Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1416/2021 24.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı Abbasəli oğlunun, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Abbasəli oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və orta aylıq əmək haqqı nəzərə alınmaqla yaranmış fərq məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Abbasəli oğlu cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və orta aylıq əmək haqqı nəzərə alınmaqla yaranmış fərq məbləğinin birdəfəlik qaydada ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 1 noyabr 1955-ci il tarixdə doğulmuşdur, ona əmək pensiyası təyin edilməsi ilə əlaqədar “ASAN-3” vasitəsi ilə DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə rəsmən müraciət etmişdir. Müraciətdə qanunvericiliyə əsasən onun iş staji və yaşına görə əmək pensiyası təyin olunması xahiş edilmişdir. Müraciət edən anda onun yaşı 64 yaş il yarım idi və 35 il 10 ay 5 gün iş stajı mövcud idi. DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi 24 iyul 2020-ci il tarixli qanunsuz və əsassız cavab məktubu ilə bildirilmişdir ki, 23 mart 1998-vi il tarixdən 1 yanvar 2006-cı il tarixədək işlədiyi “xxxx" ASC-də sosial sığorta stajı araşdırması imkan xaricində olduğundan, onun ümümi stajı 25 ildən az təşkil edir və bu səbəbdən əmək pensiyası təyin olunmur. İddia ərizəsinə əlavə edilən bütün sənədləri o, DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatlı İdarəsinə təqdim etmişdir. Onun iş stajı hər gün üzrə onun əmək kitabçalarında qeyd olunmuşdur. DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatlı İdarəsi cavab məktubunda qeyd etdiyi 23 mart 1998-ci il tarixədək onun artıq 26 il 7 ay 25 gün ümümi iş stajı var idi və bu fakt əmək kitabçasında qeyd olunan yazılarla və möhürlərlə təsdiq edilir. Bundan əlavə, 23 mart 1998-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək onun iş stajı əmək kitabçasında yazılarla və möhürlərlə qeyd olunmuşdur. Hərbi xidməti, təhsil müddəti və əmək stajı nəzərə alınaraq onun 1 yanvar 2006-cı il tarixədək 33 il 10 ay 5 gün ümümi iş stajı vardır. Onun iş stajı fasiləsiz olaraq 1970-ci ildən başlayaraq 1 iyun 2007-ci il tarixədək davam edib. Yuxarıda qeyd olunanları 31 iyun 1972-ci il tarixli və AT-İİ ******* nömrəli 26 dekabr 1979-cu il tarixli əmək kitabçalarında yazılarla və iş yerlərinin möhürləri ilə təsdiq edilir. 21 avqust 1990-cı il tarixdə öz istəyi ilə adını “Söyuncahan”dan "Hüseyn"ə dəyişdirmişdir. Bu faktı təsdiq edən “adın dəyişdirilməsi barədə şəhadətnamə” mövcuddur (əlavə edilir). DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi onun hərbi xidmətdə olduğu və təhsil aldığı illəri nəzərə almamışdır. Habulki, həmin illər təsdiqləyici möhürlərlə əmək kitabçasında qeyd olunmuşdur və qanuna əsasən nəzərə alınmalıdır. Belə ki, 1 oktyabr 1956-cı il tarixdə qanuni qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş «Dövlət Təminatı haqqında» SSRİ Qanununun 1-ci maddəsinin “v" bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir. Həmin qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, “ali, orta ixtisas, texniki peşə məktəblərin bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 23 sentyabr 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinin “g” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Yuxarıda qeyd olunanlara əsasən və ona 1 may 2020-cı il tarixindən etibarən 64 yaş yarım tamamlandığına və əmək stajı 33 il 10 ay 5 gün olduğuna görə əmək pensiyası təyin olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq görünür ki, DSMF-nin qəbul etdiyi qərar əsassız və qanunsuzdur. Göstərilənlərə və AR Mülki Prosessual Məcəlləsinin 8, 9, 14-cü maddələrinə, İPM-in 12-ci maddəsinə, «Dövlət rüsumu haqqında» AR Qanununun 9.1.12-ci maddəsinə əsaslanaraq, iddiaçıya 1 may 2020-ci il tarixdən (64 yaş yarımdan) əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qanuni qüvvəyə minənədək yığılan pensiya ödənişini orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddia tələbinin «iddiaçının 35 il 10 ay 5 gün ümumi iş stajının nəzərə alınaraq, 64 il 6 ay yaşı tamam olduğuna görə 1 may 2020ci il tarixdən əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarının qanuni qüvvəyə mindiyi günədək yığılan pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» kimi qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 10 fevral 2021-ci il tarixli məktubunda (vəsatətində) aşağıdakılar bildirilir: - İddiaçı 21 may 2020-ci il tarixdə ona pensiyanın təyin edilməsi üçün ASAN xidmət vasitəsi ilə DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Vətəndaşın müraciəti Filial tərəfindən 24 iyul 2020-ci tarixli imtina məktubu ilə cavablandırılmışdır. Məktuba əsasən vətəndaşın əmək kitabçasında qeyd edilmiş 23 mart 1998-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək işlədiyi “xxxx” ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından, onun sosial sığorta stajının araşdırılması mümkün olmamış və bu səbəbdən vətəndaşa pensiya təyinatının aparılmadığı müəyyən edilir. Ərizəçinin hüququ 1 may 2020-ci il tarixdə yaranmış, ona yaşa görə müavinət təyin edilmişdir. Ərizəçi cavabdehin imtinası ilə razılaşmayaraq, 11 avqust 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarınada olan sənədlərə əsasən ərizəçinin 3 əmək kitabçası mövcuddur. Bu əmək kitabçalarından birincisi 31 iyun 1972-ci il tarixdə (seriya nömrəsi yoxdur), digəri 26 dekabr 1979-cu il tarixdə tərtib edilmişdir. Üçüncü əmək kitabçasının tərtib edilmə tarixi və seriya nömrəsi yoxdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən ərizəçi 1 sentyabr 1970-ci il tarixdən 22 iyun 1972-ci il tarixədək təhsil almış, 8 noyabr 1974-cü il tarixdən 1976-cı ilin avqust ayənadək hərbi xidmətdə olmuşdur. Ərizəçinin əmək kitabçasındakı qeydlər, hərbi xidmət dövrü, təhsil iləri də nəzərə alınmaqla 33 il 6 ay 17 gün əmək stajı vardır. Ərizəçinin 1 iyun 2006-cı il tarixdən 1 iyul 2006-cı il tarixədək, 1 oktyabr 2006-cı il tarixdən 1 noyabr 2006-cı il tarixədək, 1 fevral 2007-ci il tarixdən 1 mart 2007-ci il tarixədək olan dövrlərdə ümumilikdə aldığı əməkhaqqı 115,25 manat təşkil etmişdir. Qeyd edilən əmək haqqı əsasında 28,82 manat məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2 ci maddəsinə uyğun olaraq hesablanır. Qeyd edilən Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 2019 – 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Belə ki, DSMF tərəfindən qanunvericiliyin bu maddəsi tətbiq edilərək vətənadaşa 25 il 3 ay nəzərə alınmaqla 2 sentyabr 2020-ci il tarixli № **********3 qərarla vətəndaşın hüququnun yarandığı 1 may 2020-ci il tarixdən minimum əmək pensiyası (200 manat) təyin edilmişdir. Əgər mübahisə edilən illər nəzərə alınaraq staj əsasında pensiya təyin edilərsə: (33 il tam iş stajı x 306 manat) + (306 manat : 12 x 7) = 10.276,5 manat. Vətəndaşın 2006-cı ilin yanvar ayının 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək 33 il 7 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: 2006-cı il – indeksləşdirmə 8.3, kapital 10.276,5; 2007-ci il – indeksləşdirmə 16,7; kapital 11129,4495; 2008-cı il – indeksləşdirmə 20,8; kapital 12988,06757; 2009-cu il – indeksləşdirmə 1.5; kapital 15689,58562; 2010-cu il – indeksləşdirmə 5,7; kapital 15924,9294; 2011-ci il – indeksləşdirmə 7,9; kapital 16832,65038; 2012-ci il – indeksləşdirmə 1,1; kapital 18162,42976; 2013-cü il – indeksləşdirmə 2,4; kapital 18362,21649; 2014-cü il – indeksləşdirmə 1,4; kapital 18802,90968; 2015-ci il – indeksləşdirmə 4; kapital 19066,15042; 2016-cı il – indeksləşdirmə 12,4; kapital 19828,79644, 2017-ci il – indeksləşdirmə 5,7; kapital 22287,56719; 2018-ci il – indeksləşdirmə 3; kapital 23557,95852; 2019-cu il – indeksləşdirmə 16,6; kapital 24264,69728; 2020-ci il – kapital 28292,63703. Göründüyü kimi, vətəndaşın 2006-cı ilə qədər olan stajı ilə pensiya kapitalı hesablandıqda vətəndaşın hüququ yaranan il (2020-ci il) üçün 28292,63703 manat kapital təşkil edir, bu isə tələb edilən 28.800 manat kapitala cavab vermədiyi üçün minimuma çatdırılır və minimum 200 manat pensiya təyin edilir. Hər iki halda vətəndaşa minimum pensiya təyin edilir. İPM-nin 67.3-cü maddəsinə əsasən məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmədən bütün bu faktları nəzərə alaraq, İddiaçı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı Abbasəli oğlu iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Həmin Qanunun 27-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. . . . Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında göstərilən qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” AR Qanununun 19-cu maddəsinin tələblərinə ziddir. Bir hal xüsusi vurğulanmalıdır ki, qanunvericiliyin yuxarıda sadananan müddəaları (o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri rəhbər tutulmaqla) 1 yanvar 2002-ci il tarixədək mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdəki əmək fəaliyyətini məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti tətbiq edilmədən xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajı kimi nəzərdə tutur, həmin tarixdən sonrakı dövrdə əmək fəaliyyəti dövrünün iş stajına daxil edilməsi isə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirilir. Belə olan halda, hazırkı İddiaçı Abbasəli oğluna əmək pensiyası təyin edilərkən onun 23 mart 1998-ci il tarixdən 1 yanvar 2002-ci il tarixədək olan dövrdə iş stajı sığorta stajı kimi nəzərə alınmalıdır. İddiaçının tələbində göstərilən “orta əmək haqqı nəzərə alınmaqla” şərti ilə pensiya təyin edilməsi mövcud əmək pensiyaları qanunvericiliyinə ziddir və pensiyanın hesablanması “Əmək pensiyaları haqqında” AR Qanununun 10 və 27-ci maddələrinə uyğun aparılmalıdır. İddianın digər – “pensiya təyin edilən vaxtdan ödənilməmiş fərq məbləğinin ödənilməsi” tələbi hissəsi birinci tələbdən asılı və törəmədir. Ona görə də birinci tələb hansı hissədə təmin olunursa, ona mütənasib olaraq yenidən hesablanmada (nəzərə alınmalıdır ki, iddiaçıya əmək pensiyası təyin olunmuşdur) “ödənilməmiş pensiya məbləği” üç illik dövr daxilində olduğundan, ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının müraciəti üzrə cavabdeh imtinanın bir səbəbi kimi də “pensiya kapitalının toplanmaması”nı göstərmişdir. Lakin məhkəmə bununla razılaşmır və qeyd edir ki, mövcud qanunvericilik yaşa görə əmək pensiyasının təyin olunmasını təkcə “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” ilə deyil, bu hal mümkün olmadıqda həmçinin “azı 25 il sığorta stajının toplanması” (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) ilə şərtləndirir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının arzuladığı kimi olmasa da, ona cavabdeh tərəfindən hazırkı iddia qaldırıldıqdan sonra yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə inzibati orqanın imtinası qismən qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilə bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, qismən təmin edilərək İddiaçı Abbasəli oğluna 1 may 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının onun 23 mart 1998-ci il tarixdən 1 yanvar 2002-ci il tarixədək işlədiyi dövr sığorta stajına daxil edilməklə hesablanması və verilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Abbasəli oğluna 1 may 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının onun 23 mart 1998-ci il tarixdən 1 yanvar 2002-ci il tarixədək işlədiyi dövr sığorta stajına daxil edilməklə hesablanması və verilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1416/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1416/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver