Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14126/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “yaşayış sahəsinə qeydiyyat məsələsi üzrə” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ünvan 1 ünvandan istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəliklə 1990-cı ildən yuxarıda göstərilən ünvanda yaşayır və 2002-ci ildən daimi pasport qeydiyyatındadırlar. Ailəliklə yaşadığı ev 2 mərtəbəlididir. Həmin yaşayış evi əvvəllər başqa millətdən olan şəxsin istifadəsində olmuş, faktiki olaraq onlar həmin evi almışlar və sonradan məhkəmə qaydasında oraya qeydiyyata düşüblər. Cavabdehlərin iddiaçıya ünvana qeydiyyatı formal xarakter daşıyır. Belə ki, onlar ailəliklə qonşuluqda yaşayırlar, ayrıca girişləri olmaqla onlarla heç bir əlaqələri yoxdur, sadəcə olaraq hansı səbəbdənsə onların ünvanda qeydiyyata alınmış, müstəqil və ayrıca təsərrüfat aparırlar. O dəfələrlə onlara irad tutub öz evlərinə qeydiyyata düşmələrini tələb etsə də heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. -28.2-ci maddəsinə görə bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə iddiaçının cavabdeh qismində fiziki şəxslərə qarşı istifadə hüququnun itirilməsi tələbinə dair qaldırdığı iddia mülki hüquq xarakterlidir. Həmçinin, hazırkı işin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanasındakı 605 ünvanında 2 fərdi yaşayış evi yerləşir və hər iki yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlakdır. Giriş-çıxışı ayrı olan iki fərqli fərdi yaşayış evlərindən birində İddiaçı və ailəsi, digərində isə Cavabdeh1 və ailəsi ilə birlikdə yaşayırlar. İddiaçı xx.xx.2002-ci il tarixdən Nərimanov Rayon Məhkəməsinin qətnaməsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanasındakı 605 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmış və iddiaçı həmin qətnamə əsasında sözügedən ünvana qeydiyyata alınmışdır. Üçüncü şəxs Cavabdeh1 xx.xx.2011-ci il, Cavabdeh2 xx.xx.2011-ci il, digər üçüncü şəxslər 2016-cı ildən mübahisəli ünvana qeydiyyata alınmışlar. İddiaçı özü və ailəsi həmin ünvanda qeydiyyatda olmaqla eyni ünvan üzrə qeydiyyatda olan qonşuları üçüncü şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qeydiyyatdan çıxarılması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-1(112)-3985/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə əmlaka olan hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, iddiaçının həmin ünvanda qeydiyyatda olan digər şəxslərdən əmlaka dair hüquqi cəhətdən üstünlüyü olmamaqla bərabər əmlak hüquqlarını müdafiə etmək, o cümlədən ünvan üzrə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməyə subyektiv hüququnun mövcud olmaması, bununla da iddiaçının cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri (subyektiv hüquq) pozulmasını əsaslandıra bilməməsi əsası ilə iddiası mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1803/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3985/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göstərilənlərə əsasən iddiaçının hüquqi marağı nəzərə alınmaqla hazırda qaldırdığı iddia yenidən mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-14126/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14126/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver