Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14130/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlillik təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlilliyinin müəyyənləşdirilməməsinin qanunsuz hesab edilməsi və əlilliyinin düzgün müəyyənləşdirilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış Azərbaycan Respublikası hərbi Prokurorluğunun xx.xx.2014cü il məktubunda barəsində təqsirləndirici material və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1992-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: “Böyrək sancısı” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsinin xx.xx.2015-ci il tarixli 572 saylı göndərişi, xx.xx.2015-ci il tarixli 42 saylı arayışı, xx.xx.2015-ci il tarixli xx.xx.2015- ci il tarixli 792 saylı məktubu, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında verilmiş xx.xx.2015-ci il tarixli 1578 saylı arayışı, MN MHHK-nın həkim mütəxəssisi -cərrahın rəyi ilə təsdiq edilir) “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR. ” Dz: N11.1 Xroniki obstruktiv pielonefrit, xroniki pielonefritin kəskinləşməsi .Dəmir defisitli anemiya .XBÇ İİİ mərh Ağırlaşma D50.0 Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, dəmir defisitli anemiya Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, XBÇ İİİ mərhələ. Nəticədə düzgün aparılmayan müayinələr nəticəsində diaqnoz əlillik təyin etməməsi cavabı verilmişdir. Diaqnoz əlillik əlaməti təyin etməməsi, əlavə müalicəyə ehtiyacın olması səbəbindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində mənə əlillik verilməsindən imtina edilməsi cavabı verilmişdir. Hesab edir ki, bu imtina qanuni hesab edilə bilməz. Ona görə ki, cavabdehin dəlilləri əsaslı deyildir. Barəsində Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən düzgün müayinələr aprılmamışdır. Hesab edir ki, bu səbəbdən onun Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan sosial təminat hüquqlarım pozulmuşdur. Cavabdehin nümayəndəsi iddia tələbinə hər hansı yazılı münasibət təqdim etməmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü məsələsi (iddia müddətinin ötürülməsi ilə bağlı) müzakirə edildi. İddiaçı iddia müddətinin ötürülmədiyini bildirdi və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək, iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosesual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.2, 33.1 və 35.1-ci maddələri). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Hazırkı iş üzrə iddiaçının qaldırdığı əlillik dərəcəsinin təyin edilməsi barədə əlverişli inzibati aktın qəbul edilməsi barədə iddia məcburetmə haqqında iddia növünə aid olmaqla bu iddianın mümkün sayılması üçün müddətə dair xüsusi mümkünlük şərti ödənilmir. İş materiallarında olan tibbi sənədlərdən müəyyən edilir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətində (xx.xx.2021-ci il tarixə qədər) əlillik təyin edilmişdir. Əlilliyin müddəti bitdikdən sonra iddiaçı barəsində 2766003AAD2E nömrəli xx.xx.2021-ci il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş əsasında əyani müayinə olunaraq əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik verilməsindən imtina edilmişdir. İddiaçının əyani müayinəsi xx.xx.2021-ci il tarixdə aparılmışdır. Baxılan işdə cavabdeh tərəfindən iddiaçıya əlillik təyin edilməsindən xx.xx.2021-ci il tarixdə imtina edilmiş və iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək 30 günlük müddəti ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının barəsində rəsmiləşdirilmiş göndəriş xx.xx.2021-ci il tarixlidir və iddiaçıya əlillik təyinatı barədə cavabdehin imtinasının əsaslı olub-olmamasının yoxlanılması həmin göndərişdə qeyd edilmiş diaqnozlar əsasında yoxlanılmalıdır. Həmin göndərişin verilməsindən isə 4 ildən çox müddət keçmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən məhkəmələr göndərilən icmal məktubunda da qeyd edilmişdir ki, “...tibbi-sosial ekspert komissiyası tərəfindən göndəriş əsasında şəxsin əlilliyi qiymətləndirilir, əlilliyin müəyyən olunması və ya səbəblərini göstərməklə imtina edilməsinə dair qərar qəbul edilir. Eyni zamanda, işlərin təhlili ilə müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən əlilliyin müəyyən edilməsinə dair iddialar üzrə mübahisələrə baxılarkən bəzi hallarda şəxsin sağlamlıq vəziyyətinin tibbi göndərişlərin verildiyi vaxta uyğun qiymətləndirilməli olması baxımından, əlilliyin müəyyən olunmasından imtina edildikdən uzun müddət sonra qaldırılan iddialar mümkün sayılmamış, bəzi hallarda isə iddianın mümkünlük şərtlərinin ödənildiyi hesab edilməklə, işlərə mahiyyəti üzrə baxılmışdır. Göstərilən xüsusata münasibətdə qeyd edilməlidir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır (bənd 14-16)”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: -2.1-ci bəndinə görə göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. -2.3-cü bəndinə görə komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir -2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. -2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq tibb müəssisəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər tərtib edilir, gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir. “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə tibbi göndəriş yerləşdirildikdən sonra qiymətləndirmə aparılması üçün TSEK-in altsisteminə ötürülür. Bundan sonra TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Məhkəmə hazırkı iddianın mümkün sayılmaması nəticəsinə gələrkən xüsusən o halı nəzərə alır ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli tibbi göndərişin və mübahisələndirdiyi imtinanın üzərindən 4 ildən çox müddət müddət keçdikdən sonra hazırkı halda qiymətləndirilməsi də mümkün deyildir. Nəzərə alınmalıdır ki, tibbi göndərişlər şəxsin verildiyi vaxt müddətli olaraq sağlamlıq vəziyyətini ifadə edir və sağlamlıq vəziyyəti dəyişkən olduğundan əlillik təyinatının qiymətləndirilməsi üçün də yeni tibbi göndərişlərin yerləşdirilməsi də tələb olunur. İddiaçı barəsində sonuncu tibbi göndəriş xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, tibbi göndərişin etibarlılıq müddəti keçmişdir. İddiaçının əlillik vəziyyəti ilə bağlı yeni tibbi göndəriş əlillik alt sisteminə daxil edilməmişdir. Hazırkı halda etibarlı hesab edilməyən tibbi göndərişin və həmin tibbi göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verib-verməməsi, cavabdeh orqanın həmin tibbi göndərişdəki diaqnoz ilə bağlı imtinasının əsaslı olubolmamasının 2025-ci ildə hazırkı inzibati məhkəmə icraatı gedişində qiymətləndirilməsi də mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddia inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddia mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə eyni zamanda iddiaçının əlillik dərəcəsinin təyinatı ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət edərək yeni tibbi göndəriş almaq, yeni tibbi göndəriş əsasında əlillik vəziyyəti cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirildikdən və inzibati orqandan müvafiq imtina cavabını aldıqdan sonra inzibati məhkəmədə iddia qaldırmaq hüququnun saxlanıldığını da izah edir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlillik təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-14130/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14130/2025
11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver