Məhkəmə qərarları › İş №2-1(112)-14111/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14111/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14111/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “mənzilə mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 noyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 28 sentyabr 1987-ci il tarixli 225165 №-li Orderə əsasən Bakı şəhəri Xətai rayon X11 İcraiyyə Komitəsinin xx.xx.1987-cı il tarixli, 4 nömrəli qərarı əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s, ev 64, 7 saylı mənzil İddiaçı 3 nəfər ailə üzvü (özü, X4 və X2) ilə birlikdə istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li Arayışı, xx.xx.2024-cü il tarixli arayışına əsasən X8 (xx.xx.2021), X5 (xx.xx.1992), X9 (xx.xx.2019), X2 (xx.xx.1964), X4 (xx.xx.1984) ünvan 1 ünvanda qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil Təsərrüfatı Birliyinin 29 oktyabr 2024-cü il tarixli məktubuna əsasən Suraxanı rayonu, Yeni Günəşli, “AB” yaşayış sahəsi, 64 saylı evin, 7 saylı mənzili dövlət mənzil fonduna məxsus olmaqla 225165 nömrəli, 28 sentyabr 1987-ci il tarixli orderlə İddiaçı verilmişdir. Hal-hazırda sözügedən ünvanda İddiaçı ailə üzvləri ilə birlikdə qeydiyyatdadır və yaşayır. X5, X3 və X1 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə dövlət reyestrindən çıxarış alınmasına etiraz etmirlər. İddiaçı istifadəsində olan mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “... müraciətə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-A-06556/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə keçmiş Orconikidze rayon XDS İK-nın (indiki Suraxanı RİH) arxiv fondu üzrə 1987-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin sənədlərdə İddiaçı barədə heç bir məlumat olmadığı bildirilmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 64, 7 saylı mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində ilkin qeydə alınmaqla çıxarışın onun adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB Dmitriyev adına zavod tərəfindən xx.xx.1987-ci il tarixində 225165 №-li order əsasında istifadəsinə verilmişdir. Qeyd edilən mənzildə o, 1987-ci ildən qeydiyyatdadır. O, ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi mənzildə artıq 37 (otuz yeddi) ildir ki, istifadə edir və yaşayır. Adına tərtib edilmiş orderin Dövlət Arxivində aşkar olunmaması onun günahı deyil. Cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən 28 sentyabr 1987-ci il tarixli 225165 №li Orderə əsasən Bakı şəhəri Xətai rayon X11 İcraiyyə Komitəsinin xx.xx.1987-cı il tarixli, 4 nömrəli qərarı əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s, ev 64, 7 saylı mənzil iddiaçıya 3 nəfər ailə üzvü (özü, X4 və X2) ilə birlikdə istifadəyə verilmişdir. İddiaçının hazırkı tələbi qaldırmaqda hüquqi marağı, istifadəsində olan qeyd olunan mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsidir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilmləlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi adına olan Bakı şəhəri Xətai rayon X11 İcraiyyə Komitəsinin 28 sentyabr 1987-ci il tarixli 225165 №-li Orderini təqdim edir. Cavabdeh arxiv sənədlərində iddiaçı barədə heç bir məlumat olmadığına istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halı əsassız hesab edir. Cavabdehin imtinasından göründüyü kimi, cavabdeh iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin mötəbərliliyini mübahisələndirir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı həmin orderin əslini məhkəmə iclasında təqdim etmiş və orderə baxış keçirilmişdir. Həmçinin orderin notarial qaydada təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir. Qeyd olunmalıdır ki, orderin arxivə təhvil verilməməsi və ya natamam məlumatlar əsasında arxivdə aşkar edilməməsi iddiaçının təqsiri deyil. İş materiallarına əsasən orderin mövcudluğu işdə olan digər sübutlarla təsdiq edilir. Belə ki, təqdim edilən orderdən göründüyü kimi, iddiaçı “Dimitriyev” adına zavodda tokar vəzifəsində işləmiş və 1985-ci ildən mənzil növbəsindədir. İddiaçının həmin zaovdda həqiqətən də işləməsi, əslini məhkəmə iclasında təqdim etdiyi və surəti iş materiallarına əlavə edilən əmək kitabçası ilə təsdiq edilir. İddiaçının həmin zavodda işləməsi və mənzil növbəsinə alınması təsdiq edildiyinə görə, ona mənzilin verilməsi də həmin sübutlar əsasında təsdiq olunur. Digər tərəfdən məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təqdim edilən məktubdan müəyyən edilir ki, iddiaçı və həyat yoldaşı Mehrəngiz Adıgözəlova xx.xx.1987ci ildən həmin mənzildə pasport qeydiyyatına alınmışlar. Həmçinin məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon Mənzil Təsərrüfatı Birliyinin 29 oktyabr 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Suraxanı rayonu, Yeni Günəşli, “AB” yaşayış sahəsi, 64 saylı evin, 7 saylı mənzili dövlət mənzil fonduna məxsus olmaqla 225165 nömrəli, 28 sentyabr 1987-ci il tarixli orderlə İddiaçı verilmişdir. Hal-hazırda sözügedən ünvanda İddiaçı ailə üzvləri ilə birlikdə qeydiyyatdadır və yaşayır. Məktuba orderin surəti və iddiaçının adına açılmış şəxsi hesab vərəqəsi əlavə edilmişdir. Göründüyü kimi, işdə olan yanaşı sübutarla iddiaçıya 1987-ci ildə order əsasında mənzilin verilməsi sübuta yetirilir. İddiaçıya mənzil verilmədiyi halda, onun xx.xx.1987-ci ildən həmin mənzilin pasport qeydiyyatına alınması və həmin tarixdən orada yaşaması ağlabatan deyildir. Odur ki, cavabdenin imtinası əsassızdır və iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 64, 7 saylı mənzilə dair İddiaçı mülkiyyət hüququ dövlət reyestrində ilkin qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar