Məhkəmə qərarları › İş №2-1(112)-14153/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14153/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14153/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı “qətnamənin icrasına yönəlmiş hərəkətlərin edilməməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onların Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ərazidən çıxarılmaları barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5643/2021 saylı qətnaməsinin Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov 10 ünvanında icra etməyə yönəlmiş hərəkətlərin edilməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra iddianın mümkünlük məsələsinin müzakirə edilməsi məqsədilə xx.xx.2023-cü il tarixə məhkəmənin hazırlıq icraatı üzrə iclası təyin edilərək bu barədə tərəflərə qabaqcadan rəsmi məlumat göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və digər İddiaçı2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 verdiyi izahatında işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu qeyd edərək tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5643/2021 saylı qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı “Azərrabitəinşaat” ATSC-nin cavabdehlər İddiaçı1, İddiaçı2 və X1rşı iddiası təmin edilmiş və qeyd olunan şəxslərin Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 3337,4 kv.metr olan ərazidən çıxarılması və həmin ərazinin boşaldılaraq “Azərrabitəinşaat' ATSC-yə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 2852/2022 saylı qətnaməsi ilə rayon məhkəməsinin adıçəkilən qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli, 2(102)-758/2023 saylı qərarı ilə gəlinmiş nəticə ilə razılaşmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5643/2021 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri, Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və müvafiq icra tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Hazırda iddiaçılar Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsinin sözügedən qətnamə əsasında verilmiş icra sənədinin icrası ilə bağlı hərəkətlərini qanunsuz hesab edir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkətlərini inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). «İcra haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun: -8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. -26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. -78.1-ci maddəsinə görə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. - 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. «İcra məmurları haqqında» AR Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından,hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Konstitusiya Məhkəməsinin həmin Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. AR Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında ifadə edilən hüquqi mövqeyinə əsasən: Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi icra sənədinin icra qurumu tərəfindən icra icraatı çərçivəsindəki hərəkətləri (hərəkətsizliyi) ilə bağldır. Bu tələblə inzibati məhkəmə icraatında müstəqil inzibati iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun tələbinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hazırkı mübahisə üzrə icra sənədi Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5643/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli qətanməsi əsasında verilmişdir. Həmin qərar üzrə verilmiş icra sənədi üzrə cavabdeh icra qurumunun icra icraatı çərçivəsində hərəkətləri ilə bağlı tələb inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəmədə şikayət verməklə mübahisələndirilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar