Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1414/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “müvəqqəti yaşamaq üçün icazənin verilməsi və müvəqqəti şəxsiyyət vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcmini artıraraq müvəqqəti yaşamaq üçün icazənin verilməsi və bununla əlaqədar müvəqqəti şəxsiyyət vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi ilə yanaşı cavabdehin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında ******* nömrəli 06 aprel 2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iddianın müddət ilə bağlı mümkünlük şərtinin ödənilməsinə münasibət bildirir və hesab edir ki, müddət ilə bağlı şərt də ödənilmişdir. Belə ki, hazırkı iddia tələblərindən biri qismində cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirməsi çıxış etsə də, hazırkı iddia mahiyyət etibarı ilə məcburetmə yox, mübahisələndirmə növündə iddiadır. Belə ki, cavabdehin qəbul etdiyi inzibati akt iddiaçının müraciəti üzrə aparılmış inzibati icraatın nəticəsində qəbul edilmişdir ki, digər inzibati orqanlardan fərqli olaraq imtinanın məktub formasında olmayıb inzibati qərar formasında olması iddianın növünün dəyişdirilməsinə səbəb olmur. Təsadüfi deyil ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci issəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2013-cü il tarixli qərarında müəyyən edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Göründüyü kimi inzibati akt təkcə qərar və digər formada olmayıb, həmçinin də məktub formasında ola bilər ki, onun mübahisələndirilməsi hər bir halda iddianın mübahisələndirmə növündə iddia olması mənasını ifadə etmir. Əks halda oxşar məcburetmə növündə işlər üzrə müharibə veteranı vəsiqəsinin verilməsi, pensiyanın təyin edilməsi, diplomun tanınması növündə işlər üzrə məktub əvəzinə iddiaçının müraciətinə dair imtina formasında inzibati icraatın yekun aktı kimi məktub əvəzinə qərar qəbul ediləcəyi təqdirdə də həmin qərarın ləğv edilməsi və müvafiq iddianın təmini də mübahisələndirmə növündə iddia hesab edilər. Hazırkı iş üzrə oxşar növ işlər kimi iddiaçının müraciətindən imtina edilmişdir ki, məhkəmə təkrarən qeyd edir ki, imtinanın məktub əvəzinə inzibati akt olması iddianın növünü dəyişdirmədən həmin inzibati aktın qanunsuz hesab edilməsi növündə iddianın verilməsini və (və ya) müvafiq iddianın, hazırkı halda müvəqqəti yaşamaq üçün icazənin verilməsi tələbinin irəli sürülməsində iddiaçıya sərbəst müraciət hüququ tanınır. AR İPM-nin 38.2-ci maddəsinsən isə görünür ki, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı halda da həmin müddətlə bağlı şərtlər gözlənilmişdir. Doğrudur analoji ilkin müraciəti iddiaçının əvvəl də olmuş cavabdeh oxşar mövqe nümayiş etdirərək müraciətin təminindən imtina etmişdir. Həmin hal üzrə 30 günlük müddətlə bağlı şərt yerinə yetirilməsə də iddiaçı yenidən cavabdehə müraciət etmiş və cavabdeh təkrarlılıq əlamətinə toxunmadan təkrarən inzibati icraat aparmış və yeni inzibati icraat çərçivəsində yenidən imtina etmişdir ki, bu səbəbdən də 30 günlük müddət məhkəmə hesab edir ki, yeni inzibati icraatın nəticəsində qəbul edilmiş yekun nəticədən, indiki halda qəbul edilmiş 06 aprel 2022-ci il tarixli qərardan hesablanacaqdır ki, iddiaçı da həmin imtina qərarından sonra müddəti keçirmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, oxşar mümkünlük əsasına dair iş üzrə Ali Məhkəmə tərəfindən qəbul edilmiş 2-1(102)-1373/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından göründüyü kimi, kassasiya instansiya məhkəməsinin müddət ilə bağlı çıxış etdiyi prizma məhz inzibati orqan tərəfindən təkrar müraciətlərə baxılarkən baxılmamış saxlanılma barədə qərarın qəbul edilib-edilməməsindən, həmçinin şəxsin təkrar müraciətinə baxılarkən ilki müraciətdə qeyd olunan imtina əsaslarının göstərilməsindən irəli gəlir. Həmin iş üzrə yuxarı instansiya məhkəməsi də yeni inzibati icraatın başlanılması, müraciətin baxılmamış saxlanılmamasına əsaslanaraq diplomun tanınması tələbinə dair imtinadan illər sonra yenidən edilmiş müraciətə dair aparılmış inzibati icraatdan narazı qalan iddiaçının iddia ilə bağlı iddianı müddət baxımından mümkün hesab etmiş, cavabdehin müraciətə mahiyyəti üzrə ikinci dəfə qiymət verməsini əsas götürərək müddətin ötürülməməsi qənaətinə gəlmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin mahiyyətindən görünür ki, hazırkı inzibati məhkəmə mübahisəsi cavabdehin iddiaçı ilə üçüncü şəxs X1 arasında bağlanılmış rəsmi nikahın həqiqi ailə münasibətlərini əks etdirməməsi, miqrasiya qanunvericiliyi baxımından ölkə ərazisində hüquqi üstünlük alınması ilə əlaqədar mövqeyi ilə əlaqədardır. Belə ki, iddiaçı üçüncü şəxslə bir ailə kimi yaşadığını, ailə təsərrüfatı apardığını iddia edir və onun müvəqqəti ölkə ərazisində yaşaması hüququna malik olduğunu iddia edir. Cavabdeh isə qəbul etdiyi müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina qərarında nikahın məhz müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı olduğunu, faktiki nikah münasibətlərinin olmadığına istinad edir. Qeyd olunmalıdır ki, hazırkı iddia məcburetmə növündə iddia hesab edildiyindən AR İPM-nin 14-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdeh iddianın təmini istisna edən faktiki şərtlərin mövcudluğu sübut etdiyindən hazırkı iddia rədd edilməlidir. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, inzibati icraat aparılan şəxsin izahatı sübut qismində inzibati icraatda əhəmiyyət daşısa da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsindən də müəyyən edildiyi kimi inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan da iddiaçının təqdim etdiyi izahatlarla kifayətlənməyərək müvəqqəti yaşamaq üçün icazənin verilməsinə dair inzibati iş üzrə araşdırmanın aparılmasını həyata keçirmiş və əsaslı olaraq müraciətin təminindən imtina etmişdir. Belə ki, iddiaçının müvəqqəti yaşamaq üçün icazənin verilməsinə dair oxşar müraciətinə dair inzibati materiallarda olan izahat və sənədlər də tətqiq edilmiş və müəyyən edilmişdir ki, iddiaçı müvəqəti yaşamaq üçün icazənin alınması ilə əlaqədar bundan əvvəlki nikahını Xatirə Rəcəbovayla məqsədli şəkildə bağladığını, niyyətinin ailə münasibətlərinə aid olmadığını səmimi olaraq etiraf etmişdir. Bu səbəbdən də iddiaçıya müvəqqəti yaşamaq icazəsinin verilməsindən daha öncə də imtina edilmişdir. İddiaçının həmin material üzrə izahatında qeyd edilmişdir ki, o, işləmək üçün hara müraciət edirsə ondan müvafiq sənəd istənilir, bu səbəbdən də nikaha daxil olmuşdur. İddiaçının hazırkı müraciəti üzrə üçüncü şəxs X1 inzibati orqanda verdiyi izahatında qeyd etmişdir ki, o, ilkin olaraq Vaqif adında şəxslə nikaha daxil olmuş, daha sonra onun həyat yoldaşı vəfat etmişdir. İddiaçı onun qayınanasının baldısının nəvəsidir. Onun həm anasını, qardaşını, arvadını əvvəldən tanıyır. Üçüncü şəxs qeyd edir ki, onun ailə həyatı qurmasına həyat yoldaşının ailə üzvləri və qayınanasının münasibəti normal olmuşdur. İddiaçı hazırkı inzibati mübahisə üzrə inzibati orqanda izahatında qeyd edir ki, o və üçüncü şəxs eyni ünvanda yaşayırlar. Üçüncü şəxsin bir övladı var. Onun həyat yoldaşı 4 ay olar vəfat edib. Qeyd olunan hallar barəsində həm iddiaçı, həm də üçüncü şəxsin izahatları təkrarən dinlənilmiş və iddianın təmini istisna edən halların mövcudluğu təsdiq edilmişdir. Belə ki, inzibati orqanda və məhkəməyə verilən izahatlarla müəyyən edilir ki, iddiaçı əvvəllər faktiki ailə münasibətlərinə girmək niyyəti olmadan məhz müvəqqəti yaşamaq icazəsi almaq üçün nikah bağlamışdır. İddiaçı hal-hazırda üçüncü şəxs Acalova Xalidə ilə nikahdadır. İddiaçının təvəllüdü 1987-ci il, üçüncü şəxsin təvəllüdü 1970-ci ildir. Üçüncü şəxsin əvvəlki həyat yoldaşı 14 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Nikah isə bundan bir-neçə ay sonra 11 mart 2021-ci il tarixdə bağlanılmışdır. İddiaçı və üçüncü şəxs əvvəldən bir-birini tanıyır və bu tanışlıq üçüncü şəxsin nikah bağlanandan bir-neçə ay öncə vəfat etmiş keçmiş yoldaşının qaynanasından irəli gələn qohumluqla bağlıdır. Nikah vəfat tarixindən bir-neçə ay sonra bağlanılsa da vəfat edən şəxsin ailəsi və anası hazırkı ailə münasibətlərinin yaranmasına normal münasibətdədir. Məhkəmə hesab edir ki, işin göstərilən faktiki hallarına münasibətdə cavabdehin həyata keçirdiyi inzibati icraat üzrə gəldiyi nəticə aşağıda adı çəkilən qanunvericiliyin tələblərinə uyğundur. Qeyd olunur ki, Ailə Məcəlləsinin: 9.1.Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. 171.1.Nikaha daxil olmağı arzu edənlər nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir müvafiq icra hakimiyyəti orqanına bu barədə şəxsən yazılı ərizə verirlər. Ərizədə nikaha daxil olmaq üçün bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş maneələrin olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu göstərilməlidir. 174.Nikahın qeydə alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olan şəxslərin iştirakı ilə aparılır.
175. Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir. Göründüyü kimi tərəflərin müraciəti əsasında nikahın bağlanılması aidiyyəti dövlət orqanının vəzifəsi kimi müəyyən edilmişdir. Hazırkı halda da, müvafiq qeydiyyat orqanı iddiaçı və üçüncü şəxsin müraciətləri əsasında nikahı bağlamış və bununla əlaqədar müvafiq şəhadətnaməni də tərəflərə təqdim etmişdir. Hazırkı iş üzrə cavabdeh dövlətin ona həvalə edilmiş aidiyyəti funksiyalarının icrasında müvafiq vəzifə və hüquqlara malik inzibati orqan qismində çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında” Əsasnamənin:
1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən , hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.
8. Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır: 8.1. miqrasiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirir; 8.2. öz səlahiyyətləri daxilində miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsini həyata keçirir; 8.3. miqrasiya prosesləri üzərində dövlət nəzarətini həyata keçirir; 8.3-1. hüquq-mühafizə fəaliyyətini həyata keçirir; 8.3-2. miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir; 8.4. immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin edir, emiqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak edir; 8.5. aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir; 8.6. Azərbaycan Respublikasının vətəndaşlığı və siyasi sığınacaq verilməsi məsələlərinə baxılmasında iştirak edir; 8.7. qaçqınlar (sığınacaq axtaranlar) haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin edir; 8.8. miqrasiya sahəsində vahid uçot sisteminin tətbiqini təmin edir və monitorinq həyata keçirir; 8.9. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir; 8.10. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
9. Dövlət Miqrasiya Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 9.6. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsini istəyən şəxslərin dəvətlərinin qeydiyyatını aparmaq; qanunvericiliklə müəyyən edilmiş əsaslar olduqda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması məsələlərini həll etmək, habelə məsələ müsbət həll edildikdə, həmin şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsini təmin etmək 9.7. qanunvericiliklə müəyyən edilmiş qaydada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vermək, o cümlədən həmin şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsini təmin etmək 9.9. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında müəyyən edilmiş müvəqqəti olma, habelə müvəqqəti və daimi yaşama, yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət etmələri üzərində öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirmək
10. Dövlət Miqrasiya Xidməti öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: 10.3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşama, habelə onlara haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazələri, Azərbaycan Respublikasının vətəndaşlığı və siyasi sığınacaq verilməsi məsələlərinə dair vəsatətləri ilə əlaqədar təqdim edilən sənədləri və faktları araşdırmaq, zəruri hallarda müvafiq dövlət orqanlarından əlavə məlumatlar tələb etmək. Göründüyü kimi cavabdehin müəyyən edilmiş istiqamətlər üzrə konkret hüquq və vəzifələrə malik inzibati orqan qismində çıxış edir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti ölkə ərazisində yaşaması üçün icazələrin verilməsi ilə əlaqədar təqdim edilən sənədlərdən əlavə faktları da araşdırmaq hüququ vardır. Hazırkı iş üzrə təqdim edilən sənəd odur ki, iddiaçı və üçüncü şəxs nikah bağlamışdılar. Faktiki halların araşdırılması isə onunla bağlıdır ki, cavabdeh miqrasiya sahəsində nəzarəti həyata keçirmək üçün faktiki reallıqda olan halları da müəyyən edə və müvafiq tədbir görə bilsin. Hazırkı iş üzrə də cavabdeh əsaslı olaraq təqdim edilən sənədlərlə kifayətlənməmiş və reallıqda iddiaçı və üçüncü şəxs arasında nikahın reallığı əks etdirməməsini müəyyən edərək hüquqdan sui istifadənin həyata keçirilməsinin qarşısını almışdır. Təbii haldır ki, qeydiyyat orqanı tərəflərin qarşılıqlı razılığı ilə təqdim edilən müraciətə əsasən istisna yoxdursa nikahın bağlanılmasından imtina etmək səlahiyyətinə malik deyil və bu zaman tərəflərin həqiqi niyyətlərinin mövcudluğunu aşkar etmək vəzifəsi də daşımır. Lakin miqrasiya sahəsində dövlət nəzarətini həyata keçirən miqrasiya orqanı müvəqqəti icazənin verilməsi ilə bağlı təqdim edilən bütün sənədlər ilə yanaşı işin faktiki hallarını da araşdırmaq hüququna malikdir ki, istər iddiaçının ilkin olaraq bağladığı nikah sənəd üzərində mötəbər olsa da faktiki olaraq müvəqqəti yaşamaq icazənin alınması ilə bağlı olması, istər işin digər halları, həmçinin 11 mart 2021-ci il tarixdə nikaha daxil olduqdan sonra 30 mart 2021-ci il tarixdə iddiaçının müraciət etməsi və s kimi hallar iddiaçının bağladığı nikahın ailə münasibətlərinin yaranmasına yönəlməməsinə dəlalət edir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; Eyni zamanda məhkəmə onun da qeyd edilməzini zəruri hesab edir ki, işin faktiki halları iddianın təmininin istisna edilməsi ilə bağlı məhkəmədə daxili inamın formalaşmasına səbəb olur. Belə ki, təkcə nikah haqqında şəhadətnamənin mövcudluğu işin digər hallarının nəzərə alınmaması əsası qismində çıxış edə bilməz. Məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı isə inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hazırkı iş üzrə daxili inam və məhkəmə araşdırmanın nəticələri isə iddianın rəddinə uyğun əsaslandırmanın qərarda aparılmasına zərurət yaradır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia rədd olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov