Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1415/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti) “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən İddiaçı ayrılmış ümumi sahəsi 0,05 ha olan N-14 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Bakı şəhər X12 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılığının 64 üzvünə torpaq sahəsi ayrılmışdır. O, 1999-cu il tarixdən həmin bağçılığın üzvüdür. 14.03.1999-cu il tarixli protokola əsasən bağçılığın sahəsində yerləşən ümumi sahəsi 0,05 ha N-14 saylı bağ sahəsi ona verilmişdir. “Gəmi-Təmirçisi” X6 Heyətinin 14.03.1999-cu il tarixli protokolundan görünür ki, A.A.İbrahimov, S.M.Kərimov və E.S.Yunataev bağçılıq yoldaşlıq üzvlüyündən çıxmış və ona N-14 saylı 0,05 ha bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi hazırda onun istifadəsindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 17.07.2012-ci il tarixli A 405089 nömrəli torpaq sahəsinin kadastrından görünür ki, ona Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 500 kv.m olan N-14 saylı bağ evinin tikintisi üçün torpaq sahəsi üzrə kadastr verilmişdir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün o, cavabdehə müraciət etmişdir. Lakin cavabdeh orqan 31 may 2021-ci il tarixli məktubu ilə onun xahişini təmin etməkdən imtina etmişdir. Həmin məktubda ona bildirilmişdir ki, bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrımış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Halbuki bütün sənədlər qaydasındadır, üzvlük kitabçası, protokollar lazımı qaydada cavabdeh orqana təqdim edilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər tam qaydasındadır və onlar aidiyyəti orqanlarlar tərəfindən lazımi qaydada təsdiq olunmuşdur. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahatında bildirdi ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Gəmi Təmirçisi" bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı və protokoldan çıxarışda qeyd edilən şəxslərin adları aşkar olunmamışdır. Bundan əlavə, “Gəmi Təmirçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı ilə bağlı məhkəmə mübahisəsi vardır. Bununla bağlı İddiaçı **********20 qeydiyyat nömrəli 31.05.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X14 izahatında bildirdi ki, Bakı şəhər X12 İcraiyyə Komitəsinin 27.10.1987-ci il tarixli, 20/396 saylı qərarına əsasən “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının üzvlərinə torpaq sahəsi ayrılmışdır. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağından 14.03.1999-cu il tarixli protokoluna əsasən İbrahimov A.A, Kərimov S.M və Yunataev E.S bağçılıq yoldaşlıq üzvlüyündən çıxarılmış və onlar bağ sahələri üzərində hüquqlarını itirmiş hesab edilmişlər, X4 bağ N-11, 0.05 ha, X17 bağ M-22, 0.05 ha və İddiaçı bağ N-14, 0,05 ha bağ sahələri ayrılmaqla onlar bağçılıq yoldaşlığına üzv qəbul edilmişlər. Digər iki şəxsin ayrılmış torpaq sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onlara çıxarış verilmiş, lakin İddiaçı çıxarış verilməsindən imtina edilmişdir. İddiaçının da sənədləri qanuna uyğundur və ona torpaq sahəsi verilərkən heç bir pozuntu halına yol verilməmişdir. İddiaçı da “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlük bileti vardır və ona verilmiş torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü də tərtib edilmişdir. “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin bir çox üzvlərinə torpaq sahələri ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 31.05.2021-ci il tarixli **********20 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən N-14 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 29.04.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Gəmi Təmirçisi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Sizin və protokoldan çıxarışda qeyd edilən şəxslərin adları aşkar olunmamışdır. Bundan əlavə, “Gəmi Təmirçisi" bağçılıq-yoldaşlıq təsərrüfatı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2413/2021 saylı, 01.03.2021-ci il tarixli bildirişi daxil olmuşdur. Lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı idarəyə daxil olmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən 27.07.2021-ci il tarixli BA-03426-2021 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş Bakı şəhər X12 İcraiyyə Komitəsinin 27.10.1987-ci il tarixli, 20/396 saylı qərarının təsdiq edilmiş surətindən (arxiv çıxarışı) görünür ki, 2.1. Orconikidze (indiki Suraxanı) rayonu, Hövsan qəsəbəsi ərazisində 26 Bakı komissarı adına rayonun müəssisə və təşkilatlarına, 2.1.3. SSRİ Hərbi Dəniz Nazirliyinin “Xəzərdənizgəmitəmiri” Gəmitəmiri istehsalat birliyinin əlavə olaraq 64 yoldaşlıq üzvünə torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağından 14.03.1999-cu il tarixli protokolun notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İbrahimov A.A, Kərimov S.M və Yunataev E.S bağçılıq yoldaşlıq üzvlüyündən çıxarılması və onların bağ sahələri üzərində hüquqlarının itirilmiş hesab edilməsi, ərizə ilə müraciət etmiş vətəndaşların bağçılıq yoldaşlığına üzv qəbul edilməsi və onlara aşağıdakı bağ sahələrinin ayrılması qərara alınmışdır: X4 - N-11, 0.05 ha; X17 - M- 22, 0.05 ha; İddiaçı Əbdülkərim oğlu - N-14, 0,05 ha. İş materiallarında olan “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlük biletinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Əhmədov X3 rayonunun Hövsan qəsəbəsindəki “Bağçılıq Yoldaşlıq Cəmiyyəti”nin üzvüdür və ona 1999-cu ildə N-14 saylı 0,05 hektar yer verilmişdir. Əsas: 14.03.1999-cu il tarixli protokol. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Torpaq sahəsinin planı və ölçüsü İddiaçı bağ evi tikintisi üçün Bakı şəhər XDS İK-nin 27.10.1987-ci il tarixli 20/396 saylı qərarı və «Gəmitəmirçisi» b/y-nın 14.03.1999-cu il tarixli Protokolu ilə verilmiş N-11 saylı 500 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X18 kitabında 17.07.2012-ci il tarixdə 31704 nömrə ilə uçota alınmışdır (A №405089). İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 16.09.2021-ci il tarixli **********40 saylı məktubdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən N-14 saylı bağ sahəsinə dair məhkəmə qərarı aşkar edilmədi və əmlak dövlət reyestrində qeydiyyata alınmayıb. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 15.11.2021-ci il tarixli məktubdan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Gəmitəmirçisi» b/y-nın M-22 saylı bağ sahəsi vətəndaş tərəfindən təqdim edilmiş üzvlük kitabçası, DTXK tərəfindən verilmiş 17.07.2012-ci il tarixli A405088 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi və «Gəmitəmirçisi» bağçılıq yoldaşlığının 14.03.1999-cu il tarixli Protokolundan çıxarış əsasında 25.08.2012-ci il tarixdə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Gəmitəmirçisi» b/y-nın N-11 saylı bağ sahəsi vətəndaş tərəfindən təqdim edilmiş üzvlük kitabçası, DTXK tərəfindən verilmiş 17.07.2012-ci il tarixli A405090 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi və «Gəmitəmirçisi» bağçılıq yoldaşlığının 14.03.1999-cu il tarixli Protokolundan çıxarış əsasında 30.01.2013-cü il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər X12 İcraiyyə Komitəsinin 27.10.1987-ci il tarixli, 20/396 saylı qərarına əsasən “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığın üzvlərinə torpaq sahəsi ayrılmışdır. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının 14.03.1999-cu il tarixli protokolunun notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Əbdülkərim oğlu bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və ona sahəsi 0,05 ha olan N-14 saylı bağ sahəsi ayrılmışdır. Eyni zamanda “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlük biletinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Əhmədov X3 rayonunun Hövsan qəsəbəsindəki “Bağçılıq Yoldaşlıq Cəmiyyəti”nin üzvüdür və ona 1999-cu ildə N-14 saylı 0,05 hektar yer verilmişdir (Əsas: 14.03.1999-cu il tarixli protokol). Həmçinin İddiaçı bağ evi tikintisi üçün Bakı şəhər XDS İKnin 27.10.1987-ci il tarixli 20/396 saylı qərarı və «Gəmitəmirçisi» b/y-nın 14.03.1999-cu il tarixli Protokolu ilə verilmiş N-11 saylı 500 kv.m torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü də tərtib edilmişdir. Həmin bağ sahəsi iddiaçının istifadəsindədir. Cavabdeh inzibati orqan tərəfindən həmin bağ sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan protokol, üzvlük kitabçası və Torpaq sahəsinin planı və ölçüsünün həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı idarə heyətinin yığıncağının 14.03.1999-cu il tarixli protokolu ilə iddiaçı ilə bərabər bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və torpaq sahəsi ayrılmış digər 2 şəxs - X2 (bağ N-11, 0.05 ha) və X15 (bağ M-22, 0.05 ha) ayrılmış torpaq sahələrinə hüquqları cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onlara çıxarışlar verilmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan N-14 saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1415/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1415/2022
01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver