Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1413/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndə-vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1609 saylı Sərəncamına əsasən Xaşa- Xuna bağlar sahəsindəki 104 nömrəli Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 114 saylı order əsasında Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 289/6 saylı bağ sahəsinə olan hüquqların mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, qeyd olunan bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1609 saylı Sərəncamına əsasən, Xaşa-Xuna 104 saylı Bağ-Tikinti Kooperativinin nəzdində olmaqla iddiaçının mərhum anası X5 ayrılmışdır. Bu barədə mərhuma 104 saylı BTK tərəfindən 114 saylı order verilmişdir. Bağ sahəsi həmin vaxtdan fasiləsiz olaraq ailənin istifadəsindədir. Ailə tərəfindən orada bağ evi inşa edilmişdir. 09 aprel 2005-ci il tarixdə X8 vəfat etmişdir. Bakı şəhəri 14 saylı Notariat ofisində vərəsəlik işi açılmış, mərhumun vərəsələr dairəsi müəyyən edilmiş və X11 (qardaşı) ilə İddiaçı miras qoyanın vərəsələri olması qeyd edilmişdir. Həmin məktub və bağ sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmişdir. Müraciətə cavab olaraq, verilmiş bildirişdə qeyd olunan bağ sahəsinin digər bağ sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi, həmçinin bağ sahəsinin bir hissəsinin qaz xəttinin mühafizə zolağına düşdüyü səbəb gətirilərək hüquqların dövlət qeydiyyatından imtina edildiyi göstərilmişdir. İddiaçı bu səbəbləri əsassız hesab edərək qeyd etmişdir ki, ümumi hasar daxilində yerləşən ikinci bağ sahəsi mərhum nənəsi X2 ayrılmış 263 saylı bağ sahəsidir ki, həmin sahə də ailənin istifadəsindədir. Nənəsi X6 xx.xx.2012-ci il tarixdə vəfat etmiş, həmin bağ sahəsinə dair vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilərək, iddiaçının xalası X1 vərəsə olmasına dair məlumat məktubu verilmişdir. Sonradan xalası X7 da vəfat etdiyindən, onun da vərəsələri iddiaçı ilə onun qardaşı Kamaldır. Hər iki bağ sahəsi ümumi olaraq ayrıldığı tarixdən fasiləsiz şəkildə ailələrinin istifadəsində olmuşdur. Qaz xəttinin mühafizəsinə düşən sahə mərhum nənəsi X2 ayrılmış olan 263 saylı bağ sahəsidir. Bağ sahələri qaz xəttinə nisbətdə arxa-arxaya yerləşdiyindən, X2 ayrılmış olan 263 saylı bağ sahəsi mühafizə zolağına daha yaxındır. X5 ayrılmış 289/6 saylı bağ sahəsinin isə qaz xəttinin mühafizə zolağına düşdüyünə dair cavabdeh təşklatın göstərdikləri həqiqətə uyğun deyil. Müəyyən müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə yenidən cavabdeh təşkilata ********** saylı ərizə ilə müraciət edilmişdir. Belə ki, ilk dəfə hər iki bağ sahəsi lə bağlı müraciət etdiyindən hesab etmişdir ki, qaz xəttinin mühafizəsinə düşmə ilə bağlı 263 saylı bağ sahəsinə dair olan imtina səbəblərini, hər iki bağ sahəsinin ümumi hasar daxilində olması və hər ikisinə dair eyni vaxtda müraciət etdiyi səbəbindən hər iki müraciətə aid olan imtina əsasları 289/6 saylı bağ sahəsinə dair cavabda da qeyd edilmişdir. Lakin, xx.xx.2022-ci il tarixli **********98 saylı cavab məktubu ilə həmin imtina əsasları sadalanmaqla yanaşı üçüncü imtina əsası olaraq, verilmiş orderin arxiv nüsxəsinin idarənin arxivində aşkar edilməməsi cavaba əlavə edilmişdir. 31 yanvar 2024-cü il tarixdə üçüncü dəfə ********* saylı ərizə ilə cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir. Bu dəfə də ərizəyə xx.xx.2024-cü il tarixli **********36 saylı məktubla cavab verilərək, qeyd olunan məsələ ilə bağlı müraciətə **********98 saylı xx.xx.2022-ci il tarixli məktubla cavab verildiyi göstərildi. Belə olan halda pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən ümumi sahənin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 263 saylı bağın ərazisinə uyğun gəlir. Həmçinin, ümumi torpaq sahəsinin 889 kv.m hissəsi qaz xəttinin mühafizəsi zonasında yerləşir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili verdiyi izahatında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2024-cü il mətublardan görünür ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. -AZ-İİ №178067 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 09 aprel 2005-ci ildə ölmüşdür. -Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş 07 iyun 2021-ci il tarixli 1706 nömrəli məktubda X9 və İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən İddiaçı ünvanlanan Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1609 nömrəli sərəncamından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında (bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1993-cü il tarixli, 53 nömrəli protokolu)”na əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195 nömrəli Qətnaməsinə əsasən X5 Xaşa-Xuna bağ massivindən yerləşən 104 nömrəli BTK-dan bağ sahəsi ayrılmışdır. (Əsas: Fond-478, siyahı 1, saxlama vahidi-117.). -Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar təsərrüfatı İdarəsinin Xaşa-Xuna bağlar sahəsindəki 104 nömrəli kooperativ tərəfindən verilmiş 114 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993cü il tarixli, 1609 nömrəli qərarına əsasən X5 Xaşa-Xuna bağlar sahəsində 104 №li BTKnın nəzdində 0,12 hektar torpaq sahəsi olan 289/6 nömrəli bağ sahəsi ayrılmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1609 saylı qərarına uyğun olaraq 104 №li BTK tərəfindən verilmiş 114 nömrəli order üzrə Xaşa-Xuna bağlar sahəsində ona ayrılmış 0,12 ha sahəsi olan 289/6 nömrəli bağ sahəsinə dair hüququn vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsindən ibarətdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin: -3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; -3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aiddir. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının istinad etdiyi Bakı şəhər İcra Hakimiyyətinin 03 sentyabr 1993-cü il tarixli 1609 nömrəli sərəncamı əsasında 104 №li BTK-dan 0,12 ha sahəsi olan 286/6 saylı bağ sahəsinin iddiaçının mərhum anasının adına ayrılmasına dair 114 nömrəli order yuxarıda göstərilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, orderin verilməsi üçün əsas olmuş sərəncamın arxiv əsası mövcuddur, həmçinin sərəncamın və ya orderin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə aşağıdakıları bildirir. Bağlar Təsərrüfatı İdarəsi tərəfindən iddiaçının mərhum anası X5 289/6 saylı bağ sahəsinin ayrılmasına dair 114 nömrəli orderin olmaması iş üzrə mübahisəli hal deyil. Həmin orderin nüsxəsinin cavabdeh qurumun arxivində aşkar edilməməsi isə iddiaçının məsuliyyət dairəsinə aid olmadığından onun üçün məhdudlaşdırıcı nəticələr doğura bilməz. Belə ki, orderin notarial qaydada təsdiq edilmiş surəti və yuxarıda vurğulandığı kimi, verilməsi üçün əsas olmuş sərəncam mövcuddur. Qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(102)-1612/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hüquqmüəyyənedici sənədin cavabdehin arxivində aşkar edilməməsi formal əsas qismində qiymətləndirilmiş və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair aşağı instansiya məhkəmələrini mövqeyi məqbul hesab etmişdir. Analoji mövqe Ali Məhkəmənin 2-1(102)-1583/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-988/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli və digər aidiyyəti qərarlarında orderlərin, müqavilə və digər hüquqmüəyyənedici sənədlərin arxivdə aşkar edilməməsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina əsası kimi qiymətləndirilməmişdir. Cavabdeh iddia olunan sahənin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 263 saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyini bildirsə də, məhkəməyə bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçıya 289/6 saylı sahənin ayrılmasına dair order mövcuddur və bu orderin mövcudluğu tərəflər arasında mübahisə yaratmır. Həmçinin vurğulanmalıdır ki, iddia olunan 289/6 saylı bağ sahəsinin bir hissəsinin 263 saylı bağ sahəsinin ərazisinə uyğunluğu müəyyən olunsaydı belə, bu hal vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, yuxarıda istinad olunan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndən göründüyü kimi yerquruluşu işləri aparılmaqla və qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqları aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdehin səlahiyyətinə aid olan məsələdir. Göstərilən torpaq sahəsinin 889 kv.metr hissəsinin qaz xəttinin mühafizə zonasında yerləşməsi barədə dəlilə münasibətdə qeyd edilir ki, bu xüsusatlar da mərhumun adına daşınmaz əmlak üzərində hüquqların məxsusluğuna dair arayışının verilməsindən imtina üçün tutarlı əsas sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.8-ci bəndinə əsasən, boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Göründüyü kimi, qaz-boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1609 saylı Sərəncamına əsasən Xaşa-Xuna bağlar sahəsindəki 104 nömrəli Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 114 saylı order əsasında Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən sahəsi 0,12 ha olan 289/6 saylı bağ sahəsi üzərində hüquqların mərhum X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1609 saylı Sərəncamına əsasən Xaşa-Xuna bağlar sahəsindəki 104 nömrəli Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 114 saylı Orderə uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən sahsi 0,12 ha olan 289/6 saylı bağ sahəsi üzərində hüquqların mərhum X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1413/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1413/2025
15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver