Məhkəmə qərarları › İş №2-1(112)-142/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-142/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-142/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı Könül-5” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən torpaq sahəsi və inşa edilmiş qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmiş, müraciətə aidiyyəti üzrə baxan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) xx.xx.2020-ci il tarixli, **********04 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd edilən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan əraziyə aiddir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-ci Mədən küçəsində yerləşən qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüquqularının “Könül-5" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hazırkı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Binəqədi Rayon İcra Hakimiyyətinin 02 yanvar 1992-ci il tarixli, 10 saylı sərəncamı ilə İddiaçı X3 nizamnaməsi qeydə alınmış, bu müəssisənin əsas vəzifələri mebel hazırlamaq, barter əməliyyatları aparmaq, vasitəçilik xidmətləri göstərmək və nizamnamədə nəzərdə tutulan digər fəaliyyət növləri ilə məşğul olmaqdan ibarət olduğu göstərilmişdir. İddiaçı MMC 26 iyul 1994-cü il tarixdə, 13469 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış İddiaçı kiçik müəssisəsinin hüquqi varisi olmaqla, 11 oktyabr 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə yenidən qeydə alınmışdır. Müəssisə fəaliyyətə başlamaq üçün 1991-ci ildə Binəqədi rayon Binəqədi qəsəbəsi yaşayış massivində yerləşən Binəqədi Nefqazçıxarma İdarəsinə (o zaman “Kirovneft”) məxsus 1964-cü ildə tikilmiş, istifadəyə yararsız Qırmızıgüşə binasının və ona bitişik tikilinin “Konül-5” kiçik müəssisəsinə satılması üçün həmin İdarəyə və “Azneft” İstehsalat Birliyinə müraciət olunmuşdur. Müraciət əsnasında tərəflər arasında razılıq əldə olunmuş, Binəqədi Neftqazçıxarma İdarəsinin xx.xx.1992-ci il tarixli, 33 nömrəli əmri ilə həmin məxsus istifadəyə yararsız birmərtəbəli Qırmızıgüşə binasının və ona bitişik tikilinin dəyəri ödənilməklə İddiaçı kiçik müəssisəsinə satılmasına qərar verilmiş və xx.xx.1992-ci il tarixli təhvil-təslim aktı ilə bina və tikili balans dəyəri ilə İddiaçı kiçik müəssisəsinə təhvil verilmişdir. Bina və tikilinin dəyəri xx.xx.1992-ci il tarixdə “Azərnəqliyyatbank” vasitəsilə Binəqədi Neftqazçıxarma İdarəsinin bank hesabına ödənilmişdir. Həmin ildən bina və tikili İddiaçı kiçik müəssisənin balansına götürülmüşdür. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-ci Mədən küçəsində yerləşən qeyri-yaşayış sahəsi dövlətin balansında olan tikili olmuş və həmin tikilinin İddiaçı balansına keçirilməsi məhz tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və akt əsasında həyata keçirilmişdir. Göründüyü kimi, həmin qeyri-yaşayış sahəsi üzərində iddiaçının ilkin mülkiyyət hüququ məhz alqı-satqı münasibətləri nəticəsində yaranmışdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması isə müvafiq olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları ilə tənzimlənir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçıya “Azneft” İstehsalat Birliyi tərəfindən alqı-satqı müqaviləsi əsasında satılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən torpaq sahəsi və qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.1992-ci il tarixli təhvil-təslim aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamış və ya ləğv edilməmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən tikili Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olması təkzib olunan bir haldır. Belə ki, həmin tikili “Torpaq islahatı haqqında” Qanunun normalarının tələblərinə uyğun olaraq iddiaçıya aiddir. Belə ki, qeyri-yaşayış sahəsi alqı-satqı və akt əsasında iddiaçının balansına verilmişdir. “Torpaq islahatı haqqında” Qanunun 4-cü maddəsinə əsasən, torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Qanunun 8-ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan torpaqlara dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanması, habelə torpaqların hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ yaranmış torpaq sahələri aiddir. İddiaçının vəkili xx.xx.2021-ci il tarixdə təqdim edilmiş iddia ərizəsinə əlavədə qeyd etmişdir ki, iddiaçı “Azneft” İB-yə xx.xx.1991-ci il tarixində müraciət etmiş və Azneft” İB-nin Baş direktoru X2 xx.xx.1991-ci il tarixli qərarı ilə mübahisə obyekti əmlaklar İddiaçı MMCyə satılmışdır. Qeyd olunan tarixdə cavabdehin imtina məktubunda istinad etdiyi normativ aktların heç biri qəbul olunmadığından təbii olaraq bu məsələyə şamil olunmaları da istisna edilir. Eyni zamanda qeyd olunan dövrdə müəssisələr, təşkilatlar, hüquqi şəxslər tərəfindən öz əmlaklarına sərəncam vermək kimi səlahiyyətləri mövcud olmuşdur. Belə ki, bunu məhdudlaşdıran norma mövcud olmamışdır. Məhdudlaşdırıcı norma bu alqı-satqı əməliyyatı baş tutduqdan, “Kirovneft” NQDU-nun qeyd olunan əmlakların balansdan çıxarılması və iddiaçıya təhvil verilməsinə dair xx.xx.1992-ci il tarixli 33 nömrəli əmri verildikdən sonra qəbul olunmuşdur. Həmçinin iddiaçı tərəfindən alqı-satqı predmentinin razılaşdırılmış dəyəri “Kirovneft” NQDU-nun bank hesabına köçürülərək öhdəlikləri tam icra olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli “Dövlət əmlakı üzərində mülkiyyət hüquqlarının dəyişdirilməsinin tənzimlənməsi haqqında” fərmanının 1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının bütün dövlət idarəetmə orqanları, birlik, müəssisə və təşkilatları tərəfindən onların sərəncamında olan binaların, qurğuların, avadanlıqların, nəqliyyat vasitələrinin hüquqi və fiziki şəxslərə satılması, verilməsi dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək müvəqqəti dayandırılması qərara alınmışdır. Qeyd olunan bənddən göründüyü kimi dövlət əmlakı qismində binaların digər hüquqi şəxslərin balansına verilməsi ilə əlaqədar tənzimləyici normalar mövcud olmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli iddiaya dair yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehin tabe olduğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etmiş, Nazirlik müraciəti baxılması üçün aidiyyəti üzrə hazırkı cavabdehə deyil, onun yuxarı orqanı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə göndərmişdir. Həmin müraciət mahiyyəti üzrə cavablandırıldığından məhkəmə bu müraciəti məhkəməyəqədər inzibati orqana edilməli olan ilkin müraciət kimi qəbul edir və hesab edir ki, iddia mümkün iddiadır. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının İddiaçı X3 qeydə alınması haqqında 10 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamından görünür ki, vətəndaşlar V.A.Məmmədov, Ş.N.Mənsimov, R.İ.Əliyev, İ.İ.Əliyev, Nümayəndə2 tərəfindən təsis edilmiş İddiaçı X3 nizamnaməsinin qeydə alınması qərara alınmışdır. İddiaçı Kiçik Müəssisəsinin xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış nizamnaməsindən görünür ki, müəssisə hüquqi şəxsdir, müstəqil balansa, girdə möhürəvə ştampa, respublika banklarında hesablaşma, valyuta və başqa hesablara malikdir, müəssisənin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsidir. İddiaçı nizamnaməsindən görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, 1956-1989-cu məhəllə, Əliyar Əliyev küçəsi 26 olmaqla İddiaçı X3 hüquqi varisidir. Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020ci il tarixli çıxarışında görünür ki, Nümayəndə2 İddiaçı həm təsisçilərindən biri, həm də qanuni təmsilçisidir. İşdə olan “Kirovneft” NQÇİ-nin xx.xx.1992-ci il tarixli əmrindən görünür ki, “Kirovneft” NQÇİ-nin mühasibinə 1964-cü ildə inşa edilmiş Yeraltı Quyuların Təmiri Sexinə məxsus bina və qurğudan ibarət əsas vəsaitin qanunvericiliyə uyğun qaydada NQÇİ-nin balansından çıxarılması tapşırılmışdır. İş materiallarında olan xx.xx.1992-ci il tarixli əsas vəsaitlərin təhvil-təslimi haqqında aktdan görünür ki, “Kirovneft” NQÇİ və İddiaçı kiçk müəssisənin nümayəndələrinin iştirakı ilə akt tərtib edilmişdir ki, “Kirovneft” NQÇİ xx.xx.1992-ci il tarixli 03 nömrəli ödəniş tapşırığına əsasən 1964-cü ildə tikilmiş Yeraltı Quyuların Təmiri Sexinə məxsus bina və qurğunu təhvil verir, İddiaçı kiçk müəssisəsi isə təmirə ehtiyacı olan məhdud yaralı həmin binanı qəbul edir. İddiaçı hazırda bu akta istinad edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-ci Mədən küçəsində yerləşən qeyri-yaşayış sahəsinin ona satıldığını, buna görə də həmin binaya mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”). 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Bu normadan göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin konkret əsaslarını müəyyən etmişdir. İşdə görünür ki, iddiaçı bu sənədlərdən hər hansı birini məhkəməyə təqdim etməmişdir. İddiaçı tələbinin əsası kimi yalnız “Kirovneft” NQÇİ ilə onun arasında tərtib edilmiş xx.xx.1992-ci il tarixli əsas vəsaitlərin təhvil təslimi aktına istinad etmiş, həmin sənədin əslini məhkəməyə təqdim etməmiş, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti həmin sənədin arxivdə saxlanılmadığını bildirmişdir. Həmin aktdan görünür ki, orada təhvil verilən binanın dəqiq ünvanı göstərilməmiş, yalnız Yeraltı Quyuların Təmiri Sexinə (ЦПРС) məxsus bina ifadəsi işlədilmişdir ki, bu da hansı ünvanda yerləşən binanın təhvil verilməsini müəyyən etmək üçün kifayət deyildir. Bundan başqa, iddiaçı həmin aktla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-ci Mədən küçəsində yerləşən qeyri-yaşayış sahəsinin ona satıldığını iddia etsə də, işdən görünür ki, iddiaçı yenidən qeydiyyatdan keçmək üçün 1994-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edərkən müəsssisənin yerləşdiyi hüquqi ünvanla bağlı hazırda məhkəməyə təqdim etdiyi sənədləri deyil, “Binəqədineft” Neftqazçıxarma İdarəsinin xx.xx.1994-cü il tarixli məktubunu təqdim etmişdir. Həmin məktubda isə göstərilmişdir ki, “Binəqədineft” NQÇİ şifahi sorğuya cavab olaraq Sizə məlum edir ki, İddiaçı kiçik müəssisəsinin yerləşdiyi ünvan Binəqədi qəsəbəsi, 1-ci mədən ünvanında yerləşir”. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçmiş “Quruda Neft və Qaz Çıxarma” İstehsalat Birliyinin strukturuna daxil olmuş "Binəqədineft" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) (keçmiş “Kirovneft") öz balansında olmuş qeyri-yaşayış sahələrinin 3-cü şəxslərin xeyrinə özgəninkiləşdirməsinə icazənin verilməsi səlahiyyəti heç vaxt olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli 200 nömrəli Fərmanı ilə «Azərineft» Dövlət Konserninin və "xxxx" İstehsalat Birliyinin bazasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 14 noyabr tarixli 312 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nizamnaməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 aprel tarixli 126 nömrəli Fərmanı ilə Şirkətin nizamnaməsi yeni redaksiyada təsdiq edilmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə SOCAR-ın yeni Nizamnaməsi təsdiq edilmişdir. Həmin nizamnamə hazırda da qüvvədədir. Qeyd edilən hər üç nizamnamədə şirkətin əmlakı barədə sərəncam vermək səlahiyyətinin Şirkətə məxsus olduğu göstərilmişdir. İstinad edilmiş hər üç nizamnamədən də göründüyü kimi SOCAR-ın qeyd edilən təşkilatının belə səlahiyyəti olmamış və bu səlahiyyət yalnız SOCAR-da (Baş ofisdə) olmuşdur. Ona görə də həmin sənəd əsas kimi qəbul edilə bilməz və SOCAR həmin razılıq məktubunu bəyənmir. Məhkəmə qeyd edir ki, aktın tərtib edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91-ci maddəsinə görə dövlət təşkilatlarının əsas vəsaitinə aid olan binaların, qurğuların, avadanlığın və sair əmlakın başqa dövlət təşkilatlarına, habelə kolxozlara, sair kooperativ və digər təşkilatlara verilməsi qaydası SSR İttifaqının qanunvericiliyi və Azərbaycan SSR Nazirlər Sovetinin qərarları ilə müəyyən edilir. Həmin qayda Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 433 nömrəli qərarı ilə təsdiq edilmişdir. Belə ki, həmin qərarla təsdiq edilmiş “Müəssisələrin, birliklərin, təşkilatların, təsisatların, bina və qurğuların verilməsi qaydası haqqında Əsasnamə” («О порядке передачи предприятий, объединений, организаций, учреждений, зданий и сооружений» утвердить прилагаемое Положение о порядке передачи предприятий, объединений, организаций, учреждений, зданий и сооружений) dövlət təşkilatlarının əsas vəsaitinə aid olan binaların, qurğuların, avadanlığın və sair əmlakın başqa dövlət təşkilatlarına verilməsi qaydasını tənzimləmiş, Əsasnamənin 8-ci bəndi isə həmin əmlakların qeyri-dövlət təşkilatlarından yalnız kooperativ və ictimai təşkilatlara verilməsini nəzərdə tutmuşdur. Əsasnaməyə görə kooperativ və ictimai təşkilatlara bina və qurğunun verilməsi Nazirlik, Dövlət komitəsi, Naxçıvan ASSR Nazirlər Soveti və ya Azərbaycan SSR yerli X4 İcraiyyə Komitəsi tərəfindən həyata keçirilir və bu zaman kooperativ və ya respublikanın digər ictimai təşkilatının mərkəzi orqanının razılığı alınır. İşdən görünür ki, iddiaçı kooperativ və ya ictimai təşkilat olmamış, mübahisəli əsas vəsait Nazirlik, dövlət komitəsi, Naxçıvan ASSR Nazirlər Soveti və ya Azərbaycan SSR yerli X4 İcraiyyə Komitəsi tərəfindən ona verilməmişdir. O da qeyd edilməlidir ki, işdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş qeyri-yaşayış sahəsinə baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış arayışdan görünür ki, mübahisəli ərazinin naturada müəyyən edilmiş koordinatlarına əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin elektron bazasında araşdırma aparılmış və məlum olmuşdur ki, iddia edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə "xxxx" Əməliyyat Şirkətinin idarəetməsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. Dövlət mülkiyyəti torpağıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatında bildirilmişdir ki, mübahisələndirilən ərazi ARDNŞ-nin kontrakt ərazisidir. Ərazinin sənədləşdirilməsi üçün digər fiziki şəxs tərəfindən müraciət olunmuşdur. İşdə olan Nümayəndə2 cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, ona məxsus olan Binəqədi şossesinin sağ tərəfində “Çağlayan Ticarət Sənaye LTD.ŞTİ”-nin özəlləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilən Binəqədi rayonu M.Ə.rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Xətai prospekti ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 087 saylı, xx.xx.2007-ci il tarixli məktubuna, bələdiyyənin Yerli iqtisadi inkişaf daimi komissiyasının xx.xx.2007-ci il tarixli, 02 saylı iclas protokolunun qərarına əsasən Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazil planlaşdırılması və tikinti layihəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşə 8 000 kv.m. (0,8 ha) torpaq sahəsi alqı - satqı yolu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə verilmişdir. Göründüyü kimi, Nümayəndə2 mübahisəli ərazinin həm İddiaçı MMC-yə, həm də "xxxx" MMC-yə məxsus olduğunu iddia edərək fərqli sənədlər təqdim etməklə cavabdehə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçı hüquqların dövlət qeydiyyatı üçün həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş mötəbər sənədi cavabdehə təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar