Məhkəmə qərarları › İş №2-1(112)-14114/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14114/2025

24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14114/2025 24.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və əvvəlki pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və əvvəlki pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 24 noyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1954-cü il təvəllüdlüdür. İddiaçıya xx.xx.2006-cı il tarixindək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən xx.xx.2005-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçının əmək iddiaçının əmək pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği 678,08 manatdan 470,23 manata azaldılmışdır. Yenidən hesablanmanın ödəniş tarixi: xx.xx.2025-ci il tarixdən müddətsiz tarixədək. Qərarın qeyd hissəsində bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş xx.xx.2005-ci il tarixində 3 uşaqlı ana kimi yaşa görə pensiyaya çıxmışdır. Övladlarından birinin (X2) FİN-i İAMAS sistemində görünmədiyindən vətəndaşla (digər övladları ilə) əlaqə saxlanıldı. Araşdırma zamanı məlum oldu ki, adıçəkilən övladın soyadı və ata adı dəyişdirilmişdir. (Talıbova (Dal) Gülşən Fəramus qızı). Övladlığa götürmə ilə bağlı hər hansı rəsmi sənəd təqdim edilməsinin qeyri-mümkün olduğu bildirildi. Bu səbəbdən hüquqyaranma tarixi ümumi şərtlə pensiya yaşına müvafiq olaraq dəyişdirildi və nəticədə xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək artıqvermə aşkar edildi. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 03 mart 2025-ci il tarixli məktubda bildirilmişdir ki, “...Xidməti yoxlama zamanı müəyyən olunmuşdur ki, sizə 3 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin olunmasına baxmayaraq, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemində (İAMAS) övladınız X2 barəsində məlumat aşkar edilməyib. Qeyd olunanlara əsasən sizinlə işçi qaydada əlaqə saxlanılmış, adıçəkilən övladınızın soyad və ata adının dəyişdirildiyini (X7) və övladlığa götürmə barəsində hər hansı sənəd təqdim edə bilməyəcəyinizi bildirmisiniz. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək pensiyanızın aylıq məbləğində artıqödəmə müəyyən edilmişdir. Bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Sözügedən Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Qeyd olunanları nəzərə alaraq, sizə vaxtilə edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanununun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün xx.xx.2025-ci il tarixində saat 15:30da Bakı şəhəri, H.Zərdabi prospekti 80 ünvanında yerləşən X6 (qəbul şöbəsinə) gəlməyiniz və ya yazılı qaydada öz mülahizələrinizi təqdim etməyiniz xahiş olunur. Göstərilən müddət ərzində mülahizələrinizin təqdim edilməməsi barənizdə müvafiq inzibati aktın qəbul edilməsini istisna etmir.” Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/1-Ə-127933/2025 №-li qərarı ilə iddiaçının əmək iddiaçının əmək pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği 470,23 manat təşkil etmişdir. Yenidən hesablanmanın ödəniş tarixi: xx.xx.2025-ci il tarixdən müddətsiz tarixədək. Qərarın qeyd hissəsində bildirilmişdir ki, vətəndaşın təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli, 3-16-5/4-16-6008/2025 nömrəli sənədinə əsasən övladı X2 ilə bağlı İAMAS-da yenidən axtarış edildi, lakin heç bir məlumat tapılmadı. Adı qeyd olunan övladının doğum haqqında şəhadətnaməsini, şəxsiyyəti təsdiq edən sənədi, eləcə də soyadı dəyişibsə soyad dəyişmə ilə bağlı sənəd və ya nikah haqqında şəhadətnaməsini təqdim etdikdən sonra vətəndaşın pensiya işinə yenidən baxıla bilər. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlarının ləğv edilməsi və əvvəlki pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2005-ci il tarixdə 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 2025-ci ilin mart ayının əvvəllərində isə cavabdeh tərəfindən ona xx.xx.2025-ci il tarixdə X6 gəlməyi haqqında bildiriş göndərilmişdir. O, qeyd olunan tarixdə X3muş və orada ona bidirdilər ki, xidməti yoxlama zamanı müəyyən olunmuşdur ki, ona 3 uşaq doğub onları səkkiz yaşınadək tərbiyyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin olunmasına baxmayaraq, “Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemində (İAMAS) övladı X2 barəsində məlumat aşkar edilməyib. Bu səbəbdən də, Qanunun 39.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək onun əmək pensiyasının aylıq məbləğində artıqödəmə müəyyən edilmişdir. O isə Fondun nümayəndəsinə qızı X2 ilə xeyli müddətdir ki, əlaqəsinin olmadığını, onun başqa ölkədə yaşadığını, ad, soyad və ata adının dəyişdirilməsi haqda heç bir məlumatının olmadığını bildirdi. Fond isə ondan qızının hazırda daşıdığı ad, soyad, ata və ana adı haqqında məlumat toplamağı tapşırdı. Qızı ilə uzun müddət münasibəti olmadığı üçün onun özü ilə əlaqə saxlaya bilmədi. Sonra vəkili və nümayəndəsi X8 tərəfindən bu işlə əlaqədar aidiyyəti olan idarələrə müraciət edildi. Lakin həmin idarələr tərəfindən sorğularına müsbət cavab verilməyərək bildirildi ki, qeyd edilən şəxsin doğum haqqında akt qeydində aparılmış düzəlişlərlə bağlı məlumatın əldə edilməsi üçün yalnız şəxs özü və ya həmin şəxsin notariat qaydasında təsdiq olunmuş etibarnaməsi əsasında səlahiyyətli nümayəndəsi iştirak edə bilər. Bir sözlə övladı X1 doğum haqqında akt qeydində aparılmış düzəlişlərlə bağlı məlumatın onun tərəfindən əldə edilməsi mümkünsüzdür. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə ona təyin edilmiş pensiya məbləğinin azaldılmasına, onun pensiyasından tutulmaların aparılmasına səbəb olduğundan onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçıya xx.xx.2005-ci il tarixindən üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra cavabdehin xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçıya ümumi əsaslarla iddiaçıya xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək pensiyası yenidən hesablanmış və pensiya məbləği 678,08 manatdan 470,23 manata azaldılmışdır. Cavabdehin xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği 470,23 manat təşkil etmişdir. Yenidən hesablanmanın səbəbi İnventarizasiya qeyd edilmişdir. Hazırda iddiaçı cavabdehin qərarlarını əsassız hesab edərək ləğv edilməsi, iddiaçının əvvəlki pensiyasının bərpa edilməsi öhdəiyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk növbədə cavabdehin xx.xx.2025-ci il tarixli qərarı ilə bağlı qeyd edir ki, cavabdeh həmin qərarın qəbul edilməsinə əsas olaraq iddiaçınıın övladlarından birinin (X2) FİN-nin İAMAS sistemində görünməməsidir. Buna görə də iddiaçıya təyin çoxuşaqlı ana kimi təyin etdiyi əmək pensiyasını ümumi əsaslarla əmək pensiyası təyin edilməsi ilə dəyişdirmişdir. Məhkəmə tərəfindən qeyd olunan halın araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinə sorğu verilmiş və sorğu əsasında xx.xx.1980-ci il təvəllüdlü X1 doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivində iddiaçının övladı X1 doğum akt qeydi mövcuddur. Həmin akt qeydinin mövcudluğu iddiaçının X2 adlı övladının olmasını təsqidir. İş materiallarından müəyyən edilir ki, iddiaçının həmin övladının başqa ölkədə olmasına, yerinin məlum olmamasına, soyad və ata adının dəyişilməsinə, İAMAS sistemində görünməməsinə istinad edilir. Məhkəmə qeyd edir ki, iddiaçının X1 doğum akt qeydinin olması, onun belə bir övladının həqiqətən də olmasınə təsdiq edir. Şəxsin hazırda yerinin müəyyən edilməməsi, soyad və ata adını dəyişdirməsi, İAMAS sistemində görünməməsi bu faktı inkar etmir. Bundan əlavə cavabdeh irəli sürdüyü dəlilər təsdini tapsa da, yəni iddiaçının X2 adlı övladı olmasa belə, başqa sözlə cavabdehin iddiaçıya xx.xx.2005-ci il tarixindən üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsinə dair qərarı qanunsuz əlverişli inzibati akt sayılsa belə, cavabdeh orqan qanunsuz əlaverişli inzibati aktın ləğv eidlməsi üçün müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3135/2024 №-li Qərarında hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. 38. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər... İddiaçının pensiya işindən görünən odur ki, inzibati orqan ilk dəfə iddiaçıya əsasən xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə yaşa görə əmək pensiyası təyin etmişdir. Cavabdeh inzibati orqan iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə 14 fevral 2025-ci il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında hansı hallara görə 2005-ci ilin iyul ayında qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz 14 fevral 2025-ci il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini qərarda bildirməmişdir. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Cavabdehin dəlillərinə görə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının X2 adlı övladının olmaması elə bir haldır ki, bu hal pensiya təyin edən orqana pensiya təyin edilən zaman məlum ola bilərdi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır. Məhkəmə qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Beləliklə, qanunvericiliyin sadalanan müddəlarını nəzərə alaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ilk dəfə xx.xx.2005-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilməsi bağlı qərarının qanunsuz əlverişli inzibati akt olduğu hesab edildiyi halda belə həmin qərarın qəbul edildiyi vaxtdan 1 (bir) ildən çox müddət (9 ildən artıq) keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmək pensiyasını yenidən hesablaması qanunsuz olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarları ləğv edilsin. İddiaçı əvvəlki pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar