Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14118/2023 07.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı «obyektə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı «obyektə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsindəki 12 ünvanda yerləşən Bakı Şəhər Çörək Ticarət İdarəsinin 25 nömrəli çörək mağazasının əmlakı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 8 iyun 1996-cı il tarixli şəhadətnaməsinə əsasən iddiaçının atası X5 və həmin mağazanın satıcıları X8 və X3. Əmlakın ümumi satış qiyməti 7.658.000 manat məbəlğində dəyərləndirilmişdir. X6 həmin məbləği və dövlət əmlakının alınması nəticəsində dövlət büdcəsinə Beynəlxalq Bankın SBN 315846 nömrəli hesabına 1.953.000 manat məbləğində pul köçürmüş, sonradan həmin mağaza “Emin” firmasına çevirilmişdir. Bakı Şəhər Çörək Ticarət İdarəsinin 25 nömrəli çörək mağazasının çox cüzü bir hissəsi həmin mağazanın satıcıları X8 və X15ma məxsus olmuşdur. X8 2 noyabr 1999-cu il tarixdə “Emin” firmasının direktoru qismində X4 adına aşağıdakı məzmunda ərizə yazmışdır: «”Emin” firmasının təsisçiliyindən çıxmağımla əlaqədar və təsisçilik payımın firmanın direktoru X1 və firmanın diriektoruna, firmaya bundan sonra heç bir tələbimin olmadığını nəzərə alasınız». Həmin ərizə notariat qaydasında təsdiq edilmişdir. X14 da 3 iyun 2000-ci il tarixdə “Emin” firmasının direktoru qismində X4 adına aşağıdakı məzmunda ərizə yazmışdır: «”Emin” firmasının təsisçiliyindən çıxmağımla əlaqədar və təsisçilik payımın firmanın direktoru X1 və firmanın diriektoruna, firmaya bundan sonra heç bir tələbimin olmadığını nəzərə alasınız» Həmin ərizə də notarial qaydada təsdiq edilmişdir. Uzun müddət “Emin” firması kimi fəaliyyət göstərən Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsindəki 12 ünvanda yerləşən Bakı Şəhər Çörək Ticarət İdarəsinin 25 nömrəli çörək mağazasına təkbaşına X6 tərəfindən sahiblik, istifadə və sərəncam hüquqları həyata keçirilmişdir. X6 5 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı 9 saylı Bakı şəhər Notariat Ofisində həmin mağazaya vərəsəlik haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında ona həmin mağazaya 6 may 2022-ci il tarixdə reyestrdən çıxarış verilmişdir. Lakin Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsindəki 12 ünvanda yerləşən Bakı Şəhər Çörək Ticarət İdarəsinin 25 nömrəli çörək mağazasına dair iddiaçıya mənə verilmiş çıxarışda onunla yanaşı X7 və X10 adları formal olaraq qalmışdır. Bu isə, qeyd olunan mağaza üzərində onun (iddiaçının) mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsindəki 12 ünvanda yerləşən qeyri-yaşayış binasının tam mülkiyyət hüququ ilə adına rəsmiləşdirilməsi ilə barədə cavabdeh təşkilata 11 iyul 2023-cü il tarixdə ərizə ilə müraciət etmiş, cavabdeh təşkilatın 8 sentyabr 2023-cü il tarixli 3-21-3-02/2-Q-0692-8/2023 saylı cavabında isə aşağıdakılar qeyd edilmişdir. «ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binasının tam mülkiyyət hüququ ilə oan (ərizəçiyə) məxsus olması barədə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.3-cü maddəsində nəzərdə tutulmuş notariat qaydasında təsdiq edilmiş müqavilə 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunacağı təqdirdə müraciətə qanunvericiliyə uyğun olaraq baxılacaqdır.». İddiaçı hesab edir ki, qeyd olunan qeyri-yaşayış sahəsi ilə əlaqədar notariat qaydasında təsdiq edilmiş müqaviləyə ehtiyac yoxdur. Belə ki, yuxarıda qeyd olunan notariat qaydada təsdiq olunmuş ərizələrdə X8 və X14 qeyri-yaşayış sahəsinin şəxsi mülkiyyət kimi onun adına hüquqi qaydada rəsmiləşdirilməsinə heç bir etirazları yoxdur, çünki onlar qeyri-yaşayış sahəsinin təsisçiliyindən çıxmış və öz paylarını iddiaçının mərhum atası X2, firmanın diriektoruna, firmaya bundan sonra heç bir tələblərinin olmadığını bildirmişlər. İddiaçı cavabdeh təşkilatın 8 avqust 2023-cü il tarixli imtina cavabını poçt vasitəsi ilə 16 avqust 2023-cü il tarixdə almışdır. Göstərilənlərə və İPM-in 2.2.2-ci maddəsinə əsaslanaraq, məhkəmədən ünvan 6 ünvanında yerləşən Bakı Şəhər Çörək Ticarət İdarəsinin 25 nömrəli çörək mağazasının tam mülkiyyət hüququ ilə iddiaçının adına ilkin hüquqi qeydiyyatdan keçirib bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində bildirilir ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 1.3-cü bəndinə əsasən publik hüquqi şəxs bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi publik hüquqi şəxsin ərazi idarələri tərəfindən həyata keçirildiyi üçün iş üzrə cavabdehin əsl cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: - (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 1.3-cü bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi bu nizamnamədə nəzərdə tutulmuş vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Nizamnamənin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə görə həmin İdarə daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtib edilməsi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi sahəsində Bakı şəhəri üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanının 8-ci hissəsinə uyğun olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxsir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-İVQD nömrəli Qanununun tətbiqi və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 182 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri, onların rayon (şəhər) şöbələri, mobil səyyar xidmət bölmələri və “ASAN xidmət” mərkəzlərindəki xidmət bölmələri tərəfindən daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin qəbulu, yoxlanılması və verilməsi prosedurunu tənzimləyir. Qeyd olunmalıdır ki, hazırkı inzibati məhkəmə icraatında iddiaçının tələb etdiyi məsələ cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin deyil, həmin publik hüquqi şəxsin yerli qurumlarının – ərazi idarələrinin səlahiyyətlərinə aiddir və bu qurumlar inzibati icraatl müstəqil inzibati orqan kimi aparırlar. Lakin nəzərə alınmalıdır ki, iddia ərizəsindən və iş materiallarından iddiaçının məhkəmədə hazırkı iddianı qaldırmamışdan əvvəl Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin yerli quruma müraciət etdiyi müəyyən olunmur. Ona görə də məhkəmə iş üzrə cavabdehin dəyişdirilməsini iddiaçıya tövsiyə etməmişdir. Bundan başqa, iddiaçı paylı mülkiyyətdə olan əmlakın (mağazanın) digər payçılara aid hissəsinə iddia edə bilməz. Çünki, digər payçılara aid hissələrlə bağlı notarial qaydada təsdiqlənmiş müqavilə və ya digər müvafiq əsas təqdim edilmədiyndən, onun əmlakın həmin hissəsinə subyektiv hüququ yaranmış olmur. Hazırkı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə gəldikdə isə, məhkəmə belə nəticəyə gəlir ki, həmin cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə və İPM-in 23, 35-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-14118/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14118/2023
07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver