Məhkəmə qərarları › İş №2-1(112)-1418/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1418/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1418/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2017-ci il tarixli Bakı Şəhər İcra Hakimiyyətinin H-83-112 №li arxiv arayışında qeyd olunan 0,12 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı Şəhər İcra Hakimiyyətinin arxivinin H-83-112 №-li sərəncamına əsasən, Buzovna qəsəbə Soveti İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli 6 nömrəli qərarı ilə Bakı Şəhər İcraiyyə Komitəsi Memarlıq Planlaşdırma İdarəsi tərəfindən Buzovna qəsəbəsinin cənub hissəsində iddiaçıya 0,12 ha sahəni keçməmək şərtilə torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli H- 83-112 №-li arxiv arayışı əsasında Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən 0,10 ha torpaq sahəsinə dair çıxarış və texniki pasport verilmişdir. Torpaq sahəsinin qalan hissəsinə çıxarış verilməsi ilə bağlı dəfələrlə rəsmi qaydada müraciət etmişdir. 0,10 ha torpaq sahəsinin sənədləşdirib çıxarış alınması üçün azalma ərizəsi yazmamış və ya azalmaya görə sərhəd bölgüsü aparmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** daxilolma nömrəli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********49 xaricolma nömrəli məktubla cavab verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin H-83-112 saylı arxiv arayışında qeyd olunan Əzizbəyov (Xəzər) Rayon XDS İK-nin xx.xx.1983-cü il tarixli, 11/15 saylı qərarı əsasında iddiaçının adına 1000 kv.m torpaq sahəsi ayrılması nəzərdə tutulmuş və həmin ölçüdə torpaq sahəsi iddiaçının adına xx.xx.2022-ci il tarixdə **********98 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-1418/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********24 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, təqdim olunan Əzizbəyov rayon XDS-in xx.xx.1983-cü il tarixli 11/15 saylı qərarının arxiv çıxarışında İddiaçı qanuni istifadəsinə verilmiş torpaq sahəsinin ölçüsü 1000 kv.metr göstərilmişdir. Bu səbəbdən də daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,10 qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialı məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli 3-48-2F/2-452/2025 nömrəli məktubunda bildirmişdir ki, keçmiş Əzizbəyov rayon XDS İK-nın arxiv fondu üzrə 1983-cü ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1983-cü il tarixli, 11/15 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli 3-52/2-845/2025 nömrəli məktub ilə Əzizbəyov (Xəzər) rayon XDS İK-nın xx.xx.1983-cü il tarixli 11/15 saylı qərarından çıxarış məhkəməyə göndərilmişdir. Məktubda əks olunan qərardan çıxarışa əsasən, Buzovna qəsəbə İK-nın qərarı təsdiq edilmişdir. Həmin qərarla Buzovna qəsəbəsinin cənub hissəsində, dəmir yolu xətti boyu fərdi bostançılıq üçün ayrı-ayrı şəxslərə 0,12 ha sahəni keçməmək şərti ilə torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Qərara əsasən torpaq sahəsi ayrılan şəxslərin siyahısında İddiaçı adı 4-cü sırada göstərilmiş, qarşısında torpaq sahəsinin ölçüsü 1000 kv.m. olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-11173/2025 nömrəli sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərin surətindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məktuba əlavə edilmiş xx.xx.1983-cü il tarixli, 645 nömrəli Buzovna qəsəbə XDS İK tərəfindən verilmiş arayışın surətinə əsasən müəyyən edilir ki, Əzizbəyov rayon XDS İKnın xx.xx.1983-cü il tarixli 11/15 nömrəli qərarına əsasən Buzovna qəsəbəsi, Orconokidze küçəsi, ev 35a ünvanında yaşayan İddiaçı fərdi bostançılığın aparılması üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahına əsasən:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 0,02 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsindən ibarətdir. Lakin iddiaçı 0,02 ha torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərə malik olmamışdır. Belə ki, iddiaçı 0,02 ha torpaq sahəsinə münasibətdə hüquqların qeydə alınmasına əsas olaraq Əzizbəyov rayon XDS-nin xx.xx.1983-cü il tarixli 11/15 saylı qərarını göstərsə də, sözügedən qərarla İddiaçı 1000 kv.metr torpaq sahəsinin ayrıldığı qərara alınmışdır. Həmin qərar icra edilmiş, cavabdeh tərəfindən 1000 kv.metr torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmaqla rəsmiləşdirmə başa çatmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması ilə iddiaçının tələbinin hüquqi əsası öz təsdiqini tapmamış, tələb sübuta yetirilməmişdir. İşin hallarından da görünür ki, iddiaçının iddia etdiyi 0,02 ha torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici sənədi olmadığından həmin torpaq sahəsi üzərində onun hüquqlarının qeydiyyata alınması mümkün deyildir. Belə ki, iddiaçının hüquqi əsas qismində istinad etdiyi Əzizbəyov rayon XDS İK-nın xx.xx.1983-cü il tarixli 11/15 saylı qərarında şəxslərə 0,12 ha qədər torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, iddiaçıya münasibətdə bu hal baş verməmiş, ona cəmi 1000 kv.m, yəni 0,10 ha torpaq sahəsi ayrılmış, cavabdeh tərəfindən isə həmin sənədlər əsasında qeydiyyat aparılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinası əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X2.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar