Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14199/2022 26.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən 25 000 (iyirmi beş min) manat pul məbləğinin xeyrinə tutulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi üçüncü şəxslər qismində göstərilməklə “cavabdehdən maddi və mənəvi ziyanın əvəzi kimi 30 000 (otuz min) manat pul məbləğinin xeyrinə tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-679/2018 saylı qətnaməsinə əsasən Təranə Muxtarovadan 23 300 manat tutularaq ona verilməlidir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-679/2018 saylı qətnaməsi və icra vərəqəsi icra olunmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(006)-110/2020 saylı qərardadına əsasən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin hərəkətsizliyi qanun pozuntusu kimi tanınmışdır. xx.xx.2019; xx.xx.2019-cu il tarixli müraciətlərə cavab verilməsi vəzifəsi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin üzərinə qoyulsa da bu günə kimi mahiyyəti üzrə baxılmamışdır. Qərardad icra olunmamışdır, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müraciətlərə mahiyyəti üzrə cavab verilməmişdir. Məhkəməyə qədər pretenziya qaydasında xx.xx.2021-ci il tarixli ərizə ilə (SS726861307AZ ştrix kodlu sifarişlixəbəmaməli məktubla) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmişdir, lakin bu günə kimi cavab almamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə həmin Məcəllənin 13-cü maddəsinə (Məhkəmənin yardım etmək vəzifəsi) əsasən 22 noyabr 2022-ci il tarixli məktubu ilə iddiaçıya hüquqi yardım göstərərək bildirilmişdir ki, iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-679/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlıdır. Bununla bağlı çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi kimi icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq ərizə ilə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edilməsi təklif etmişdir. İş üzrə məhkəmənin mümkünlük iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə iclasında iddiaçı iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). İddiaçı xx.xx.2022-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək iddia ərizəsininin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin cavabdeh qismində göstərilməsi, Nazirlikdən 30 000 manat məbləğində pulun tutulması və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi” kimi dəqiqləşdirilməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin mümkünlük iclasında iştirak edən iddiaçı dəqiqləşdirmə barədə ərizə təqdim edərək bildirmişdir ki, məhkəməyə qədər pretenziya qaydasında xx.xx.2021-ci il tarixli ərizə ilə (SS726861307AZ ştrix kodlu sifarişli-xəbəmaməli məktubla) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-679/2018 saylı qətnaməsinə əsasən Təranə Muxtarovadan 23 300 manat tutularaq ona verilməli olduğu halda, bu günə kimi icra sənədi icra olunmamışdır. İcra məmurundan məlumat almaq istəsə də (SS590143922AZ; SS600117297AZ ştrix kodlu və s. sifarişli-xəbəmaməli məktubla göndərişlər), o, vəzifə borcunu yerinə yetirmir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 6721/2022 saylı qərardadından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadını cavabdeh almışdır. Nazirliyin İcra Baş idarəsi xx.xx.2022-ci il tarixli ərizəsini (göndəriş AZ799558İ62AZ) almışdır. Nəsimi rayon İcra şöbəsi xx.xx.2022-ci il tarixli ərizəsini almışdır (AZ799558İ59AZ X1 Cəmiyyətinin məxaric qəbzi № 3********). Nəsimi rayon İcra şöbəsi “icra ödənişinin alınması barədə qərarın surətinin məlumat üçün ona təcili göndərilməsi” xahişi barədə xx.xx.2022-ci tarixli ərizəsini almışdır, lakin müraciətləri bu günə kimi baxılmamış qalmışdır. xx.xx.2022-ci il tarixli ərizədə yazmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(103)49/2020 saylı qərardadının surətini Nəsimi rayon İcra şöbəsi rəsmi qaydada almışdır və orada göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-679/2018 saylı qətnaməsinin icra olunması ilə bağlı Nəsimi rayon İcra şöbəsinin hərəkətsizliyinə artıq məhkəmə tərəfindən qiymət verilmişdir. “İcra haqqında” Qanunun 12.1-ci maddəsinin tələblərinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra Məmurları haqqında” Qanunun 7-ci maddəsinə əsasən icra məmurunun vəzifəsi icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxmalı olduğu halda, ərizələri baxılmamış qalmışdır. İddia ərizəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin cavabdeh hesab edilməsini, Nazirlikdən 25 000 (iyirmi beş min manat) pul məbləğinin xeyrinə tutulmasını və Nəsimi rayon İcra şöbəsinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş edir. Məhkəmənin 26 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi iddiaçının ərizəsi əsasında “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən 25 000 (iyirmi beş min) manat pul məbləğinin xeyrinə tutulması” kimi dəyişdirilmiş və cavabdeh qismində göstərilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə əvəz edilmişdir. Məhkəmənin 26 dekabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbini müdafiə etmişdir. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: “1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İşin hallarından müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 110/2020 saylı işi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(006)-679/2018 saylı qətnaməsinin icra olunması ilə bağlı Nəsimi rayon icra və probasiya şöbəsinin hərəkətsizliyi və İddiaçı xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müraciətlərinə qanunla müəyyən edilmiş müddətə cavab verilməməsi qanunsuz hesab edilməsi, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(006)- 679/2018 saylı qətnaməsi üzrə icra hərəkətlərinin davam etdirilməsi və İddiaçı xx.xx.2019cu il tarixli və xx.xx.2019-cu il tarixli müraciətlərinə cavab verilməsi öhdəliyinin Nəsimi rayon icra və probasiya şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bu qərardadda Ədliyyə Nazirliyinin hər hansı hərəkətinin qanunsuz olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi iddiaçıya maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini təmin edən orqan, yəni iddiaçının iddia tələblərinə cavab verən orqan deyildir. İddiaçı iddia ərizəsində ona zərərin vurulması ilə nəticələnən məhkəmə qətnaməsinin icra edilməməsində cavabdehin qanunsuz hərəkətsizliyinin”, yəni – “nəzarətsizliyi”nin nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda cavabdehin hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddiaçı iddia ərizəsində əsaslandırmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etməsi halı da mövcud deyildir. Belə ki, iddiaçının Azərbaycan Respubikasının Ədliyyə Nazirliyi və Nəsimi rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziya qaydasında şikayət ərizəsinə əsasən iddiaçı Nəsimi Rayon Məhkəməsinin 2(006)-679/2018 saylı işi üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsinin qanunla müəyyən olunmuş müddətdə icra olunmadığına görə, qətnamənin icrasında Ədliyyə Nazirliyinin nəzarətsizliyinə görə 25000 manat maddi və mənəvi zərərin əvəzi kimi ona verilməsini xahiş etmişdir. İddiaçının bu müraciəti icra məmurunun hərəkətsizliyindən Nazirliyə etdiyi şikayət olmaqla, Nəsimi rayon icra və probasiya şöbəsindən zərərin əvəzi tutulması kimi başa düşülür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6721/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən 25 000 (iyirmi beş min) manat pul məbləğinin xeyrinə tutulması” (eyni iddia tələbi üzrə) barədə iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2430/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, məhkəmənin 2-1(112)-6721/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-14199/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14199/2022
26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver