Məhkəmə qərarları › İş №2-1(112)-14171/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14171/2025

12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14171/2025 12.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçının nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı üçüncü şəxs qismində Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinin mərhum anası X4 mülkiyyət hüququ üzrə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum anası X2 yeganə varisi olmaqla Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m sahəsi olan torpaq sahəsinin mülkiyyət hüququnun X2 adına tanınması və həmin əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə müraciət əsassız olaraq rədd edilmişdir. Cavab məktubu 02 iyul 2025-ci il tarixində rəsmi qaydada iddiaçıya təhvil verilmişdir. İddiaçının mərhum anası X6 uzun müddət faktiki olaraq Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsindən istifadə etmiş, bu əraziyə daş hasar çəkmiş və bağ sahəsi kimi istifadə etmişdir. 2004-cü ildə Bakı şəhəri Səbail Bələdiyyəsinə müraciət edərək toıpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmiş və 30 dekabr 2004-cü il tarixli 512 nömrəli Sərəncam verilmişdir. Sərəmcamda aşağıdakılar göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunlarına, Səbail Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli İclasının 31 saylı və' xx.xx.2004-cü tarixli iclasının 68 protokoluna əsaslanaraq Səbail rayonu. Salyan şossesi, 32 ünvanında Bələdiyyə ərazisinə məxsus 1200 kv.m. torpaq sahəsi əlavə olunmuş çizgi əsasında alqı-satqı qaydasında vət. X2 adına sənədləşdirilmişdir. Sərəncamın icrası ilə bağlı torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış, bu müqavilə əsasında ümumilikdə 24960000 manat vəsait ödənilmiş və müvafiq qəbzlər (№ 120427 və 120823) təqdim olunmuşdur. Sərəncama uyğun olaraq toıpaq sahəsinin alqı-satqısı rəsmiləşdirilmiş, bu barədə alqı-satqı aktı tərtib edilmiş və tərəflər imzalamışdır. Beləliklə, əmlak üzərində mülkiyyət hüququ qanuni şəkildə yaranmışdır. İddiaçının anası X6 vəfat etdikdən sonra yeganə qanuni varisi kimi İddiaçı qanunvericiliyin tələblərinə uyğun şəkildə vərəsəlik hüququ ilə bu əmlaka sahib olmuşdur. Vərəsəlik hüququ ilə bağlı notariat qaydasında rəsmiləşdirilmiş sənəd təqdim etməyə hazıram və bu sənədin təqdim olunmaması yalnız texniki xarakter daşımışdır. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin mərhum X4 mülkiyyət hüququ üzrə məxsus olması barədə arayşın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, sözügedən əmlaka dair təqdim edilmiş sənədlərdə adı qeyd olunan X6 arasında əlaqələndirici sənəd (vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsinə dair notariat ofisinin məktubu) təqdim edilməmişdir. X1 X5 Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcud olmadığından araşdırma aparılması tərəfimizdən mümkün olmamışdır. Bundan əiavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer qurluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları döviət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı “Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinin mərhum anası X4 mülkiyyət hüququ üzrə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********64 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Həmçinin iddiaçı tərəfindən torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin hazırki iş üzrə 07.08.205-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İİİ. Tədqiq edilən sübutlar Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 512 nömrəli Sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda Bələdiyyəsi ərazisinə məxsus 1200 k.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. X2 adına sənədləşdirilmişdir. İş materiallarına əlavə olunmuş Torpaqların Alqı-satqısına dair Akta əsasən X6 tərəfindən verilmiş Səbail rayon Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin inzibati ərazisində 1200 kv.m torpaq sahəsi satılması barədə xx.xx.2004-cü il tarixli 512 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X7 tərəfindən Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin hesabına 24960000 manat haqq ödənilmişdir (Qəbz №120427,120823). ünvan ünvanlanan məktubda qeyd edilmişdir ki, toplanmış sənədlərə əsasən halhazıradək mərhum X2 vərəsəlik işi ilə əlaqədar mirası qəbul etmiş vərəsə İddiaçı müəyyən edilmişdir. Cavabeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, X3 ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. NECAS-a əsasən dövlət mülkiyyət torpağı olmaqla, yaşayış məntəqələri təyinatlıdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə və faktiki ölçüsü 1200 kv.m təşkil edir. Torpaq sahəsi 2 tərəfdən mişar daşı 2 tərəfdən isə şərtidir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda kadastr məlumatları əsasında sözügedən ərazinin qonşuluğunda qeydə alınmış daşınmaz əmlaklara dair ilkin sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. IV. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Məhkəmənin hazırki iş üzrə mövqeyi X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsaslanır. Torpaq sahəsinə münasibətdə məhkəmə tərəfindən aşağıdakı sənədlər tədqiq edilmişdir: - Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 512 nömrəli Sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda Bələdiyyəsi ərazisinə məxsus 1200 k.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. X2 adına sənədləşdirilmişdir. - İş materiallarına əlavə olunmuş Torpaqların Alqı-satqısına dair Akta əsasən X6 tərəfindən verilmiş Səbail rayon Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin inzibati ərazisində 1200 kv.m torpaq sahəsi satılması barədə xx.xx.2004-cü il tarixli 512 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X7 tərəfindən Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin hesabına 24960000 manat haqq ödənilmişdir (Qəbz №120427,120823). Məhkəmə qeyd edir ki, səlahiyyəli inzibati orqan (bələdiyyə) tərəfindən ləğv edilməmiş və ya geri çağırılmamış, yəni qüvvədə olan inzibati aktın qanuniliyinə qiymət vermək, onu təftiş etmək qeydiyyat orqanı kimi cavabdehin vəzifə və funksiyalarına aid deyildir. Qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət verilərək ləğv edilməsi səlahiyyəti onu qəbul edilmiş inzibati orqana aiddir. Hazırki işin hallarından göründüyü kimi bələdiyyə həmin qərarın etibarlılığını tanımaqla torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və alqı-satqını təsdiq edən mədaxil qəbzi verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin imtinasında qeyd etdiyi hal iddiaçının təqsiri ucbatından baş verən hal olmamaqla onun etimad hüququ qorunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 67.5-ci maddəsinə görə, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Odur ki, hüquqi dövlət prinspindən çıxış edərək hüquqi cəhətdən etibarlı inzibati aktın yaratdığı hüquqi nəticələr qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Məhkəmə xüsusilə nəzərə alır ki, iddia tələbinin predmeti olan torpaq sahəsi iddiaçının anasının faktiki sahibliyində və istifadəsində olmuşdur, torpaq sahəsi digər şəxslərin adına qeydiyyata alınmamışdır və torpaq sahəsinə dair hər hansı digər şəxsin iddiası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının anasının faktiki sahibliyində və istifadəsində olmuş 1200 kv.m. torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var. Belə ki, təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, qeyd edilən ərazidə Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi tərəfindən iddiaçının anası X4 1200 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir (qonşuluqda digər şəxslərin adına qeydiyyata alınmış torpaq sahələrinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” müəyyən edilmişdir) və iddiaçının qanuni sahibliyindədir. Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi tərəfindən qəbul edilmiş sərəncamın qərarın mötəbərliyi ilə bağlı hər hansı şübhə yoxdur. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Məhkəmə qeyd edir ki, qeyd edilən torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aiddir. Belə ki, əksi cavabdeh tərəfindən sübut edilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğunu qeyd etsə də, Bakı şəhəri Səbail rayon Səbail Bələdiyyəsinə aid torpaq sahəsinin hüdudlarını müyəyyən edən sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə, cavabdeh İPM-in 14-cü maddəsinə əsasən sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Eyni zamanda iddia tələbinin predmeti olan torpaq sahəsi ilə qonşuluqda yerləşən digər şəxslərin adına qeydiyyata alınmış torpaq sahələrinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” müəyyən edilmişdir. Odur ki, qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Məhkəmə eyni zamanda müəyyən edir ki, iddiaçının anası X4 ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazidə digər şəxslərin adına analoji hüquqmüəyyənedici sənədlər (bələdiyyə sərəncamı, torpaqların alqı-satqısına dair akt) əsasında xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış torpaq sahələri mövcuddur. Belə olan təqdirdə bərabər vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftar ağalabatan hesab edilə bilməz və bərabərlik prinspinin pozulması ilə nəticələnə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, imtinada qeyd edilən hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı, və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında" Azerbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi" yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilatı xarakterli tədbirlər başa çatdırıldıqdan sonra "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Bakı şəhəri Səbail rayon Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixi Sərəncamına əsasən ayrılmış 1200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X4 məxsusluğu barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar