Məhkəmə qərarları › İş №2-1(112)-14131/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14131/2022

19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14131/2022 19.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********389800 nömrəli Qərarının ləğv edilməsi barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin 2021-ci il üzrə sahibkarlıq fəaliyyətindən gəlirləri 2555005,2 manat məbləğində olmuşdur. Qeyd olunan gəlirin 2 295 005,2 manat hissəsi 7205,872 ton maye oksigenin satışından, 260000,0 manat hissəsi isə avadanlıqların icarəyə verilməsindən formalaşmışdır. 2021-ci il ərzində Cəmiyyətin göstərilən gəlirin əldə olunması ilə bağlı sənədlərlə təsdiqini tapan xərcləri aşağıdakı kimi olmuşdur: Alınmış maye oksigenin həcmi 2914,157 ton, dəyəri 874146,23 manat, Maye oksigenin daşınması xidməti - 390000,0 manat dəyərində, Sığorta xidməti - 101,16 manat dəyərində. Göründüyü kimi, Cəmiyyət tərəfindən təqdim edilmiş(satılmış) maye oksigenin həcmi 7205,872 ton olsa da, həmin malların alınmasına dair yalnız 2914,157 manat hissəsi elektron qaimə-faktura ilə alınmış, digər hissəsinin isə alışını rəsmiləşdirmək mümkün olmamışdır. Bu səbəbdən də Cəmiyyətin 2021-ci ildə mənfəətini birbaşa müəyyən etmək mümkün deyil. Qanunverici bu kimi hallarda mənfəətin müəyyən olunmasını Vergi Məcəlləsinin 67-ci maddəsi ilə tənzimləmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cəmiyyət həmin malları müxtəlif qurumlara (AR Fövqəladə Hallar Nazirliyinin Tibbi Xidmətinin Tibb Mərkəzi, "xxxx" QSC, "xxxx" MMC) satmışdır. Belə olan halda, Cəmiyyətin həmin malları dəyəri ödənilməklə, yəni xərc çəkməklə əldə etməsi də şübhəsizdir. Cavabdeh tərəfindən isə məsələyə birtərəfli yanaşılaraq gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun qaydada müəyyən edilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə, Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmçinin, “İnzibati icraat haqqında Qanun”un 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göstərilənlərə əsasən hesab edirik ki, vergi orqanı tərəfindən Cəmiyyətin 2021-ci il üzrə xərcləri müəyyən olunarkən vergi və inzibati icraat haqqında qanunvericiliyin aşağıdakı tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Göründüyü kimi, qanunverici ilk növbədə Vergi Məcəlləsinin 67.1.1 - 67.1.9-cu maddələrində əks olunan əlaqəli məlumatlar əsasında mənfəətin müəyyən olunmasını tənzimləyir. Həmin Məcllənin 67.1.3-cü maddəsi ilə müəyyən olunan (vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar) göstəricilər vergi orqanı üçün əlçatan olduğu halda (eyni çeşid malların alınmasına dair elektron qaimə-fakturalar) həmin qiymətlərdən istifadə olunmamış və Cəmiyyətin xərcləri düzgün müəyyən edilməmişdir. Bundan başqa, bildiririk ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarı ilə «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın 6.1-ci bəndinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: Mı = Gı : ( 100 + R) x R. burada: Mı - vergi ödəyicinin mənfəəti, Gı vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır. Göründüyü kimi, vergi qanunvericiliyi vergi ödəyicisinin müvafiq hesabat dövrü üzrə fəaliyyətində vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə təqdim edilmiş malların alınmasını təsdiqləyən xərc sənədlərinin olmadığı hallarda, mənfəət vergisinin müvafiq əlaqəli məlumatlar, o cümlədən vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumatlar əsasında, eləcə də onun gəlir və ya xərclərini müəyyən etmək mümkün olduğu hallarda, müvafiq icra hakimiyyəti orqanı kimi AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalar əsasında (şərti rentabellik norması əsasında) hesablanmasını nəzərdə tutmuşdur. Həmin Qaydaların 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən vergi ödəyicisinin (xarici hüquqi şəxslər istisna olmaqla) mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Diqqət yetirilməli məqam ondan ibarətdir ki, qanunverici Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlar əsasında vergilərin hesablanması vergi orqanının hüququ qismində müəyyən edilsə də, həmin Məcəllənin 67.14-cü maddəsinin tələbləri 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərinin müəyyən edildiyi təqdirdə, mənfəət (gəlir) vergisinin “şərti rentabellik norması” əsasında hesablanmasını bu orqanın hüququ kimi təsbit etməmiş və belə hallarda həmin əsasla mənfəət vergisinin hesablanmasını birmənalı nəzərdə tutmuşdur. Nəzər yetirsək, həm Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin sonluğu Məcəllənin 67.1-ci maddəsindən fərqli olaraq “hesablana bilər deyil, “hesablanır” feli ilə bitir və vergi orqanına diskresion səlahiyyət vermir. Həmçinin, AR Nazirlər Kabinetinin 55 saylı Qərarının 6.1-ci bəndinin sonluğu “müəyyən edə bilər” deyil, “müəyyən edir” feli ilə bitir və vergi orqanının üzərinə mənfəəti birbaşa müəyyən etməyin mümkün olmadığı hallarda bu qaydanın tətbiqini birmənalı nəzərdə tutur. Mənfəətin birbaşa müəyyən olunması dedikdə gəlir və xərcin müəyyən olması başa düşür. Bu göstəriciləri vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində əks olunan əlaqəli məlumatlar əsasında müəyyən etməli, bu mümkün olmadıqda analoji vergi ödəyicisinin məlumatları əsas götürülməli, bütün bunlar nəticə vermədikdə isə Məcəllənin 67.14-cü maddəsi tətbiq olunmalıdır.Göründüyü kimi, hazırki mübahisədə iki mümkün qaydada Cəmiyyətin mənfəəti müəyyən olunmalı olduğu halda cavabdeh tərəfindən Vergi Məcəlləsinin nə 67.1.3-cü maddəsi, nə də 67.14-cü maddəsi tətbiq olunmamış, bununla da Cəmiyyət barəsində əsassız qərarla əlavə vergi məbləği hesablanmışdır. Cəmiyyət tərəfindən yuxarıda göstərilən qaydada mənfəət vergisinin vergi orqanı tərəfindən müəyyən olunması məqsədilə xx.xx.2022-ci il tarixdə boş bəyannamə verilmiş və xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət ərizəsi göndərilərək mənfəət vergisinin yenidən hesablanması bildirilmişdir. Cavabdeh tərəfindən qeyd olunan sonuncu bəyannaməyə münasibət bildirilməmişdir. Həmçinin, iddiaçı tərəfindən hesablamanın qismən hissəsi ilə əlaqədar inzibati qaydada şikayət edilmişdir. Lakin yuxarı vergi orqanının işə obyektiv baxmayacağı səbəbindən icraçıya məhkəməyə müraciət ediləcəyi bildirilmiş, bu barədə məlumat həmin qurumun yekun qərarında da əksini tapmışdır. Qəbul olunan xx.xx.2022-ci il tarixli **********943800 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarda göründüyü kimi, yuxarı vergi orqanı işin hallarını düzgün araşdırmamış, maddi hüquq normalarını vergi orqanının xeyrinə şərh etməklə kifayətlənərək obyektiv həqiqəti müəyyən etməmişdir. Halbuki, yuxarıda əks olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin yuxarı vergi orqanı tərəfindən qanunvericiliyin qeyd olunan imperativ tələbləri pozulmuş və tətbiq edilməli olan normalar düzgün şərh edilməmişdir. Belə ki, yuxarı vergi orqanı Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tətbiq olunmasının vergi orqanının hüququ olmasını qeyd etmişdir ki, qeyd olunan halın əsassız olmasına dair yuxarıda münasibət bildirilmişdir. Bundan başqa, yuxarı vergi orqanı Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mətnini qərarda əks etdirsə də, onu yarımçıq olaraq şərh etmiş və yerli vergi orqanının həmin normanın "... və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14- 1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır” hissəsini nəzərə almamasına münasibət bildirməmişdir. Halbuki, həmin normadan göründüyü kimi, əgər əməliyyat əmtəəsiz hesab olunsa belə, onun gəlirdən hansı qaydada çıxılması imperativ qaydada müəyyən edilmişdir. Qeyd olunanlar bir daha təsdiq edir ki, yuxarı vergi orqanı qərar qəbul edərkən vergi qanunvericiliyinin və inzibati icraatın ümumi prinsiplərinin tələblərini pozmuş və araşdırmanı formal aparmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergillərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********753800 qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2-1(112)-14131/2022 nömrəli qərardad ilə iddaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianı qəbul etməyərək iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək inzibati iş üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh iddia tələbi ilə razılaşmır və aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Hesablama metodu ilə təqdim edilən bəyannamənin “Xammal və materiallar” (221.3- cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri (221.9), “Su və kanalizasiya xərcləri” (221.10-cu); “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (2504146.20 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (1266753.39 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal- materialların ( 51551.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (1318304.39 manat) bəyannamənin 1 N-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (1318304.39 manat) məbləğin müqayisəsi nəticəsində 1185841.81 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 373501,32 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********785100 nömrəli, xx.xx.2022-ci il tarixli **********514600 nömrəli uyğunsuzluq məktubları göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 311866,62 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********389800 nömrəli, xx.xx.2022-ci il tarixli **********287500 npmrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. Həmçinin, araşdırma zamanı cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə heç bir göstərici olmadan (boş) təqdim edildiyi, xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********300200 nömrəli) müraciətində 2021-ci il mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə əsasən şərti rentabellik norması tətbiq etməklə hesablama aparılması xahiş edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********853800 nömrəli uyğunsuzluq məktubları göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 311 868,62 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********753800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Cəmiyyət tərəfindən hesablama metodu1 tətbiq etməklə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində qeyd edilmiş 2 523 975,87 manat məbləğdən 1 185 841,81 manat hissəsinin sənədlərlə öz təsdiqini tapmadığı müəyyən edilmiş, eyni zamanda həmin bəyannamənin xərclər hissəsinin “Xammal və materiallar” sətrində qeyd olunan 774 146,20 manat məbləğin 373 501,32 manat hissəsi üzrə qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və əlavə olaraq 311 868,62 manat mənfəət vergisi hesablanmışdır. Müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən 2021-ci il ərzində 2 555 005,20 manat məbləğində elektron qaiməfakturaların təqdim edildiyi, 1 266 753,38 manat məbləğində elektron qaimə-fakturaların əldə edildiyi, invoys dəyəri 43001,01 mänat dəyərində (sıxılmış və ya maye qazlar üçün qara metallardan tutumlar) malların idxal edildiyi müəyyən edilmişdir. Elektron qaiməfakturaların araşdırılması zamanı, "xxxx" QSC-yə (VÖEN **********), "xxxx" MMC-yə (VÖEN: **********), Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinə müxtəlif mallar və xidmətlər təqdim edildiyi, "xxxx" MMC-dən "xxxx" ASCdən müxtəlif mallar, iş və xidmətlər alındığı müəyyən edilmişdir.Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********261700, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********183400 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********460500 nömrəli, Alukau-555" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********485400 nömrəli qərarlar qəbul edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin rəhbəri X2, eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********) rəhbəri olduğu, "xxxx" MMC-nin rəhbəri X1, eyni zamanda "xxxx" MMC-nin (VÖEN:**********), "xxxx" MMC-nin (VÖEN:**********), "xxxx" MMC-nin (VÖEN:**********), "xxxx" MMC-nin (VÖEN:**********) rəhbəri olduğu, "xxxx" MMC-nin və "xxxx" MMC-nin rəhbəri X5, oğlunun, eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********),’!: "xxxx" MMC-nin (VÖEN:**********) və "xxxx" MMC-nin (VÖEN:**********) rəhbəri olduğu vəhəmin müəssisələr tərəfindən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, əmtəəsiz əməliyyat apardıqları və riskli vergi ödəyiciləri olduqları müəyyən edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. -xx.xx.2022-ci il tarixli **********753800 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərarın surəri; -xx.xx.2022-ci il tarixli **********514600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub; - "xxxx" MMC alış və satış E-Qaimələri;

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavadehin hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddia əsaslı olmadığından təmin edilməməlidir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının 2021-ci ildə 7205,872 ton maye oksigen satışından və avadanlıqların 260000,0 manat məbləğində icarəsindən ümumilikdə 2555005,2 manat dəyərində gəliri olmuşdur. Bu fakt cavabdeh tərəfindən də etirazda əks olunmuşdur. İddiaçı maye oksigenin alınması zamanı sənədlərin tam əldə edilməsinin mümkün olmamasını qeyd etmiş, qeyd olunan halların nəzərə alınması və vergilərin şərti rentabellik norması tətbiq edilməklə hesablanması barədə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən qeyd olunan hallar nəzərə alınmayaraq Cəmiyyətə xx.xx.2022-ci il tarixli Qərarla 318074,49 manat məbləğində 2021-ci il üzrə mənfəət vergisi hesablanmışdır. Məhkəmə qeyd olunanlarla bağlı bildirir ki, iddiaçı tərəfindən 2021-ci ildə 7205,872 ton həcmində maye oksigen satışı həyata keçirilmişdir. Bu isə onu təsdiq edir ki, iddiaçı həmin həcmdə maye oksigeni əldə etmişdir. Yəni, əgər satış əməliyyatının baş verdiyini həm iddiaçı, həm də cavabdeh qəbul edirsə buna uyğun olaraq həmin satılan malın alınması da hər hansı şübhə yarada bilməz. Çünki ayrı qaydada həmin satışı həyata keçirmək mümkün deyil. İddiaçı hər hansı xidmət deyil, fiziki formaya malik malın satışını həyata keçirdiyi üçün satış yalnız onun əldə olunması yol ilə baş verə bilərdi. Lakin cavabdeh qeyd olunan halları nəzərə almayaraq şərti rentabellik normasını tətbiq etməmiş və bu cür tətbiqetmənin yalnız vergi orqanının hüququ olması ilə izah etmişdir. Qeyd olunanlarla bağlı məhkəmə bildirir ki, “İnzibati icraat haqqında” Qanunun 16.1ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmçinin, “İnzibati icraat haqqında Qanun”un 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qeyd olunan normaların tələblərindən göründüyü kimi, cavabdeh qanunla müəyyən edilmiş hallarda hazırkı münasibətlərə müvafiq normanı tətbiq etməli idi. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1 vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2 vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3 vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4 vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5 vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6 vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7 vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8 vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9 vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. İddiaçı tərəfindən təqdim edilən 2021-ci il üzrə mənfəət vergisi göstəriciləri ilə razılaşmayan cavabdeh vergilərin düzgün müəyyən olunması məqsədilə ilk növbədə Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində əks olunan əlaqəli məlumatlar əsasında Cəmiyyətin mənfəətinin müəyyən edilməsi istiqamətində araşdırma aparmalı idi. Qeyd olunan mənbələr əsasında mənfəəti müəyyən etmək mümkün olmadıqda isə digər üsul və vasitələrdən - Vergi Məcəlləsinin 67.3 və 67.4-cü maddəsinin imkanlarından, həmçinin Vergi Məcəlləsinin 67.14-cü maddəsinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə mənfəət müəyyən olunmalı idi. Lakin cavabdeh inzibati orqan qanunvericiliyin qeyd edilmiş tələblərinə riayət etməyərək vergi ödəyicisi üçün əlverişli olan halları nəzərə almamış və tətbiq edilməsi məcburi olan normanı tətbiq etməmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçının əlaqəli məlumatları əsasında mənfəətin müəyyən olunması mümkün olmasa da, Vergi Məcəlləsinin 67.14-cü maddəsini tətbiq etməklə şərti rentabellik norması əsasında mənfəətin müəyyən edilməsini həyata keçirməli idi. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarı ilə «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın 6.1-ci bəndinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: Həmin Qaydaların 6.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R. burada: M1 – vergi ödəyicinin mənfəəti, G1 – vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R – şərti rentabellik normasıdır. Həmin Qaydaların 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Göründüyü kimi, Vergi Məcəlləsinin 67.1-ci maddəsində əks olunmuş əlaqəli məlumatlar əsasında və analoji vergi ödəyicisinin məlumatları ilə mənfəəti müəyyən etmək mümkün olmadıqda şərti rentabellik norması tətbiq olunmaqla mənfəət müəyyən olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının 2021-ci il üzrə mənfəət vergisi məbləğini Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrini, müvafiq olaraq Nazirlər Kabinetinin 55 saylı Qərarını tətbiq etməklə aşağıdakı qaydada müəyyən etməli idi. İddiaçının gəlirinin məbləğinə tətbiq etməklə – 2555005,2 /120 x 20 = 425834,2 Mənfəət vergisinin məbləği – 425834,2 x 20 % = 85166,84 Məhkəmə iddiaçının mal aldığı vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə aşağıdakları qeyd edir: Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi etirazda müvafiq qərarları əlavə etmiş və aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olmasını qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının 2555005,2 manat məbləğində gəlirlərini qəbul etmiş və həmin gəlirlər maye oksigenin təqdim edilməsi nəticəsində (həmçinin 260000,0 manat dəyərində avadanlıqların icarəsi) formalaşmışdır. Cavabdeh qeyd olunan satış gəlirlərinin mövcudluğunu qəbul etdiyi halda həmin malların mövcud olmamasına istinad etməsi bir-birinə zidd yanaşmalardır. İş materiallarına əlavə olunan qərarlar iddiaçının mal aldığı vergi ödəyicilərinin riskli vergi ödəyiciləri hesab olunmasını əks etdirsə də, həmin qərarların iddiaçı ilə aparılan əməliyyatlardan sonrakı dövrlərdə qəbul olunması, iddiaçının mal aldığı şəxslərin alış sənədlərini yoxlamaq kimi bir imkanının və vəzifəsinin olmaması hazırki mübahisə üzrə müəyyən edilməli olan vergi məbləğinin tənzimlənməsi qaydasına hər hansı təsir göstərmir. Məhkəmə həmçinin bildirir ki, hətta cavabdeh inzibati orqan iddiaçı tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığını güman etsə belə, Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tələblərinə uyğun olaraq təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərini həmin Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxmalı idi. Məhkəmə qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən əmlak hüquqlarına qanunsuz müdaxilələrdən qorunmaq üçün vergi ödəyicisini səmərəli hüquqi müdafiə imkanları ilə təchiz etməkdən ibarətdir. Bununla bağlı həmçinin məhkəmə qeyd edir ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərdir. Bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2021ci il tarixli Qərarla aparılmış 318074,49 manat məbləğində hesablama 232907,65 manat hissədə (318074,49 - 85166,84) əsassız olmuşdur. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********753800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı 85166,84 manat məbləği hissəsində istisna olmaqla qalan 232907,65 manat məbləği hissəsində ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar