Məhkəmə qərarları › İş №2-1(112)-1415/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1415/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1415/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “artıq ödənilmiş vəsaitin geri qaytarılması” barədə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X5 şəxsi hesab vərəqədə yaranmış 101.261,07 manat artıq ödənilmiş məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədləri cavabdehə təqdim olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5870/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (iddia tələbinin həcminin azaldılması) barədə ərizə ilə müraciət edərək, iddiaçı X5 şəxsi hesab vərəqədə yaranmış 101.109 manat artıq ödənilmiş məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının şəxsi hesab vərəqində 101.261,07 manat artıq ödəmə məbləği yaranmışdır. Maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq, o, 05.06.2020-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə şəxsi hesab vərəqinddə mövcud olan artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytariİması barədə ərizə ilə müraciət etmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə müraciətinə cavab məktubunda tərəflərindən təqdim edilmiş ərizədə qeyd olunmuş 2015-ci il ərzində bəzi artıq ödəmə məbləğləri üzrə ödəmə tarixlərinin araşdırıldığı və həmin vəsaitin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək üçün Qanunla müəyyən edilmiş müddət ötürüldüyünü və qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra dürüstləşdirilmiş ərizə ilə müraciət ediləcəyi təqdirdə qaldırılan məsələyə qanunamüvafıq qaydada baxılacağı bildirilmişdir. Həmçinin cavab məktubunda göstərilmişdir ki, Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Vergi Məcəlləsinin 13.2.49-1ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə əsasən könüllü vergi açıqlaması səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. İddiaçı tərəfindən 01.04.2015-ci il tarixindən 01.04.2016-cı il tarixədək vergi partnyorluğu sazişinin bağlanması üçün vergi orqanına ərizə ilə müraciət edilmişdir. Lakin cavab məktubunda təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatlarının vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilmədiyi qeyd olunmuşdur. Halbuki, bəyannamələrdə bütün dövriyyə məbləğləri düzgün göstırilmiş, vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasibdir. Müraciətə baxılması zamanı sonda bildirilmişdir ki,iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarını Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi tövsiyyə olunur. Lakin iddiaçının vergi orqanına müraciət ərizəsi konkret olaraq artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə olmuşdur. Vergi orqanı isə bundan imtina etmiş və orqanın hərəkətləri qanunvericiliklə müəyyən edilmiş hüquqlarımın pozulmasına gətirib çıxarmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, X9 tərəfindən vergi partnyorluğu sazişinin bağlanması üçün vergi orqanına 21.04.2015-ci il tarixli **********445300 nömrəli ərizə ilə müraciət olunmuş və tərəflər arasında 22.04.2015-ci il tarixli “Vergi partnyorluğu sazişi” bağlanmışdır. Lakin, təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir. Eyni zamanda, X5 təqdim etdiyi 04.06.2020-ci il tarixli ərizədə qeyd olunmuş 2015-ci il ərzində bəzi artıq ödəmə məbləğləri üzrə ödəmə tarixləri araşdırılarkən məlum olmuşdur ki, həmin vəsaitin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Göstərilənlərə əsasən vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi X6 tövsiyyə olunmuşdur. Bu barədə vergi ödəyicisinə 30.06.2020-ci il tarixli **********297300 nömrəli məktubla məlumat verilmişdir. Lakin, ötən müddət ərzində vergi ödəyicisi tərəfindən kənarlaşmalar (çatışmazlıqlar) aradan qaldırılmaqla yenidən artıq ödənilmiş vergilərin qaytarılması barədə dürüstləşdirilmiş Ərizə (1 nömrəli əlavə) forması ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət daxil olmamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə qeyd edilənlər formal xarakter daşımır və büdcə gəlirlərinin büdcəyə daxil olmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsinə, gəlirlərin, xərclərin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılmasına xidmət edir. Digər tərəfdən, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 04.09.2020ci il tarixli **********306400 nömrəli vəsatətdə qeyd edildiyi kimi, artıq ödəmənin qaytarılması barədə ərizə mahiyyət etibarilə düzgün tərtib edilmədiyi üçün vergi ödəyicisinə bu barədə “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq məlumat verilmiş və qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya imtina verilməmişdir. Eyni zamanda, əlavə məlumata ehtiyacı olacağı təqdirdə 195 Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməsi vergi ödəyicisinə təklif edilmişdir. Lakin, ötən müddət ərzində iddiaçı artıq ödənilmiş vergilərin qaytarılması barədə dürüstləşdirilmiş ərizə forması ilə yenidən cavabdehə müraciət etməmişdir.Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İnzibati iş üzrə şifahi məhkəmə baxış iclası 17.06.2021-ci il tarixə təyin edilmişdir. İş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə verilmiş etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin səlahiyyətli nümayəndələrinin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia tələbinin mahiyyətinə keçməzdən əvvəl, məhkəmə iddia tələbinin mümkünlüyünə baxır. İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir, iddiaçı vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. İddiaçı artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı rəy verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu vergi ödəyicisi tərəfindən çatışmazlıqlar aradan qaldırılmaqla yenidən artıq ödənilmiş vergilərin qaytarılması barədə dürüstləşdirilmiş Ərizə forması ilə müraciət etməsini tövsiyyə etmişdir. Cavabdeh həmin məktubun imtina kimi qiymətləndirilməli olmadığına dair mülahizələr irəli sürür. Məhkəmə bununla bağlı qeyd edir ki, "İnzibati icraat haqqında” Qanununun 15.1-ci maddəsinə görə Qanunla məcburi şərt nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən, inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən, ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Həmin Qanunun 32.2-1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Odur ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktub imtina kimi qiymətləndirilməlidir. İnzibati iş ərazi aiddiyəti üzrə Bakı İnzibati Məhkəməsinə aiddir. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddia tələbi mahiyyəti üzrə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan: -“Vergi partnyorluğu Sazişi”nin bağlanması barədə bildirişdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi partnyorluğu Sazişinin bağlanması” haqqında Qaydaların tələblərinə əsasən iddiaçı ilə 22.04.2015-ci il tarixdə “Vergi partnyorluğu Sazişi” bağlanmışdır. -X9 ilə Bakı Vergilər Departamenti arasında bağlanmış 22.04.2015-ci il tarixli, **********502100 saylı Vergi partnyorluğu Sazişindən görünür ki, Saziş vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. -X4 cavabdehə ünvanladığı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəsindən görünür ki, o, 101.109 manat məbləğində həyata keçirilmiş artıq ödəmənin qaytarılmasını xahiş edir. Artıq ödəmənin əhatə etdiyi tarixlər 2015-2019-cü illərə təsadüf edir. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavab məktubundan görünür ki, iddiaçı X5 05.06.2020-ci il tarixli müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, tərəfindən 01.04.2015-ci il tarixindən 01.04.2016cı il tarixədək vergi partnyorluğu sazişinin bağlanması üçün vergi orqanına ərizə ilə müraciət edilmişdir. Lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməmişdir.Eyni zamanda tərəfindən təqdim edilmiş ərizədə qeyd olunmuş 2015-ci il ərzində bəzi artıq ödəmə məbləğləri üzrə ödəmə tarixləri araşdırılmış və məlum olmuşdur ki, həmin vəsaitin qaytarılması və ya əvəzləşdirilməsini tələb etmək üçün Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Göstərilənlərə əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarını Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi tövsiyyə olunmuşdur. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq X5 (VÖEN:**********) artıq ödənilmiş məbləğin geri qaytarılması barədə müraciəti üzrə aparılmış araşdırmaya dair inzibati icraat materialların təsdiq edilmiş surətinin, həmçinin iddiaçının hazırki müraciəti üzrə geri qaytarılmasını tələb etdiyi və 5 illik müddəti keçmiş məbləğləri barədə ətraflı məlumat verilməsi ilə bağlı aidiyyəti üzrə inzibati orqana müraciət olunmuşdur. Sorğulara cavab məktubundan görünür ki: -X5 şəxsi hesab vərəqəsindən görünür ki, onun 01.01.2015-05.08.2020 dövr üzrə 101.261,07 manat artıq ödəməsi olmuşdur. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçı artıq ödənilmiş 101.109 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin sonuncu ona yenidən dəqiqləşdirilmiş ərizə ilə müraciət etməsini bildirərək müraciətindən imtina etmişdir. İddia tələbinə nəzər yetirdikdə məlum olur ki, iddiaçı 2 tələb irəli sürmüşdür:

1. Artıq ödənilmiş məbləğin qaytarılması;

2. Artıq ödənilmiş məbləğin qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün vergi ödəyicisinə müvafiq məbləğlərin üçün 0,1 faiz məbləğində pulun ödənilməsi. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, ümumiyyətlə iddiaçının artıq ödəmələrin olub-olmaması, olduğu təqdirdə iddiaçının tələb etmə hüququ üzrə prosessual müddətin ötürüb-ötürməməsinə münasibət bildirməldiir. Bununla əlaqədar olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbinin hər iki hissəsi Vergi Məcəlləsinin 87.1-ci və 87.1.2-ci maddələri, eləcə də Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın müddəaları ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin: -15.1 və 15.1.4-cü maddələrinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. -24.0 və 24.0.10-cu maddələrinə əsasən, vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludurlar. -87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. -87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra — büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda «vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar» dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur. Həmin Qaydaların 2-ci bəndinə görə vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1 və 3.2-ci bəndlərinə müvafiq olaraq vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.1, 5.1.3 və 5.1.4-cü bəndlərinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər; Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Həmin Qaydaların 6-cı bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların və maliyyə orqanlarının məsuliyyəti 6.1. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2. Vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki, “artıq ödənilmiş vergilər geri qaytarılması” dedikdə vergi ödəyici tərəfindən hər hansı səbəbə görə artıq tutulmuş vergi məbləğlərinin geri qaytarılması başa düşülür. Geriqaytarmanı tələb etmək isə vergi ödəyicisinin hüququ, onu müəyyən edilmiş qaydada təmin etmək isə vergi orqanının vəzifəsidir. Bu vəzifənin icrası və hüququn həyata keçirilməsi VM-nin və “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının müddəaları ilə tənzimlənir. VM bu cür məbləğlərin digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonraki öhdəliklər üzrə borcların ödəmələrin hesabına aid edilməsini mümkün sayır. Nəzərə alınmalıdır ki, qanunvericilik artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsinə görə 0,1 faiz məbləğində vergi orqanına faiz tətbiq edir. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, VM ilə başqa hallar nəzərdə tutulmamışdırsa, həmin məbləğlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec qaytarılması vergi hüquq pozuntusu sayılır. Bu əməlin təhlükəliyi bundan ibarətdir ki, vergi ödəyicisinə məxsus olan pul vəsaiti onun sərəncamına müəyyən edilmiş müddətdən gec daxil olur və onun həmin vəsaitə sərəncam vermək imkanı olmur. Pozuntunun subyekti məbləğlərin geri qaytarılması üçün məsuliyyət daşıyan vergi və maliyyə orqanları, obyekti isə məsuliyyət və vergi hüququ ilə bağlı ictimai münasibətlərdir. Bu əmələ görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Məhkəmə qeyd edir ki, işin təkzibolunmaz faktları ondan ibarətdir ki, iddiaçının 27 mart 2019-cu il tarixinə kimi vergilər üzrə dövlət büdcəsinə 101.109 manat artıq ödənişi olmuşdur. Bu hal təqdim olunmuş şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Lakin, nəzərə alınmalıdır ki, həmin məbləğlər ümumilikdə 2015-2019-ci illər üzrə dövrləri əhatə edir ki, bu zaman həmin vəsaitin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi aydınlaşdırılmalıdır. Bu araşdırmanın aparılması yönündə məhkəmə Vergi Məcəlləsinin müddəalarına istinad edir. Belə ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə yeni məzmunda əlavə edilmiş 1.4cü maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Göründüyü kimi, vergi qanunvericiliyi vergi orqanı tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququnu müəyyən müddətə məhdudlaşdırılmış və tələb etmə müddətini 5 il müəyyən etmişdir. Yuxarıda göstərilənləri işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə kimi 29.01.2015-05.08.2020-ci il dövrü üzrə 101.261,07 manat pul vəsaiti göstərilsə də, cavabdeh inzibati orqana müraciəti ərizəsində 29.01.2015-27.03.2019-cu illər üzrə cəmi 101109 manat artıq ödəmənin geri qaytarılması barədə rəyin verilməsinı tələb etmişdir. İddiaçı həmin artıq ödəmənin qaytarılması ilə bağlı 05.06.2020-ci il tarixdə müraciət etdiyindən, ona həmin vəsait üzrə 29.01.2015; 30.03.2015; 13.04.201; 08.05.2015 və 14.05.2015-ci il tarixlər istisna edilməklə, 16.06.2015-ci ildən sonraki ödənişlər geri qaytarılmalıdır. Həmin məbləğ isə 96.804 manat müəyyən edilmişdir (101.109-4.305) . Faiz dərəcəsinə münasibətdə məhkəmə bildirir ki, həqiqətən də qanunvericilikdə artıq məbləğin geri qaytarılanadək gecikdirilən hər gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində vəsaitin tutulması nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının müraciət etdiyi tarixdən hər bir gün üçün 96.804 manat vəsaitin 0,1 faizi əlavə olaraq ödənilməlidir. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçı X5 iddiası qismən təmin edilsin. iddiaçı X5 şəxsi hesab vərəqəsində yaranmış 96.804 (doxsan altı min səkkiz yüz dörd) manat artıq ödənilmiş məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən (05.06.2020) həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qalan hissədə iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar