Məhkəmə qərarları › İş №2-1(112)-1414/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1414/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1414/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Xəzər rayonu, Zirə bağ massivində yerləşən iddiaçıya məxsus olan 105a/3 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınması və ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən sahəsi 0,12 hektar sahəsi olan 105A/3 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildə X1 onun bütün ailə üzvlərinin razılığı ilə aldığı Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ nassivində yerləşən 105a/3 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. “Bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə” arxiv arayışı sübut edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 980 nömrəli xx.xx.1996-cı il tarixli Sərəncamı ilə Zirədəki 105a/3 nömrəli bağ 189 nömrəli BTK tərkibində iddiaçının istifadəsinə verilmişdir. O, bu torpaq sahəsində bağ evi də tikmiş və həmin bağ sahəsinə bu günədək mübahisəsiz vicdanlı sahiblik edir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi X9 Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “105a/3” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2023-ci il tarixli, **********77 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin, göstərilən torpaq sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 105b saylı bağın ərazisinə uyğun gəlir. Eyni zamanda, təqdim edilmiş orderin bağ nömrəsində düzəliş edilmiş, lakin səlahiyyətli şəxs tərəfindən təsdiqlənməmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti aparatının Əhaliyə Xidmət Fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar təsərrüfatı idarəsi tərəfindən verilmiş 29 nömrəli orderə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 980 saylı qərarına əsasən iddiaçıya Zirə bağlar sahəsində, 189 nömrəli BTK nəzdində, 0,12 ha torpaq sahəsi olan 105 a/3 № li bağ sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 23 iyul 2024-cü il tarixli arxiv arayışına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 980 nömrəli sərəncamından çıxarışdan görünür ki, Zirədəki 105a/3 №-li bağ 189 №-li BTK tərkibində İddiaçı istifadəsinə verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı adına 189 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində 105a/3 saylı bağ sahəsinin ayrılmasına dair order idarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq eyni nömrəli bağ sahəsinə dair X4 adına verilmiş orderin, müayinə aktının və ona əlavə edilmiş koordinat cədvəlinin təsdiq edilmiş surəti, eləcə də sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X3 və istismarı birliyi tərəfindən verilmiş Б/С nömrəli orderə əsasən Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 saylı qərarı ilə X5 Zirə bağlar sahəsində, 189 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 105 a/3 № li bağ sahəsi ayrılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir, ki göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 1200 kv.m olsa da, faktiki olaraq 1312.0 kv.m təşkil edir.Torpaq sahəsinin üzərində iki ədəd yarımçıq tikili mövcuddur. Torpaq sahəsinin sərhədlərinin üç tərəfi hasar, bir tərəfi isə şərtidir (uçmus hasar). Vətəndaşın əvvəlki müraciəti zamanı torpaq sahəsinin üç tərəfi hasar yol tərəfi isə şərti olaraq sərhədlənmişdir (əvvəlki müraciət xx.xx.2022-ci il tarixdə). Təkrar baxış zamanı vətəndaşın şifahi məlumatına əsasən hazırda yol tərəfdə olan hasar digər şəxs tərəfindən hasarlanmış və sahənin qərb hissəsində olan hasar isə sökülmüşdür. Faktiki olaraq göstərilən 1312 kv.m torpaq sahəsinin koordinatlarını və sahənin yerləşməsini əks etdirən sxem əlavə olunmuşdur. Bağ sahələri paylanarkən koordinatlarla verilmədiyindən sənəd üzrə olan 1200 kv.m sahənin koordinatları məlum deyil. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağın ərazisinə uyğun gəlir. Bundan başqa, idarənin arxiv məlumatına əsasən eyni BTK nəzdində eyni nömrəli bağ nömrəsi digər fiziki şəxsin adına order mövcuddur. Həmçinin, göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. Əlavə olaraq, təqdim etdiyiniz X3 və İstismarı Birliyi tərəfindən verilmiş verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti aparatının Əhaliyə Xidmət Fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar təsərrüfatı idarəsi tərəfindən verilmiş 29 nömrəli orderə əsasən Zirə bağlar sahəsində, 189 nömrəli BTK nəzdində, 0,12 ha torpaq sahəsi olan 105 a/3 № li bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Cavabdehin imtinasının əsası isə ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin, göstərilən torpaq sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 105b saylı bağın ərazisinə uyğun gəlir. Eyni zamanda, təqdim edilmiş orderin bağ nömrəsində düzəliş edilmiş, lakin səlahiyyətli şəxs tərəfindən təsdiqlənməmişdir. Öncə qeyd edilməlidir ki, işin müəyyən edilmiş hallarına əsasən 105a/3 saylı bağ sahəsi əvvəlcə Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı ilə X6 ayrılmış və bu barədə order verilmişdir. Sonradan isə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 980 saylı qərarına əsasən həmin torpaq sahəsi iddiaçıya ayrılmışdır. Cavabdeh iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin əslində 105b saylı bağın ərazisinə uyğun gəldiyini bilirir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə göndərilmiş 105b saylı bağın arxiv qovluğunda olan sənədlərlə müəyyən edilir ki, 105b saylı bağa dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli qərarına əsasən X2 adına 09 saylı order verilmiş, sonradan həmin şəxsin bağ sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Hazırda həmin bağ sahəsi X7 mülkiyyətindədir. Yəni, 105b saylı bağ sahəsinin iddiaçının istifadəsində olan bağ sahəsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin etirazında qeyd edilən məsələlər iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iddiaçıya məxsus bağ sahəsinin nömrəsinin sxematik xəritəyə uyğun olmaması iddiaçın təqsiri deyildir və bununla bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Belə ki, inzibati orqanların texniki səhvləri vətətndaşların hüquqlarının pozulması üçün əsas hesab edilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən sahəsi 0,12 hektar sahəsi olan 105A/3 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, 0,12 hektar sahəsi olan 105A/3 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar