Məhkəmə qərarları › İş №2-1(112)-14135/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14135/2025

17.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14135/2025 17.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş “X2” QSC-nin iddiaçıya dair 16 dekabr 2025ci il tarixli BSC-X-24-1025/001 və BSC-X-24-1026/001 nömrəli arayışlarında xx.xx.2000xx.xx.2009-cu il və xx.xx.2309-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər ərzində Mexaniklər sahəsində kran sürücüsü vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi Mexaniklər sahəsi və kran sürücüsü vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan sahə və vəzifələrə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Hərbi biletindən görünür ki, xx.xx.1983-xx.xx.1985-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Bakı Sukanal İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı “Bakı Kanalizasiya” İdarəsinin nəznindəki X1 xx.xx.1989-cu-il tarixdən 2 saylı çirkab suların vurulması sexinə usta vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1994-cü il tarixli 26a №-li əmrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 38-ci maddəsinin 3-cü bəndinə əsasən xx.xx.1994-cü il tarixdən işdən azad edilmişdir. “Bakı Kanalizasiya” İdarəsi üzrə verilmiş xx.xx.1994-cü il tarixli 70/k saylı əmrə əsasən HAS-dan köçürmə yolu ilə 3 saylı nasos stansiyasına 2-ci dərəcəli barmaqlıq operatoru vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2011-ci il tarixli 32/k saylı əmrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2011-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. “Sumqayıt Dövlət Universiteti” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu Sumqayıt filialının “Elektrik sistemləri” ixtisasının əyani şöbəsinə daxil olmuşdur. xx.xx.1983-cü il tarixli, 63 saylı əmrlə Sovet Ordu sıralarına çağırışı ilə əlagədar institututdan xaric edilmiş və yenidən bərpa etmək hüququ verilmişdir. 17 may 1985-ci il tarixli, 64 saylı əmrlə Sovet Ordusu sıralarından qayıdıb, gündüz şöbə İ kursunun “Elektrik şəbəkə və sistemləri” ixtisasına bərpa edilmiş, tam kursu bitirmişdir. Dövlət Attestasiya Komissiyasının qərarına əsasən 22 iyul 1989-cu il tarixli, 67 saylı əmrlə ona, “Mühəndiselektrik” ixtisaslı adi diplom verilmişdir. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialı, 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu, 2000-ci ildən Sumqayıt Dövlət Universiteti kimi fəaliyyət göstərir. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1990-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. X2 tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, "X2" QSC-nin (bundan əvvəl "X2" MMC-nin) sabiq əməkdaşı İddiaçı işlədiyi Mexaniklər sahəsinin kran sürücüsü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) Fəhlələr yarımbəndində "metallurgiya istehsalatının kran maşinistləri" və 11-ci Metal emalı bölməsinin 11.5. Metal emalı üzrə sair peşələr bəndinin (a) Fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)" peşələri ilə eynilik təşkil edir. Məlumat üçün bildirilir ki, Metallurgiya istehsalatı müəssisəsi olan "X2" QSC-nin Mexaniklər sahəsi bütün işçi heyyəti ilə birlikdə ağır, isti və zərərli iş şəraitində Cəmiyyətin Poladəritmə və Yayma sexlərində olan metallurgiya avadanlıqlarına xidmət göstərir. Belə ki, Poladəritmə sexində olan poladəritmə sobalarının, maye metal süzülən çalovlarm, Yayma sexində olan yayma qəfəslərinin və digər iri qabaritli poladəritmə və yayma avadanlıqlarının təmiri Mexaniklər sahəsində həyata keçirilir. Qeyd edilən avadanlıqlar polad və dəmir birləşmələrdən ibarət olduğuna görə təmir işləri əsasən elektrik qaynaq aparatı, qazla kəsici və digər alət və avadanlıqlar vasitəsi ilə aparılır. Eyni zamanda istismardan çıxarılaraq təmirə gətirilən soba və içərisinə maye metal süzülən çalovlar yüksək temperatur (müsbət 1500 dərəcə və daha yuxarı) altında istifadə edildiyindən onların maye metal süzülərək boşaldıldıqdan sonra soyuması da uzun müddət çəkir. Təmir üçün sahəyə gətirilmiş soba və çalovlarm soyuması bəzən bir neçə gün çəkir, lakin yenə də tam soyumur. Bütün bu səbəblərdən həmin sahədə temperatur daim normadan yüksək olur, həmçinin sahənin tavan hissəsində quraşdırılmış körpülü kran səviyyəsində havanın temperaturu sahənin yer səviyyəsinə nisbətən daha çox, yəni bəzən müsbət 45- 50 dərəcəyədək qalxır. İddiaçı kran sürücüsü kimi iş fəaliyyəti Cəmiyyətin Metallurgiya istehsalatı sahələrindən biri olan Mexaniklər sahəsində isti, ağır və zərərli iş şəraitində (hündürlükdə) körpülü kranları idarə etməklə bağlı olmuşdur.İddiaçı kran maşinistləri kimi eyni funksiyanı yerinə yetirərək körpülü kranları idarə etmişdir. Kran sürücüsü peşəsi ilə kran maşinisti peşəsi arasında hər hansı bir fərq yoxdur, hər iki peşədə çalışan işçilər körpülü kranları idarə edir. Metallurgiya istehsalatı müəssisəsi olan "X2" QSC Azərbaycan Respublikasında metallurgiya sənayesində aparıcı rol oynayan, eyni zamanda ən böyük polad əritmə müəssisəsidir. Müəssisənin istehsalat sahələrində iş şəraiti əsasən isti, ağır və zərərlidir. İddiaçı işlədiyi müddət ərzində bütün iş vaxtını isti, ağır və zərərli iş şəraitində - Metallurgiya istehsalatı sahəsində körpülü kranlarda işləməklə keçirmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir əsas gətirmişdir:

1. Güzəştli iş stajının olmaması. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və o, yaşa görə əmək pensiyasının güzəştli şərtlərlə təyin olunmasını xahiş etmişdir. Lakin, iddiaçının güzəştli iş stajının olmaması səbəbindən, ona yaşa görə əmək pensiyasının güzəştli şərtlərlə təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə, məsələnin həlli ilə bağlı vurğulamağı zəruri hesab edir ki, iddiaçıya ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi müddətin nə qədər olduğunu dəqiq müəyyənləşdirmək lazımdır. Bu, həmin şəxsə güzəştli şərtlərlə pensiya təyin olunması hüququnun olub-olmamasını müəyyən etmək üçün əsas təşkil edir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılmasını aşağıda göstərilən normalar əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının 60 yaşını tamamladığı vaxt nəzərə alınmaqla yuxarıda adıçəkilən Qanunun 9.1-ci maddəsinin məhz hazırki redaksiyası iddiaçıya münasibətdə tətbiq olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının yaş və ümumi staj ilə bağlı şərtlərin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. İş materiallarından da görünür ki, iddiaçı 60 yaşına çatmışdır və 1982-ci ildən oxuduğu illər və hərbi xidmət və xx.xx.1990-ci il tarixdən 60 yaşına çatdığı dövrə qədər əmək fəaliyyəti nəzərə alınmaqla 25 il ümumi stajı mövcuddur ki, həmin hallar cavabdeh tərəfindən mübahisələndirilmir. Tərəflər arasında mübahisə açan məsələ, iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər Beləliklə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə pensiya təyinindən imtinanın əsasında duran güzəştli iş stajının mövcudluğu ilə əlaqədar mübahisənin həlli baxımından güzəştli iş stajına dair arayışın mövcudluğu zəruridir ki, iş materiallarından da göründüyü kimi məhkəməyə və inzibati orqana həmin arayış təqdim edilmişdir. Lakin, cavabdeh tərəf həmin arayışda qeyd edilən məlumatların mötəbərliyini qəbul etməmiş, iddiaçının güzəştli iş stajının mövcud olmaması barədə mövqe nümayiş etdirmişdir. Məhkəmə araşdırması zamanı isə güzəştli iş stajına dair arayışda qeyd edilənlərə münasibətdə əlavə araşdırmanın aparılması zəruri hesab edilmiş, müvafiq sorğu ilə müraciət edilərək iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi arayışda adıçəkilən bütün peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və ya “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşələr ilə eyniyyət təşkil edib-etməməsi, ümumiyyətlə həmin vəzifələr fərqlidirsə həmin vəzifələr arasında fərqli və oxşar cəhətlər ilə bağlı, eləcə də ümumilikdə iddiaçının faktiki işlədiyi əmək funksiyalarının nədən ibarət olması, ən əsası həmin peşənin güzəştli Siyahıda nəzərdə tutulmuş Metallurgiya istehsalatı bölməsinə, Polad və ferroərintilər istehsalatı, Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri.Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin metallurgiya istehsalatının kran maşinistləri, isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar) vəzifəsi ilə eyni olub-olmaması, imtina məktubunda qeyd olunan dəlilə münasibətdə qeyd olunan sahə və vəzifədə aid-olub olmaması barədə məlumatın təqdim edilməsi tələb edilmişdir. Sorğuya cavab məktubu ilə iddiaçının zərərli peşədə üzrə fəaliyyətini həyata keçirdiyi müəssisə xx.xx.2025-ci il tarixli məktubda qeyd etmişdir ki, iddiaçı kran maşinistləri kimi eyni funksiyanı yerinə yetirərək körpülü kranları idarə etmiş, kran sürücüsü peşəsi ilə kran maşinisti peşəsi arasında hər hansı bir fərq yoxdur, hər iki peşədə çalışan işçilər körpülü kranları idarə edir. Göründüyü kimi izahedici arayışda müəssisə faktiki olaraq iddiaçının işlədiyi peşə ilə Siyahıda nəzərdə tutulan Metallurgiya istehsalatı bölməsinə, Polad və ferroərintilər istehsalatı, Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri.Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin metallurgiya istehsalatının kran maşinisti peşəsi ilə funksional baxımından eyni olduğunu təsdiq etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının güzəştli pensiya hüququnun təmin olunması üçün tələb edilən iş stajına dair şərtin yerinə yetirildiyini göstərir. Əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajı 12 il 06 aydan (xx.xx.2000-xx.xx.2009; xx.xx.2009-xx.xx.2014 = 13 il 07 ay 21 gün) çox təşkil etdiyi müəyyən edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni 30 noyabr 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar