Məhkəmə qərarları › İş №2-1(112)-142/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-142/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-142/2022 11.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə (Ünvan: Bakı şəhəri, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi, ev 2, mənzil 28; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “BHM və partnyorları” Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X3 (Ünvan: Bakı şəhəri, R.Teymurov küçəsi ev 63, mənzil 123; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquq idarəsinin cavabdeh qismində işlərinin təşkili şöbəsinin böyük hüquqşünası), üçüncü şəxsin nümayəndəsi X2 (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İ.Kərimov küçəsi, ev 15, mənzil 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında hüquq şöbəsinin baş mütəxəssisi) iştirakları ilə, iddiaçı - İddiaçı MMM-in cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə üçüncü şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qarşı “hərəkətlərin qanunsuz sayılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı MMM cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiaçıya əsassız olaraq hesablanmış 139631,03 manat borcun (97098,83 manat m.d.s.s.h, 42532,20 manat penya) silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə saylı 2 Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 05.11.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 16.03.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 11.01.2022-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMM-yə 139631,03 manat borcun (97098,83 manat m.d.s.s.h, 42532,20 manat penya) hesablanması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisədir. Belə ki, hazırkı mübahisə cavabdeh inzibati orqanın faktiki xarakterli digər fəaliyyətindən, yəni hərəkətlərindən (əsaslı və ya əsassız, qanuni və ya qanunsuz) yarandığından inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiadır. Həmçinin, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı MMM (VÖEN **********) 2006-cı il tarixdən fəaliyyətə başlamış və başladığı gündən etibarən istər vergi öhdəliklərini istərsə də digər öhdəliklərini vaxtlı-vaxtında tam şəkildə icra etmişdir. Müəssisə 2016-cı ilin sonlarından etibarən maliyyə çətinlikləri ilə əlaqədar fəaliyyətini tamamilə dayandırmış və bu günədək hər hansı bir fəaliyyəti olmamışdır. Müəssisə tərəfindən vergi orqanlarına və DSMF-na bütün hesabatlar vaxtlı-vaxtında təqdim edilmiş, bütün vergi öhdəlikləri lazımı qaydada yerinə yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli, 421 nömrəli fərmanına əsasən məcburi dövlət sığorta haqlarının hesablanması və tutulmasına nəzarət 01.01.2019-cu il tarixdən Vergilər Nazirliyinə həvalə edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən müəssisəyə müraciət olunaraq 159861,51 manat sosial sığorta haqları üzrə borcun qısa müddət ərzində ödənilməsini tələb etmişlər. Bu müraciətdən sonra necə və hansı əsasən müəssisəyə DSMF tərəfindən heç bir əsas olmadan qanunsuz olaraq dövlət sosial sığorta haqları üzrə 159861,51 manat borcu olduğu məlum olmuşdur. Bundan sonra vergi orqanı ilə uzun və məşəqqətli yazışmalar başlamışdır. Lakin vergi orqanı iddiaçının müraciətlərinin heç birini araşdırmamış, ümumi cavablar verməklə işlərini bitmiş hesab etmişdilər. Dövlətin vergilərini hər kəs ödəməlidir, lakin heç kim də əsassız olaraq vergiyə cəlb olunmamalıdır. Vergilər Nazirliyinin bizə ünvanladığı məktubdan aydın olur ki, qeyd olunan borc guya tərəfimizdən vergi orqanlarına təqdim edilmiş bəyannamələrdə göstərilən muzdlu işlə əlaqədar gəlir məbləği ilə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş hesabatlarda qeyd edilən əmək haqqı fondu arasında 388395,32 manat fərqin yaranmasına görə hesablanmışdır. İddiaçının təqdim etdiyi hesabatlar arasında heç uyğunsuzluq mövcud deyil. Əgər belə bir uyğunsuzluq olsa idi vergi orqanı onlarla müraciətinə heç olmasa bir əsaslandırılmış cavab verərdi. Hesablanmış borcu sübut etmək əvəzinə vergi orqanı əlavə sənədlər, dolayısı ilə borcu əsaslandırmaq üçün sübutlar tələb edir. Halbuki, qəbul etdiyi inzibati aktı sübut etmək inzibati orqanın vəzifəsidir. Buna baxmayaraq biz həmin borcun hansı əsasla hesablanması barədə DSMF-na məktubla müraciət etdik (halbuki bunu vergi orqanı etməli idi). DSMF-nun 05.08.2019-cu il tarixli, ********** saylı cavab məktubunda qeyd olunmuşdur ki, müəssisənin 01.01.2015-ci il tarixə 689,64 manat (o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə 6097,48 manat, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə 793,16 manat) borcu olmuşdur. Vergi orqanlarına təqdim edilmiş bəyannamələrdə göstərilən muzdlu işlə əlaqədar gəlir məbləği ilə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş hesabatlarda qeyd edilən əmək haqqı fondu arasında 388395,32 manat fərq yaranmışdır. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq yaranmış fərqin 25 %-i miqdarında olan 97098,83 manat məcburi dövlət sığorta haqqı və 42532,20 manat penya 2015-ci ilin İİİ rübündə sığortaedənin şəxsi hesab vərəqəsinə kameral qaydada bərpa edilmişdir. Eyni zamanda DSMF-nun məktubundan aydın olur ki, qanunsuz hesablanmış həmin məbləğ 01.01.2015-01.07.2015-ci il tarixləri əhatə edən dövr üçün hesablanmışdır. Lakin dəfələrlə müraciətlərimizə baxmayaraq həmin borcun hesablanması üçün əsas olmuş fərqin yaranmasına səbəb olan sənədlər iddiaçıya təqdim edilməmişdir. Təqdim də edilə bilməzdi çünki belə bir fərqin olması qeyri-mümkündür. 2015-ci ilin İ, İİ rübü ərzində DSMF-na məcburi dövlət sosial sığorta üzrə təqdim olunmuş rüblük əmək haqqı 21840 manat olmuşdur. Fərqin haradan yarandığı məlum deyil və cavabdeh təşkilat da bununla bağlı müraciətlərinə hər hansı bir əsaslandırılmış cavab vermir. Göründüyü kimi müraciətlərimizə inzibati orqan tərəfindən lazımı qaydada baxılmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın təsdiq edilməsi barədə DSMF-nun Kollegiyasının 18.1 1.2014-cü il tarixli, 04 saylı qərarına əsasən DSMF orqanı tərəfindən növbəti iş günündən başlayaraq gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanmalıdır. Lakin DSMF tərəfindən penya daha yüksək faizlə hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli, 1360-VQD nömrəli Azərbaycan Respublikası Qanununa və “Həmin Qanunun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hal-hazırkı Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) həvalə edilmişdir. İşin faktiki halları ilə bağlı qeyd edirlər ki, mübahisələndirilən borc məbləği məcburi dövlət sosial sığorta, haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilməsindən əvvəl yarandığından borcun tərkibi barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat alınmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilən məlumata əsasən iddiaçının 01.01.2015-ci il tarixə 6890,64 manat (o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə 6097,48 manat, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə 793,16 manat) borcu mövcud olmuşdur. Həmçinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən məlumata əsasən iddiaçı tərəfindən təcdim edilmiş bəyannamələrdə göstərilən muzdlu işlə əlaqədar gəlir məbləği ilə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən hesabatlarda qeyd edilən əmək haqqı fondu arasında 388395,52 manat fərq yaranmışdır. Yaranmış fərqin aradan qaldırılması ilə bağlı iddiaçıya ünvanlanmış uyğunsuzluq məktublarında qeyd edilən uyğunsuzluğun aradan qaldırılması və ya dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd edilən tələblərə əməl edilmədiyindən qanunvericiliyə uyğun olaraq yaranmış fərqin 25 %-i miqdarında 97098,83 manat məcburi dövlət sosial sığorta haqqı hesablanaraq, 2015-ci ilin İİİ rübü üzrə şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. İddiaçı sözügedən kənarlaşma barəsində məlumatlı olmadığını və vergi orqanına ünvanladığı müraciətlərə verilən cavablarda qeyd edilən kənarlaşma ilə bağlı vergi orqanı tərəfindən məlumat verilmədiyi bildirilmişdir. İddiaçının qeyd edilən arqumentinə münasibətdə bildirirlər ki, vergi orqanı tərəfindən iddiaçıya ünvanlanan 04.11.2019-cu il tarixli **********001000 saylı cavab məktubunda iddiaçının təqdim etdiyi bəyannamələrə əsasən yaranan 388395,32 manat fərqin yaranmasına istinad edilmişdir. Odur ki, iddiaçı yaranmış fərq məbləği barədə məlumatlı olmuş, lakin həmin halı aradan qaldınan sənədləri təqdim etməmişdir. Odur ki, iddiaçı qeyd edilən hala istinad etməkdə haqlı olmamışdır. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş hesabatlarda 2015-ci il üzrə 45412 manat, 2016-cı il üzrə 5320 manat əmək haqqı göstərilmiş, nəticədə iddiaçının 01.10.2018-ci il tarixinə 159861,51 manat (o cümlədən məcburi dövlət sosial sığorta haqqı üzrə 117329,31 manat, maliyyə sanksiyası və inzibati cərimələr üzrə 42532,20 manat) borcu yaranmışdır. Beləliklə, işin hallarından da məlum olduğu kimi iddiaçı tərəfindən mübahisləndirilən borc məbləğinin yaranma əsası iddiaçının özü tərəfindən təqdim edilən bəyannamələrdə qeyd edilən göstəricilər arasındakı fərqdir. “Məcburi sosial sığorta haqqında” Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “X4”da İddiaçı MMM-nin illik 2016-ci il tarixinə (son hesabatı) məcburi dövlət sosial sığorta haqqı üzrə 117329,31 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 43325,36 manat olmaqla ümumilikdə 160654,67 manat Dövlət Sosial Müdafiə Fonduna borcu qalmışdır. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən 1 yanvar 2019cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. Qeyd olunanlara əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa belə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlar üzrə borcların silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 24 may 2019-cu il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə vətəndaşların pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi məqsədilə hər bir sığortaolunanın (vətəndaşların) stajı, əmək haqqı (gəliri) və ödədiyi məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları Dövlət Sosial Müdafiə Fondunun məlumatlar bazasına işlənilməsi təsbit olunmuşdur. Sığortaolunanlara təyin ediləcək pensiyanın məbləğinin sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğindən asılı olaraq müəyyən edilməsi nəzərdə tutulmuşdur. Hesab edirik ki, Lalə MMC tərəfindən məhkəmədə borcun silinməsinə dair qaldırdığı iddia tələbi cəmiyyətdə çalışan işçilərin pensiya və digər sosial müdafiə hüquqlarının kobud surətdə pozulması deməkdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMM-ə 139631,03 manat (97098,83 manat m.d.s.s.h, 42532,20 manat penya) borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, məhkəmənin “01.01.2019-cu il tarixədək İddiaçıMMM barəsində məcburi sosial sığorta haqları üzrə borcun hesablanmasına əsas olan sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim edilməsi” məzmunlu sorğusunu kifayət qədər vaxt verilərək şərait yaradılmasına baxmayaraq nə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cavablandırmamışdır. Məhkəmə hesab edir ki, vergi orqanı əsassız olaraq mübahisələndirilən borcu iddiaçıya hesablamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: -vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata (83.2.1.); -bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata (83.2.2.); -vergi yoxlaması materiallarına (83.2.3.); -vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara (83.2.4.). Göründüyü kimi vergi ödəyicisinə vergi məbləğlərinin hesablanması üçün qanunvericiliklə dairəsi dəqiq müəyyən edilən məlumat mənbələri müəyyən edilmişdir. Lakin vergi orqanı tərəfindən iddiaçıya vergilərin hesablanması zamanı qanunvericilikdə nəzərdə tutulmuş məlumat mənbələrindən hər hansı birinə (və ya bir neçəsinə) istinad edilməsi iş materialları ilə müəyyən olunmur. “Sosial sığorta haqqında” AR Qanununun 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: - 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; - 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. AR ƏƏSMN-nin DSMF-nin Kollegiyasının 18.11.2014-cü il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş və mübahisələndirilən məbləğin hesablandığı dövrdə qüvvədə olan “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 5.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (sığortaolunanın) vəsaitləri hesabına ödənilir. Qaydaların 5.2-ci bəndinə əsasən seçkili orqanlar və mülkiyyətindən və təşkilatihüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığortaedən şəxslər hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Qaydaların 5.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qulluqçuları; seçkili ödənişli vəzifələrdə işləyənlər; hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorluq orqanlarında xidmət keçən prokurorluq işçiləri; vergi orqanlarının işçiləri; əmək müqaviləsi (kontraktı) ilə işləyənlər hesablanmış əmək haqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Qaydaların 7.4-cü bəndinə əsasən sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. Qaydaların 7.15-ci bəndinə əsasən DSMF orqanı rüblük hesabat təqdim edildiyi gündən 10 gün ərzində kameral sosial sığorta yoxlaması aparmalıdır. Kameral sosial sığorta yoxlaması nəticəsində hesabatların vaxtında təqdim edilməməsinə, məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmamasına və vaxtında ödənilməməsinə, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmaya dair faktlar aşkar edildikdə, müvafiq maliyyə sanksiyaları tətbiq olunur, sığortaedənin məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında müvafiq qeydlər aparılır və maliyyə sanksiyalarının 5 (beş) iş günü ərzində ödənilməsi tələbi barədə sığortaedənə bildiriş (Əlavə №9) göndərilir. Qaydaların 7.20-ci bəndinə əsasən sığortaolunanlar haqqında məlumatların sığortaolunanların şəxsi hesablarına işlənilməsi kameral yoxlamalar aparıldıqdan sonra 1 (bir ay) müddətində həyata keçirilir. Qaydaların tələbindən də göründüyü kimi DSMF orqanı tərəfindən kameral yoxlama hər rüblük hesabat təqdim olunduqdan sonrakı 10 (on) gün müddətində aparılır və yoxlama nəticəsində hər hansı bir uyğunsuzluq aşkar olunarsa bu barədə yoxlama aparıldıqdan sonrakı 1 (bir ay) müddətində sığortaolunanların şəxsi hesablarına işlənilir. Hazırda cavabdeh, iddiaçının mübahisələndirdiyi məbləğin müəssisə tərəfindən Vergi orqanına verilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi” bəyənnamələri və DSMF-yə verilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabat”larda qeyd olunmuş əmək haqqı məbləğləri əsasında aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş 388395,32 manat həcmində kənarlaşmaya görə yarandığını bildirir. Cavabdeh orqan Vergi və DSMF orqanlarına verilmiş hesabatlar arasında 388395,32 manat məbləğində fərq yarandığını iddia edir və qanunvericiliyin tələbinə əsasən yaranmış fərqin 25 %-i miqdarında, yəni 97098,83 manat məcburi dövlət sosial sığorta haqqının hesablandığını, hesablanmış məbləğ ödənilmədiyinə görə də həmin məbləğə 42532,20 manat penya əlavə olunduğunu bildirir. Cavabdeh mübahisələndirilən məbləğin 2015-ci ilin 3-cü rübündə müəssisənin şəxsi hesabına işlənildiyini bildirsə də həmin məbləğin hansı dövrlərdə verilmiş hesabatlar arasında yaranmış fərqə görə hesablanması ilə bağlı məhkəməyə hər hansı bir məlumat verməmiş, məhkəmə prosesləri bir neçə dəfə təxirə salınsa da qeyd olunan kənarlaşmanın müəyyən edildiyi iddia olunan hesabatları və digər təsdiqedici sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda mübahisələndirilən məbləğin hesablanmasına əsas olmuş kameral yoxlama zamanı hansı dövrlər üzrə verilmiş hesabatlar əsasında yoxlama aparılmasını və həqiqətən də həmin hesabatlar arasında 388395,32 manat məbləğində fərqin olmasını, həmçinin kameral yoxlama zamanı hansı dövrlər üzrə təqdim edilmiş hesabatların yoxlanıldığı məlum olmadığı üçün həmin kameral yoxlamanın qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada aparılıb-aparılmamasını müəyyən etmək mümkün deyil. Belə ki, “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının tələblərinə əsasən DSMF orqanı tərəfindən kameral yoxlama hər rüblük hesabat təqdim olunduqdan sonrakı 10 (on) gün müddətində aparılmalı və yoxlama nəticəsində hər hansı bir uyğunsuzluq aşkar olunarsa bu barədə yoxlama aparıldıqdan sonrakı 1 (bir ay) müddətində sığortaolunanların şəxsi hesablarına işlənilməli idi. Hazırda isə cavabdeh tərəfindən bu qaydalara riayət olunduğu iş materialları ilə sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya hesablanmış mübahisələndirilən borcun hansı əsasla hesablanmasına dair sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, hazırkı tələblə mübahisələndirilən borc cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən borc iddiaçı tərəfindən vergi qanunverciliyinin pozulması faktı ilə əsaslandırılmadığından və iddiaçının təqsiri sübuta yetirilmədiyindən, iddiaçıya vergilər hesablanarkən heç bir məlumat mənbəyinə əsaslanılmadığından, eləcə də cavabdeh inzibati orqan tərəfindən müvafiq dövrlər üzrə verginin hesablanmasına əsas olan hallara dair hər hansı əlavə sübut və dəlillər təqdim olunmadığından, həmin borcun İddiaçı MMM-dən tələb edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətləri qanunsuz sayılmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMM-yə 139631,03 manat borcun (97098,83 manat m.d.s.s.h, 42532,20 manat penya) hesablanması ilə bağlı hərəkətləri qanunsuz sayılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMM-yə 139631,03 manat borcun (97098,83 manat m.d.s.s.h, 42532,20 manat penya) hesablanması ilə bağlı hərəkətləri qanunsuz sayılsın. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar