Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14174/2022 20.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı “test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 avqust 2022-ci il tarixində dövlət qulluğunun BA kateqoriyası üzrə X4 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında B variantı üzrə 51-ci test tapşırıqlarının cavablarının düzgün cavab kimi qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, dövlət qulluğuna qəbul üzrə repetitor fəaliyyəti ilə məşğuldur. Onun tələbələri də namizəd kimi iştirak etdiyi 21 avqust 2022-ci il tarixində dövlət qulluğunun B kateqoriyası üzrə X4 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında B variantı üzrə 51-ci sual səhv tərtib olunmuş, sualların cavabı DİM tərəfindən səhv yoxlanılmışdır. Bu hal isə tələbələrindən bəzilərinin imtahan nəticəsinə əsaslı təsir göstərmişdir. Belə ki, suallar düzgün tərtib ediləcəyi və düzgün qiymətləndiriləcəyi təqdirdə imtahanda məqbul bal toplayacaq namizədlər, məhz DİM-in səhvi nəticəsində yetərli bal toplaya bilməmişlər. Bu barədə DİM-ə rəsmi qaydada müraciət etmişdir və ona xx.xx.2022-ci il tarixdə cavab məktubu göndərilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, DİM-də yaradılan Apellyasiya Komissiyası tərəfindən imtahanda istifadə olunan tapşırıqlar ekspert qrupunun iştirakı ilə təkrar ekspertizadan keçirilib və namizədlərin imtahan nəticələrinə təsir göstərə biləcək hallar təhlil olunmuşdur. Belə ki, ekspertlərin rəyinə əsasən, qanunvericilik proqramına aid iki test tapşırğının birində redaktə, digərində isə texniki xarakterli xətaya yol verildiyi müəyyən edilmişdir. Bir qapalı tipli test tapşırığının şərt hissəsində redaktə səhvi (inkarın silinməsi) nəticəsində hər üç yanlış cavab variantı doğru cavab variantlarına çevrilmişdir. Bir açıq tipli seçim formalı tapşırığın etalonunda (tapşırıqların düzgün cavablarının verildiyi şablon) isə dörd cavab variantı (2,3,4,5) əvəzinə texniki səhv nəticəsində üç doğru cavab variantı (2,3,5) qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan savayı, namizədlərin imtahan nəticəsinin dəyişdirilməsinə səbəb ola biləcək digər heç bir hal aşkar edilməmişdir. Apellyasiya Komissiyasının qərarına əsasən namizədlərin imtahan nəticəsində aşağıdakı dəyişikliklər edilmişdir: - BA vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 21 saylı və BB vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 50 saylı eyni məzmunlu bir qapalı tipli test tapşırığı bütün namizədlər üçün düzgün cavablandırılmış hesab edilmişdir. BA vəzifə qrupu A variantı üzrə 50 saylı, B variantı üzrə 54 saylı açıq tipli seçim formalı test tapşırığı yalnız (2,3,4,5) cavab variantını seçən namizədlər üçün düzgün, (2,3,5) və digər cavab variantını seçən namizədlər üçün səhv cavablandırılmış hesab edilmişdir. Göründüyü kimi, DİM-in tərtib etdiyi suallarda səhvlərin olmasını özləri də aşkara çıxarmışlar. Lakin yalnız 2 səhvi qəbul etmişlər. Digər suallarda da namizədlərin düzgün götürdüyü cavab variantları əsassız olaraq DİM tərəfindən səhv cavab kimi hesablanmışdır. Bundan əlavə, ümumilikdə imtahana salınmış suallar "söz oyunu" vasitəsilə süni olaraq çətinləşdirilmişdir ki, bunun da nəticəsində sualların anlaşılmaması imtahan üçün ayrılmış vaxtın sualların cavablanması üçün kifayət etməməsinə səbəb olmuşdur. Yaranmış vəziyyət uzun illər ərzində ölkədə ali məktəbə qəbul kimi əhəmiyyətli bir məsələdə hər zaman şəffaflığı təmin edən DİM-in nüfuzuna xələl gətirir. Bu səbəbdən də hazırda Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, hazırkı iş üzrə İddiaçı barəsində iddia qaldırdığı xx.xx.2022-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün keçirilmiş test imtahanında iştirak etməmişdir. Hazırkı iddia həmin test imtahanında iştirak etmiş bütün namizədlərin nəticələrində müvafiq dəyişikliyin edilməsi ilə bağlı qaldırılmışdır. Yəni iddia tələbi iddiaçının özünün və ya konkret şəxsin subyektiv hüququnun müdafiəsinə yönəlməmiş, qeyd edilən imtahanda iştirak etmiş bütün şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı iddia qaldırılmışdır. Qanunvericilik fiziki şəxsin nümayəndəsi ola bilən şəxslərin dairəsini yalnız həmin şəxsin yaxın qohumu və ya vəkil ilə məhdudlaşdırmışdır. Digər kateqoriyadan olan şəxslərin isə məhkəmədə işi aparmaq üçün nümayəndə olması qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı başqa şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı iddia qaldırsa da, məhkəmədə iş aparmaq səlahiyyətinin olmasını təsdiq edən sənəd - etibarnamə onun tərəfindən iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin, iddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üvzü olmadığı üçün vəkil kimi məhkəmədə digər şəxslərin hüquqlarının müdafiəsi üçün iddia qaldırmaq və nümayəndə olmaq hüququna malik deyil. İddiaçı barəsində tələb irəli sürdüyü imtahanda özü iştirak etmədiyi üçün o, hazırkı iddia tələbi üzrə heç bir subyektiv hüquqa malik deyil, bu baxımdan onun tələb ilə bağlı hər hansı hüququnun pozulmasından da söhbət gedə bilməz. Nəticə etibarilə, bu halda onun hər hansı hüquqi müdafiəyə ehtiyacının olması da istisna edilir. İddiaçının hüquqlarının müdafiəsi üçün iddia qaldırdığı şəxslərin nümayəndəsi və ya vəkili olmadığını və bununla bağlı səlahiyyətini təsdiqləyən sənədləri məhkəməyə təqdim etmədiyini, habelə iddiaçının barəsində iddia qaldırdığı imtahanda özünün iştirak etmədiyini, bununla əlaqədar olaraq onun tələblə bağlı hər hansı hüququnun pozulmadığını və nəticədə iddiada hüquqi marağının olmadığını nəzərə alaraq iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Qeyd olunan qərardakı hüquqi mövqeyə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. İddia ərizəsindən görünür ki, iddiaçı 21 avqust 2022-ci il tarixində dövlət qulluğunun BA kateqoriyası üzrə X4 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında B variantı üzrə 51-ci test tapşırıqlarının cavablarının düzgün cavab kimi qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Lakin iddiaçı keçirilmiş həmin test imtahanında iştirak etməmişdir, iddia tələbi həmin test imtahanında iştirak etmiş bütün namizədlərin nəticələrində müvafiq dəyişikliyin edilməsi ilə əlaqədardır və qeyd edilən imtahanda iştirak etmiş bütün şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı iddia qaldırılmışdır. Belə olan halda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-14174/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14174/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver