müraciətlərdə qeyd etdiyi xx.xx.1991 – xx.xx.1996-cı illər üzrə hesablanacağı təqdirdə isə 2790.0 manat təşkil edəcəkdir ki, bu halda iddiaçının əmək pensiyasının məbləği aşağı endiriləcəyindən bu tələb iddiaçının hüquqi marağına xidmət etməmiş olacaqdır. Odur ki, iddiaçının tələbi həmin hissələrdə də, əsassız hesab edilməklə təmin edilməməlidir.

35. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

36. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

37. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

38. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

39. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

41. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

44. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı Qəmbər oğlunun xx.xx.2009 – xx.xx.2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təchizat işinin təşkili və infrastrukturunun inkişafı Baş idarəsinin Təchizat işinin təşkili idarəsinin təşkilati-planlaşdırma şöbəsinin rəisi vəzifəsində işlədiyi illərin dövlət qulluğu stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar