Məhkəmə qərarları › İş №2-1(112)-1420/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1420/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1420/2022 29.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş əlilliyə görə pensiyanın xx.xx.2017-ci il tarixindən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçirimləsi və yaranacaq fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə anadan olmuşdur. 1977-ci il tarixində X6 Ordenli M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1982-ci ildə həmin İnstitutu bitirmişdir. Əmək fəaliyyətinə xx.xx.1982-ci il tarixində başlamışdır. Müxtəlif vəzifələrdə işləmişdir.xx.xx.2020-ci il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Əmək fəaliyyəti əsasən zərərli olmuşdur. “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışında açıq qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-cu ildlən xx.xx.2020-ci ilədək işlədiyi müddədə işçiyə 16 faiz zərərli iş əmsalı təyin edilmiş və iş ilinə düşən məzuniyyətinə 6 təqvim günü əlavə edilmişdir. Buradan açıq-aydın görünür ki, onun işlədiyi dövrün müəyyən hissəsi zərərlidir. İşlədiyi sahələr (əris, usta, mexanik) Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ verən siyahıda nəzərdə tutulmuşdur. “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışında bir mənalı olaraq qeyd edilmişdir ki, işlədiyi müddət ərzində 16 % zərərli iş əmsalı təyin edilmiş və zərərli iş şəraitində işlədiyinə görə iş ilinə düşən məzuniyyət 6 təqvim günü əlavə edilmişdir. İşlədiyi xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövr Serebrovski adına X8 İdarəsində Qaz Kompressor sexində rəis, xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.1998-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində mexanik vəzifəsində işləmişdir. İşlədiyi sahələr (rəis, usta, mexanik) Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ verən siyahıda nəzərdə tutulmuşdur. Hal-hazırda o, gözdən əlil kimi pensiya alır. Bununla əlaqədar olaraq cavabdehə xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət edərək xahiş etmişdir ki, təyin olunmuş əlilliyə görə aldığı pensiyanın, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş pensiya qanunvericiliyinə əsasən, xx.xx.2017-ci ildən (57 yaşdan) əmək kitabçasında qeyd edilən iş illəri və oxuduğu təhsil illəri sığorta stajıa daxil edilməklə, xx.xx.2017-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasına keçirilməsi və yaranacaq fərqin hesablanaraq birdəfəlik olaraq ödənilməsində köməklik göstərilsin. Cavabdeh onun ərizəsinə cavab verməmiş və buna münasibət bildirməmişdir. O, artıq məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçı 25 dekabr 2020-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 1 noyabr 1982-ci il tarixli ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, onun 01 yanvar xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Serebrovski adına Neft Qazçıxarma İdarəsinin (NQÇİ) Qaz kompressor sexində rəis, xx.xx.1989-xx.xx.1998ci il tarixləri arsındakı dövr ərzində usta, xx.xx.1998-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində mexanik, xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində Qaz kompressor sexində mexanik və xx.xx.2014-cü il tarixindən bügünədək növbə mühəndisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Yuxarıda qeyd edilən işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (3 ay 1 gün) təşkil edir. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununn 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də, tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “təyin olunmuş əlilliyə görə aldığı pensiyanın xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısı nəzərə alınmaqla 52 yaşdan yəni, xx.xx.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçirilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına keçirilmə və hesablanması inzibati orqana xx.xx.2020-ci il tarixindən müraciət etməsi nəzərə alınaraq Ali əhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq üç il geri müddət tətbiq edilməklə, yəni xx.xx.2017-ci il tarixindən Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahı nəzərə alınmaqla təyinatın aparılması və yaranacaq fərqin hesablanaraq cari aylara bərabər şəkildə bölünməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İşdə olan “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, 1960-cı ildə anadan olmuş İddiaçı həqiqətən "xxxx" Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində xx.xx.2010-cu il tarixdən xx.xx.2010cu il tarixinə kimi Qaz kompressor sexində mexanik, xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixinə kimi həmin sexdə mühəndis, xx.xx.20144-cü il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Əməliyyat departamentinin hasilat şöbəsinin kompressor stansiyası, qazın yığılması, hazırlanması və nəqli sahəsində növbə mühəndisi peşəsində işləyib xx.xx.2020-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İşdə olan “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, həqiqətən “X4 Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin Əməliyyat Departamentinin Hasilat Şöbəsinin KS QYH və N sahəsində xx.xx.2010-cu il tarixindən xx.xx.2020-ci il tarixinə kimi növbə mühəndisi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə işçiyə 16% zərərli iş əmsalı təyin edilmiş və zərərli iş şəraitində işlədiyinə görə iş ilinə düşən məzuniyyətinə 6 təqvim günü əlavə edilmişdir. İşçi xx.xx.2020-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsi öz xahşi ilə ləğv edilmişdir. İşdə olan M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu tərəfindən verilmiş ИВ seriyalı, 028773 nömrəli diplomun surətindən görünür ki, İddiaçı Əbdül oğlu 1977-ci ildə X6 Ordenli M.Əzizbəyov adına Azərbayan Neft və Kimya İnstitutuna daxil olmuş və 1982-ci illdə həmin institutun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 01-316 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv arayışının surətindən görünür ki, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İstitununun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) arxiv sənədlərini əsas tutaraq bildirilmişdir ki, İddiaçı Əbdül oğlu 1977-ci ildə “Qaz-neft-mədən” fakültəsinin “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olmuşdur. 1982-ci il tarixdə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. İşdə olan SOCAR Baş Ofisi Mərkəzi Arxivi tərəfindən verilmiş SOCAR**********80020123X00168 nömrəli, 20 avqust 2020-ci il tarixli “İş stajı haqqında” arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Əbdül oğlu həqiqətən xx.xx.1982-ci ildə Serebrovski adına Neft və Qazçıxarma idarəsinin (NQÇİ) Qaz kompressor sexinə (QKS) kompressor qurğusunun 5-ci dərəcəli maşinisti peşəsinə işə qəbul edilmişdir. xx.xx.1983-cü ildə 7 nömrəli qaz kompressor stansiyasının rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə 1 nömrəli qaz kompressor stansiyasının rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə QKS-nin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə usta vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 106 saylı qərarına və “Xəzərdənizneft” İB-nin xx.xx.1991-ci il tarixli, 110 saylı əmrinə əsasən Serebrovski adına NQÇİ xx.xx.1991-ci ildən “Qum adası” NQÇİ adlandırılmışdır. xx.xx.1994-cü ildə 10-cu dərəcəli usta vəzifəsinə keçirilmişdir. xx.xx.1995-ci ildə 11-ci dərəcəli usta vəzifəsinə keçirilmişdir. 01.08.998-ci ildə 7 saylı qaz kompressor stansiyasına 11-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci ildə 1 saylı qaz kompressor stansiyasına 11-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü ildə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu ildə Azərbaycan Respublikası ƏMnin 69.3-cü maddəsinə əsasən başqa işəgötürələ əmək müqaviləsi bağlandığı üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. İşdə olan ərizə və qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciət məktubu xx.xx.2021ci il tarixdə təhvil alınmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1977-1982-ci illərdə təhsil almış, xx.xx.1982-ci ildən xx.xx.2010-cu ilədək müxtəlif peşələrdə işləmişdir. İşdə olan iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmşdir ki, Mərkəzi Filiala təqdim etdiyi 1 noyabr 1982-ci il tarili, ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Serebrovski adına Neft Qazçıxarma İdarəsinin (NQÇİ) Qaz Kompressor sexində rəis, xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındak dövr ərzində usta, xx.xx.1998-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərizndə mexanik, xx.xx.2010-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Şirkətində Qaz Kompressor sexində mexanik və xx.xx.2014-cü il tarixindən bugünədək növbə mühəndisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Yuxarıda qeyd edilən işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (3 ay 1 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilyin tələbləri baxımından mümkü hesab edilmir. Məhkəmənin sorğusuna əsasən SOCAR tərəfindən 11 mart 2022-ci il tarixli məktubla İddiaçı verilən xx.xx.2020-ci il tarixli SOCAR**********80020123X00168 nömrəli iş stajı barədə arxiv arayışının hazırlanmasına əsas olan arxiv sənədlərinin təsdiq olunmuş surətləri təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən “X4 Company Limited” Şirkəti tərəfindən BE/-06-407 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubu daxil olmuşdur. Həmin məktuba əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1982-xx.xx.2010-cu il tarixləri arasında “Qum adası” NQÇİ-də müxtəlif vəzifələrdə işləmişdir (SOCAR-ın xx.xx.2020-ci il tarixli arxiv arayışı və İddiaçı aid olan əmrlər, arxiv sənədləri və s.). İddiaçı ilə “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyində xx.xx.2010-cu il tarixindən xx.xx.2010-cu il tarixinə kimi Qaz kompressor sexində mexanik, xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinə kimi həmin sexdə mühəndis, xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinə kimi Əməliyyat Departamentinin hasilat şöbəsinin kompressor stansiyası, qazın yığılması, hazırlanması və nəqli sahəsində növbə mühəndisi peşəsində işləmişdir. xx.xx.2020-ci il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. İşlədiyi müddət ərzində işçiyə 16 % zərərli iş əmsalı təyin edilmiş və zərərli iş şəraitində işlədiyinə görə iş ilinə düşən məzuniyyətinə 06 təqvim günü əlavə edilmişdir. Qeyd edilmişdir ki, kompressor stansiyası, qazın yığılması, hazırlanması və nəqli sahəsində və eləcə də, şirkətin digər sahələrində neftin və qazın emalı aparıldığı üçün şirkətin fəaliyyəti yalnız neft, qaz və qaz kondensatın hasilatı olduğuna görə işçilərinə güzəştli şərtlərlə pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 10-cu bölməsinin 10-cu bəndi aid edilir. İddiaçı əmrləri və arxiv sənədləri ilə müəyyən edilir ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarına əsasən güzəştli iş stajı vardır. Belə ki, onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlkər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının 1 №-li Siyahısının bölmə X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1100000b-23187, 1100000b-23485, 1100000b-24125, 1100000b-17541 kodlarına uyğundur. Onun ümumi iş stajı 37 il 11 ay 15 gün təşkil edir. Güzəştli iş stajı xx.xx.2006-cı il tarixinədək 23 il 10 ay 27 gündür. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana sonuncu dəfə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, müraciətindən 35 gün keçdikdən sonra cavablandırılmadığı üçün xx.xx.2021-ci il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdehin əvvəlki imtinasında və etirazında iddiaçıya güzəştli şərtərlə pensiya təyin olunmasından imtina edilməsinin əsasları aşağıdakılardan ibarət olmuşdur:

1. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1982-ci il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, onun xx.xx.1983xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Serebrovski adına Neft Qazçıxarma İdarəsinin (NQÇİ) Qaz Kompressor sexində rəis, xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövr rəzində usta, xx.xx.1998-xx.xx.2010-cu il tarixləri arsındakı dövr ərzində mexanik, xx.xx.2010xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Şirkətində Qaz Kompressor sexində mexanik və xx.xx.2014-cü il tarixindən bugünədək növbə mühəndisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Yuxarıda qeyd edilən işlədiyi vəzifələr Azəbraycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (3 ay 1 gün) təşkil edir. Məhkəmə cavabdehin imtinasının əsaslarının araşdırılması məqsədi ilə iddiaçının işlədiyi müəssisə “X4 Company Limited” Şirkətinə sorğu göndərilmiş və müvafiq sorğu əsasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1982-xx.xx.2010-cu il tarixləri arasında “Qum adası” NQÇİdə müxtəlif vəzifələrdə işləmişdir (SOCAR-ın xx.xx.2020-ci il tarixli arxiv arayışı və İddiaçı aid olan əmrlər, arxiv sənədləri və s.). İddiaçı ilə “X4 Company Limited” Şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyində xx.xx.2010-cu il tarixindən xx.xx.2010-cu il tarixinə kimi Qaz kompressor sexində mexanik, xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinə kimi həmin sexdə mühəndis, xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinə kimi Əməliyyat Departamentinin hasilat şöbəsinin kompressor stansiyası, qazın yığılması, hazırlanması və nəqli sahəsində növbə mühəndisi peşəsində işləmişdir. xx.xx.2020-ci il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. İşlədiyi müddət ərzində işçiyə 16 % zərərli iş əmsalı təyin edilmiş və zərərli iş şəraitində işlədiyinə görə iş ilinə düşən məzuniyyətinə 06 təqvim günü əlavə edilmişdir. Qeyd edilmişdir ki, kompressor stansiyası, qazın yığılması, hazırlanması və nəqli sahəsində və eləcə də, şirkətin digər sahələrində neftin və qazın emalı aparıldığı üçün şirkətin fəaliyyəti yalnız neft, qaz və qaz kondensatın hasilatı olduğuna görə işçilərinə güzəştli şərtlərlə pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 10cu bölməsinin 10-cu bəndi aid edilir. İddiaçı əmrləri və arxiv sənədləri ilə müəyyən edilir ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarına əsasən güzəştli iş stajı vardır. Belə ki, onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 1 №-li Siyahısının bölmə X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1100000b-23187, 1100000b-23485, 1100000b-24125, 1100000b-17541 kodlarına uyğundur. Onun ümumi iş stajı 37 il 11 ay 15 gün təşkil edir. Güzəştli iş stajı xx.xx.2006-cı il tarixinədək 23 il 10 ay 27 gündür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1960-ci il tarixdə anadan olmuşdur. Onun xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərar ilə təsdiq edilmiş 1 №-li Siyahısının bölmə X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1100000b-23187, 1100000b-23485, 1100000b-24125, 1100000b-17541 kodları üzrə güzəştli iş stajı 23 il 10 ay 27 gün təşkil təşkil edir. Ümumi iş stajı isə 25 ildən artıq təşkil edir. Beləliklə onun, xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi əmək stajı vardır. Bu səbəbdən də, ona 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 avqust 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: «a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: - 01 avqust 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; - 01 avqust 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; - 01 avqust 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; - 01 avqust 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Azərbaycan Respublikası Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublika Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Bu səbəbdən iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin xx.xx.2012-ci il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 20 il sığorta stajı, eləcə də, 10 ildən çox xüsusi iş stajı olduğundan, iddiaçının həmin xüsusi iş stajı işlədiyi İdarə tərəfindən verilmiş arayışa əsasən müəyyən edildiyindən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş həddi 01 avqust 1997-ci il tarixdən başlayaraq hər il 6 ay olmaqla 01 avqust 2000-ci ilədək artırılmasını nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən təyin edilməlidir. Məhkəmə eləcə də, iddia tələbinin əvvəlki 3 il üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi təmin hissədə də, əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı Əbdüul oğluna 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və eləcə də, yaranmış pensiya fərqinin onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar