Məhkəmə qərarları › İş №2-1(112)-14133/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14133/2025

07.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14133/2025 07.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “tibbi rəyin təqdim olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək Cavabdeh tibbi rəyin təqdim olunmaması və ya silinməsi ilə bağlı hərəkətlərinin (və ya hərəkətsizliyi) qanunsuz hesab edilməsi, müvafiq tibbi rəyin surətinin təqdim olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 21 aprel 2025-ci ildə 12 ton yüklə Bakıdan Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfil avtomobilin sağ arxa dönmə təkərinin partlaması zamanı idarəetmənin itirdiyi halda arxa sağ most təkəri də partladığı üçün yolun ortasında yerləşən beton dirəklərə çırpılmışdır. Avtomobil aşmış və iddiaçı bədən xəsarəti almışdır. İddiaçının qarın nahiyyəsində yırıtq, qolunda sıyrıq mövcud olmuşdur. 24 aprel 2025-ci ildə Cavabdeh MMC-də tibbi müayinədən keçmişdir. Müayinə nəticəsində iddiaçıya tibbi rəy verilməli idi. Həmin rəydə iddiaçının qarnında qəzada törənmiş yırtıq, qollarında sıyrıq yarandığı ortaya çıxdı. 3-4 günə rəyin hazır olacağını bildirmişdirlər. Lakin bu rəy sonradan klinikanın bazasından silinmiş və ya iddiaçıya təqdim edilməkdən imtina olunmuşdur. İddiaçı hesab edir ki, qeyd edilən hal qəsdən edilib. Belə ki, hal-hazırda "xxxx" MMC ilə bağlı ciddi şəkildə şikaytləri var və iddiaçının xəsarət almağı ilə bağlı fakt hansısa qüvvənin təsiri ilə yox edilib. Həmin günü orda olmağı ilə bağlı sənədləri çoxsaylı şikayətlərdən sonra ortaya çıxara bilmişdir. Lakin həmin rəy yox edilib. Qeyd olunan hərəkətlərin qəsdən həyata keçirilməsi, yəni tibbi sənədin qanunsuz silinməsi, məhv edilməsi və ya təqdim edilməməsi halları AR Cinayət Məcəlləsinin 264, 308 və 313-cü maddələrinə uyğun olaraq cinayət tərkibi daşıyır. Həmin rəyin təqdim edilməməsi iddiaçının hüquqlarını pozmuş, ciddi təsirlərə gətirib çıxartmış, hüquqi baxmıdan zərərli nəticələr doğurmuşdur.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2025-ci il tarixdə X4 Yardım Poliklinika şöbəsinə müraciəti zamanı TTTY həkimi Fəxriyyə Quliyevanın qəbulunda olmuş, müvafiq müayinələrdən sonra Ona “R06.0 - Təngnəfəslik (töyşümə)” diaqnozu və “R10.4 - Qarın nahiyəsinin digər və dəqiqləşdirilməmiş ağrıları” ön diaqnozu qoyulmuş, barəsində Tam Abdomen USM müayinəsi icra olunmuşdur.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o qeyd edilən müayinə nəticələrini baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar başlanılmış cinayət işi sübut qismində təqdim etmək üçün əldə etmək istəyir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

9. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı cavabdeh qurumdan radioloji müayinənin nəticələrinin təqdim edilməsini tələb etmişdir.

10. X8 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X7rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X5rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X1rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

11. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının tibb müəssisəsinin əməkdaşlarının qanunazid əməlləri haqqında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış və xx.xx.2025-ci il tarixli 1-1-5/2-B-16xx-xx/2025, həmçinin Bakı şəhər Nizami Rayon Prokurorluğuna ünvanlanmış və xx.xx.2025-ci il tarixli 2-2/316/2-161783/2025 nömrəli məktubla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) daxil olmuş müraciətlərinə aidiyyəti üzrə baxılaraq “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi tərəfindən bildirilmişdir ki, müraciətlərində xx.xx.2025-ci il tarixində yol-nəqliyyat hadisəsində bədən xəsarəti aldığı, xx.xx.2025-ci il tarixində Cavabdehn (Yeni Klinika) X12 Poliklinika şöbəsinə yaxınlaşaraq müayinə olunduğunu, lakin müayinə nəticələrinin ona təqdim edilmədiyini bildirib. Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə X6 və təxirəsalınmaz tibbi yardım şöbəsində həkim vəzifəsində çalışan Fəxriyyə Quliyeva, həmin şöbənin tibb bacısı Aysel Mahmudova, Ambulatoriya şöbəsinin Şüa-diaqnostika və invaziv radiologiya bölməsinin şüa-diaqnostika üzrə həkimləri Zərifə Əhmədova və Aynur Hacıyeva TƏBİB-in inzibati binasına dəvət olunmuş və müvafiq izahatları alınmışdır. Əməkdaşlar sözügedən məsələ ilə əlaqədar verdikləri izahatlarında sizin zəruri müayinələrdən keçdiyini, USM qeydiyyatının Z.Əhmədovanın adına aparıldığını, lakin işlərin çoxluğu nəzərə alınaraq müayinənin faktiki olaraq A.Hacıyeva tərəfindən həyata keçirildiyini, xəstənin A.Hacıyevanın adına qeydiyyatının aparılmaması səbəbindən müayinə nəticələrinin sistemə işlənilmədiyini bildirmişlər. Beləliklə, araşdırma nəticəsində ona A.Hacıyeva tərəfindən ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi zamanı nöqsana yol verilərək müayinə nəticələrinin radioloji modula işlənilmədiyi müəyyən olunmuşdur. Əmək funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlar səbəbindən A.Hacıyevanın intizam məsuliyyətinə cəlb olunması təmin edilmişdir.

12. Beləliklə, səlahiyyətli inzibati orqan tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının müayinəsinin nəticələri radioloji modula işlənilməmiş, yol verilmiş pozuntuya görə əməkdaşlar intizam məsuliyyətinə cəlb edilmişdir.

13. Odur ki, məhkəmə ilk növbədə qeyd edir ki, aydındır ki, texniki səbəblərdən qurumun sərəncamında mövcud olmayan məlumatın təqdim edilməsi və qeyd edilən tələbin təmin edilməsi mümkün deyil.

14. Digər tərəfdən iddiaçı bildirir ki, o qeyd edilən müayinə nəticələrini baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar başlanılmış cinayət işi sübut qismində təqdim etmək üçün əldə etmək istəyir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı aparılan cinayət işinin istintaqı ilə əlaqədar sübutların toplanması üçün aidiyyəti üzrə ibtidai istintaq və ya təhqiqat orqanına müraciət edə bilər. Başlanılmış cinayət işi üzrə sübutların toplanması üçün məhkəmə iddiasının qaldırılması səmərəli hüquq müdafiə vasitəsi hesab edilə bilməz.

15. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir.

16. İddiaçının hazırki vəziyyətdə iddia tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.

17. Odur ki, iddia mümkün sayılmamalıdır.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar